XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

18 Aprel 2018 - 22:18

PUTİNİN MÜXALİFƏTƏ QARŞI YENİ MÜQAVİMƏT PLANI…- Kremlin yeni layihəsində gənclərdən necə istifadə olunacaq?

Rusiya hökuməti müxalif qüvvələrə qarşı yeni müqavimət planını işə salır. Hökumətyönlü “Vahid Rusiyanın Gənc Qvardiyası”nın nəzdində ölkənin bütün regionlarında müxalif hərakatlara qarşı mübarizə qrupları yaradılır. Bu barədə “Dojd” telekanalı qvardiyanın lideri Denis Davıdova istinadən məlumat yayıb. Davıdov bildirib ki, bu qruplar ilk olaraq Moskvada və “Vahid Rusiya”ya “problem” yaradan şəhərlərdə qurulacaq. Hər qrupa 100-200 arası şəxs daxil ediləcək. Bu şəxslərdən ən müxtəlif məsələlərlə bağlı keçiriləcək mitinqlərin təşkili üçün istifadə olunacaq.

Qvardiya rəhbərinin sözlərinə görə, layihənin məqsədi müxalifətin küçələrə nəzarət etdiyinə dair mifi dağıtmaqdır.

Qvardiya yaxın vaxtlarda tərəfdarları üçün kütləvi təşkilatlanma treninqləri keçirməyi planlaşdırır.

Aleksey Navalnı

Müşahidəçilərə görə, hökumətin yeni layihəsinin əsas hədəfi tanınmış rusiyalı müxalifətçi Aleksey Navalnıdır. Hazırda Rusiyanın onlarla regionunda Navalnının qərargahları faəliyyət göstərir.

Bu qərargahlar bu il keçirilən prezident seçkiləri ilə bağlı yaradılmışdı. Hökumət Navalnını seçkiyə buraxmadığı üçün qərargahlar seçkinin boykot edilməsi ilə bağlı kampaniyaya başladı.

Navalnının tərəfdarları seçkidən sonra da etiraz aksiyaları keçirirlər. Bu aksiyaların hamısı hüquq-mühafizə orqanlarının müqaviməti ilə üzləşir.

Maraqlıdır ki, iki il əvvəl – 2016-cı ilin martında Rusiyada yaradılan Milli Qvardiyanın da oxşar hədəfləri vardı. Həmin vaxt Putin bildirmişdi ki, Daxili Qoşunların tərkibində qurulan qvardiya yeni federal orqan kimi fəaliyyət göstərəcək.

Qvardiya terrorizmə, mütəşəkkil cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edəcək. Və bir növ, Xüsusi Təyinatlı Polis Dəstəsinin funksiyasını yerinə yetirəcək.

ABŞ-ın nüfuzlu kəşfiyyat-analitik mərkəzi «Stratfor» isə həmin vaxt geniş təhlil yazısı ilə çıxış edərək bildirmişdi ki, Putin Milli Qvardiyanı tamamilə başqa səbəbdən yaradır. Məqsəd, ölkədə dövlət çevrilişinin baş verəcəyi təqdirdə, özünü Rusiya Silahlı Qüvvələrin digər qollarından qorumaqdır.

«Stratfor» xatırlatmışdı ki, Milli Qvardiya təşəbbüsünü Rusiyada ilk dəfə keçmiş prezident Boris Yeltsin irəli sürmüşdü. Həmin vaxt Yeltsin Federal Təhlükəsizlik Şurasından ehtiyat edirdi.

Milli Qvardiyanın vətəndaşların müdafiəsi üçün odlu silahdan istifadə etmək, girovları azad etmək, ağır cinayətlər törədənləri saxlamaq, həmçinin hərbi texnika, təyyarə və gəmilərdən müdafiə edən silahlardan istifadə etmək hüququ var.

Qvardiyanın tabeliyindəki zirehli maşınlardan antiterror əməliyyatlarında, hərbi döyüşlərdə istifadə edilə bilər. Qvardiya üzvü həyatına təhlükə hiss edəcəyi təqdirdə, xəbərdarlıq etmədən atəş açmaq hüququna sahibdir.

“Vahid Rusiyanın Gənc Qvardiyası”na gəlincə, bu birlik 2005-ci ildə hökumətin təşəbbüsü ilə yaradılıb.

Rəsmi məlumatlarda qvardiyanın yaranma məqsədi belə təqdim olunur: gənclərin demokratik, sosial ədalətli bir cəmiyyət qurma proseslərinə cəlb edilməsi; gənc nəslə vətənpərvərlik hissini aşılamaq; rus dövlətçiliyinin gücləndirilməsi məqsədi ilə gənclərin millətlərarası və konfessiyalararası ünsiyyətlərinə şərait yaradılması; gənclərin mədəniyyətinin formalaşmasının təşviq edilməsi, gənclərin təhsil, intellektual və peşəkar səviyyəsinin artırılması; nəsillərin inteqrasiyası və qarşılıqlı anlaşılması məqsədi ilə dövlətin ən yaxşı nailiyyətləri və ənənələrinin təbliği; şəxsin və vətəndaşın hərtərəfli inkişafı və təhsili üçün şəraitin yaradılması; sağlam həyat tərzi, təhsil və işin təşviqi; mədəniyyətin qorunması və inkişafı, elm, idman və turizmin təbliği…

Ekspertlər isə deyir ki, indi hökumət qvardiyadan başqa məqsədlər üçün istifadə etməyi planlaşdırır. Əsas hədəf də dövlətçiliyi və dəyərləri qorumaq adı altında Putin iqtidarını möhkəmlətmək və fərqli fikirləri boğmaqdır…

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə