XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 April 2018 - 18:47

KUBADA TARİXİ GÜN: “KASTRO ERASI” BAŞA ÇATDI- Yeni prezident Dias-Kanel 60 illik kursu dəyişə biləcəkmi?

Fidel və Raul Kastro qardaşlarının kommunist-partizan dəstələri ilə birgə Kubanın avtoritar lideri Fulxensio Batistanı devirməsindən təqribən 60 il keçir. O vaxtdan bu yana Kubada Kastro qardaşlarından başqa lider olmayıb. Ölkəyə əvvəlcə Fidel (1959-2008), onun ardından da Raul Kastro rəhbərlik edib. Qardaşların birpartiyalı kommunist dövlətə yarım əsrdən artıq davam edən hökmranlığı nəhayət ki, başa çatdı. Bu gün Kubada yeni era başlayır. 86 yaşlı Raul Kastro öz postunu tərk etdi və onun yerini 57 yaşlı birinci vitse-prezident Migel Mario Dias-Kanel Bermudes tutdu.

 

Yeni lider, köhnə kurs?

 

Migel Mario Dias-Kanel Bermudes

İxtisasca mühəndis olan Migel Mario Dias-Kanel Bermudes Kommunist Partiyasında müxtəlif vəzifələr tutub.

Siyasi ekspertlər onun hakimiyyətə gəlişindən sonra Kubada nəzərəçarpacaq (vacib iqtisadi islahatlar, bir sıra siyasi məhdudiyyətlərdən imtina və s.) dəyişikliklərin olacağına şübhə ilə yanaşırlar.

Vaşinqtondakı Amerika İnstitutunun professoru, Kuba siyasəti üzrə mütəxəssis Vilyam Leoqrande də deyir ki, Dias-Kanelin iqtidara gəlişi siyasi dəyişikliklərə səbəb olmayacaq: “Əgər Dias-Kanel Raul Kastronun siyasəti ilə razılaşmasaydı, onun varisi olmazdı”.

Florida Universitetinin professoru Eduardo Qammarın fikrincə, Dias-Kanel nə, mütərəqqi, nə də liberal siyasətçidir: “O, rejimin liberallaşmasına gətirib çıxaracaq imkanlardan istifadə etməkdə maraqlı deyil”.

Raul Kastroya gəlincə, onun hələ 2021-ci ilədək Kommunist partiyasının lideri postunda qalacağı bildirilir. Bu, bir tərəfdən onun ölkə siyasətinə təsir imkanlarını bundan sonra da qoruyub saxlayacağı, bir tərəfdən də iqtisadi islahatlara (partiya və hakimiyyət bürokratiyasının maraqlarına zidd olan) qərar verəcəyi təqdirdə, Dias-Kanelə dəstək olacağı deməkdir.

“Əgər Dias-Kanel belə bir sadə olmayan addıma qərar versə, Raul Kastro onun dəstəklədiyini deyə bilər və bu da Kanelin vəziyyətini yüngülləşdirər”, – deyə Harvard Universitetində Kuba üzrə əsas ekspertlərdən sayılan Xorxe Dominges bildirir.

 

Valyuta islahatı

 

Kastro, Dias-Kanel

Raul Kastro 2008-ci ildə hakimiyyətə gələndən sonra bir sıra iqtisadi islahatlar həyata keçirdi. Lakin ikili valyuta sistemini və fərqli valyuta məzənnələrini ləğv etməklə bağlı çağırışlara baxmayaraq, Kastro bunu ya etmək istəmədi, ya da bacarmadı.

Kubada iki cür valyuta var – Kuba pesosu (CUP. 1 dollar 24 CUP-dur) və CUC (1 dollar 1 CUC-dur).

Kuba pesosundan ada əhalisi istifadə edir. CUC-dan isə əsasən turizim sahəsində istifadə olunur. Dövlət qurumlarının əməkdaşları maaşlarını möhkəm valyuta sayılan CUC-la alırlar.

Vilyam Leoqrande ehtimal edir ki, Dias-Kanelin siyasəti pul və valyuta islahatına fokuslanacaq: “Pul sisteminin islahatı iqtisadi balansı yenidən müəyyənləşdirə bilər. Bu zaman da ölkədə yeni qaliblər və məğlublar yaranacaq ki, bu da siyasi qeyri-müəyyənliyə gətirə bilər. Lakin ölkədə bütün sahələrə (dövlət fermalarından tutmuş, fabriklərə, mehmanxanalara qədər) nəzarət edən hərbçilər iqtisadi islahatların tərəfdarıdılar”.

Venesuelada baş verən siyasi və iqtisadi böhranın nəticələrini üzərində hiss edən Kubada təcili islahatlara və yeni investisiyalara ehtiyac var.

Şimali və Cənubi Amerikada Kubanın əsas müttəfiqi olan Venesuela Havanaya subsidiyalı neft tədarükünü əhəmiyyətli dərəcədə azaldıb ki, bu da adaya böyük zərbə vurub.

 

ABŞ-Kuba münasibətləri…

 

Dias-Kanelin iqtidara gəlişi Kuba ilə Birləşmiş Ştatlar arasında münasibətlərin soyuqlaşdığı vaxta təsadüf edir. Bu münasibətlər uzun illik fasilədən (ABŞ-Kuba münasibətləri Fidel Kastronun 1959-cu ildə iqtidara gəlişindən sonra pozulmuşdu) sonra keçmiş prezident Barak Obamanın dövründə istiləşməyə başladı. 2015-ci ildə ölkələr arasında diplomatik münasibətlər bərpa olundu. Bunun nəticəsi olaraq adaya gələn turistlərin və pul köçürmələrinin sayı iki dəfə artdı.

2016-cı ildə Obama ailə üzvləri ilə birgə Kubaya səfər etdi. Obama Kubaya 88 ildən sonra gedən ilk ABŞ prezidenti idi. Bundan əvvəl Kubaya 1928-ci ildə prezident Kelvin Kulic səfər etmişdi.

ABŞ-ın yeni lideri Donald Tramp bu tarixi yaxınlaşmanı dəstəkləmədi. Ağ Ev artıq turizm və kommersiya sahəsində məhdudiyyətlərin bir qismini bərpa edib. Və bu qərarını Kubada insan haqlarının pozulması, siyasi məhbus problemi, azad və ədalətli seçkilərin olmaması ilə əsaslandırıb.

2016-2017-ci ildə ümumilikdə 20 ABŞ diplomatının Kubada xüsusi cihazların vasitəsi ilə akustik hücuma məruz qalaraq xəsarət alması iki ölkə arasında münasibətləri bir qədər də soyutdu. Birləşmiş Ştatlar Havanadakı diplomatlarının əksəriyyətini geri çağırdı. Eyni zamanda Kubanın 15 diplomatı ABŞ-dan çıxarıldı.

Tramp ötən il Obama administrasiyasının Kuba ilə əlaqələrin normallaşdırılmasına dair qərarını ləğv etdi. ABŞ prezidenti rəsmi Havananı Şimali Koreyaya silah tədarük etməkdə və Venesuelada vəziyyəti gərginləşdirməkdə ittiham etdi.

Buna cavab olaran etiraz bəyanatı yayan Kuba hökuməti ABŞ-ın bu siyasətinin heç bir nəticə verməyəcəyini bildirdi.

“Blokadanın gücləndirilməsinə yönələn tədbirlər əvvəllər olduğu kimi heç bir nəticə verməyəcək, xalqımızın sınmaz iradəsini sarsıda bilməyəcək. Kuba 70 il ərzində olduğu kimi, indi də istənilən təcavüzə qarşı müqavimət göstərməyə hazırdır”, – deyə, bəyanatda qeyd olunmuşdu.

Trampın Kubaya dair kəskin siyasətini onun Respublikaçılar Partiyasındakı tərəfdarları, həmçinin Kuba əsilli senator Marko Rubio da dəstəkləyir. Rubio Florida ştatını təmsil edir ki, burada da Kastro rejiminin əleyhdarları olan xeyli sayda kubalı miqrant yaşayır.

Bir sözlə, Havana ilə münasibətlər məsələsində Tramp Floridadakı seçicilərinin də maraqlarını nəzərə alır.

Ekspertlər hesab edir ki, yeni rəhbər Dias-Kanelin respublikaçıların radikal anti-Kuba mövqeyinə cavabı adekvat olacaq: “Hazırda Kuba iqtisadi və siyasi cəhətdən Rusiya və Çinə daha yaxındır. Çünki bu ölkələr sərməyə qoyuluşunu insan haqları və demokratiyanın durumu ilə ölçmürlər”.

Strateq.az