XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

04 İyun 2018 - 19:40

TRAMP AVROPA İLƏ TİCARƏT SAVAŞI BAŞLATDI…- Avropa Birliyinin 90 gün vaxtı var; cavab zərbəsi necə olacaq?

ABŞ prezidenti Donald Tramp bu dəfə ənənəvi bəyanatlarından və tvitlərindən yan keçərək ticarət naziri Uilbur Rossa göstəriş verdi ki, avropalılara xoşagəlməz xəbəri elan etsin. Məlum oldu ki, iyunun 1-dən etibarən Avropa Birliyi ölkələrindən polad və alüminium idxalına rüsum qüvvəyə minir.

ABŞ bu ilin mart ayında polad və alüminim idxalına yeni rüsum – polad üçün 25 faiz, alüminium üçün 10 faiz rüsum tətbiq edib. Bu rüsum ABŞ-a müvafiq məmulatı göndərən ölkələrin hamısı üçün keçərlidir.

Sonradan Birləşmiş Ştatlar rüsumun tətbiqinin iyunun 1-dək təxirə salınmasına qərar verdi. Və göründüyü kimi, bu möhlət uzun çəkməyərək müvəqqəti xarakter daşıdı.

Uilbur Ross bildirir ki, Avropa Birliyi ilə aparılan danışıqlarda ABŞ-ı möhlət müddətinin uzadılmasına inandıra biləcək razılaşma əldə edilməyib. Ona görə də Donald Tramp Avropa Birliyinə, həmçinin Kanada, Meksikaya verilən möhlətin müddətini uzatmaqdan imtina edib.

Rossun bu açıqlamasından az sonra Avropa Komissiyasının nümayəndəsi Avropa Birliyinin cavab tədbirlərinə əl atacağını elan etdi.

Düzdür, qərar avropalılar üçün gözlənilməz deyildi. Baxmayaraq ki, may ayı boyunca Avropa Birliyi ölkələrinin liderləri bir neçə dəfə Trampla görüşərək onu bu fikrindən daşındırmağa çalışmışdılar.

Danışıqlar zamanı məlum olmuşdu ki, tərəflərin məsələyə yanaşması fərqlidir. Vaşinqton ayrı-ayrı Avropa ölkələri ilə danışıqların və razılaşmanın mümkünlüyünə eyham vururdu. Brüssel isə yeganə danışıq tərəfi kimi Avropa Birliyinin qəbul edilməsini və Dünya Ticarət Təşkilatının qaydalarına riayət olunmasını tələb edirdi.

Avropa Birliyi nümayəndələri ABŞ-a Avropadakı Amerika şirkətləri üçün ticarət üstünlüklərinə dair danışıqlara başlamağı təklif edərək polad və alüminiuma rüsum tətbiqinə mütəmadi mölət verilməsini təklif etdi. Birləşmiş Ştatlar bu təkliflə razılaşmadı.

Ticarət məsələləri üzrə avrokomissar Sesilya Malmstrem bəyan etdi ki, Dünya Ticarət Təşkilatına şikayət edəcəklər. Həmçinin avropalı ixracatçılar üçün qoruyucu tədbirlər görəcək, bir sıra ABŞ mallarına isə rüsum tətbiq edəcəklər.

Dünya Ticarət Təşkilatının qaydalarına əsasən, ticari balansı bərpa etmək üçün cavab tədbirləri həyata keçirməyə Avropa Birliyinin 90 gün vaxtı var.

Brüssel bəyan edir ki, avropalılar üçün müdafiə tədbirləri təkcə ABŞ-a cavab vermək üçün deyil, həm də siyasi məqsəd daşıyır. Ona görə də Avropa Birliyi cavab tədbirlərinə başlayanda məhz respublikaçıların (Trampın partiyası) rəhbərlik etdiyi ştatlarından gələn məhsullara rüsum tətbiq edəcək. Məqsəd də odur ki, həmin ştatların qubernatorları Trampa məlum qərarını dəyişmək üçün təsir göstərsinlər.

Bu ehtimalın nə dərəcədə real olduğunu qiymətləndirən Alman Sənayesi Federal Birliyinin rəhbəri Diter Kempf hesab edir ki, bu halda Tramp rüsumları bir qədər də qaldıra bilər ki, bu da ciddi təşviş yaradır.

ABŞ ticarət naziri Uilbur Ros məsələ ilə bağlı açıqlamasında bildirmişdi ki, Avropa Birliyi cavab tədbirlərinə gedərsə, bu ticari münaqişənin bir qədər də böyüməsinə gətirib çıxaracaq.

ABŞ-ın qərarına ilk reaksiya verən ölkə Almaniya oldu. ABŞ-ın polad və alüminium üçün tətbiq etdiyi rüsumları qəbul etmədiyini deyən rəsmi Berlin Birləşmiş Ştatlara ticarət münaqişəsinin eskalasiyasından çəkinmək barədə xəbərdarlıq etdi.

Hökumət rəsmisi Şteffen Zayberq məlum tədbiri qeyri-qanuni adlandıraraq milli təhlükəsizliyin müdafiəsi barədə gətirilən dəlillərin inandırıcı olmadığını bildirdi. Zayberq hesab edir ki, yeni rüsumların tətbiqi bütün tərəflərin zərərinə olacaq.

Almaniya kansleri Angela Merkel isə ultimatum göndərərək bildirdi ki, ABŞ Dünya Ticarət Təşkilatının qaydalarına zidd olaraq rüsum tətbiq edərsə, Avropa Birliyi birlikdə cavab tədbirlərinə əl atacaq.

Tramp administrasiyası ölkənin maşınqayırma sənayesini qorumaq məqsədi ilə avtomobil və ehtiyat hissələrinin idxalına da rüsum (25 faizlik) tətbiq etmək istəyir. Nazir Uilbur Ross xaricdən idxalın ABŞ maşınqayırma sənayesini dağıtdığını bildirib. Sənaye və Ticarət Nazirliyinin müvafiq araşdırmasının nəticəsindən asılı olaraq ABŞ bu istiqamətdə də yekun qərarını verəcək.

Almaniya xarici işlər naziri Hayko Mas məlum təhlükənin alman avtomobillərini də gözlədiyini ehtimal edir. Nazir bildirib ki, ABŞ polad və alüminim idxalına yeni rüsum tətbiq edəndən sonra amerikalı həmkarı Mayk Pompeoya belə bir sualla müraciət edib: “Mayk, sən məni ciddi şəkildə inandırmaq istəyirsən ki, alman maşınları ABŞ maraqlarına təhdid yaradır? Əksinə, alman maşınları Amerikanın şəhərlərini təhlükəsiz edir”.

Pompeonun bu sualı necə cavablandırdığı bəlli deyil. Amma o məlumdur ki, Hayko Mas zarafatyana müraciətinə baxmayaraq, məsələyə çox ciddi yanaşır. Onun fikrincə, hazırda Vaşinqtonun istənilən məsələyə münasibətində proteksionizm siyasəti əsas təşkil edir.

Avtomobil şirkətləri də təşviş içindədir. Son vaxtlara qədər onlar ABŞ bazarında 480 min avtomobil satırdılar. 25 faizlik rüsum tətbiq ediləcəyi təqdirdə vəziyyətin necə olacağını təsəvvür etmək elə də çətin deyil. Ən maraqlısı isə odur ki, Tramp Avropa avtomobilləri deyəndə Almaniyanı nəzərdə tutduğunu gizlətmir.

Fransa prezidenti Emmanuel Makron apreldə ABŞ-da səfərdə olarkən Tramp ona deyibmiş ki, Birləşmiş Ştatlar məlum siyasətini o vaxta qədər davam etdirəcək ki, Nyu-York küçələrində “Mersedes”lər gözə dəyməyəcək.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə