XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

06 İyun 2018 - 12:29

TÜRKİYƏDƏN GERİYƏ QƏFİL DÖNÜŞ:Rusiya S-400-nün əvəzinə, Amerika “Petriot”u? – TƏHLİL

Mixail Koşkin

vzqlyad.ru, 05.06.2018

 

Görünür, ABŞ və Türkiyə arasında hələ yaxınlarda kökündən sarsılmış münasibətlər bərpa olunmağa başlayıb. Vaşinqton və Ankara Suriya üzrə hər iki tərəf üçün önəmli sazişə nail olub, lakin daha önəmlisi – Türkiyə XİN başçısı Rusiyanın S-400 komplekslərinin alıqısına birbaşa toxunan bəyanat verib. Çavuşoğlunun sözlərini Türkiyənin bu haqda Moskvaya verdiyi bütün vədlərdən imtinadan başqa özgə cür anlamaq çətindir.

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bazar ertəsi Vaşinqtonda məlumat verib ki, Birləşmiş Ştatlar Türkiyəyə zenit-raket kompleksi satmağa hazırdırsa, Ankara “bunu əldə etməyə hazırdır”. O, bunu öz həmkarı – ABŞ dövlət katibi Mayk Pompeo ilə danışıqların həlledici raundundan qabaq bildirib.

Bu bəyanatın səsləndiyi kontekst tamamilə aydındır – bunu Çavuşoğlunun özü ifadə edib. Türkiyə XİN başçısı yada salıb ki, “Triumf” S-400 komplekslərinin alqısı üzrə Türkiyə-Rusiya sazişi Ankara-Vaşinqton münasibətlərində gərginlik doğurmuşdu. Amerikanın F-35 qırıcılarının Türkiyəyə tədarükü məsələsi sual altında qalmışdı. Əslində, Çavuşoğlunun ifadəsi amerikalılara eyhamdır ki, Türkiyə Vaşinqtonu bu qədər hövsələdən çıxaran sazişdən imtina edə və Amerika silahını əldə edə bilər. O, amerikalı tərəfdaşlarına xatırladıb: Ankara hələ Rusiya ilə sazişədək HHM sistemi əldə etmək imkanını öz müttəfiqləri, o cümlədən Amerikayla müzakirə edib, amma onlar rədd cavabı veriblər. Bu da Ankaranın Moskvaya müraciətinə səbəb olub.

Amerikalıların pozmağa can atdıqları Rusiya ilə saziş keçən ilin sonunda, demək olar, sarsılmaz görünürdü. Rusiya və Türkiyə dekabrda iki S-400 batereyasının tədarükü haqda kredit sazişi imzalayıb. Habelə bildirilib ki, Ankara “Triumf”un dörd divizionunu əldə etmək haqda Moskva ilə müqaviləni tam razılaşdırıb. Prezidentin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin hələ sentyabrda deyib ki, S-400-ün Türkiyəyə tədarükü 2019-un axırı – 2020-nin əvvəlində başlanacaq. Onun sözlərinə görə, Ankara S-400 üçün behi artıq ödəyib. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan da behin ödənildiyini tezliklə təsdiqləyib.  Sergey Çemezov dekabrda “Коммерсантъ” qəzetinə məlumat verib ki, Türkiyə 2,5 milyard dollar məbləğində dörd S-400 ZRS alır. Türkiyə bu məbləğin 45%-ni beh kimi ödəyəcək, 55%-ni Rusiya krediti təşkil edəcək.

Elə Çavuşoğlunun dəyərləndirməsinə görə, amerikalılar yazda Türkiyəyə basqıya başlayaraq NATO üzrə öz müttəfiqiylə münasibətləri qaynama həddinə çatdırıb.

Vzqlyad” qəzetinin artıq qeyd etdiyi kimi, Dövlət Departamenti, sonra isə konqresmenlər də birbaşa şantaja keçiblər. Ankaraya eyham vurublar: Rusiya komplekslərinin alqısı baş tutarsa, onda Türkiyəyə qarşı “Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə əks-təsir” qanununu tətbiq etmək lazım gələcək.

Özü də bu halda türklərin maraqlı olduğu beşinci nəsil F-35 qırıcılarını görməyəcəyi aşkardır. Eyni şey başqa tədarüklərə – F-16 qırıcıları, “Petriot” zenitləri, ağır “CH-47 Chinook” nəqliyyat helikopterləri və başqa “ləzzətlilərə”ə də aiddir. Dövlət katibi Mayk Pompeo bu günlərdə açıq mətnlə yenə də xəbərdarlıq edib: Vaşinqton Türkiyənin Rusiyadan S-400 almaması üzərində işləyir.

Amerikalılar qamçıyla yanaşı, kökədən də faydalanıblar. Pompeo mayda əlavə edib ki, Vaşinqton  təkcə hədə gəlmir, həm də “alternativlər” təklif edir. Onun həmkarı, Pentaqon şefi Ceyms Mettis dəqiqləşdirib ki, Ştatlar Türkiyəyə Şimali Atlantika alyansının standartlarına cavab verən başqa zenit raket kompleksləri verməyə hazırdır. İstisna deyil ki, amerikalılar özlərinin “Petriot” zenit komplekslərini təklif edirlər. Başqa cür deyilsə, Türkiyənin bəhs etdiyi maneə – ABŞ-ın HHM kompleksləri tədarük etməkdən imtinası – aradan qaldırılıb. Və Çavuşoğlunun bəyanatını Türkiyənin ABŞ-la sövdələşməyə razılığından özgə cür qavramaq çətindir. Və uyğun olaraq Rusiya S-400-ü ona daha lazım deyil. Ankara lap başdan nail olmağa çalışdığına – Amerika zenit komplekslərinin tədarükünə müvəffəq olub.

Ankara keçən həftə hələ dirəşirdi. Həmin vaxt Çavuşoğlu bildirmişdi: F-35-lərin tədarükü üzrə saziş pozularsa, onda Türkiyə “alternativsiz qalmayacaq” – oxşar təyyarələri təkcə ABŞ-ın NATO üzrə tərəfdaşlarından deyil, Rusiyadan da ala bilər. Türkiyə XİN başçısı yerli mətbuatda dərcdən sonra alova benzin səpib. Jurnalistlər iddia ediblər ki, Ankara Rusiyadan bir partiya Su-57 ala bilər – bu qırıcının hələlik “xam” – sınaq mərhələsində olması əbəs deyil. Türklərin Rusiya zenit komplekslərini, qırıcılarını  alması da Ştatlara şappıltılı şillə olardı. Lakin NATO üzrə höcət tərəfdaşı sındırmasalar da, hər halda ABŞ-la sövdəyə  başlamağa itələyiblər. Nəticədə Amerika mətbuatının “NATO üçün dəhşət” adlandırdığı hal sual altında qalıb.

Final mərhələsində sövdənin pozulmasilə bu cür alver türklər üçün artıq adi taktikaya çevrilib.

Xatırlatmaq olar ki, Ankara, bir neçə il qabaq NATO Türkiyənin xahişinə baxmayaraq, bu ölkədən “Petriot”ları geri çağırandan sonra alyansdan “incimişdi”. Türkiyə o zaman uzaqmənzilli HQ-9 ZRK (“Qırmızı bayraq-9”, bizim S-300-ün analoqu) almaq üçün Çinlə danışıqlara başlamışdı. Çinin istehsalçı firmasını tenderin qalibi elan etmişdilər. 4 milyard dollarlıq müqavilə bağlanmışdı. Türkiyə müdafiə naziri HHM-nin inkişafı üzrə Pekin və Ankaranın uzağa gedən planları haqda danışırdı. Lakin NATO-nun xahişi bəs etdi ki, Türkiyə heç nə almasın – müqavilə pozuldu.

Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi Mərkəzinin direktoru Semyon Baqdasarov hesab edir ki, türklərin bu dəfə Rusiyaya “atacaqları” ehtimalı böyükdür. Baqdasarov “Vzqlyad” qəzetinə deyib: “Ankara Vaşinqtonla onların münasibətlərində əsas maneə olan məsələni  – kürdlərə, daha doğrusu, PKK-nın Suriya filialı sayılan  YPG partiyasına amerikalıların dəstəyi haqda məsələni həll edir. Vaşinqtonun təzyiqi artdıqca Türkiyə bu məsələ üzrə güzəştlərə hazır olunca, türklər bizi tam proqram üzrə “süzəcəklər””.

Onun fikrincə, Ankara Rusiya və ya Çin silahlarının alqısına yönəlmək təhdidindən, sadəcə, qarşılıq şantaj və amerikalılarla NATO-çuları gərmək kimi istifadə edir.

Rusiya EA Şərqşünaslıq İnstitutu və Rusiya Dövlət Humanitar Universitetinin Rusiya-Türkiyə tədris mərkəzinin əməkdaşı Aleksandr Vasilyev deyib ki, S-400-lərin satışı üzrə sövdələşmə Rusiya üçün iqtisadi, yaxud hərbi-texniki xarakterdən daha çox siyasi səciyyə daşıyırdı; bu, eyni dərəcədə Türkiyəyə də aid idi. O, qeyd edir – lakin Ankaranın davranışında təkcə onun siyasi oyunları deyil, hərbi-texniki planları da önəmli rol oynayr. Türkiyənin sövdələşməni pozacağı əndişəsi danışıqların başlandığı andan var idi. Vasilyev izah edib: “Məsələ burasındadır ki, türklər bu üzülüşməkdən praktik olaraq heç nə itirmirlər. Texnologiyaların ötürülməsi onlar üçün daha vacibdir. Tam bir sıra türk şirkətləri “Petriot” komplekslərinin ayrı-ayrı komponentlərini istehsal edir. Uyğun olaraq, Amerika sisteminin mənimsənilməsi onlara daha asan olacaq”.

Təəccüblü deyil ki, Çavuşoğlu indi məhz Amerika sistemlərinin alqısı haqda söhbətə başlayıb.

Türkiyənin HHM sistemlərinin yaradılması tarixçəsinin necə inkişaf etdiyinə əsasən, türklər S-400-ün əldə edilməsinə müvəqqəti addım kimi baxırdılar, – Vasilyev qeyd edib. – Xatırladım ki, S-400-lərin alqısı haqda bildiriləndə Türkiyənin HSK orta və uzaqmənzilli HHM sistemlərinin yaradılması haqda avropalılarla razılığa gəlmişdi. Yəni Türkiyənin planları tamamilə göz qabağındaydı”.

Bazar ertəsi axşam elan olunub ki, Çavuşoğlu-Pompeo danışıqları uğurla başa çatıb. Tərəflər Mənbic üzrə “yol xəritəsi” imzalayıblar. Çavuşoğlu əvvəllər izah etmişdi ki, belə “yol xəritəsi” türklərin ələ keçirmək istədiyi Suriyanın şimal şəhərindən kürd dəstələrinin çıxarılmasını nəzərdə tutur. Mənbicin taleyi artıq bir neçə ildir Ankara və Vaşinqton arasında ixtilaf predmetiydi.  Çavuşoğlunun sözlərinə görə, “yol xəritəsi”nin imzalanması NATO üzrə iki müttəfiq arasındakı münasibətlər üçün “dönüş nöqtəsi” olacaq.

Və ola bilsin, Türkiyənin Rusiya HHM kompleksləri almaqdan imtinasının da tərkib hissəsi olacaq.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə