XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 May 2018 - 17:41

YASAMALIN SALLAQXANAYA ÇEVRİLMİŞ MƏHƏLLƏSİ:Xiyabaninin adını daşıyan küçədəki "ucuz kabab"dan kimlərə pay çatır? – FOTOlar danışır

Dünən Kənd Təsərrüfatı naziri İnam Kərimov bu nazirliyin adı ən çox korrupsiya və rüşvətdə hallanan qurumlarından birinin – Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisini, nəhayət ki, işdən çıxardı. Bu gün isə artıq Xidmətin yeni rəisinin kimliyi ictimaiyyətə açıqlanıb – Bayandur Rzayev. Yola salınan əvvəlki rəis Azər Süleymanovdan fərqli olaraq, Bayandur Rzayev ixtisasca bu sahənin mütəxəssisidir – baytardır, həm də sözügedən sahə üzrə alimdir. O, 2004-2007-ci illərdə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun aspirantı olub, daha sonra isə Heyvandarlıq İnstitutunun Qoyunçuluq laboratoriyasında elmi işçi kimi fəaliyyət göstərib (2007-2011).

Görünür, elə bu səbəbdən də Bakının Yasamal rayonunda yaşayan bir qrup ziyalı, yeni rəis təyinatına böyük ümid bəsləyərək, “Strateq.az” vasitəsilə ona müraciət ünvanlamaqla, qaldırdıqları mühüm bir problemə diqqət çəkmək istəyiblər.

Yasamal ziyalılarının saytımıza müraciətində qeyd olunur ki, rayonun hələ əvvəlki icra başçısı İbrahim Mehdiyevin vaxtında, eləcə də bu ilin fevralın 2-də onun yerinə təyin edilən Əziz Əzizovun dövründə Yasamal rayonu ərazisində, xüsusən də Milli Onkologiya Mərkəzinin divarları boyu uzanan Xiyabani küçəsində fəaliyyət göstərən və yaşayış məntəqələrini, yol və xəstəxananı üfunət, natəmizlik mənbəyinə çevirən sallaqxanaların, ətkəsmə və ətsatma məntəqələrinin nizama salınması ilə bağlı dəfələrlə ən müxtəlif instansiyalara müraciət etsələr də, onların şikayətinə məhəl qoyulmayıb.

Üstəlik, ziyalıların yazdıqlarına görə, onların şikayət məktubları aidiyyəti dövlət qurumları üçün, bir növ, bu obyektlərdən və şəxslərdən pul qoparmaq üçün “yem yeri”nə çevrilib: “…Bizim şikayətimizi araşdırmaq adıyla gələn İcra Hakimiyyəti, Baytarlıq Xidməti və polis əməkdaşları bu ətkəsmə və ətsatma məntəqələrini haqqa otuzduraraq, pullarını alıb gedirlər, problem isə həll edilməmiş qalır. Tələb etdikdə, adını qoyurlar ki, guya, onlara ölkə rəhbərliyi tərəfindən sahibkarların işinə müdaxilə etməmək tapşırığı verilib. Halbuki, bizim qaldırdığımız məsələ birbaşa ölkənin qida təhlükəsizliyi, əhalinin sağlamlığı ilə bağlı çox vacib, xüsusi diqqətlə yanaşılacaq bir problemdir”.

Müraciət müəlliflərinin yazdıqlarına görə, bu ilin əvvəlindən Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlaması onlarda xeyli ümid yaradıbmış ki, heç olmasa, bu qurum problemə müdaxilə edəcək: “Ancaq bir neçə qurumun səlahiyyətlərinin verildiyi Agentlik yeni formalaşdırılmağa başladığından, nə edəcəyini, “köhnə qurdlar”la necə mübarizə aparacağını hələ də bilmir, çətinlik çəkir. Çünki işin içində bir neçə dövlət qurumunun sahibkarlarla cinayət əlaqəsinə girmə faktları var və mütəşəkkil qaydada, əlbir hərəkət etdiklərindən, bu agentlik də qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi üçün qanunvericiliyin tətbiqinə lazımınca nəzarət etməyi bacarmır. Yuxarıda qeyd etdiyimiz kimi, hələlik hər kəs həmişəki qaydada gəlir, rahatca haqqını alır, çıxıb gedir… Qan, leş iyindən, milçək vızıltısından, it boğuşmasından, kabab tüstüsündən, tıxacda qalmış maşın siqnallarından isə baş çatlayır. Bura sanki paytaxt Bakının yox, dağılmış İraqın hansısa bazarıdır… Ərazidə bircə saat durmaq kifayətdir ki, bu iyrənc, anti-sanitar, başdan-ayağa yoluxucu virus mənbəyi olan mühitdə nələrin baş verdiyini öz gözlərinizlə görəsiniz”.

Müraciət müəllifləri yeni Xidmət rəisinə xitabən bildirirlər ki, Bakıda “təmiz ət”“ucuz kabab” məkanı kimi tanınan Xiyabani küçəsindəki bu başıpozuqluq, hərcmərclikdə Dövlət Baytarlıq Xidmətinin və ərazi polis orqanlarının üzərinə daha çox məsuliyyət düşür: “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq idarəsi  kəsilən heyvanların qanunda müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasını aparmalı, heyvan kəsilən və satılan yerlərin normalara nə dərəcədə cavab verib-vermədiyini yoxlamalı, möhür vurmalıdırlar. Bu möhür necə, hansı şərtlərlə və haçan vurulur, bu, başqa bir həngamədir… Ərazi polis orqanları isə qanunsuz küçə ticarətinin qarşısının alınmasına, eləcə də ictimai təhlükəsizliyə təhdid və təhlükə yaradan, vətəndaşların və nəqliyyatın sərbəst və təhlükəsiz hərəkətinə maneçilik törədən halların aradan qaldırılmasına birbaşa cavabdehdirlər.

İndi biz sizə bir neçə fotoşəkil təqdim edək, baxın, görün, bu ərazidə həmin qurumlar öz işlərinin öhdələrindən necə gəlirlər, bu normaları necə qoruyurlar?!”…

Qeyd edək ki, müraciət müəlliflərinin redaksiyamıza təqdim etdikləri fotşəkillərin hamısı Xiyabani küçəsində çəkilib. Fotoları hər hansı şərh vermədən, oxucuların və aidyyəti qurumların diqqətinə təqdim edirik:

Strateq.az