XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

15 İyun 2018 - 08:19

HAKİMİYYƏTDAXİLİ SAVAŞ, DALANA DİRƏNƏN SİYASƏT…- İvanişvilinin adamı Gürcüstana baş nazir gətirilir

Georgi Kvirikaşvilinin baş nazir postundan istefa verməsindən cəmi bir gün sonra Gürcüstanın hakim “Gürcü arzusu” partiyası bu posta yeni namizəd irəli sürdü. Bu, maliyyə naziri vəzifələrini icra edən Mamuka Baxtadzedir. Növbəti addım kimi, parlament onun namizədliyini dəstəkləməlidir.

Ekspertlər isə bunun baş verəcəyinə şübhə ilə yanaşırlar.

 

Mamuka Baxtadze kimdir?

 

Tbilisidə anadan olan Mamuka Baxtadzenin iyunun 9-da 36 yaşı tamam oldu. Tbilisi Dövlət Universitetinin menecment və mikroiqtisadiyyat fakültəsini bitirən Baxtadze daha sonra Moskva Dövlət Universitetində magistr təhsili alıb. Bunun ardından da Fransada biznes məktəbində (INSEAD) təhsilini davam etdirib. Texnki elmlər namizədidir. Subaydır.

– 2010-cu ildən 2012-dək Gürcüstan Beynəlxalq Energetika Şirkətində çalışıb;

– 2013-cü ildən etibarən 4 il ərzində Gürcüstan Dəmir Yollarına rəhbərlik edib;

– 2017-ci ilin noyabrından maliyyə naziri postunu tutur.

Henrix Böl Fondunun Cənubi Qafqaz üzrə regional bürosunun rəhbəri Nino Lejava Baxtadzenin bir siyasətçi kimi populyar olmadığını deyir: “O, nazirlər arasında da ən az tanınanıdır. Bunu Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğu da təsdiqləyir. Baxtadzenin namizədliyinin irəli sürülməsində məqsəd o idi ki, cəmiyyətdəki gərginlik bir qədər azalsın. O çətin ki, müstəqil siyasətçi kimi fəaliyyət göstərə biləcək”.

 

İvanişvilinin adamı

 

2012-ci ilin oktyabrından 2013-cü ilin noyabrınadək Gürcüstan baş naziri postunu tutan milyarder Bidzina İvanişvili bir müddət əvvəl siyasətə qayıdıb. Bu ilin mayında onu yenidən “Gürcü arzusu” partiyasına sədr seçiblər. Baxmayaraq ki, hökumətdən gedəndən sonra hüquqi olaraq heç bir dövlət postu tutmamışdı. Çoxları düşünür ki, baş nazir postunu tərk edəndən sonra da İvanaşvilinin ölkədə əsas siyasi qərarların qəbuluna təsir imkanları olub.

Siyasi analitik Gela Vasadzenin sözlərinə görə, Baxtadze İvanişvilinin yaxın adamıdır və onun tam nəzarətindədir: “Baxtadze istefa verən keçmiş baş nazir Georgi Kvirikaşvilidən daha zəif siyasi fiqurdur. Bu o deməkdir ki, kölgədə qalan İvanaşvilinin siyasi təsir imkanları daha da artacaq”.

Əgər Gürcüstan parlamenti Baxtadzenin namizədliyi dəstəkləsə, gənc namizəd iyunun 13-də istefa verən baş nazir Kvirikaşvilini əvəzləyəcək. Bu arada, Kvirikaşvili may və iyun aylarında Tbilisidə hökumət əleyhinə keçirilən səs-küylü etirazların fonunda istefa verib. Küçə nümayişlərində insanlar hökumətin istefasını tələb edirdilər.

Lakin ekspertlər Kvirikaşvilinin gedişinin məlum etirazlarla bağlı olduğunu ehtimal etmir. Onlara görə, əsas səbəb daxili siysətdəki böhran olub. Bu böhran da hakim partiya daxilindəki mübarizədən qaynaqlanıb.

 

Başçı təzə, problemlər köhnə

 

Gela Vasadze hökumətin etirazlardan da qorxduğunu deyir. Onun fikrincə, Baxtadzenin baş nazir postuna namizəd irəli sürülməsi cəmiyyəti bir qədər sakitləşdirəcək, lakin böhranı aradan qaldırmayacaq: “Əgər opponenti görmürsənsə, o zaman cəmiyyətlə təması da itirəcəksən. Ona görə də hakimiyyətin öz daxilində qruplaşmalar yaranır və onlar öz aralarında daha sərt şəkildə mübarizə aparmağa başlayırlar”.

“Gürcüstan hökumətinin siyasəti dalana dirənib. Ölkədə ciddi sosial-iqtisadi problemlər var. Yoxsulluğun səviyyəsi artmaqda davam edir. Bu da əhalidə və müxalifətdə ciddi narazılıq yaradır. Baxtadzenin baş nazir postunu tutması sosial-iqtisadi dəyişikliklərə səbəb olmayacaq. Bunun üçün hökumətə strateji yenilənmə lazımdır. Baxtadzenin namizəd kimi irəli sürülməsi isə göstərir ki, hökumətin yeni strategiyası yoxdur. “Gürcü arzusu” həmişə bəyan edirdi ki, sosial-demokratik siyasi platformaya sadiqdir. Halbuki onun sosial-iqtisadi siyasətinin Avropadakı sosial-demokrat baxışlara az aidiyyəti var. Prinsipcə, bir çox sahələrdə onlar Saakaşvili hökumətinin neoliberal siyasətini davam etdirirlər”, – deyə Nino Lejava bildirir.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə