XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

30 Aprel 2018 - 22:35

MOSKVA GÖRÜŞÜNDƏ SURİYA ANLAŞMASI…- Ankara ve Tehran Suriya düyününü Kremlin düsturu ilə çözəcək?

(News.ru)

Ötən şənbə Moskvada Rusiya, Türkiyə, İran xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirildi. Gözlənildiyi kimi, görüşün müzakirə mövzusu Suriya münaqişəsinin həlli yolları idi. Tərəflər təsdiqlədilər ki, münaqişənin sülh yolu ilə həllinə, Suriya cəmiyyətində vətəndaş dialoqunun inkişafına tərəfdardılar və terrorizmə qarşı mübarizəni əsas vəzifə kimi görürlər.

Suriya savaşı bu gün dünyanın bütün əsas siyasətçilərinin diqqət mərkəzindədir. Son günlərə qədər çoxları Birləşmiş Ştatlarla Rusiya arasında böyük savaşın başlaya biləcəyindən ehtiyat edirdi. Buna səbəb ABŞ-ın Əsəd qüvvələrinə hava zərbələri endirəcəyi (Duma şəhərində kimyəvi silahdan istifadəyə cavab olaraq) barədə ultimatumu və Rusiyanın bunu (aviazərbələrdən rusiyalı hərbçilərin zərər görəcəyi təqdirdə) cavabsız qoymayacağına dair bəyanatı idi. Amma Tramp vəziyyəti kritik həddə gətirməməyə və simvolik xarakterli əməliyyat keçirməyə qərar verdi.

Fransa prezidenti Emmanuel Makron da ABŞ-ın məlum əməliyyatına qoşulacaqlarını bəyan edib. Ötən həftə Trampla keçirdiyi görüşdə Makron Suriya münaqişəsinin nizamlanmasında iştirak etmək istədiyini deyib.

Suriya bu gün dünyanın bütün əhəmiyyətli beynəlxalq birliklərində – BMT-də, NATO-da, Avropa Birliyində müzakirə olunur. Münaqişə barədə Angela, Merkel, Tereza Mey, Si Tszinpin danışır. Lakin problemi müzakirə etmək hələ onu həll etmək anlamına gəlmir. Həllə nail olmaq diqqətli və düşünülmüş iş tələb edir ki, hələ ki bunun öhdəsindən Rusiya, Türkiyə və İran gələ bilir.

Qərbin ittihamlarına baxmayaraq, Moskva, Ankara və Tehran problemin həlli üçün bütün səylərini ortaya qoymağa hazırdır.

Əvvəllər bir çox dövlətlər, o cümlədən də qonşuları Suriyanın bulanlıq suyunda “balıq tutmağa”, savaşdan öz xeyri üçün faydalanmağa çalışırdı. Hələ 2015-ci ilin payızında Rusiya Xarici İşlər Nazirliyi bəyan edirdi ki, Türkiyənin İŞİD terrorçuları ilə neft ticarəti aparması ehtimalı var. Ankara və Moskva Suriya probleminin həllinə nəinki fərqli aspektdən yanaşırdı, az qala, açıq hərbi münaqişə həddinə də gəlib çıxmışdı.

Noyabrın 24-də Türkiyə məxsus F-16 Rusiyanın Su-24 bombardmançısını vurdu. Həmin vaxt təyyarənin qalıqları yaxınlığında bir qrup türk millətçisinin necə sevindiyi kadrlara düşmüşdü. İndi Ankara başa düşüb ki, savaş və qeyri-stabillik problemdən başqa heç nə gətirə bilməz.

Türkiyə prezidenti Rusiyadan rəsmi şəkildə üzr istədi və Moskva ilə əlaqələri bərpa etmək üçün çox çalışdı. Türkiyə hökumətinin geosiyasi orientasiyası da nəzərəçarpacaq dərəcədə dəyişdi.

Rusiyalı və iranlı həmkarları ilə görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu destruktiv fəaliyyəinə görə ABŞ-ı sərt tənqid etdi. Bildirdi ki, ABŞ Suriyada YPG və digər terrorçuları dəstəkləyir.

“ABŞ terrorçu təşkilatları dəstəkləyir. Buna dərhal son vermək lazımdır. 2016-cı ildə Birləşmiş Ştatlar söz vermişdi ki, bu terrorçu təşkilatlar Suriya ərazisini tərk edəcək. Biz istəyirik ki, amerikalılar verdiyi sözü tutsunlar və həmin ərazilərin mülki əhaliyə qaytarılması üçün çalışsınlar”, – deyə Çavuşoğlu bildirdi.

Faktiki olaraq türk nazir illər əvvəl Rusiyanın dediklərini dilə gətirmiş oldu. Moskva hamını əmin etməyə çalışırdı ki, Suriyada ayrı-ayrı dövlətlərə məxsus qüvvələrin mövcudluğu ancaq zərər verə və vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Terrorçularla ilk növbdə Suriya silahlı qüvvələri savaşmalıdır. Eləcə də ölkənin qanuni hökumətinin dəvəti ilə Suriyada olan Rusiya.

İndi heç kim Suriyanın nüfuz dairələrinə bölünməsindən danışmır. Hamı başa düşüb ki, regionda stabilliyin qarantı ancaq qanuni hökumətin rəhbərliyi altında olan vahid və bölünməz Suriya ola bilər.

Ayrı-ayrı qrupların nəzarətində olan bölünmüş Suriya hər zaman müharibə ocağı olacaq.

«Biz Suriyanın ərazi bütövlüyünü tamamən dəstəkləyirik. Əminəm ki, yerlərdəki bəzi problemlərə baxmayaraq, əgər biz üçlükdə (Rusiya, Türkiyə, İran) işləməyi davam etdirsək və verdiyimiz vədləri (Konstitusion komissiya və onun formalaşdırılması daxil olmaqla) dürüstcə tutsaq, Suriya xalqına hədəfə çatmağa kömək etmiş olacağıq”, – deyə Çavuşoğlu üçtərəfli görüşdən sonra bəyan etdi.

«Suriyanı etnokonfessional xətlərə ayırmağın yolverilməzliyini qeyd etdik”, – deyə Rusiya XİN rəhbəri Sergey Lavrov əlavə etdi.

Türkiyə və İran XİN rəhbərləri Rusiyanın Suriya münaqişəsinin həllinə dair bir tezisi ilə razılaşıblar. Söhbət, Suriya cəmiyyəti daxilində ölkənin gələcəyinə dair normal dialoqun vacibliyindən gedir. Və digər dövlətlərin Suriyada siyasi proseslərə qarışmamasından. Ayrı-ayrı qruplar öz aralarında razılığa gəlməli və xoş məram nümayiş etdirməlidilər.

Çavuşoğlu hesab edir ki, ən yaxşı yol siyasi yoldur. Güc yolu ilə olan istənilən həll qanunsuzdur və dayanıqlı deyil.

Lavrov da bu fikirdədir ki, Qərb dövlətlərinin müdaxiləsi məsələnin sülh yolu ilə nizamlanmasına olduqca mənfi təsir göstərdi: “Kimyəvi silahların qadağası üzrə təşkilatın ekspertləri işə başlamadan ABŞ, Fransa və Böyük Britaniyanın aprelin 14-də Suriyaya hücumu nizamlama prosesini bir qədər də geriyə atdı. Amma əsas odur ki, prolemin həlli üçün effektiv vasitə tapılıb – “Astana formatı”.

Lavrov bu formatın işlək olduğunu və prinsipial məsələlərin həlli istiqamətində səylərini davam etdirəcəklərini bildirib.

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif hesab edir ki, 16 ay əvvəl başlayan Astana prosesi Suriya xalqının əzablarını azaltmağı hədəfləyib: “Hazırda bu, BMT və digər iştirakçılarla əməkdaşlıq çərçivəsində ədalətli və möhkəm sülhə, həmçinin Suriya hökuməti ilə müxalifəti arasında dialoqa aparan yeganə prosesdir”.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə