XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

29 Aprel 2018 - 03:25

ERMƏNİSTANDA GÖZLƏNİLƏN GÖZLƏNİLMƏZLİKLƏR –Karen geri çəkildi, Çarukyan da "xalqın namizədi"nə səs verəcəklərini bəyan etdi...

Ermənistan siyasətində baş verən gözlənilməz olaylar bir-birini əvəzləyir.

Strateq.az Axar.az-a istinadla xəbər verir ki, müxalif lider Nikol Paşinyan İcevan və Vanadzorda olarkən, Serj Sərkisyanın başçılıq etdiyi Respublika Partiyası 1 mayda parlamentdə keçiriləcək baş nazir seçkisinə namizəd irəli sürməyəcəyini bəyan edib.

Ermənistan parlamentinin vitse-spikeri, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov mediaya açıqlamasında bildirib ki, partiyanın baş nazir postuna namizəd irəli sürməməsi barədə qərar prezident Aram Sərkisyan, sabiq baş nazir Serj Sərkisyan və baş nazir səlahiyyətlərini icra edən Karen Karapetyan arasında keçirilən görüşdən sonra verilib. O bildirib ki, Respublika Partiyası səsverməyə qədər (1 may) irəli sürüləcək bütün namizədlərlə bağlı müzakirə aparacaq.

Şarmazanov hazırda Nikol Paşinyandan başqa namizədin irəli sürülmədiyini də qeyd edib.

Parlamentdə hakim partiyadan sonra ən çox deputatla təmsil olunan Çarukyanın fraksiyası da öz namizədinin olmayacağını, “xalqın namizədinə” səs veriləcəyini bəyan edib. Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan “xalqın namizədi Paşinyandırmı” sualına, “Nikol, Sasun, Ararat… – fərqi yoxdur, xalq kimi seçib təqdim edərsə, ona da səs verəcəyik” deyib.

Çarukyan həmçinin bildirib ki, bu, erməni gəncliyinin qələbəsidir: “Bu qələbəni erməni gəncliyi əldə etdi. Onlar hər şeyə getdilər və qələbəni qazandılar”.

Hakim partiya ilə qurduğu koalisiyadan ayrılan “Daşnaksütyun” fraksiyası da Çıxış Blokunun namizədi Nikol Paşinyanı dəstəkləməyə hazır olduğunu bildirib. Fraksiyanın nümayəndəsi Arsen Ambardsumyan bildirib ki, Respublika Partiyası baş nazirliyə namizəd təqdim etməməkdə doğru qərar verib.

N. Paşinyan isə bununla kifayətlənməyib. O, Respublika Partiyasının bütün heyətlə hakiimiyyətdən getməsini tələb edib və sabahdan İrəvanda başlaması nəzərdə tutulan aksiyanın təxirə salınmadığını, əksinə, daha yüksək əhvalla keçiriləcəyini bildirib.

Qeyd edək ki, bu günə qədər parlament çoxluğuna malik hakim Respublika Partiyasının K. Karapetyanın namizədliyini irəli sürəcəyi gözlənilirdi.

Şahin Cəfərli

“Moskva Serj Sərkisyanın arxasında dayanmadı, amma belə görünür ki, postsərkisyan dövrünü yaxşı planlaşdıra və ssenariləşdirə bilməyib. Əgər baş rolda xalq çıxış etmirsə, o planları və ssenariləri gerçəkləşdirmək çətin olur. Rusiya xalqlar və sivil toplumlarla deyil, hər zaman hökumətlərlə, elitalarla işləməyə üstünlük verib və bunun acı nəticələri ilə üzləşməyə davam edir”.

Bu sözləri isə azərbaycanlı politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, Ermənistanda Rusiyanın “A” planı Karapetyan idi, amma alınmadı: ““B” planına keçərək, Ermənistanın ən zəngin adamı Çarukyanı qabağa vermək istədilər, onu Moskvaya dəvət etdilər. Bu da alınmadı və parlamentdə 2-ci böyük fraksiyaya sahib olan Çarukyan Paşinyanı dəstəklədi. “C” planının olub-olmadığını parlamentin yeni baş naziri seçmək üçün toplaşacağı 1 may tarixində görəcəyik. Mümkündür ki, çoxluğa malik Respublika Partiyası tam heyətdə Paşinyanın əleyhinə səs versin və nəticədə parlament seçkilərinə qədər hazırkı status-kvo (Karapetyanın müvəqqəti baş nazirliyi) davam etsin. Amma xalqın basqısı altında bu variantın baş tutması və hakim partiyanın öz monolitliyini qoruması çox çətindir. Paşinyanın indi 47 səsi var və baş nazir olmaq üçün cəmi 6 səsə ehtiyac duyur. RP-dən bu sayda deputatın dəstəyini alması imkansız deyil”.

Politoloq vurğulayıb ki, Paşinyan Moskvaya isti mesajlar ünvanlasa da, Moskvanın adamı olmadığı üçün Kreml onun baş nazir seçilməsinə əvvəldən bəri soyuq yanaşır: “Paşinyanın son günlərdəki davranışları isə Rusiyanı qıcıqlandırmağa başlayıb. Məsələn, Dövlət Dumasının 9 nəfərlik nümayəndə heyəti iki gündür İrəvandadır və sabah geri qayıdacaqlar. Amma Paşinyan onlarla görüşmədən əyalətə gedib mitinqlər və Ukraynadakı Avtomaydanı xatırladan avto-yürüşlər keçirir. Paşinyanın Rusiyanın Ermənistandakı səfiri ilə görüşdə sərgilədiyi hal və tövr, eləcə də Rusiya mətbuatına verdiyi müsahibələr də rusların xoşuna gəlməyib. Səfir görüşdə şikayətlənib ki, yolları bağlayırsınız, nəticədə nəqliyyatın hərəkəti dayanır, səfirliyin avtobusu 3 saat yolda qalıb. Paşinyan isə cavab verib ki, piyada gəzmək xeyirlidir”.

Politoloqun sözlərinə görə, Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkov qəzəbini gizlədə bilməyərək deyib ki, bu axmağı baş nazir seçmək olmaz: “Dumanın üzvü Konstantin Zatulin isə bildirib ki, qeyri-qanuni hakimiyyət dəyişikliyi baş versə (yəni, Paşinyan deputatlara təzyiq göstərərək zorla özünü hökumət başçısı seçdirsə), Rusiya bu durumu qəbul etməyəcək və yeni baş nazirin legitimliyini tanımayacaq. Rusiyanın Paşinyanın baş nazirliyinə qarşı çıxmasının digər səbəbi budur ki, postsovet məkanında xalq inqilabı yolu ilə növbəti hakimiyyət dəyişikliyinin uğurla baş tutması məqsədəuyğun deyil. Bu presedent indiyədək kifayət qədər Moskvanın başını ağrıdıb. Üstəlik, belə bir hadisənin Rusiyanın dayaqlarının ən güclü olduğu bir ölkədə gerçəkləşməsi xarizmanın cızılması deməkdir”.

Politoloq bildirib ki, amma Ermənistanın Rusiyadan uzaqlaşmaq kimi bir narahatlığı yoxdur: “Ən qatı qərbyönlü adam da iqtidara gəlsə, Ermənistanın Rusiyadan qopması ən azı hazırkı mərhələdə mümkün deyil”.

Qeyd edək ki, bu gün hakim Respublika Partiyası 1 mayda keçiriləcək baş nazir seçkisinə namizəd irəli sürməyəcəyini açıqlayıb. Parlamentdə ana müxalifət Çarukyan Bloku “xalqın namizədini”, Respublika Partiyası ilə koalisiyadan ayrılan və hökumətdəki nazir vəzifələrini boşaldan Daşnaksütyun isə Çıxış Blokunun namizədi Nikol Paşinyanı dəstəkləyəcəyini bildirib.




Yuxarı Əvvələ Ana Səhifə