XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

21 Aprel 2018 - 11:52

AZƏRBAYCANIN YENİ BAŞ NAZİRİ… –Milli Məclis Novruz Məmmədovun namizədliyini təsdiqlədi

Prezident İlham Əliyevin Azərbaycanın yeni Baş naziri olaraq Milli Məclisə kimin adını təqdim etdiyi bilinib.

Strateq.az xəbər verir ki, bu haqda Milli Məclisin deputatı Zahid Oruc özünün Facebook statusunda qısa qeyd paylaşıb. Zahid Oruc yazıb:

“Yeni Baş nazir. Novruz Məmmədov uzun illər dövlət idarəçiliyində peşəkarlaşan bir insandır. O, 90-cı illərin ağır siyasi sınaqları zamanı Ulu öndərin komandasının sədaqətli üzvlərindən biri olub və böhranlı anlarda sabit mövqe nümayiş etdirib. Beynəlxalq məsələlər onun kurasiyasında olduğundan və ölkə rəhbərini xarici səfərlərdə daim müşaiyət etdiyindən dövlət sirlərini bilir, qlobal mənafe savaşlarından baş çıxarır və Birinci şəxsin yürütdüyü siyasətin strateji hədəflərini bütün dünyagörüşünə hopdurmağı bacarıb.

O, heç zaman intriqalarda və ya maraq toqquşmalarında ad çıxarmayıb. Hamı qəbul edir ki, ölkəmiz yeni bir dönəmə daxil olur. Cənab İlham Əliyev yüksək ambisiyalı proqramları qarşıya qoyduğundan ona çevik, reputasiyası təmiz və xalqın iqtisadi-sosial çağırışlarını öz üzərinə götürməyi bacaran bir hökumət lazımdır. Novruz Məmmədov dövlət başçısının hansı hədəflər uğrunda savaşdığını yaxşı anlayır.

Kimin necə qiymətləndirməyindən asılı olmayaraq, tarix subyektivizmi silib atır və həqiqətləri öz adı ilə çağırır. Zaman ədalətli hakimdir. O üzdən, Artur Rasi-zadə özünün elitarlığı, Heydər Əliyev ideallarına sədaqəti və təvazökarlığı ilə yaxşı bir miras qoyub getdi. Doğrudur, estafeti başqa insanlara verərkən, bir daha idarəçilik sistemində varislik ənənələrini qoruyub saxlamaqla bərabər, yeni nəfəs və ruh tələb olunan sahələrdə xalqın içərisinə gedən bir hökumət həyati zərurətə çevrilib, ən yüksək meyarlarla fəaliyyət göstərən komanda bir nömrəli məsələ kimi qarşıya çıxıb. Çünki min illik arzularımızdan sonra qurduğumuz dövlət hər kəsin güvəndiyi müqəddəs bir məbəd olmalıdır. Ona görə daxildə vətəndaşın qayğıları daşıyan hökumət, ona rəhbərlik edən Komandana böyük meydan açır. Axı regional və beynəlxalq qayğıları çiyinlərində daşıyan bir liderin-cənab İlham Əliyevin ölkə daxilində yaxın köməkçilərinə çevrilən məmur ordusu düşmənlə savaşan Silahlı Qüvvələr qədər əlahiddə əhəmiyyətə malikdir.

Təki, əziz millətimiz üçün xeyirli olsun!”

Xatırladaq ki, Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun “Avropa dilləri” fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb.

Novruz Məmmədov 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib.

12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub.

1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.

2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.

Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə FransaPrezidenti Jak Şirak tərəfindən Legion d’Honneur – “Fəxri Legion” ordeni ilə təltif edilib.

2005-ci ilin sentyabrından YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvüdür.

Novruz Məmmədov 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib

2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunmuşdur.

13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.

1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri olub.

İşlədiyi müddətdə Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə səfərlərində, müxtəlif sammit, beynəlxalq forum və konfranslarda Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvü olmuş, ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak edib.

Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir.

Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.

Evlidir. Üç övladı və nəvələri var.

***

Milli Məclisin sədri Oqtay Əsədov isə Prezidentin məktubunu oxuuyub. Məktubda bildirilir ki, Prezident İlham Əliyev Baş nazir vəzifəsinə Novruz İsmayıl oğlu Məmmədovun namizədliyini təklif edib.

***

Milli Məclis aprelin 21-də keçirilən iclasında Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verib. Azərbaycan Respublikası Konstitusiyasının 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən bu barədə qərar qəbul edib.

 




Yuxarı Əvvələ Ana Səhifə