XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

14 May 2018 - 18:26

İRANIN SURİYADAKI ƏSL HƏDƏFLƏRİ NƏDİR? –"Foreign Policy" İsrailin məhvi planını istisna edir - TƏHLİL

Pəyam Mohseni, Həsən Əhmədian

“Foreign Policy”

 

İsrailin T-4 bazasına son hava hücumu və fevral ayında İsrail “F-16”-nın vurulması nəticəsində İran-İsrail ziddiyyəti gərginləşib. Aprelin 26-də ABŞ müdafiə naziri Ceyms Mattis ilk dəfə  iki tərəf arasında birbaşa qarşıdurma ehtimalı haqqında danışıb. Mayın 9-u gecəsi Suriya ərazisindən Colan Təpələrindəki İsrail mövqeləri raket zərbəsi ilə hədəfə alınıb.

Səhv anlama və qarşıdurma riskinin artdığı həssas bir anda, Vaşinqtondakı siyasətçilər İranın Suriyadakı məqsədlərini daha aydın şəkildə başa düşməlidirlər. Bu məqsəd İsraili və Suriyadakı digər böyük xarici aktyorları çəkindirməyə yönəlib.

İranın strateji niyyətlərinin yanlış anlaşılması, – xüsusilə də ABŞ prezidenti Donald Trampın İranla nüvə razılaşmasından çıxmağı qərara alması ilə, – hərbi qarşıdurma və eskalasiya ilə nəticələnə bilər.

İranın Suriyadakı hərəkətləri Suriyadakı hərbi əməliyyatları genişləndirmək əvəzinə, ilk növbədə, Suriya hökumətini “müqavimət oxu”nun – İran, Suriya və “Hizbullah” arasında uzun müddətdir davam edən bir ittifaqın – bir hissəsi kimi qoruyub saxlamağa yönəlib. Tehran, həmçinin Suriyadakı maraqları ilə digər regional və beynəlxalq iştirakçılar arasında tarazlıq yaratmağa çalışır. Onun son hərəkətləri, o cümlədən hava sahəsini pozulduğunu iddia edən İsrailə qarşı dron göndərmə kimi təxribatı nəzərə aldıqda, Tel-Əviv “qırmızı xətlər”inə əsaslanıb Suriyada İranla qarşılaşmaq istəsə, bu, İsrail üçün baha başa gələcək taktikadır.

İsraillilər üçün İranın hərbi inkişafı dözülməzdir. O, Suriyada daimi İran hərbi bazaları ilə “qırmızı xətlər”in keçildiyini düşünür. Hadisələrin bu şərhinə əsasən, İranın Suriya kampaniyasının məqsədi İsraili məhv etmək məqsəilə, öz konvensial güc proyeksiya və hərbi qurğularını sərhədlərindən kənara genişləndirməkdir.

Bəzi iranlı elitalar bu rəyi bölüşsələr də, İsrail İranın Suriyadakı iştirakı ilə bağlı əsas məqsədləri və Tehranın prioritetlərini dərk etmir.

Bu baxımdan Tehranın Suriyada yaşadığı məhdudiyyətlər, o cümlədən Suriya və Rusiya hökumətlərinin İranın bu ölkədə hərbi qurğularının olmasına istəksiz yanaşması ciddi şəkildə qəbul edilmir. Bu rəyə görə, guya, Suriya öz zəifliyi ucbatından İranla münasibətləri idarə edə bilmir. Halbuki Bəşər Əsəd, Rusiya, İsrail və beynəlxalq birlik İranın Suriya siyasətini məhdudlaşdırır.

Yenə də geniş yayılmış həmin fikrə istinadən, qarşıdurma halında İran qətiliklə cavab verməyən, passiv tərəf kimi təsvir olunur. Bu təsəvvürlərin hər ikisi potensial təhlükəlidir, xüsusilə də guya İranın mümkün hərbi hücumlara reaksiya verməyəcəyi…

İran və tərəfdaşları daima İsrail əleyhdarı kimi görünsə də, bu, İranın prioriteti deyil. Bizim təhlilimizə görə, o, Suriya münaqişəsində əsas tərəfdaşlar (Türkiyə, ABŞ və Suriya hökuməti və s.) arasındakı rəqabətdə mövqeyini gücləndirməyə çalışır. Suriya İranı mühüm strateji dərinliklə təmin edir, Livan vasitəsilə gücünü layihələndirilməsinə imkan verir, “Hizbullah”a qapı açır və o, İsrail çəkindirir.

Əsəd rejiminin süqutu və Suriya dövlətinin parçalanması Ərəb dünyasındakı ittifaq itkisidir; bu, İrana ciddi zərbə vurardı. Buna görə də, İran baxımından, Suriyada şahmat partiyası təhdid altındadır. Bu rəy iranlı elitalar arasında Suriya münaqişəsinin başlanğıcında möhkəmlənib.

Həqiqətən, İran hökuməti Əsədə qarşı qiyamın İranı zəiflətmək üçün nəzərdə tutulan xarici sui-qəsd hesab edir, birbaşa təhdid kimi görür, “hətta Suriyanı itirdiyimiz təqdirdə, Tehranı qorumaq mümkün deyil”, – deyə iddia edir. Tehranın perspektivlərindən, İsrailin İran və Suriyadakı müttəfiqlərinin mövqelərinə hücumları, ABŞ və Səudiyyə ritorikası ilə yanaşı, İranın çəkindirmə qabiliyyətini pozmağa yönəlib.

İran bu qərara gəlib ki, Suriyanın “müqavimət oxu”nda qalmasının ən yaxşı yolu Suriya dövlətinin öz ərazisinə tam nəzarət etməsinə əmin olmaq, İŞİD-dən sonra ölkəni silahlı birləşmələrdən təmizləməkdir. Doğrudur, İran və onun militanlarının, Suriya hökuməti və Rusiya ilə müqayisədə, sahədə üstünlüyü var, ancaq Türkiyə və Birləşmiş Ştatların hərbi iştirakı nəzərə alınmaqla, Əsədin tam qələbəsinə və ölkəni birləşdirə biləcəyinə heç bir zəmanət yoxdur. Üstəlik, Tehranın rəyincə, vəziyyət daha təhlükəlidir, çünki Birləşmiş Ştatlar Suriyanı bölmək niyyətindədir.

Suriya münaqişəsindəki xarici aktyorların iştirakı ilə ən güclü üç qrup: Türkiyə və onun müttəfiqləri; Suriya Demokratik Qüvvələri və onun əsas dəstəkçisi olan ABŞ; Əsəd hökuməti və onun müttəfiqləri, o cümlədən İran güclü rəqabət aparır. Rəqib tərəflərdən narahat olan İran-Suriya düşərgəsi fəth edilməkdə olan yerlərdə əməliyyat güclərini artırır.

İŞİD-dən sonra ölkədə ikinci cəbhə İdlibdir. Bu sahədə “Nusra” başda olmaqla, xeyli təkfirçi qrupları toplaşıb. Türkiyə və İran-Suriya düşərgəsi bu kritik sahədə, ehtimal ki, üz-üzə gələcək. Bu ilin əvvəlində Afrin şəhərində iki tərəf arasında qarşıdurma ehtimalı bir dəfə peyda olub.

Bununla yanaşı, Əsəd rejiminin nəzarətində olan ərazilərində, o cümlədən Cənubi Suriyada müxalif qüvvələrin anklavları var. Hökumət bu yaxınlarda Şərq Qutanı döyüşlə geri alıb.

Bu qarşıdurmalarda İranın iştirakını nəzərə alaraq, onun İsraillə ziddiyyət axtarması strateji prioritet deyil. Üstəlik, sahədə Tehranın məhdud resursları var.

Bununla belə, İranın “Qüds” qüvvələrinin komandanı Qasim Süleymani hələ yanvar ayında vurğulayıb ki, 300 nüvə başlığı ilə İsrail təcavüzkar gücdür və preventiv zərbələr həyata keçirməyə meyllidir. Yəni İran Suriyadakı geniş hədəflərini pozan İsrailin “qırmızı xətlər”inə riayət etməyəcək. Tehran öz cəzalandırma doktrinasına uyğun şəkildə İsrailin hücumlarına cavab verməyə məcbur olacaq.

Bu, öz növbəsində, eskalasiya risklərini artırır və Suriyada həm İsrail, həm də İran olduqca ehtiyatlı olmalıdır.

ABŞ və İsrail siyasətçiləri Suriyadakı İran niyyətlərini qiymətləndirərkən, Tehranın əvvəllər güc vakuumlarında öz təsirini müvəffəqiyyətlə artırdığını xatırlamaq məcburiyyətində qalacaqlar. Livandan İraqa və Yəmənə qədər İran öz strateji məqsədlərini daha da inkişaf etdirmək üçün daim münaqişə zonalarından istifadə edib. Bu nümunələri nəzərə alaraq, İsrail tapmaca ilə üzləşir.

 

Tərcümə: Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə