XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

21 May 2018 - 18:19

TÜRKLƏRİ SÖYƏN, ƏRƏBLƏRƏ NİFRƏT EDƏN BAŞ NAZİR OĞLU…- 26 yaşlı Yair Netanyahunun adı hansı qalmaqallara qarışıb?

Binyamin Netanyahu adı tez-tez qalmaqallara qarışan, bununla belə, postunu qoruyub saxlayan azsaylı siyasətçilərdəndir. Maraqlıdır ki, bu qalmaqalların bir qismi onun özü (korrupsiya və s.), əsas hissəsi isə oğlu Yair Netanyahu ilə bağlıdır. 26 yaşlı gənc İsrail baş nazirini dəfələrlə səs-küylü müzakirələrin mərkəzinə gətirib. Bir neçə gün əvvəl isə “İnstaqram” hesabından etdiyi paylaşımla adı ətrafında növbəti gərginliyin yaranmasına səbəb olub.

Belə ki, Yair Netanyahu paylaşımında “Fu*k Turkey” (c hərfi yerinə ay-ulduz yerləşirərək) yazaraq türkləri ağır şəkildə təhqir edib. Və Türkiyə ilə İsrail arasında onsuz da isti olmayan münasibətləri daha da pisləşdirib.

Bu ilin əvvəllində Yairin stripriz klubda dostu – İsrailin təbii qaz maqnatı Kobi Maymonun oğlu ilə sərxoş halda etdiyi söhbətin audioyazısı yayılmışdı. Söhbətdən məlum olurdu ki, baş nazirin oğlu əxlaqsız qadının xidmət haqqını dostunun ödəməsini istəyir və bildirir ki, bu, atasının (Binyamin Netanyahunun) onun atasına (Kobi Maymona) etdiyi yaxşılığın yanında heç nədir. Sərxoş gənc bildirib ki, atasının dəstəyi ilə qarşı tərəf 20 milyard dollarlıq qaz sazişi bağlayıb.

Məhz həmin dövrdə (2015-ci il) İsraildə yeni təbii qaz yataqları ilə bağlı bəzi mübahisələr gedirdi.

Gənclərin kluba hökumət avtomobillərində və mühafizəçilərlə birgə getməsi məsələni bir qədər də böyütmüşdü. İsrail cəmiyyətində böyük səs-küy yarandığını görən Yair Netanyahu spirtli içkinin təsiri altında söylədiyi fikirlərə görə peşman olduğunu deyərək üzr istəmişdi: “Sərxoş idim və qadınlar haqqında bəzi şeylər danışdım. Bunları deməməli idim və ümumiyyətlə, mən belə biri deyiləm”.

O, atası ilə Kobi Maymonun münasibətləri barədə məlumatsız olduğunu bildirmiş, qaz sazişi ilə bağlı dediklərini isə zarafat adlandırmışdı.

Binyamin Netanyahu açıqlama verərək bildirmişdi ki, qaz maqnatı Kobi Maymonla cəmi bir dəfə rastlaşıb və bu hadisəyə qədər uşaqlarının yaxın münasibətdə olduğunu bilməyib.

Yair Netanyahu ilə bağlı daha bir qalmaqal iti ilə gəzintiyə çıxması (2017-ci ilin avqustunda) zamanı yaşanmışdı. Səhər gəzintisi zamanı qonşu qadın Yairin itinin ətrafı batırdığını görüb və bununla bağlı sahibinə irad bildirib. Yair isə irada cavab olaraq qadını barmaq hərəkəti ilə təhqir edib.

Hadisə qısa zamanda mətbuatda yayılaraq müzakirələrə səbəb olmudu. Netanyahunun ailəsi isə bunu yalanlayaraq söylənənləri böhtan adlandırmışdı.

Yerli sakinlərin dediyinə görə, valideynlərilə birgə yaşayan Yair Yerusəlimin küçələrində əvvəlki tək sürücüsü və mühafizəçisi ilə gəzir və bütün bu xərclər də dövlət büdcəsi hesabına qarşılanır.

Hökumətdə heç bir vəzifə tutmayan gənc bununla belə, atasının yürütdüyü siyasətə təsir göstərə bilir. Eyni zamanda ifrat sağçılara rəğbət, ərəblərə isə nifrət bəsləyir.

İttihamlara “Facebook” hesabından cavab verən Yair Netanyahu haqqındakı iddiaları yalan adlandırıb və jurnalistlərə başqalarının “çirkli çamaşırlarını” eşələməyi – keçmiş İsrail liderlərinin övladlarını araşdırmağı tövsiyə edib.

Yairin fikrincə, bu siyahının ilk yerində keçmiş baş nazir Ehud Olmert gəlməlidir. Yair keçmiş baş nazirin oğlu Ariel Olmertin homoseksual olduğuna eyham vurub. Və əlavə edib ki, mətbuat onun fələstinlilərlə maraqlı münasibətlərdə olmasına və bunun İsrailin milli təhlükəsizliyinə vura biləcəyi zərərə də diqqət yetirməlidir.

Ariel Olmert barəsindəki iddiaları cavabsız qoymayaraq bildirib ki, qadınları sevir və xanımı ilə birgə qızını böyüdür. Olmert heç vaxt sürücüsünün və mühafizəçisinin olmadığını, prezidentlər və milyarderlərlə vaxt keçirmədiyini, itinin batırdıqlarını özünün təmizlədiyini və öz qazancı ilə yaşadığını da əlavə edərək bu sözləri ilə Yairi hədəfə gətirib. Olmert Yairi məhkəməyə verəcəyini də bildirib.

Gənc Yair isə polis və məhkəmə izahatlarına çoxdan öyrəncəlidir. Onu atısının işi (korrupsiya) ilə bağlı dəfələrlə ifadə verməyə çağırıblar. Binyamin Netanyahu özünə və yaxınlarına bahalı hədiyyələr almaqda ittiham olunur. O da iddia olunur ki, baş nazir hökumətin faəliyyətinin ancaq müsbət tərəfdən işıqlandırılması üçün nəşr evlərirdən biri ilə sövdələşməyə cəhd edib.

İsrail baş nazirinin oğlu sevgi macərası ilə də mətbuata gündəm olumuşdu. 2014-cü ildə insanlar mediadan onun norveçli sevgilisi Sandra Leykangerlə münasibətlərini izləyirdilər. Yerli KİV-lərin yazdığına görə, Yairdən bir neçə yaş böyük olan xanım yəhudi deyildi. Bu isə yəhudi cəmiyyəti üçün qəbuledilməz məqam idi.

Binyamin Netanyahu oğlunu müdafiə edərək onun seçiminə hörmətlə yanaşdığını və bunun şəxsi işi olduğunu bəyan etmişdi.

Bu açıqlama ortodoksal qəzetləri qane etməmişdi və onlar “Bu, şəxsi seçim məsələsi deyil. Söhbət yəhudi dövlətinin simvollarından gedir. Artıq bir neçə aydır ki, Yair öz yəhudi xalqından qopmuş vəziyyətdədir” deyə baş nazirə cavab vermişdilər.

Bu məsələ ətrafında gərginlik yenicə səngimişdi ki, Yair yenidən ortodoksların qəzəbinə tuş gəldi. Gənc Netanyahunun Şam ağacı fonunda Santa-Klaus geymində şəkli yayıldı.

Yəhudilər Yeni il atributlarına və xristianların digər bayramlarına olduqca neqativ yanaşırlar.

İsrail baş naziri bu dəfə də köməyə gəldi. Baş nazirliyin kargüzarlığından bildirdilər ki, Yair xristian-sionist dostlarının qonağı olub və bu cür zarafatlar ciddi qəbul edilməməlidir.

“Haaretz” qəzeti yazır ki, baş nazir oğlunun imici sürətlə – təsəvvür edildiyindən də tez zədələnib. Yair siyasətlə məşğul olmayacağını bir neçə dəfə bəyan edib. Bununla belə, onu atasının qeyri-rəsmi müşaviri kimi tanıyırlar. Onun gələcəkdə hakimiyyətdə təmsil olunması da istisna deyil.

Hələlik od altında qalan Binyamin Netanyahu özüdür. Oğlunun “baş qəhrəmanı” olduğu qalmaqallar onun nüfuzunu ciddi şəkildə zədələyir. Üstəlik müxalifət onu mütəmadi olaraq korrupsiyada ittiham edir.

Ötən ilin dekabrında minlərlə insan küçələrə axışaraq “İsrail Netanyahu ailəsinə yox, bizə məxsusdur” kimi, şüarlar altında aksiya keçirmişdi.

Aksiyalar zamanı keçirilən ictimai rəy sorğusunda respondentlərin 33 faizi bildirmişdi ki, Netanyahu hakimiyyətdə həddən artıq çox qalıb. 42 faiz bu fikirdə idi ki, yeni seçkilər keçirilməlidir. 36 faiz isə 2019-cu ildə baş tutacaq növbəti seçkilərə qədər gözləməyi məqbul saymışdı.

Etiraz və narazılıqlara baxmayaraq, İsrail baş nazirinin mövqeləri hələ ki möhkəm olaraq qalır. Bu ilin fevralında yerli “Channel 10” telekanalının apardığı araşdırma zamanı məlum olmuşdu ki, ata-oğlu Netanyahuların adı ətrafındakı korrupsiya qalmaqalları “Likud” (Netanyahunun lideri olduğu) partiyasının populyarlığına təsir etməyib…

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə