XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

24 Aprel 2018 - 20:28

İRAN ÜÇÜN KRİTİK HƏFTƏ- Nüvə sazişinin taleyi həll olunur: Merkel və Makron Trampı razı sala biləcəkmi?

ABŞ prezidenti Donald Tramp bu həftə iki yüksək vəzifəli avropalı siyasətçi ilə görüşəcək. Əvvəlcə o, Fransa prezidenti Emmanuel Makronu (aprelin 23-dən Vaşinqtonda səfərdə olan) qəbul edəcək, ardından da – aprelin 27-də ABŞ-a işgüzar səfərə gələcək Almaniya kansleri Angela Merkellə görüşəcək. Hər iki avropalı lider Trampı İranla nüvə sazişini ləğv etməməyə razı salmağa çalışacaq.

2015-ci ildə – keçmiş prezident Barak Obamanın dövründə əldə edilən bu saziş İranla 6 ölkə – ABŞ, Rusiya, Çin, Britaniya, Fransa, Almaniya arasında imzalanıb. Avropada İranla bu razılaşmanı böyük uğur kimi qiymətləndirirlər. O səbəbdən ki, nüvə silahının yayılmasının qarşısını məhz diplomatik vasitələrlə almaq mümkün olub.

Donald Tramp prezident seçiləndən sonra avropalılar Birləşmiş Ştatların bu sazişdən çıxmasına mane olmağa çalışırlar.

Nüvə sazişinin şərtinə uyğun olaraq ABŞ 2018-ci ilin 12 yanvarında İrana qarşı sanksiyaların ləğvi rejimini uzadıb. Lakin Tramp eyni zamanda sazişə qoşulan Avropa ölkələrindən 120 gün ərzində İrana qarşı daha sərt şərtlər müəyyənləşdirməyi tələb edib.

“Sanksiyalar hələ dondurulmuş vəziyyətdə qalır. Amma razılaşmanın üzərində yenidən işləmək lazımdır. İrana qarşı daha sərt şərtlər irəli sürülməlidir. Əgər yaxın vaxtlarda yeni şərtlər üzrə razılığa gəlmək mümkün olmasa, mən dərhal sazişdən çıxacam”, – deyə Tramp bildirib. Trampın bu ultimatumunun vaxtı mayda başa çatır.

ABŞ prezidenti bir müddət əvvəl Tehranı nüvə proqramı üzrə birgə plana riayət etməməkdə də ittiham etmişdi. 2017-ci ilin oktyabrında isə İranın sazişin şərtlərinə əməl etdiyini təsdiqləyən sənədi imzalamaqdan boyun qaçırmışdı.

Bundan sonra Konqres 60 gün ərzində ABŞ-ın sazişdə iştirakının dayandırılması və İrana qarşı sanksiyaların bərpası məsələsinə baxmalı idi. Lakin həmin vaxt bu baş vermədi.

Birləşmiş Ştatların sazişdən çıxmasını önləmək üçün E3 ölkələri (Almaniya, Fransa, Britaniya) ABŞ-ın tələblərinin yerinə yetirilməsi və razılaşmanın şərtlərinin dəyişdirilməsi istiqamətində danışıqlar aparır. Makron və Merkelin səfəri ərəfəsində avropalı deputatlar amerikalı həmkarlarına açıq məktubla müraciət edərək Konqresi İranla nüvə sazişini dəstəkləməyə çağırıblar.

ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyindəki keçmiş təmsilçisi Lora Holgeyt Trampın nüvə sazişi ilə bağlı mövqeyində israrlı olacağını düşünür: “Təəssüf ki, ABŞ-da heç kim Trampın İrana qarşı sanksiyaların dondurulması ilə bağlı sənədi növbəti dəfə imzalayacağına inanmır”.

Sazişin İran tərəfindən icrasını izləyən Beynəlxalq Atom Enerjisi Agentliyi Tehranın razılaşmanı pozmadığını bildirir.

İran üzrə aparıcı ekspert Riçard Nefyu, həmçinin ABŞ Maliyyə Nazirliyinin keçmiş əməkdaşı Elizabet Rozenberq də Holgeytin fikriylə razılaşır. Onlar da hesab edirlər ki, Trampın İranla nüvə sazişindən çıxması ehtimalı yüksəkdir.

“Çox bədbinəm. Bu bədbinliyim Tramp ABŞ prezidenti seçilən andan başlayıb”, – deyə Nefyu bildirib.

Elizabet Rozenberq də ABŞ-ın sazişi ləğv etməyəcəyinə şübhə ilə yanaşır.

Adlarının açıqlanmasını istəməyən avropalı deputatlar Qərb mətbuatına açıqlamalarında saziş iştirakçılarının kompromisə gələcəyinə ümid etdiklərini bildiriblər: “Trampın nə edəcəyini heç kim dəqiq bilmir. Hətta avropalılar hansısa təklif irəli sürsələr belə, ABŞ administrasiyasında heç kim Trampın onu qəbul edib-etməyəcəyini deyə bilməz”.

İranın nüvə proqramı üzrə əldə edilən razılaşmadan danışarkən ABŞ prezidenti avropalı tərəfdaşlarını Vaşinqtonla birgə sazişdəki ciddi səhvlər üzərində işləməyə çağırıb. Tramp bir neçə vacib komponentə diqqət çəkir.

Birincisi, İran beynəlxalq müvəkkillərə bütün obyektlərə baxış və yoxlama aparmaq imkanı yaratmalıdır. İkincisi, təminat verilməlidir ki, İran heç vaxt nüvə silahı əldə etməyəcək. Üçüncüsü də, İran nüvə proqramı ilə nüvə silahı daşıya bilən ballistik raketlərin istehsalına iki ayrı məsələ kimi baxılmamalıdır.

Tramp administrasiyasının İran qarşısında daha sərt şərtlərlərin qoyulmasına israr etdiyi vaxtda avropalılar məsələni kökündən vurmağa tələsmirlər. Çünki bu halda yeni sazişin imzalanması gündəmə gələcək.

Riçarda Nefyu deyir ki, E3 ölkələri ilə ABŞ arasında danışıqların başlaması bəzi problemlər də yarada bilər: “Almaniya, Fransa, Britaniya Avropa Birliyinin bütün ölkələrinin mövqeyini əks etdirə bilərmi? Axı onlardan bəziləri Tehrana qarşı daha yumşaq mövqe sərgiləyir”.

Nüvə sazişinin taleyini həll edə biləcək digər faktor Tramp və tərəfdarlarının sərt mövqeyidir. Onlar İranı Yaxın və Orta Şərqdə əsas şər qüvvə kimi görürlər və Tehranla sazişin əleyhinədirlər.

Bu məsələdə sərt mövqe qoyanlardan biri də Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltondur. Bolton hələ 2007-ci ildə ABŞ prezidentini İranda hərbi əməliyyatlar aparmağa çağırmışdı.

“Bütün bunları nəzərə alaraq problemin diplomatik həllinə nail olmaq çətin olacaq”, – deyə Elizabet Rozenberq bildirir.

Belə olan təqirdə, İranla sazişin ləğv olunmaması üçün Makron və Merkel nə etməlidir?

ABŞ administrasiyasında Avropanın yüksək rütbəli siyasətçilərinin Trampa təsirinin məhdud olduğunu düşünürlər. Onlara görə, Trampı razı salmaq üçün Merkel və Makronun çox ciddi arqumentləri olmalıdır. Və Tramp əmin olmalıdır ki, sazişdə qalmaq ABŞ-ın maraqlarına cavab verir…

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə