XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

20 İyun 2018 - 13:08

ƏRDOĞANIN QƏLƏBƏSİ QƏRBLƏ MÜNASİBƏTLƏRİ GƏRGİNLƏŞDİRƏCƏK –Vaşinqton və Brüssel seçkiləri qeyri-legitim elan edə bilər - TƏHLİL

İrina Corbenadze

rosbalt.ru, 19.06.2018

 

Türkiyədə erkən prezident və parlament seçkiləri iyunun 24-də baş tutacaq. Bu, bütün mənalarda əlamətdar hadisə olacaq – respublika keçən il Konstitusiyaya edilmiş dəyişikliklərə uyğun olaraq prezident idarəçiliyi formasına keçir.

Rəcəb Tayib Ərdoğan  tələsir – seçkilərin 17 ay qabağa çəkilməsi dövlət başçısının hələ çökməmiş reytinqindən faydalanmaq zərurəti və onun, ən azı, daha bir onilliyə nəzarətsiz və qeyri-məhdud hüquqlar əldə etməyi ilə şərtlənir. Yəni yeni Konstitusiya elə ustalıqla “biçilib” ki, artıq 16 il hakimiyyətdə olan Ərdoğan daha iki dəfə prezidentliyə namizədliyini irəli sürə və ümumən dalbadal iki beşillik ölkəni yönəldə bilər. Lakin parlament ikinci prezidentlik müddətinin gedişində dövlət başçısının yenidən seçilməsi haqda qərar alarsa, fəaliyyətdəki prezidentin daha bir müddət üçün namizədliyini yenidən irəli sürmək hüququ olacaq.

Yeni Konstitusiyanın qeyri-adi “məharəti” həm də baş nazir postunun ləğv edilməyindədir: icra hakimiyyətinin başçısı nazirləri də təyin edəcək prezident olacaq. İslah edilmiş əsas qanun habelə parlamenti hökumətə nəzarət etmək hüququndan məhrum edir, amma deputatların adi çoxluğu – 600-dən 301-i dəstəkləsə, qanunverici qurum prezidentin impiçmenti haqda tələbi nəzərdən keçirə bilər. Amma erkən parlament seçkilərinin keçirilməsi üçün 360 qanunvericinin razılığı tələb olunur.

Həm də ona görə tələsmək lazımdır ki, Türkiyədə keçən ilin dövlət çevrilişi cəhdindən sonra tətbiq edilmiş fövqəladə vəziyyət rejimi hələ də qüvvədədir. Ərdoğanın sözlərinə görə, fövqəladə vəziyyət rejimini seçkilərdən sonra ləğv edə bilərlər – axı bunu haçansa etmək lazımdır. Amma yalnız seçkilərdən qabaq deyil, əks halda seçicilərin nə qədər “düzgün” səs verdiyinə nəzarət etmək və nəsə olarsa, səsvermənin nəticələrinə “düzəliş” vermək hakimiyyət üçün çətin olacaq.

Ərdoğanın və rəqiblərinin reytinqlərinə gəlincə, Prezident postu uğrunda fəaliyyətdə olan dövlət başçısı və Ədalət və İnkişaf Partiyasının liderindən savayı, Muhərrəm İncə (əsas müxalifət Xalq-Cümhuriyyət Partiyası), Meral Akşener (yaxınlarda yaradılan İyi Partiya), həbsdə olan Səlahəddin Dəmirtaş (kürdyönlü Xalqların Demokratik Partiyası), Təməl Qaramollaoğlu (Səadət Partiyası) və Doğu Perinçək (“Vətən” Partiyası) mübarizə aparırlar.

Parlament seçkilərinə gəlincə, hakim partiya burada “Xalq alyansı” yaradaraq Milliyyətçi Hərəkat Partiyası ilə blokda çıxış edir. İyi Partiya, Xalq-Cümhuriyyət Partiyası və Səxavət Partiyasından ibarət müxalif “Millət alyansı” da yaradılıb. Bunlardan savayı, parlament seçkilərinə daha bir neçə partiya qatılıb.

Türkiyədə seçkilərdən qabaq nəticələri güclü şəkildə fərqlənən bir neçə sosioloji sorğu keçirilib – ehtimal ki, bu, hansı siyasi qüvvənin və ya xarici oyunçuların sifariş verdiyindən asılıdır. Ərdoğana dəstək 37%-lə 54% arasında dəyişilir, onun parlament seçkilərində başçılıq etdiyi alyansa isə dəstək 40-50% arasındadır. İkinci yerə Ərdoğanın əsas rəqibi İncə, üçüncü yerə Akşener çıxır. Müxalif blok 30%-dən 40%-ədək səs almaq şansına malikdir.

Gördüyümüz kimi, qiymətlərdə səpələnmə çox böyükdür və dəqiqə yaxın proqnoz haqda danışmaq yersizdir.

Lakin böyük ehtimal payı ilə gözləmək olar ki, Ərdoğan prezident seçkilərini birinci turdaca udacaq hələ bunu demirik ki, hər halda ikinci tur baş tutarsa, mütləq qələbə çalacaq. Miliyyətçi Hərəkatla alyansa girmiş hakim partiya parlamentdə isə mandatların çoxunu əldə edəcək. Belə ki, hətta seçicilərin yarıdan azı səs versə də, Ərdoğanın narahat olmalı bir dərdi yoxdur: fövqəladə vəziyyət rejiminə zərb olunmuş “administrativ resurs” möcüzə yaradır.

Amma, əlbəttə, öz idarəçiliyinin 16 ilində çoxlarını təngə gətirən Ərdoğanın çox böyük sayda ardıcılları var. Türkiyənin bölgənin ən güclü ölkəsinə çevrildiyi və tezliklə dünyanın ən böyük oyunçuları sırasına daxil olacağı haqda iddiaları boş sözlər deyil və bu, çoxlarını cəlb edir. Onun xarizmatikliyi, qəddarlığı və hətta gözlənilməzliyi adamlara xoş gəlir – onlar öz qavramlarında liderin gücüylə tənləşirlər. Ölkənin müdafiə xərclərinin 60 milyarda çatdırılması haqda Ərdoğanın vədi, habelə “zəhmətkeşlərin xahişi” ilə Türkiyə XİN başçısının Amerikanın İncirlikdəki hərbi bazasının bağlanması haqda elan etdiyi vəd elektoratın müəyyən qismində heyranlıq doğurur. Bir də Ankaranın Vaşinqtonla münasibətlərinin dinc yolla tənzimlənməsinə ümidlər tükənərsə, “Türkiyənin öz gücünü göstərə biləcəyi və öz qərarı üzrə bu və ya digər addımlar atacağı”na dair fəaliyyətdə olan hakimiyyətin inandırmaları.

Şantajdır? Əlbəttə. Hətta amerikalılarla eyni blokda – NATO-da “soyuq savaş”a zəmindir, çünki ABŞ üçün məhz bu baza xüsusən önəmlidir. Amma əvəzində Ankaranın davakar bəyanatları elektoratın hakimiyyətyönlü seqmentini çoxaldır. Buna görə isə hətta ABŞ-la münasibətlərdə “buzlaşma dövrü” ilə bədəl ödəmək lazım gəlir.

Amma burası da var ki, seçkilərdən sonra təhdid çox deyil, təhdid olaraq qala bilər: bu, Ərdoğanın tam zövqüncədir. Lakin hər halda onda ABŞ-a basqı rıçağı qalacaq, xüsusən də Türkiyədə İncirlikdəki kontingent üçün dövlət çevrilişi cəhdinin “əlaltıları” şöhrəti möhkəmlənib.

Ərdoğanın gözlənilən qələbəsi Ankaranın Vaşinqton və Brüssellə münasibətlərini daha çox pisləşdirəcək. Yeri gəlmişkən, Avropa Birliyi Türkiyə siyasi qüvvələrinə üzv dövlətlərin ərazisində seçkiqabağı kampaniya aparmağı yasaqlayıb. Və ümumiyyətlə, Ankaranın “kollektiv Qərb”lə indiki münasibətlərinə əsasən fikir yürüdülsə, sonuncu Ərdoğanın qalib gələcəyi halda seçkiləri tam şəkildə qeyri-legitim elan edə bilər. “Təmiz”, ya “natəmiz” – əhəmiyyəti yoxdur. Həm də Qərb Türkiyəyə nə qədər güclü şəkildə təzyiq etsə, onun Rusiya ilə yaxınlaşması bir o qədər irihəcmli olacaq. Bu cür durumda “xaricdə” görülmək üçün qalan yeganə iş Ərdoğanın gücünü sarsıtmaq üçün parlamentdəki müxalif partiyalarla işləməkdir. Amma bu halda kimə güvəniləcək?

Daha xarizmatik və rəqabət qabiliyyətli Ərdoğana qarşı dünyəvi baxışların tərəfdarı İncəyə? Ya Türkiyənin “dəmir ledi” nüfuzu qazanmış keçmiş daxili işlər naziri Meral Akeşenerin İyi Partiyasına? Hələ erməni əhalinin də dəstəyindən faydalanan kürdyönlü Xalqların Demokratik Partiyası öz lideri Səlahəddin Dəmirtaşla “ehtiyat”da qalır, çünki 1915-ci il Osmanlı imperiyasındakı hadisələri açıq şəkildə “soyqırımı” adlandırır (ola bilsin, rüsvayçılıq üçün). Perinçək isə özünün “Vətən” partiyası ilə dərhal mənasını itirir – o, açıqca Türkiyənin Avrasiya gələcəyi, ölkənin NATO-dan çıxması və Rusiya ilə yaxınlaşması uğrundadır.

Ümumiyyətlə, seçim sanki var, amma bu, “tətbiqi” siyasətdə sırf simvolik ola bilər – nəhayət, yuxarıda sadalanan ciddi siyasi güclərin hamısı parlamentə düşməyə, hələ birləşməyə də bilər.

İkincisi, Ərdoğan gerçək və xəyali “vətən xainləri”ni və “xalq düşmənləri”ni kütləvi şəkildə təmizləyəndən sonra Qərbin sifarişiylə başını təhlükəyə soxmaq həvəskarları az olacaq və daxili-siyasi mübarizə yetərincə uzun müddətə “qatışıqsız” aparılacaq – xalis Türkiyə zəminində.

Bir sözlə, görünür ki, Ərdoğan hamını və istənilən üsulla udacaq – onun güclü, qəddar, cəsur hökmdar imici Türkiyə əhalisinin başlıca olaraq böyük savadı və dünyəviliyi ilə yüklənməmiş geniş dairələrində hələ də cəlbedicidir. Və doğrudan da: Ərdoğanın şəxsiyyəti nə qədər ziddiyyətli olur-olsun, nə qədər mənfi duyğular doğurur-doğursun, Türkiyə onun dönəmində dünyanın siyasi oyunçularının əsas “skamyasında” yer tutaraq ən yüksək inkişaf səviyyəsinə çatıb.

Əlbətə, bundan kiməsə pis, kiməsə yaxşıdır. Amma fakt faktlığında qalır.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə