XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

30 May 2018 - 11:25

NƏ DOST, NƏ DÜŞMƏN:Rusiya İrana arxa çevirəcəkmi? - TƏHLİL

Ruhullah Fəqihi

“Middle East Eye”

 

Bir neçə həftədir ki, Rusiyanın Suriyada İranın hərbi fəaliyyətini məhdudlaşdırmağa çalışmasının əlamətləri görünür. Belə ki, mayın 17-də Rusiya prezidenti Vladimir Putin Suriya ordusunun son qələbələri ilə xarici qüvvələrin Suriyadan çıxarılmasının vacibliyini dilə gətirib. Putinin elçisi prezidentin Türkiyə, ABŞ, İran və “Hizbullah” əsgərlərinə nəzərdə tutduğunu söyləyib.

Bazar ertəsi günü, mayın 28-də Suriya ordusu Dəraadakı üsyançılara xəbərdarlıq vərəqələri atdıqdan sonra həm İsrail, həm də Rusiya səlahiyyətliləri cənub əyalətini yalnız Suriya əsgərlərinin “təmizləyəcəyini” açıqlayıb.

Rusiyanın bu açıqlaması Tehran üçün sürpriz olub, şiddətli təpki və Moskvaya artıq etibar edilə biləcəyinə dair bir müzakirə doğurub. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasiminin sözlərinə görə, “Terror mövcuddur və Suriya hökuməti istəyirsə, İranın Suriyada iştirakı qalacaq”. O əlavə edib: “İran müstəqil bir ölkədir və onun siyasəti İslam Respublikasının maraqlarına əsasən müəyyənləşdirilir”.

Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani isə mayın 27-də hökumətin tələbi ilə İranın Şamda olduğunu söyləyib.

 

Mühafizəkarların susqunluğu, islahatçıların tənqidi

 

Bəlkə də təəccüblüdür ki, Tehranın Moskva ilə münasibətini, adətən, tənqid edən islahatçı kütləvi informasiya vasitələri Kremlin sözlərinə narahatlıqlarını ifadə ediblər. Mühafizəkar media isə İranın Qərbdən yayınması, Rusiyaya və Çinə yaxınlaşmasını üstün tutan sərt mövqe sərgiləyərək buna səssiz qalıblar.

Reformist gündəlik “Etemad” qəzetinin yazdığına görə, Rusiyanın yeni mövqeyi, ABŞ prezidenti Donald Trampın ABŞ-ın nüvə razılaşmasından çəkiləcəyini elan etməsindən bir gün sonra İsrail Baş naziri Binyamin Netanyahuun Moskvaya səfəri ilə əks olunub.

Səfər öncəsi Netanyahu deyib: “Suriyada baş verənlərə baxmayaraq, Rusiya ordusu ilə İsrail Müdafiə Qüvvələri arasında davamlı təhlükəsizlik koordinasiyası təmin edilməlidir”.

“Etemad” bu görüşdən sonra, mayın 20-də Putinin elçisinin “Hizbullah” və İran qüvvələrinin Suriyanı tərk etməsinin vacibliyini açıqladığına diqqət çəkir.

“Sionist rejim Suriya torpaqlarının bir hissəsini – Colan Təpələrini illərdir işğal edib və son bir neçə ay ərzində Suriya torpaqlarının müxtəlif bölgələrinə hücum əməliyyatları həyata keçirməyə davam edir”.

Eyni zamanda, İnqilab Keşikçilərinin sabiq komandiri Mohsen Rezaiyə məxsus mötədil-mühafizəkar “Tabnak” xəbər saytı Putinin mövqeyini ABŞ-ın nüvə razılaşmasından çıxarması ilə əlaqələndirib. “ABŞ-ın JCPOA-dan çıxması və İranın Rusiya dəstəyinə ehtiyacı olduğu üçün Moskva Suriyada İrandan güzəştlər tələb edir. Rusiyanın Suriya böhranı ilə bağlı mövqeyi onu Qərbə yaxınlaşdıracaq güzəştləri ehtiva edir. Çünki Qərbin Rusiya ilə Suriyaya dair danışıqları üçün şərtlər İranın geri çəkilməsini tələb edir”, – deyə “Tabnak”da qeyd olunub.

Reformist “Şərq” qəzetinin hesabatında İranın ən böyük düşmənlərindən biri olan Səudiyyə Ərəbistanının Moskvanın Tehrana dair mövqeyinə tədricən təsir etmək istəyi vurğulanıb. Mayın 23-də “Şərq” yazıb: “Şübhəsiz ki, Riyad Moskvaya yaxınlaşaraq strateji məqsədi güdür. Rusiya İranla birlikdə Suriyadakı əlini gücləndirib, sonra da Ankaranı gücləndirməyə nail olub, Cenevrə danışıqlarına alternativ Soçi sammitini qurub. Belə şəraitdə, Riyad Moskva ilə iqtisadi əlaqələrini möhkəmləndirərək Rusiyaya geniş investisiyalarından faydalanmaq istəyir”.

 

“Nə müttəfiq, nə də vəkil”

 

MEE-a danışan iranlı islahatçılar ABŞ-ın nüvə razılaşmasından çıxması ilə Rusiyanın İranı daha da təcrid etməyə çalışdığına inanırlar. Onların sözlərinə görə, Tehran avropalılarla olan əlaqələrini gücləndirməlidir, üstəlik, Moskvanın Tehranı arxasında bıçaqlamasının tarixçəsi var.

Xarici siyasət üzrə analitik Rəsul Hüseyni MEE-a bildirib ki: “Rusiya İran və amerikalıların daha ciddi gərginliyə çata biləcəyini düşünür və buna görə də Tehranla Vaşinqton arasında razılaşma ehtimalının boşa çıxdığı görünür. Tehranın çox sayda variantları olmadığını bilən Rusiya bu vəziyyətdən faydalanmaq istəyir”.

O əlavə edib: “Belə şəraitdə Tehranın ABŞ-la münaqişə zamanı Rusiyanın İranın kartı ilə oynamasına maneçilik törətmək üçün Avropa əlaqələri gücləndirilməlidir”.

Sabiq diplomat Firidun Məclisi hökuməti Rusiyaya və ya hər hansı bir ölkəyə tam güvənməməyə çağırıb: “Rusiya nə müttəfiq, nə də İranın vəkilidir. Tehranda bir sıra siyasi fiqurlar Rusiyaya güvənir, baxmayaraq ki, bu, ölkənin maraqlarına uyğun deyil. Rusiya heç vaxt İran üçün özünü qurban verməyəcək və öz maraqlarına müvafiq qərar qəbul edəcək”.

Məclisinin fikrincə, Rusiya Suriyadakı rəqiblərsiz qalmaq istəyir: “İran Suriyada qaldıqda, bu, Amerikaya öz qoşunlarını yerləşdirmək üçün bəhanə verəcək. Buna görə Putinin elçisi bütün ölkələrin Suriyanı tərk etməsi lazım olduğunu söyləyib”.

İran mühafizəkarları hələ də Rusiyanın İsrail və ya ABŞ-la anlaşa bilməyəcəyi rəyindədir. Analitik və Yaşıllar Partiyanın katibi Hüseyn Kənani Müqəddəm MEE-a deyib: “Putinin ABŞ və ya İsraillə ittifaq qurması xam xəyaldır, belə olsaydı, Suriyada ən azı 100 rus hərbi məsləhətçisi öldürülməzdi”.

Müqəddəm İranın Kremlə qarşı ehtiyatlı davranmasını vurğulayıb: “Rusiya İranın strateji tərəfdaşıdır, lakin əgər ruslar İsrail və ya Amerikaya əl uzadarsa, İran münasibətlərini yenidən nəzərdən keçirəcək”.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə