XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

12 May 2018 - 12:10

İRAN LİDERİNİN MÜTALİƏ ETDİYİ YAZIÇILAR ARASINDA ORHAN PAMUK YOXDUR:"Tibo ailəsi", "Qəzəb salxımları", "Hərb və sülh", "Sakit Don"... - ARAŞDIRMA

Əziz Rzazadə

Strateq.az

 

Donald Tramp İranla nüvə sazişinin (JCPAO) qüvvədə qalması əvəzinə, vaxtından əvvəl (mayın 8-də) razılaşmadan çıxdıqda, gözlənilən bu idi ki, Ayətullah Xamnəi vədinə əməl edəcək. O, “ABŞ sazişdən çıxacağı halda, müqaviləni yandıracağam” demişdi, amma ali rəhbərin yerinə nüvə razılaşmasının bir nüsxəsini parlamentdəki prinsipçilər odladılar.

Çoxları indi də Xamnəinin niyə “vədinə xilaf çıxdığını” sorğulayır. Analitiklərin bir qismi bu rəydədir ki, sazişin digər tərəfləri öhdəliklərini yerinə yetirdikcə, Tehran körpüləri bütünlüklə yandırmayacaq.

“Üç Avropa dövlətindən möhkəm zəmanət alınmalıdır”, – deyən Xamnəinin sərt təpkisi, “Cənab Tramp! Siz qələt edirsiniz!” sözləri və nüvə sazişinin aqibəti belə artıq İranın gündəmində arxa plana keçib.

İran Yaxın Şərqə məxsus rəvan həyatını yaşayır və insanlar siyasətdən azca uzaq mətləbləri müzakirə edirlər. Gündəlik müşküllər sanki heç yoxmuş kimi, KİV və sosial media Tehranda açılmış 31-ci kitab sərgisinin “səhifələri”ni müzakirə edir.

Nobel mükafatı almış türk yazıçısı Orhan Pamuk belə dəvətlə İrana gəlib. Pamuk mayın 9-da Niavəran sarayında mətbuat konfransı keçirib, amma qəflətən onun İrandakı bütün proqrammları ləğv edilib. “Ebtekar” qəzetinin yazdığınına görə, rəsmi məqamlar “Orxan Pamuk axşamları”nın ləğvinə səbəb yetərli adam tuta biləcək zalın yoxluğunu əsas gətirib.

“Hətta “Phoenix” mağazasında pərəstişkarları ilə görüş ləğv edildi. Sosial media istifadəçiləri bu hadisəni kəskin tənqid və parlamentin mədəniyyət komissiyasının sədr müavini Nəsrullah Peymanfər baiskar elan ediblər.
“Farsnews”a açıqlamasında Peymanfər deyib ki, təəssüf ki, bəzən sərgi kuluarlarında milli təhlükəsizliyimizə və əqidəmizə zidd məsələlərin qaldırıldığı görüşlər keçirilir. Pamukun kitablarının nəşiri də Salman Rüşdi kimi mürtədin müdafiəçisi olmaqla əqidəmizə xilaf çıxmış bir şəxsi sərgiyə dəvət edib”.

Türkiyədə geniş tanınan iranlı yazıçı Mustafa Məstur həmkarına qarşı tətbiq olunan “təəccüblü” qadağalarla bağlı üzüntüsünü dilə gətirib: “Xəcalət çəkirəm!”

Kitab sərgisi ilə bağlı təəccübün daha böyük payını isə Xamnəi toplayıb. İran din xadimləri barədə qəlib təsəvvürləri darmadağın edərək o, kitab qurdu və ədəbiyyat bilicisi kimi sosial medianın gündəmini zəbt edib.

Maykl Vulffun ABŞ prezidentindən bəhs edən “Atəş və Qəzəb” kitabını maraqla səhifələyən İran liderinin fotosu Facebook və Tweeter-də “like” toplamaqda davam edir, habelə aparıcı ABŞ və Avropa KİV-lərinin bugünkü manşetlərinə çıxıb.

Ayətullah Xamnəinin ədəbiyyata və ümumən kitaba marağı çoxdan bilinən həqiqətdir. Onun yaşadığı məkana ayaq basan şəxslərin hamısı İran liderinin zəngin kitabxanasının olduğunu söyləyir (Bax: “Maaş almayan, borcla yaşayan, kitab oxuyan Şərqli lider” (http://strateq.az/manshet/205344/maas-almayan-borlca-yasayan-kitab-oxuyan-s%C9%99rqli-lider.html). 31-ci beynəlxalq kitab yarmarkasında müxtəlif nəşriyyatların stendlərini nəzərdən keçirərkən də mütaliəyə aşinalığını (alışqanlığını) sübut edən Xamnəinin açıqlamaları böyük maraq doğurub.

Ayrı-ayrı vaxtlarda özünün söylədiklərindən məlumdur ki, İran lideri istər milli, istərsə də xarici yazıçılar arasında klassiklərin mütaliəsinə xüsusi üstünlük verir. O, bir dəfə Ceyn Ostinin kitabları hələ fars dilinə tərcümə olunmadan ingilis yazıçısının romanları barədə referatı oxuduğunu etiraf edib. Bundan başqa, fransız nasirlərinin əksərini, o cümlədən Balzak, Viktor Hüqo, Emil Zolya, Romen Rolanın romanlarının tərcümələrinə bələddir. “Qırmızı və qara” (Stendal), “Mahatma Qandi” (Romen Rolan) kitabxanasında xüsusi yer tutur.

Rus ədəbiyyatı ilə tanışlıq Anton Çexovdan başlayıb. Daha sonra Aleksey Tolstoyun əsərlərini mütaliə edib. Onun “Əzablı yollar”ını bəyənən Xamnəi Lev Tolstoyun “Hərb və sülh”ünü də bu sıraya qatır. “Aleksey Tolstoy çox güclü qələmi olan yazıçıdır, mən onun əsərlərini oxuduqdan sonra Lev Tolstoyun romanlarına müraciət etmişəm”.

“İslam inqilabına qədər Oktyabr inqilabı tarixin ən möhtəşəm hadisəsi olub”, – deyən Xamnəi Şoloxovun “Sakit Don”unu dünyanın ən yaxşı romanlarından biri hesab edir. Mixail Bulqakovun “İt ürəyi” də, onun fikrincə, möhtəşəm əsərdir.

Xamnəi rus yazıçıları arasında Maksim Qorkiyə də oxucu rəğbətini gizlətmir.

İran liderinin kitabxanasında Nobel ödüllü Mario Varqas Lyosanın “Keçi bayramı”, Con Steynbekin “Qəzəb salxımları” romanlarından başqa, amerikalı Hovard Fast, rumın yazıçısı Zaxariya Stankunun əsərləri sıralanır.

Kitab yarmarkasında yeni nəşrlər axtararkən, İran lideri milli yazıçı Bozorg Ələvinin “Onun gözləri” kitabını əlinə götürüb və “Bu əsəri 50 il əvvəl oxumuşam” deməklə, stend ətrafında toplaşanların hamısını heyrətləndirib.

Yeri gəlmişkən, Bozorg Ələvi İranda kommunist hərəkatının liderlərindən biri kimi tanınır.

Xamnəi “Qustav Flober… tanış müəlifdir”, – deyərkən də insanlar bir xeyli heyrətlənib. Yeni tərcümə sayılan norveçli Yusteyn Qaardnerin “Sofinin dünyası” romanına marağı da diqqətdən yayınmayıb.

Amma nəşriyyat stendləri önündə bir kitaba diqqəti və özünün söylədikləri xüsusi qeyd olunmalıdır. Bu, 1937-ci ildə Nobel mükafatı almış fransız yazıçısı Marten dü Qarın “Tibo ailəsi” romanı ilə bağlı yaşanan epizoddur:

“Nilufər” nəşriyyatının stendində gördüyü bir kitabla bağlı Ayətullah Xamnəi soruşdu: “Bu, köhnə nəşrdir?” Təsdiqləyici cavabdan sonra dedi ki, tərcüməçi kimdir? Dedilər, Əbülhəsən Nəcəfi. “Əbülhəsən Nəcəfi… Bir neçə il əvvəl cənab Həbibi və bir neçə qocaman ədiblə birlikdə yanıma gəlmişdi. Soruşdum: “Tibo ailəsi”nin tərcüməçisi sizsiz?” Nəcəfi bu romanın adını bilməyimə belə heyrətlənmişdi. Mən romanı, həm də tərcüməni təriflədikdən sonra Nəcəfi təəccüblə soruşdu: “Həqiqətən, o romanın dörd cildini də oxumusuz? O kitabın adını eşitmənizə belə inanmazdım!” Güldüm: “Artıq oxumuş sayıla bilərəm…”Tibo ailəsi” dahiyanə romandır, heyf ki oxuculara az tanışdır”.




Yuxarı Əvvələ Ana Səhifə