XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

01 May 2018 - 15:58

ARMAN MELİKYANDAN SENSASİON AÇIQLAMALAR:"Bu, yalnız Rusiyanın oyunu deyil, ona Qərb, Türkiyə, İsrail, İran və Azərbaycan da cəlb olunub"

Ermənilərin “1in.am” saytı separatçı “Dağlıq Qarabağ Respublikası”nın sabiq “xarici işlər naziri” Arman Melikyanın Ermənistandakı vəziyyətlə bağlı müsahibəsini yayıb. Müsahibədə son vaxtlar Ermənistanda cərəyan edən hadisələrin pərdəarxasında nələrin baş verdiyini anlamaq baxımında əhəmiyyətli detallar yer aldığından, onun Azərbayvan dilinə tərcüməsini Strateq.az-ın oxucularına təqdim edirik.

Qeyd edək ki, mətndə jurnalistin və müsahibinin mövqeyi olduğu kimi saxlanılıb:

 

– Cənab Melikyan, hərəkatın ilk günlərində Arsax Respublikasının (mətndə bu cürdür-red.) prezidenti Bako Saakyan Ermənistanda idi. O, tərəflərlə aktiv görüşlər keçirdi. Bako Saakyanın iştirakı bunun sübutudur.

– Cənab Serj Sarkisyanın istefası Ermənistanın daxilində qüvvələr nisbətini müəyyən dərəcədə dəyişdi, bu da, Arsaxda daxili siyasi vəziyyətə təsir etməyə bilməzdi. Bu istefa Yerevan-Stepanakert münasibətləri formatında həm siyasi, həm də inzibati-maliyyə sferasında qarşılıqlı əlaqədə qeyri-müəyyənlik yaradıb.

Onu da təbii hesab edirəm ki, artıq Stepanakertdə də Bako Saakyanın istefa tələbləri səsləndirilə bilər. Ona görə də onun Yerevana səfər etməsi və siyasi qüvvələrin nümayəndələrilə görüşlər keçirməsi tam məntiqli idi və mən ümid edirəm ki, dəqiq mənzərənin müəyyən edilməsi və vəziyyətin ayıq qiymətləndirilməsi baxımından həm də faydalı idi.

– Serj Sarkisyanın istefası ilə, faktiki olaraq, Qarabağ hərəkatı iştirakçılarının dövrü başa çatır. Nə Karen Karapetyan, nə də Nikol Paşinyan bu çevrədən deyil. Bu kəskin dəyişiklik Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə necə təsir edəcək?

– Artıq bir neçə gündür ki, Ermənistandaxili siyasi proseslərə açıq xarici müdaxilə həyata keçirilir. Xatırladım ki, ABŞ və müttəfiqlərinin ən başlıca vəzifəsi Rusiyanın Cənubi Qafqazda hərbi-siyasi iştirakına son vermək, Rusiyanın ən başlıca vəzifəsi isə öz əvvəlki sarsılmaz mövqelərini və Azərbaycanda önəmli hərbi iştirakını bərpa etməkdir. Hər iki tərəf öz məqsədlərinə erməni maraqları və əraziləri hesabına nail olmaq variantına baxır və “Madrid prinsipləri” məsələsində onların yekdilliyi məhz bununla bağlıdır. Serj Sarkisyan öz tərəfindən ərazilərin təhvil verilməsini Azərbaycanın Arsaxın öz müqəddəratını təyinetmə haqqını mütləq tanıması öhdəliyi hesabına, təminat altına almışdı. İndi “ərazi əvəzində heç nə” vəziyyəti yetişir, buna inanmaq üçün əsasım var, bu da, Arsaxın yeni itkilərinə səbəb ola bilər. Serj Sarkisyanın qəribə istefasından sonra ehtimal edilən itkilərə görə məsuliyyət daşıyan “günah keçiləri” Karen Karapetyan və Nikol Paşinyan olacaq. Öz qanunsuz hərəkətlərilə məcburi surətdə inqilabı yetişdirən və öz ölkəsində onun partlayışına yol verən siyasi elita ləyaqətsiz və miskindir. Əgər o qədər kor və kardırsa ki, öz dövlətini yad maraqların toqquşması üçün belə səhnəyə çevirir, bütün qurbanlar və itkilər də bizim hesabımıza olacaq, onda ölkənin bütün siyasi sinfi üçqat ləyaqətsiz və miskindir.

– Bugünlərdə biz Ermənistandakı daxili siyasi hadisələrə Rusiyanın həddindən artıq böyük təsirinin şahidi olduq. Siz necə hesab edirsiniz, bu, tənzimləmə prosesinə necə təsir edəcək?

– Belə açıq müdaxilə bir nəticə verə bilər – hakimiyyət və vətəndaşlar arasında artıq mövcud olan uçurum daha da dərinləşəcək, belə bir inam formalaşacaq ki, bugünkü Ermənistanın idarəedici vəzifəli şəxsləri yad süngülər hesabına öz hakimiyyətlərini qoruyub saxlamaq niyyətindədirlər. Məncə, belə müdaxiləni həyata keçirənlər dərk etməyə bilməzlər ki, məhz belə nəticə alacaqlar. Deməli, onu almaq istəyirlər.

– Fərz etmək olarmı ki, Rusiya Ermənistanı daha qlobal oyuna çəkmək istəyir və hansısa anda, Ermənistanın zəifliyindən istifadə edərək, Qarabağ probleminin tənzimlənməsinə gedə bilər?

– Bunun ehtimalı böyükdür, lakin bu, yalnız Rusiyanın oyunu deyil, ona eyni dərəcədə Qərb, Türkiyə, İsrail, İran və Azərbaycan da cəlb olunub. Hazırda Ermənistan və Arsax oyundan kənar qoyulub – onlar yadların toqquşmasını təmin edən və ona xidmət edən əraziyə çevrilib.

– Nikol Paşinyan hərəkatın lap əvvəlindən bəyan edib ki, bu, müstəsna olaraq Ermənistanın daxili işidir və Ermənistanın nə Qərbin, nə də Rusiyanın müdaxiləsinə ehtiyacı yoxdur. İndi, Rusiyanın aktiv qarışdığı, Qərbinsə qarışmadığı halda, – belə ki, Nikolun dediyinə görə, buna ehtiyac yoxdur, – necə vəziyyət yarana bilər? Necə aydınlaşdırılma ola bilər?

– Ermənistandaxili siyasi proseslərə kənar müdaxilə Yerevandan və ya Stepanakertdən səslənən tələblərlə və ya xahişlərlə deyil, onların (kənar qüvvələrin – tərc.) maraqları ilə şərtlənir. Mən artıq bizim regiondakı əsas xarici aktyorların hansı konkret maraqları izlədiyini göstərdim və əgər biz bizim maraqlarımıza qarşı yönəlmiş çağırışları neytrallaşdırmağa hazır olmasaq, onda yalnız yadların siyasətinin obyekti olacağıq. Və indi bizim ən mühüm vəzifəmiz – tezliklə, xarici müdaxilə olmadan daxili siyasi böhranı həll etməkdir. Bu baxımdan, qarşılıqlı razılaşmalar üçün zəruri ilkin zəmin yaratmağa cəhd edəcək, iki-üç neytral şəxsdən ibarət olacaq danışıq qrupunun formalaşdırılması, bəlkə də, faydalı olacaq.

Sona Arutyunyan

“1in.am”, Ermənistan

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə