XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

11 İyun 2018 - 22:08

YAXIN ŞƏRQDƏ DAHA BİR SAVAŞ OCAĞI:İraqla Türkiyə arasındakı su problemi hər an böyük münaqişəyə çevrilə bilər – Araşdırma  

Mustafa Səədun

“Raseef22” (Livan), 10.06.2018

 

Biz su müharibələri və qarşıdakı onilliklərdə bir hövzənin ölkələri arasında su payı üstündə münaqişələrin şahidi olacağımız haqda tez-tez eşidirik. Deyəsən, İraq Türkiyənin İlisu bəndinin inşasıyla başlanan indiki su böhranı fonunda buna yaxındır, bu, İraq tərəfini Dəclə çayından su payının yarısından məhrum edəcək.  

Hər şeyə əsasən, böhran sürsə, Mesopotamiya, yaxud İkiçayarasını bu cü adlandırmağı tərgidəcəklər, çünki İraqın şimal qonşusu Türkiyə İlisu bəndinin istismarına başlayıb və bu, İraqa “xeyli ziyan” vuracaq.

 

Türkiyənin İlisu bəndi

 

Türkiyə bəndinin inşası milyonlarla iraqlını zəruri su resursunun yarısından, o cümlədən kənd təsərrüfatı sahələrinin böyük meydanlarının suvarılmasından məhrum edən böyük su böhranına səbəb ola bilər. Yağış suları İraqın su resurslarının 30%-ni təmin edir, halbuki İran və Türkiyədən gələn çayların suyu 70% təşkil edir.

İraq parlamentinin üzvü Şuruk Ubeyci “Rasif22”-yə müsahibədə qeyd edib: “Bu il quraqlıq və İlisu bəndinin inşası İraqı gərəkən su resurslarından edəcək, lakin məsələ təkcə bənddə deyil, həm də Su Resursları Nazirliyinin kənd təsərrüfatı əkinlərini suvarmaq üçün su payının artırılmasıyla bağlı duruma nəzarət etmək iqtidarsızlığındadır”.

 

Dəclə bu gün

 

Son zamanlar Mosul şəhərində suyun Türkiyə ərazisindən birinci daxil olduğu ilk məntəqələr olan sahələrdə Dəclə çayının quraqlığın miqyasını sərgiləyən təsvirləri sosial şəbəkələrdə yayılmağa başlayıb. Dəclə çayının uzunluğu 1850 kilometrdir. O, başlanğıcını Türkiyənin Tavr dağlarından götürür, sonra İraqın cənubi-şərq hissəsi üzrə axır və yarımüntəzəm təbii kanalların birləşdirdiyi Fərat çayı ilə birləşərək İraqın ən cənub əyaləti Bəsrədə yeni çayı – Şətt-əl-Ərəbi yaradır.

Son bir neçə gün ərzində suyun səviyyəsi yarıdan çox aşağı düşəndən sonra Dəclə çayında gil sahələri meydana çıxıb. Bu, ilk dəfə Türkiyə İlisu bəndinə su yığımağa başlayandan sonra baş verib.

Keçən cümə bu bəndin işə düşməsiylə İraqa daxil olan suyun həcmi indi saniyədə 390 kubmetr təşkil edir, halbuki keçən il saniyədə 700 kubmetr idi, bu, təsdiq edir ki, İraqın payı, demək olar, iki dəfə azalıb.

İlisu bəndi İraq sərhədindən 50 km məsafədə yerləşir. Türkiyə hökuməti 2006-da Türkiyənin cənubunda İlisu kəndində onun inşasına başlayıb. Bəndin hündürlüyü 140 m, uzunluğu 1800 m-ə çatır.

Bazar günü İraq parlamentində keçirilən məsləhətləşmə toplantısında su resursları naziri Həsən əl-Cənabi bildirib ki, Türkiyə, bu məsələ İraq hökumətiylə razılaşdırılmayınca, bəndin doldurulması müddətinin dəyişdirilməsi haqda ilkin razılaşmadan imtina edərək artıq martın əvvəlində bəndi doldurmağa başlayıb.

Lakin o, bir gün qabaq mətbuat üçün açıqlamada bildirib ki, İraq və Türkiyə arasında sonuncunun su bəndini iyunun 1-dən noyabrın 1-ədək hansı su həcmiylə dolduracağı haqda razılaşma əldə olunub, hər iki tərəf bundan sonra yeni şəraitə uyğun olaraq sazişi yenidən gözdən keçirmək üçün Mosulda görüşməliydi.

əl-Cənabi xəbərdarlıq edib ki, su böhranı növbəti mövsümdə başlanacaq, çünki nəzərə alınmalıdır ki, indi İraqda 17 milyard kubmetr su ehtiyatı var, bu isə ölkəyə bu il yardım edəcək – o cümlədən kənd təsərrüfatı əkinlərinin suvarılmasına.

 

Türkiyə ilə danışıqlar

 

İraq və Türkiyə rəsmiləri arasında baş tutmuş daha əvvəlki danışıqlarda sonuncu öz tərəfdaşlarını Türkiyədən gələn Dəclə çayının suyuna münasibətdə israfçılıqda və ondan mənfəət götürməməkdə ittiham edib, çünki çay son nəticədə Şətt-əl-Ərəbə axır ki, sonradan duzlu dəniz suyuna dönsün.

İraq hökuməti keçən illərdə Türkiyədən gələn su bolluğundan tamdəyərli istifadə etmək üzərində işləməyib, belə ki, bu resurslar xeyli dərəcədə boş yerə sərf olunub. Bundan savayı, İraq Planlaşdırma Nazirliyinin statistikasına əsasən, İraqın hər sakini gündə 350 litr içməli su işlədir. Türkiyənin Bağdaddakı səfiri Fatih Yıldız Twitter-də şəxsi akkauntundakı şərhlərində qeyd edib ki, ölkəsi İlisu bəndinin doldurulması tarixini dəyişərkən əməkdaşlıq haqda ideya irəli sürüb və İraqla razılaşdırmadan heç bir addım atmayacaq.

Lakin Türkiyə səfirinin bəyanatı Türkiyənin İlisu bəndini razılaşdırılan tarixdən üç ay qabaq doldurmağa başlamaqla İraqı “təəccübləndirdiyini” qeyd edən İraq su resursları nazirinin dediklərinə ziddir.

İraq parlamentinin kənd təsərrüfatı və su resursları üzrə Komitəsi sədrinin müavini Mənsur əl-BəiciRasif22”-yə müsahibədə deyib: “İraq hökuməti su böhranını önləmək üçün heç bir tədbir görməyib və iraqlıların yetərincə su həcminə çıxışına imtinanın qarşısını almaqdan yana heç bir strateji plan hazırlamayıb”.

O, əlavə edib ki, kənd təsərrüfatı və su resursları üzə parlament komitəsi İlisu bəndinin inşasıyla bağlı meydana çıxa biləcək istənilən problem və su böhranının mümkün nəticələrilə bağlı İraq hökumətinə dəfələrlə rəsmən xəbərdarlıq edib, lakin bütünlükdə heç kim buna diqqət yetirməyib.

 

Etirazlar və Türkiyə mallarını boykot etməyə çağırışlar

 

Onlarla iraqlı bazar ertsəi Bağdadda əl-Vəziriyyə rayonunda Türkiyə səfirliyi qarşısında nümayiş təşkil edərək İraqın su resurslarındakı payından məhrum olmamasını tələb edib. İştirakçılar əllərində Türkiyənin İraqa nisbətdə su siyasətini “soyqırım” kimi təsvir edən plakatlar tutublar.

İraq fəalları öz növbəsində sosial şəbəkələrdə türk mallarını boykota çağıran kampaniyaya başlayıblar və uyğun heşteqlər meydana çıxıb. Şiə lideri Muqtəda əs-Sədr böhrana görə məsuliyyəti İraq hökumətinin üzərinə qoyub və xəbərdarlıq edib ki, iraqlılara “ziyan vurmağa” imkan verməyəcək.

Sədr şəhərində yaşayan Əhməd əl-Kəəbi Türkiyə səfirlyi qarşısında nümayişə çıxıb. O deyib: “Mən öz haqqımı qorumaq və Türkiyənin bizə su blokadası qurmaması üçün nümayişə çıxdım”.

İraqlı əlavə edib: “Xalq onun yaşayışını təhdid edən bu böhrana görə öz sözünü deməlidir, siyasi partiyalar öz maraqlarında fəaliyyət göstərir, bəziləri Türkiyəyə bağlıdır, buna görə də biz Mesopotamiya sakinləri bizdən almaq istədikləri haqqımızı qorumağa can atırıq”.

İraq bazarı ərzaq və kənd təsərrüfatı mallarından tutmuş geyim və elektrik cihazlarına qədər türk mallarıyla dolu olduğundan İraq fəalları qrupu sosial şəbəkələrdə Türkiyə mallarını boykot etməyə çağırmaq qərarına gəlib. Onlar bununla kifayətlənməyib. Habelə iraqlıları Türkiyəyə turist səfərini dayandırmağa çağırıblar. Yeri gəlmişkən, 2017-ci ildə şimal qonşuya səfər etmiş iraqlıların sayı yarımmilyon adamdan çox olub.

Xatırladılır ki, İran da Qarun çayının yatağını dəyişdirib və Qarxə çayında üç bənd tikib. Deməli, İraq əvvəllər İranla 45 axınla bağlıydısa, bu say indi 3-4-ə qədər azalıb. İran bu yaxınlarda Kürdüstanın Süleymaniyyə əyalətini də Kiçik Zəb çayının suyuna çıxışdan məhrum edib, bu da içməli su təchizatı sahəsində yerli böhrana səbəb olub.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə