XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

25 Aprel 2018 - 17:22

Rusiyalı erməni analitik Ermənistan hadisələrindən yazdı:“MOSKVA ÜZ ÇEVİRSƏ, ERMƏNİ DÖVLƏTİ OLMAYACAQ” – Təhlil

Pyotr Akopov

Vzqlyad.ru, 24.04.2018

 

Ermənistan hadisələri dərhal keçmiş SSRİ məkanında baş vermiş oxşar hadisələri – və təkcə bunu deyil – yada salıb. “Ermənistan maydanı”ndan və İrəvanın indi prinsipcə antirusiya yoluyla gedə biləcəyindən danışmağa başlayıblar. Bu cür əndişələr gerçəkdirmi, orada, əslində, nə baş verib və Ermənistan Rusiyanın nəyinə lazımdır?

Rusiyanın ən yaxın çevrəsi onun tərkibinə daxil olmuş və böyük hesabla, böyük ölkəmizin dağılması sayəsində dövlətçilik əldə etmiş ölkələrdən ibarətdir. Söhbət Ukrayna və Belarusdan getmir (bu, ümumiyyətlə, rus dünyasının üzvi bölümüdür). Söhbət Cənubi Qafqaz və Orta Asiyadan gedir. Bu üzdən bu ölkələrdə istənilən sarsıntı Rusiyaya birbaşa dəxli olmaq kimi qəbul edilir. Və yalnız bir şkalada – Rusiyaya qarşı hiylə kimi –  dəyərləndirilməyə başlanılır. Lakin bu cür oxşar hadisələrin hamısını bizə qarşı yönəlmiş kimi dəyərləndirmək bəzən çox da uzaqgörənlik deyil.

Hazırda hakimiyyətin dəyişildiyi Ermənistan məhz o ölkələrə aiddir ki, ondansa Rusiya ona tutuşdurulmayacaq dərəcədə daha çox lazımdır. Bu bildirmir ki, Rusiya Ermənistanı atmağa, ya da onun fərziyyəvi itirilməsiylə barışmağa hazırdır. Bu bildirir ki, məsələlərə obyektiv baxmaq gərəkdir.

Hazırda Ermənistanı 10 il yönəldən adam istefaya gedib: bugünlərdə prezidentlikdən baş nazir kürsüsünə keçən Serj Sərkisyan. Onun siyasətindən kütləvi narazılıq küçələrə töküldü, etiraza radikal müxalifət başçılıq etdi və yekunda Sərkisyan istefaya getməyə üstünlük verdi. Hakim partiyanın başında (və deməli, Ermənistanın kölgə başçısı) qalıb-qalmayacağını və yaxud ümumiyyətlə hakimiyyətdən çəkiləcəyini ən yaxın zaman göstərər.

Lakin istənilən halda parlamentdə çoxluq hakim Respublika Partiyasına qalacaq. Bu, “Qarabağ qəbiləsi”nin, yəni Azərbaycandan ayrılmış, formal baxımdan müstəqil, amma mahiyyətcə vahid erməni dövlətinin tərkib hissəsi olan respublikadan çıxanların dayağıdır. “Qarabağlılar” 90-cı illərdə döyüşən Qarabağı yönəldiblər, ötən əsrin axırında isə bütün Ermənistan üzərində də hakimiyyəti götürüblər. Əvvəlcə 10 il Robert Köçəryan, sonra isə 10 il Serj Sərkisyan rəhbərlik edib. Və indi qarabağlıların hakimiyyətdən sıxışdırılması başlansaydı, Ermənistanın həyatında çox böyük sarsıntılara səbəb olardı. Amma güman etmirəm ki, bu, baş verər. Ermənistanı bir neçə qəbilə idarə edir. “Qarabağlılar” əsas olsalar da, yeganə deyillər və elita daxilində hesab çəkmək birinci növbədə onun özü üçün sərfəli deyil, çünki gerçək inqilaba və üsyana sürüklənməyə şərait yaranar. Öz növbəsində vətəndaş savaşıyla başa çata bilər – buradan isə dövlətin dağılmasına da çox qalmır. Onsuz da son dərəcə əlverişsiz durumda olan və bu üzdən onun varlığına zamin ola biləsi xarici gücə ehtiyacı olan dövlət.

Belə bir güc var – bu, Rusiyadır. Və Ermənistan üçün onu heç kim əvəz edə bilməz. Dünyada yaşayan ermənilərin böyük bölümü bunu çox gözəl anlayır – xüsusən də, az qala, Ermənistandakındansa Rusiyada daha çox erməni yaşayır.

Ona görə də, əlbəttə, Ermənistanda indiki hadisələrin gedişatında Qərbyönlü müxalifətin Rusiyaya qarşı iddiaları üfürüb şişirtmək cəhdləri və antirusiya hissləri ola bilər. Qərbin ermənilərin ABŞ və Avropa Birliyi ilə yaxşı münasibətlərə malik olmaq arzusunu (xoşbəxtlikdən, həm Amerikada, həm də Fransada böyük erməni diasporları var) antirusiya məqsədləri üçün faydalanmaq cəhdləri kimi. Lakin Ermənistanın geopolitik durumu elədir ki, Rusiya ilə ittifaqa, sadəcə, heç bir alternativi yoxdur. Bu onun həyati maraqlarındadır. Çevrə erməniləri düşmən və bədxah görən Türkiyə və Azərbaycandır. Qonşu Azərbaycandan döyüşlə alınmış, təkcə (müharibəyə qədər ikimillətli olmuş) Qarabağ deyil, həm də tam Azərbaycan rayonları gec partlayan daimi minalardır. Daha varlı və əhalisi çox Azərbaycan onların qaytarılması tələbindən heç vaxt imtina etməyəck.

Lakin burası da var ki, Ermənistan Rusiyanın hərbi müttəfiqi olunca bu minalar işə salına bilməz. Qarabağ formal olaraq KTMT haqda müqavilənin qüvvəsi altında olmasa da, hamı başa düşür ki, Bakı Rusiya ilə müttəfiq ermənilərlə savaşa heç vaxt cürət etməz. Belə ki, gerçəklikdə Ermənistanı Qərbə aparmaq şansları yoxdur. Bir də Rusiyada yaşayan erməni diasporu Amerika və ya Fransadakından daha çoxsaylı, daha varlı və nüfuzludur.

Amma bunların hamısı sağlam düşüncə baxımındandır – bəs ermənilər birdən dəli olsalar? Və Ermənistanın Avrasiya Birliyindən və KTMT-dən, Rusiya bazasının Gümridən çıxmasını tələb etsələr? Belə variant ola bilərmi? Xeyr, ola bilməz, çünki hansısa iğtişaşlardan sonra hakimiyyətə açıq antirusiya siyasətçi gələrsə, ermənilərin özü bu cür bəyanatlardan sonra onu devirərlər. Əlbəttə, respublikada intiharçılar və başdanxarablar var, lakin böhranlı miqdarda deyillər.

Bəs Ermənistan Rusiyanın nəyinə lazımdır?

Birincisi, ermənilər Rusiyada yaşayan ən böyük milli azlıqlardan biridir. Fakt üzrə, Rusiyada, az qala, Ermənistanın özündəki qədər erməni yaşayır. Yəni Ermənistan müəyyən mənada RF tərkibindən qıraqda Federasiyanın formal olaraq müstəqil subyektidir – tatarlar həm Tatarıstanda və həm də kənarda yaşayırlar ki?

Əksər dotasiyalı milli respublikalarda olduğu kimi oradan çıxanlar kasıb vətənlərində qalan soydaşlarına pul köçürmələri və ya ianələrlə yardım edirlər. Ermənistandakı xalq Rusiyanın Şimali Qafqaz respublikalarındakı kimi korrupsiyalaşmış yerli hökumətdən narazıdır. Ermənistan bu planda Dağıstandan nə ilə seçilir? Burada xristianlardır, orada müsəlmanlar? Ermənistan Dağıstandan kiçik və yoxsuldur, amma Çeçenistandan böyükdür – Avrasiya Birliyi inkişaf və inteqrasiya etdikcə isə müstəqil Ermənistanla RF tərkibinə daxil Şimali Qafqaz respublikaları arasında fərq azalacaq.

İkincisi, Ermənistan iki əsr Rusiyanın bir hissəsi olub. Və bu gün Ermənistanın bizim orbitimizdə, bizim bazamızın isə Gümridə olması Rusiyanın geopolitik maraqlarına cavab verir. Rusiya-Türkiyə və Rusiya-İran münasibətlərinin möhkəmlənməsi ən yaxın onilliklərin vəzifəsidir. Və bu, Rusiyanın qoruğu altında olan Ermənistana inkişaf üçün ciddi şans verəcək. Əlbəttə, erməni siyasətçiləri dünya səhnəsində tamamilə perspektivsiz və respublikanın özü üçün ziyanlı antitürkiyə kartını oynatmaqdan imtina etməyi bacarsalar.

Və hər şeydən savayı, Ermənistan gözəl məkan və ruslara qarşı dostcasına köklənmiş adamlardır.

Sərkisyanın süqutu (ya da kölgəyə çəkilməsi) Rusiya-Ermənistan münasibətlərində heç nəyi dəyişmir. Respublikada baş verənləri aydın Avropayönlü və bununla da antirusiya istiqamətinə malik olan  Maydanla tutuşdurmaq axmaqlıqdır. Rusiya Ermənistanda heç nə uduzmayıb – bir də orada heç nə uduza da bilməz. Təkcə ona görə yox ki, bu respublikadan heç hara getməyəcək, həm də Rusiyanın uduzmasında birinci Ermənistan maraqlı olmadığına görə. Axı Moskva İrəvandan üz çevirsə, bu, müstəqil erməni dövlətinin varlığıyla bağlı eksperimentin sona çatması demək olacaq.

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə