XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

03 İyun 2018 - 16:02

DAHA BİR PREZİDENTİN İSPANİYADA TOPDAĞITMAZ SƏRVƏTİ ÜZƏ ÇIXDI: villalar, şirkətlər, bank hesabları... - ARAŞDIRMA

Varvara Kvitka, Kirill Malışev, Svetlana Kryukova, Vitali Qubin

strana.uа (Ukrayna), 02.06.2018

 

Xalq deputatı Aleksandr Onişenko bu günlərdə bildirib ki, prezident Pyotr Poroşenko Santyaqo-de-Kompostela kilsəsində dua etmək üçün İspaniyaya uçmağa hazırlaşır. Onişenko ehtimal edib: “Pyotr Alekseyeviç niyyət edəcək. Seçkilərdə qələbə”.

Lakin prezidenti İspaniya ilə təkcə dua məsələsi deyil, həm də sırf dünyəvi işlər bağlayır. Andrey Portnovun hüquqi dəstəyi ilə xalq deputatı Aleksandr Onişenkonun Ukrayna prezidenti Pyotr Poroşenkonun və yaxın çevrəsindəki adamların İspaniya aktivləri haqda hazırladığı özəl araşdırmanın nəticələri “Strana”nın sərəncamına keçib. Bu obyektlərdən bəziləri KİV-də (xüsusən də “Sxema” proqramında) artıq yad edilib.

Lakin bu, Bank küçəsinin (Kiyevdə Ukrayna prezidenti administrasiyasının yerləşdiyi küçə-red.) indiki sahibinin Pireneydə özünə “ehtiyat aerodrom” qurmaq üzrə əhatəli layihəsinin – aysberqin yalnız zirvəsidir. Söhbət ölkənin müxtəlif bölgələrindəki böyük sayda mülkdən və bütöv bir firmalar şəbəkəsindən gedir – Poroşenko və çevrəsi bu aktivlərə bu yolla sahibdir.

Strana”nın jurnalistləri araşdırma materiallarını öyrənib, habelə bu obyektləri axtarıb tapmaq üçün İspaniyaya yollanıblar.

 

Obyekt №1. Poroşenkonun villası

 

Poroşenkonun “İspaniya imperiyası”nın ürəyi İspaniyanın cənubunda Aralıq dənizinin sahilindəki şəhərcik Atalayya İsdabadakı malikanədir. Poroşenkonun villası kirəmit örtüklü, arxa həyətində hovuzu olan ikimərtəbəli evdir.

Sənədlərdən çıxdığı kimi, evin sahəsi 1254 kv.m-dir və 1993-cü ildə tikilib. Həm də qapalı trenajor zallı ev 2612 kv.m-lik torpaq sahəsində yerləşir. Evin yanında olmuş “Strana” jurnalistlərinin əmin olduqlarına görə, o, üç tərəfdən insan boyundan bir dəfəyarım hündür hasarla çevrələnib.

Dördüncü “divar” alçaqdır, dənizdən iki metr aralı əzvay kolluğuna qarışıb. Yerli adam, o cümlədən evin yolunu göstərən dalandar bu villanın Ukrayna prezidentinə məxsus olduğunu bizə dolayısıyla təsdiqlədi. O, İspaniya villasında Pyotr Poroşenkonun özünün nə qədər tez-tez olduğu haqda suala dumanlı cavab verdi ki, bu, “sirrdir”.

Malikanə zahiri əlamətləri üzrə Ukrayna prezidentinin evinə oxşamır. İspaniya intibahı üslubunda evi naxışlı döymə hasar çevrələyib.

Pəncərələr pərdələnib. Atmosferdən aydındır ki, hazırda sahiblər evin içində deyillər, amma ev və infrastruktur qonaqları hər an qəbul etməyə hazırdır. Ərazi yığışdırılıb, çəmənliyə qulluq olunub, içərini səliqəyə salırlar: xidmət heyətindən asiyalı görkəmli qadın məhz işə gələrkən kameranın obyektivinə düşüb. Hasarda videomüşahidə kameraları və videoqeyd aparıldığı haqda xəbərdarlıq lövhəciyi  yerləşdirilib.

Dal həyət səliqəli biçilmiş çəmənliklə döşənib. Orada bağ bəzəyinin iki ünsürü var. Birincisi – Toyuq allahının həmayıl daşını xatırladan ortası dəlik daş qayadır.

Və ikinci – fleyta çalan oğlan və qız heykəlləridir.

İkinci mərtəbənin eyvanını da çiçəkləyən dibçək gülləri bəzəyir. Pəncərələr pərdəlidir. Birinci mərtəbədə idmanla məşğul olmaq üçün otaq görünür. Bir neçə trenajor, o cümlədən velotrenajor var.

Bu villa Poroşenkonun rəsmi bəyannaməsində yoxdur.

Araşdırma materiallarından çıxdığına görə, Poroşenko mülkü 2008-ci il iyunun 30-da “Feruvita S.L.” şirkəti vasitəsilə Cersi adasında ofşor zonada (bu ünvanda – Rathbone House; 15 Esplanade; St Helier; St Helier; Jersey JE1 1RB) qeydə alınmış “Basmati Invesment Limited” şirkətindən 4 milyon avroya alıb.

Maraqlıdır ki, “Feruvitа”nın kapitalı daim çoxalıb. 890 min avro məbləğində ilk belə artım 2008-ci il dekabrın 22-də baş verib. Kapitalın artırılması üçün buraxılan bütün səhmləri “Prime Assets Capital” şirkəti (bu, Poroşenkonun aktivlərinin, xüsusən də “Roşen” şirkətinin qeydə alındığı firmadır) alıb, bundan sonra kapital artıq 4 004 006 dollar təşkil edib.

Sənədlərdə yazılıb: “Feruvita SL öhdəliklərdən azad mülk əldə etmək qəsdilə 2008-in iyununda Deutsche Bank SAE-dən (Deutsche Bank-ın İspaniya şöbəsi) iki milyon yarım avro məbləğində kredit, 06.05.2011-də isə 119 min avro məbləğində daha bir borc  götürür”.

Şəxsən Pyotr Poroşenko bu əməliyyatlarda avalist (zamin-red.) kimi çıxış edib. Maraqlıdır ki, o, hər iki əməliyyatda müxtəlif nömrəli Ukrayna pasportlarından istifadə edib.

Alqı-satqı sövdələşməsində baş fiqurant-vasitəçi kimi hansısa İrina Petrovskaya çıxış edib. Araşdırmada deyilir: “İrina Petrovskaya (Петрівська) son nəticədə İspaniya vətəndaşlığı alıb və İrina Petorvskaya-Storojenko kimi eyniyyətləşdirilən şəxsiyyət kimliyi vəsiqəsinə malikdir. O həm də İrina Viktorovna Petrovskaya kimi eyniyyətləşdirilib”.

Lakin xanım Petrovskaya haqda bir qədər aşağıda ətrfalı danışacağıq.

Maraqlıdır ki, Pyotr Poroşenkonun və yaxın silahdaşı, deputat İqor Kononenkoun villaları Marbelya şəhərciyinin yaxınlığında bir-birindən 25 km məsafədə yerləşir. Kononenkonun villası çimərliyin 50 metrliyində yerləşir. Evlərin ikinci zolağında.

İspan klassisizmi üslubunda böyük şüşə pəncərələrilə ikimərtəbəli bina. Böyük arxa həyətdə cəngəllik pöhrələyib.

Zahiri görkəmə və atmosferə əsasən, evdə əsaslı təmir aparılır. Zahiri müşahidə kameraları hələlik sistemə qoşulmayıb. Ərazidə rusdilli iş icraçısının tələsdirdiyi fəhlələri yaxaladıq.

Bu evin əldə edilməsi əhvalatı əvvəlkindən az fərqlənir. 2000-ci il mayın 5-də Marbelya şəhərində “Treck Holdings Coast” firması qurulub və qeydiyyatdan keçib. Bu firmanın əsas səhmdarı Hibraltarda qeydə alınmış “Trecks Holdings Limited” şirkətidir.

Şəxsən İqor Kononenko bu firmada təkbaşına inzibatçı kimi çıxış edib, lakin bu vəzifəni 2007-də yenə də həmin İrina Petrovskaya tutub. “Treck Holdings Coast” şirkəti Hacienda de San Manuel rayonunda 1500 kv.m sahəyə və 408 kv.m-lik evə sahibdir.

Yenə də səhmdarı Kononenko olan “Lancashire Big SL” firması habelə cəmi bir neçə kilometrlikdə  3000 kv.m-ə yaxın sahənin sahibidir. Ərazi artıq yaxşı qulluq görüb, oradaca boş hovuz yerləşir.

 

Poroşenkonun “İspaniya imperiyası” bir qadının çiyinlərində durur

 

Araşdırma materiallarından çıxdığına görə, “Pyotr kolonistləri”nin İspaniyanın cənubuna həmləsinin ilk izləri hələ 2000-ci illərin əvvəlindən izlənir. O zaman Əndəlusda “Pesoto Coast Sl” şirkəti qeydə alınıb. Onun səhmdarı Gibraltardan “Pesoto Holdings Limited” strukturudur, inzibatçısı hansısa Nelya Ziminadır (ad və soyadı Poroşenkonun keçmış köməkçisi və “Ukrprominvest”in keçmiş baş direktor müavini Oleq Ziminin arvadıyla üst-üstə düşür).

2008-ci il katolik miladı ərəfəsində “Pesoto Holdings Limited”-in rəhbəri artıq bizə tanış olan İrina Petrovskaya olub. Bu gün “Pesoto Holdings Limited” Estepona əyalətinin kottec şəhərciklərindən birində dupleks (ev kateqoriyasına aid mülk növü və taunhausa çox oxşayır, amma fərq bundadır ki, ikidən çox olmayan ailənin yaşamağı üçün uyğunlaşdırılıb) alıb.

Bu ünvanın qonşuluğunda yenə də Poroşenko komandasının nüfuz dairəsinə bağlı “Lopart Coast Sl” şirkətinin yaşayış binası yerləşir. “Lopart Coast Sl” trast şirkətlərinin qurulması sxeminə oxşar olaraq Marbelyada təsis olunub. Və “Pesto” ilə olduğu kimi, Gibraltarda yaradılan “ana struktur” “Lopart Holdings Limited”in iştirakilə. Sonuncuya əzəldən Poroşenkonun çoxdankı biznes tərəfdaşı Oleq Svinarçuk (o isə Qladkovskidir) nəzarət edib.

Svinarçuk bu gün Qladkovski soyadı altında Ukrayna Milli Təhlükəsizlik Şurası katibinin müavini postunu tutur. 2006-cı ildə nizamnamə fondu çoxalandan sonra isə … “Lopart”ın idarəetmə kreslosunda Svinarçuku yenə də həmin İrina Petrovskaya əvəzləyib. “Chama Propiedades Sl”-in və onun səhmdarı “Chama Vevay S.A.”-in izi də Kiyev vilayətində doğulmuş bu İspaniya təbəəsinə aparır.  Petrovskaya bu şirkətin rəhbərliyində 2006-cı il yayın axırından iştirak etməyə başlayıb. Maraqlarını Petrovskayanın təmsil etdiyi “Chama Vevay S.A” sonralar aktivlərini yenə də Marbelyada qeydiyyatdan keçmiş “Dekamin Blue Big SL”-ə satıb…

…Pyotr Poroşenko artıq Ukrayna prezidenti seçiləndən sonra İrina Petrovskaya İspaniyanın daha bir şirkətinin – “Bildenberg Consulting Financiero Sl”-in səhmdarı olub. “Poroşenko şirkətləri” korporativ şəbəkəsində daha bir qadın – “Balms Abogados” şirkətinin təmsilçisi kimi qeyd olunan hüquqşünas Yekaterina Stavxanik fəaliyyətdədir.

…Qeyd etmək önəmlidir ki, bu ünvanda tam bir “kommersiya icması” yerləşib. “Pesoto Coast SL”, “Toulouse Investments”, “Treck Holdings Coast” və “Centris Coast SL”, Kononenko, Qladkovski və Poroşenkonun arvadının trastları orada hesab olunur.

Araşdırmada Ukrayna prezidenti və ən yaxın çevrəsinin təmsilçilərinin İspaniya aktivləri inhisarının məhz necə toplandığı ayrıntılı təsvir olunub.

Deməli, 2010-cu ildə Marbelyada səhmdarı İqor Kononenko, dəyişilməz idarəçisi isə İrina Petrovskaya sayılan “Lankashire Big Sl” şirkəti yaradılıb. Bu hüquqi struktur bu gün kottec şəhərciyi “Cerca de los Monteros”-da 0,3 ha torpağın mülkiyyətçisidir. Oleq Qladkovski də Petrovskaya ilə əməkdaşlıq edib. 3 milyondan çox avro qoyulan, Marbelyada böyük bir evin (884 kv.m) və demək olar, bir hektar uzanan torpaq sahəsinin alqısı üzrə sövdəlşmənin sənədləşdirildiyi “Toulousse Investments Sl” şirkətini də onun maraqlarına aid edirlər. Məhz Qladkovski Ukrayna əsilli daha bir İspaniya şirkətinə özünü yazdırıb. Söhbət indi ləğv edilmiş “Centris Coast”-dan gedir – struktur yaradılan anda Ukrayna prezidentinin arvadı Marina Poroşenkonun buna dəxli var idi…

 

Ehtiyat aerodrom

 

Araşdırma materiallarından çıxış edərək, gördüyümüz kimi, bütün bu şirkətlərin faktiki sahibi Ukraynadan bunlara vəsait çıxardan və sonradan İspaniyada mülk və başqa aktivlər əldə etməklə onu “leqallaşdıran” Poroşenko və ən yaxın çevrəsidir.

Araşdırmanın xülasəsində deyilir: “Ola bilsin, Pyotr Poroşenko bahalı əmlak (zərgərlik məmulatları, şəkillər) və nəqd formada pul vəsaiti daxil olmaqla İspaniya ərazisinə sonrakı köçüylə bu dövlətin ərazisində özünün daşınmaz əmlakını çoxaldacaq”.

… “Strana”nın jurnalistləri bu dərcdə şərh edilən faktlar haqda korrupsiyanın qarşısının alınması üzrə Milli Antikorrupsiya Agentliyinə, Milli Antikorrupsiya Bürosuna, Özəl Antikorrupsiya Prokurorluğuna, habelə Prezident Administrasiyasına sorğu göndəriblər. Cavablar gələn kimi onları dərc edəcəyik.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə