XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 İyun 2018 - 13:15

İRANA QARŞI SANKSİYALAR TÜRKİYƏYƏ NƏ VƏD EDİR? –Ankaranın itirəcəkləri və qazancı - TƏHLİL

Cabir Ömər

“Əl-Ərəbi əl-Cədid”

 

ABŞ-ın İrana qarşı yeni sanksiyaları regionun böyük  dövlətləri, xüsusilə Qərb və Birləşmiş Ştatlarla problemləri sona çatmayan Türkiyə üçün əlavə müşküllər doğurur. Həm də İranın qonşuları ilə əlaqələrində mövcud problemlərin qalması nəzərə alınmaqla.

Ankara sanksiyaların maliyyə və ticari nəticələrindən narahatlıq duyur, digər tərəfdən, İranın İraq və Suriyadakı artan nüfuzunu ehtiva edən narahatlıqda çəkindirmə Türkiyənin istəyinə uyğun gəlir.

Türkiyə və İran arasında siyasi, həm də dini-məzhəbi məsələlərdəki fikir ayrılıqlarına baxmayaraq, Ankara da Tehrana qarşı sanksiyalardan əziyyət çəkir. Bu baxımdan xüsusilə Türkiyə hava nəqliyyatı şirkətlərinin İran şirkətləri ilə əlaqəsi vurğulanmalıdır.

Ötən illərdə bölgə dövlətləri ilə bağlı istənilən narahatlıq qonşu dövlətlərə birbaşa təsir edib və Türkiyə İraq və Suriyadakı qarşıdurmalardan əsla yayına bilməyib.

İrana qarşı sanksiyalar Türkiyənin iqtisadi yükünü artırır və Əfqanıstandan başlayaraq İrandan keçməklə yeni köç dalğası iqtisadi ağırlığı növbəti mərhələyə yetişdirə bilər.

Ankaranın sanksiyalarla bağlı rəsmi mövqeyi aydın və sürətli olub. Belə ki, Ərdoğan və Ruhani arasında telefon təmasında Türkiyə prezidenti nüvə sazişinin qüvvədə qalmasının vacibliyini vurğulayıb. Ekspertlərin fikrincə, əks halda, Türkiyə və region gələcəkdə siyasi, iqtisadi və sosial ölçülərdə təsirlənəcək.

Türkiyənin rəsmi məqamlarına yaxınlığı ilə tanınan tədqiqatçı yazar Cahid Tuzun sözlərinə görə, Türkiyə ABŞ-ın İran əleyhinə tətbiq olunan sanksiyalarına qarşı çıxır, çünki sanksiyalar təkcə Tehranın deyil, bütün bölgənin həyatına təsir göstərir. Buna görə də, böhranın həlli naminə siyasi danışıqlar aparılmalıdır.

Cahid Tuz əlavə edib ki, Türkiyə nüvə sazişi ilə bağlı danışıqların aparılmasını dəstəkləməklə yanaşı, nüvə obyektləri olan digər dövlətlərin, o cümlədən İsrailin fəaliyyətlərin nəzarətdə saxlanılmasına çağırır. Ankaranın fikrincə, İsrailin nüvə arsenalının sanksiyalardan kənarda qalması ədalət anlayışından uzaqdır.

Türk analitik İrana qarşı sanksiyaların bütün qonşu dövlətlərə təsirini vurğulamaqla bərabər, bunun bölgədə sülhün bərqərar edilməsinə mənfi təsirini də əlavə edib.

Beləliklə, Türkiyə bu problemin regionda doğuracağı təhlükələrə həssaslıq nümayiş etdirir. Buna görə də, Türkiyə, böhranını həll etmək üçün Avropa İttifaqı ilə işləyir.

Sanksiya tədbirlərinin siyasi və iqtisadi təsirləri ilə əlaqədar danışan digər türk siyasi analitiki Mustafa Özcan isə hesab edir ki, Ankara bu sanksiyalardan təsirlənə bilər, amma o, siyasi cəhətdən bunun İranın bölgədəki siyasəti ilə bağlı olduğunu təsdiqləyir.

“Bir neçə il bundan əvvəl ABŞ İran əleyhinə sanksiyalar tətbiq etdikdə, Türkiyə bu sanksiyalara qoşulmadı və gələcəkdə də qoşulmayacaq, çünki əks halda Türkiyə ticarət məsələləri bu tədbirlərdən zərər görə bilər. Bununla yanaşı, iki ölkə Suriya və İraq ilə bağlı xarici siyasətdə fərqliliklər nümayiş etdirir. Ankara bu bölgədə İranın nüfuzunu artmasını istəmir. Bu səbəbə görə, Türkiyənin sanksiya siyasətindən narazı olmadığına inanıram, ancaq İranla əlaqədar ticari-iqtisadi maraqlarının təhlükəyə atılmasına da əsla razı deyil”.

 

Tərcümə: Strateq.az