XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

26 Aprel 2018 - 12:04

“Mumiyanın qayıdışı”:firon kimi dəfn edilən Rza şah Pəhləvinin cəsədi İrana necə gətirilib? - ARAŞDIRMA

Nemət Əhmədi

“Şərq” (İran)

 

İkinci Dünya müharibəsi zamanı, 1941-ci ildə müttəfiqlərin İranı işğal etməsi nəticəsində Rza şah taxt-tacdan imtina etməli oldu. Repressiyaya məruz qalmış Rza şahın baş naziri Məhəmməd Əli Firuğinin siyasi səhnəyə çıxması ilə vəliəhdin səltənət sahibi olması sürətləndirildi.

Hicri-şəmsi tarixin 1320-ci ili şəhrivər ayının 25-də Milli Məclisdə vəliəhd-şahzadə Məhəmməd Rzanın Pəhləvi sülaləsinin ikinci hökmdarı kimi andiçmə mərasimi keçirildi. Bu zaman Rza şah ingilis qoşunlarının müşayiəti ilə Bəndər-Abbasa göndərilmişdi.

Onun sıradan bir kazak hərbçisindən hökmdarlığa qədər yüksəlişi ziddiyyətli bir dövrə təsadüf edir: İranda qarışıqlıq, Birinci Dünya müharibəsi, Osmanlı imperiyasının süqutu, Rusiyada oktyabr inqilabı, Britaniyanın öz müstəmləkələrini, ilk növbədə, Hindistanı sərəncamında saxlamaq cəhdləri və Vasiqud-dövlənin imzaladığı 1919-cu ilin müqaviləsi… Bu saziş felən İranın müstəqilliyinin üzəridən xətt çəkdi. Parlamentdəki müxalifətin və vətənpərvərlərin etirazları da fayda vermədi.

Şəmsi 1299-ci ildə isfənd ayının 3-də (miladi 1921-ci il) Rza xan Tehrana qoşun yeritdi və Britaniya ordusunun, o cümlədən general Arin Saydın dəstəyi ilə dövlət çevrilişini həyata keçirtdi. Həmin tarixdən 1304-cü ilin azər ayına qədər (1925-ci il) İranda Qacarların konstitusiyalı monarxiyasından yeni sülaləyə – Pəhləvi xanədanına keçid baş verdi.

Rza şahın sürgün olunmasından sonrakı hadisələrin silsiləsi uzundur. O, əvvəlcə gəmi ilə Mumbaya (Hindistan), sonra bərə ilə Britaniya müstəmləkəsi Mavrikiyə göndərilir.

Sənədlərdən aydınlaşır ki, həmin dövrdə adalardakı iqlim şərtləri heç də münasib olmayıb. Rza şah və onunla birlikdə olan ailə üzvləri bir sıra çətinliklərlə üzləşiblər. Buna görə də Kanadaya göndərmələrini rica ediblər, lakin bu müraciət ingilis rəsmiləri arasında rəğbətlə qarşılanmayıb.

Rza şahın səhhəti pisləşib, adalardakı tibbi müəssislərində onun müalicəsini həyata keçirmək mümkün olmayıb. Nəhayət, İran hökumətinin səyləri nəticəsində Britaniya hökuməti onun digər bir müstəmləkə ərazisinə – Cənubi Afrikada köçürülməsinə razılığı verir.

Seçim iki şəhər üzərində cəmləşir: Durban və Yohannesburq. Xanədan üzvləri Yohannesburq ətrafındakı məkana köçürlər.

İranla əlaqəsini tamamilə itirmiş Rza şahın səhhəti isə gündən-günə pisləşir və o, ürək tutması keçirir. Şəmsi 1323-cü il mordad ayının 4-də sürgündən demək olar ki, 3 il sonra (26 iyul 1944-cü il) mətbuatda Rza şahın vəfatı barədə xəbər dərc olunur.

Pəhləvi xanədanının varisi tapılan mumiyanın babasına aid olduğunu təsdiqləyib

 

Bu məqamda qeyd edək ki, sabiq hökmdarın cəsədinin aqibəti ilə bağlı əsas qaynaq doktor Qasim Qəninin xatirələridir.

Belə məlum olur ki, Rza şahın cəsədinin aqibəti ilə əlaqədar yekun qərara hakimiyyət rəsmiləri 90 gün sonra gəliblər.

Bəzilərinin rəyincə, mərhumun meyiti təcili Tehrtana gətirilməli və Rza şahın tikdirdiyi obyektlərin birində, o cümlədən Kərəcdə, Hind okeanına suya buraxılışı həyata keçirilməli olan gəmi tərsanəsində dəfn edilməli idi. Digərləri İran memarlığına məxsus gözəl bir sarayda, başqa bir qisim isə dini-məzhəbi məkanlarından birində, məsələn, Məşhəddə dəfn edilməni tövsiyə edir.

Amma mərkəzi hökumət və Pəhləvi xanədanının o dövrdə cəsədi münasib bir şəkildə İrana gətirmək qüdrəti yox idi. Buna görə də meyit Yohannesburqdan Qahirəyə göndərilir. Bunun səbəblərindən biri də Məhəmməd Rza şahın xanımı Fevziyyə vasitəsilə Pəhləvilərin Misir kralı Faruqla qohumluğudur.

Mumiyalanmış cəsəd əl-Rifai məscidində torpağa tapşırılır və məzar aradan keçən ilər ərzində əmanət qəbir hesab edilir.

Rza şahın əl-Rifaidəki dəfn mərasimi ilə bağlı tarixi faktlardan biri də rəsmi mərasimə Rza şahın qılıncının göndərilməsidir. Əslində, bu qılınc onu apardığı bütün müharibələrdə istifadə etmiş Nadir şaha məxsusdur. Mərhumun tabutuna qoyulan həmin silah sonradan İran və Misir arasında ixtilafa səbəb olub, çünki Rza şahının dəfn mərasimindən sora kral Faruq tarixi silahı geri qaytarmaqdan imtina edib.

Ta şəmsi 1329-cu ilə (1950-ci il), baş nazir Mənsurül-mülkün dönəminə qədər cənazə Qahirədə qalır. Buna qədər İranda yerləşmiş ingilis və amerikan əsgərləri ölkədən çıxır, Azərbaycan vilayətində iğtişaşların (Pişəvərinin başçılıq etdiyi hərəkat nəzərdə tutulurtərc.) sona çatması və sovet qoşunlarının İranı tərk etməsi ilə daxili sabitlik bərqərar edilir və sabiq hökmdarın nəşinin gətirilməsi üçün şərait məqbul olduğundan, Pəhləvi xanədanının bu yöndə səyləri başlayır.

Əvvəlcə meyitin qalıqları Məkkəyə aparılır, orada təvaf etdirilir, sonra Mədinəyə, Peyğəmbər (ə.) məscidi ziyarətinə yola salınır, daha sonra isə qatarla İrana gətirilir. Üstü İran bayrağı ilə örtülü tabut Tehrana gəlib çıxır və Reydəki Şah Əbdüləzim ziyarətgahında məxsusi sərdabədə dəfn olunur.

Şəmsi 1357-ci ildə (1979-cu il) İslam inqilabının qələbəsindən sonra Şeyx Sadiq Xalxali sərdabənin dağıdılması əmrini verir və öz sözlərinə görə, Rza şahın cəsədini yandırır.

Əslində, Rza şahın məqbərəsinin dağıdılmasından sonra onun qalıqları tapılmayıb və ehtimala görə, orada şahla bərabər, aviaqəza nəticəsində həlak olan qardaşı Əlirza Pəhləvi də dəfn olunub. İrandan qaçmış Məhəmməd Rza şah isə vəfatından sonra əl-Rifaidə torpağa tapşırılıb və məzarı əmanət sayılır.

Şübhəsiz, Şah Əbdüləzim ziyarətgahının Tuti bağında tapılmış mumiya tarixi dəyərə malikdir. Tapılan mumiyalanmış meyitin Rza şaha aid olduğunu Pəhləvi ailəsi də israrla təsdiqləyir. Həm Pəhləvi xanədanına inqilaba qədərki nifrətdən daha əsər-əlamət yoxdur, həm də dini-siyasi baxımdan həssaslığı olmadığından onunla yalnız artefakt kimi rəftar edilməlidir. Bu sadəcə tarixdir və istər-istəməz Mədain xarabalıqlar ilə üzləşmiş Xaqani Şirvaninin beytini xatırladır:

İbrətlə bax, ey könlüm, bu aləmə, gəl, bir an,
Eyvani-Mədaini ayineyi-ibrət san.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə