XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

07 May 2018 - 19:36

PUTİN MƏHARƏTLƏ STALİNLƏŞİR…- Daily Telegraph: "Son mitinqlər Putin idarəçiliyindən narazı olan kütlənin hayqırtısıdır"

“Daily Telegraph”,

(Britaniya)

Bu gün Vladimir Putin dördüncü dəfə Rusiya prezidenti olur. O, artıq 18 ildir ki, ölkəyə rəhbərlik edir. Bu müddətin bir hissəsini Dmitri Medvedevlə yer dəyişməklə, baş nazir postunda keçirib. Lakin həmin dövrdə də əsas fiqurun Putin olduğuna dair heç kimdə şübhə olmayıb.

Putin öz postuna mart ayında – demokratiya üçün parodiya sayılan seçkilərdən sonra qayıtdı. Ona hər hansı müxalif yoxdur. Çünki əsas rəqibi Aleksey Navalnı seçkilərə buraxılmadı. Boris Nemtsovun timsalında yeganə layiqli alternativi isə qətlə yetirildi.

Ötən bazar Moskvada və Rusiyanın digər şəhərlərində keçirilən icazəsiz mitinqlərdə iştiraka görə Navalnı və Putin əleyhdarı olan yüzlərlə fəal həbs olundu. Müxalifət lideri Putini çarla müqayisə etdi. Halbuki Rusiyada çar soyadı hakimiyyəti əlində belə bərk saxlamamışdı. Əgər Putin bu müddətin sonuna qədər prezident qala bilsə, onu hakimiyyətdə qalma müddətinə görə İosif Stalində müqayisə etmək olacaq.

Ruslar sərt liderlər xoşlayır. Putin də bu kriteriyaya tam uyğun gəlir. Suriya münaqişəsində Qərblə qarşıdurma, ABŞ və Avropa siyasətinə müdaxilə Rusiyaya qarşı etimadsızlıq ab-havasının yaranmasına səbəb olub. Bu da Putinin əlinə opponentlərini vətənpərvər olmamaqda günahlandırmaq kimi, bəhanə verib”.

“Daily Telegraph”ın fikrincə, son mitinqlər müxalifətin, Putin idarəçiliyindən narazı olan kütlənin hayqırtısıdır: “Seçkilər saxtalaşdırılsa da, Putin xalq arasında populyarlığını qoruyur. Çünki insanlar ona Rusiyaya milli qürurunu qaytarmaq iqtidarında olan və düşmənlərin cavabını verə bilən lider kimi baxırlar. Lakin Putin olmasaydı, rusların bu qədər düşməni olmazdı”.

Alman politoloq Ştefan Mayster “Deutsche Welle”yə açıqlamasında deyib ki, Rusiya bundan sonra da dünya arenasında əsas geosiyasi fiqur kimi çıxış edəcək: “Bununla da vətəndaşlarının fikrini daxildəki siyasi və iqtisadi problemlərdən yayındırmağa çalışacaq. Pul azalacaq – həm pensiyalar üçün, həm sosial xərclər üçün, həm də müdafiə üçün. Bu şərtlər altında Vladimir Putin supergüc görüntüsü yaratmağa, eyni zamanda da ölkə daxilində nəzarəti gücləndirməyə çalışacaq”.

Ekspertin fikrincə, bu model müəyyən müddət uğurla işləyəcək: “ABŞ və Avropanın fəaliyyətsizliyi nəticəsində Rusiya Yaxın Şərqdə, xüsusən də Suriyada əsas oyunçuya çevrilib. Lakin bunun daha altı il belə davam edəcəyinə inanmıram. Artan iqtisadi böhran fonunda Rusiyanın daxili problemləri daha intensiv şəkildə ön plana çıxmağa başlayacaq. Pul çatışmazlığı Rusiyanın regionlarında təkcə böhrana səbəb olmayacaq, həm də keçmiş sovet ölkələrindəki qonşuları ilə münaqişələrə gətirib çıxaracaq. Rusiyadakı böhran onların da iqtisadi durumuna zərər vuracaq”.

Rusiyada avtoritarizmi gücləndirmək tendensiyasının qorunub saxlanılacağını deyən alman politoloq onu da əlavə edir ki, ABŞ-ın yeni sanksiyaları əks-effekt verəcək. Yəni Putinin mövqelərini zəiflətmək əvəzinə, gücləndirəcək: “Bu sanksiyalar dövlətin rolunu bir qədər də gücləndirəcək. Avropa Birliyi öz daxili prolemləri ilə məşğuldur və Rusiya ilə bağlı dəqiq strategiyaya malik deyil. Ona görə də Putin ABŞ, Çin və Rusiya dövlət büdcəsinin qoyduğu çərçivələr daxilində sərbəst hərəkət edə bilər”.

Alman ekspert Hernot Erler də Rusiya siyasətində kardinal dəyişikliklər gözləmədiyini deyib. Erlerin sözlərinə görə, Putinin mart seçkilərindəki inamlı qələbəsi onun və yürütdüyü siyasətin dəstəklənməsinin göstəricisidir: “Rusiya beynəlxalq arenada özünü olduqca inamlı aparır. Eynilə Çin və ABŞ kimi. Rusiya Suriyada əsas oyunçuya çevrilib və bu da Moskvada yeni xarici siyasət rolunun təsdiqi kimi qəbul olunur. Rusiyanın xarici siyasətdə ABŞ-la eyni səviyyəyə çatması Rusiya siyasi elitası üçün SSRİ-nin süqutundan sonra prinsipial məqam hesab olunur”.

Erler də hesab edir ki, ölkə daxilində ciddi müxalifətdən danışmaq olmaz: “Mart seçkiləri növbəti dəfə göstərdi ki, liberal qüvvələr öz aralarında vahid strategiyaya dair razılığa gələ bilmirlər. Nəticədə iki liberal namizəd 3 faizdən az səs topladı, üçüncü namizəd isə seçkini boykota çağırdı”.

Ekspertin fikrincə, Rusiya ilə Qərbin gələcək münasibətləri bir açar mövzudan asılıdır – Ukraynadan: “Minsk sazişinin icrası istiqamətində irəliləyiş olmadan və münaqişənin siyasi həlli baş tutmadan Rusiya ilə Qərbin münasibətlərində yaxşılaşma olmayacaq. Almaniya bütün çətinliklərə baxmayaraq, Moskva ilə açıq dialoqun tərəfdarıdır. Lakin təəssüf ki, biz anti-Qərb siyasəti ilə qarşılaşırıq. Ukraynanın şərqindəki münaqişədən tutmuş, Almaniya hökumət orqanlarına qarşı kiberhucumlara qədər bir çox aspektlərdə Rusiyanın imici çox pisdir. Bu da Moskva ilə konstruktiv münasibətlər qurmaq istəyənləri pis duruma salır. Bu çox təhlükəli tendensiyadır. Almaniya dialoq cəhdlərini davam etdirəcək. Amma bu kursun saxlanılması üçün Rusiya tərəfindən də addım atılmalıdır”.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə