XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

21 İyun 2018 - 19:04

ERMƏNİSTAN HADİSƏLƏRİ MOLDOVADA DA TƏKRARLANA BİLƏR –Kişinyov sakinləri etiraz və vətəndaş itaətsizliyi aksiyalarına çağrıldı - TƏHLİL

Svetlana Qamova,

“Nezavisimaya qazeta”, 21 iyun 2018-ci il

 

Kişinyov sakinləri tərəfindən mer seçilən, lakin şəhər məhkəməsinin qərarına əsasən mandat ala bilməyən Andrey Nestase öz seçicilərini etiraz aksiyasına çıxmağa çağırıb. Hakimlərin özbaşınalığından və hakimiyyətin susmasından narazı olan digər partiyaların nümayəndələri də insanları küçələrə çağırır. Moldova paytaxtının sabiq meri Dorin Kirtoak bəyan edib ki, Kişinyovdakı səsvermənin nəticələrini etirazlardan tutmuş vətəndaş itaətsizliyinədək, Ermənistanda olduğu kimi, bütün vasitələrlə qorumaq lazımdır. Qaqauz muxtariyyatında isə ümumiyyətlə, parlament seçkilərini boykot etməklə təhdid edirlər.

 

Moldova sakinlərini yenidən etirazlara çağırırlar, ancaq onlar 2015-2016-cı illərdə siyasətçilərin onları necə pis durumda qoyduqlarını yax.; xatırlayırlar. O zaman hakimiyyətin istefasını və Moldova banklarından oğurlanan 1 milyard dolların qaytarılmasını tələb edən insanlar yalnız Kişinyovun deyil, çox sayda şəhər və kəndin küçələrinə çıxdılar. 2015-ci ildə “Ləyaqət və həqiqət” Vətəndaş Platformasına (LHVP) rəhbərlik edən Andrey Nestase narazıları küçələrə çıxardı. Onların sayı hər gün daha da artırdı, hökumət binasının qarşısındakı meydanda etiraz aksiyasının iştirakçıları üçün 300 çadır qurulmuşdu. Sosialistlər“Bizim partiya”nın tətəfdarları LHVP-yə qoşulmuşdu. Sağlar və sollar birləşmişdi və tamamilə hakimiyyəti dəyişə bilərdilər. Ancaq etiraz edən xalqa birbaşa prezident seçkilərinin keçirilməsinin (2000-ci ildə ləğv edilmişdi) bərpa edilməsi formasında “sümük atdılar”. Seçkilər 2016-cı ildə baş tutdu, sosialistlərin lideri İqor Dodon prezident oldu və etirazlar yatdı. Çoxları dəyişikliklərin olduğuna inandı. Lakin real hakimiyyət xalq tərəfindən seçilən prezidentdə deyil, hökumətdə və oliqarx Vladimir Plaxotnyukun rəhbərlik etdiyi hakim Demokrat Partiyasında oldu.

Onu əhali sevmir, ancaq vaxtilə Avropa Şurasının rəhbəri Tyorbörn Yaqland tərəfindən “oliqarxların zəbt etdiyi dövlət” adlandırılan ölkədə məhz o, birinci şəxs oldu. Başqa sözlə, hər şey olduğu kimi qaldı. Və elektorat “hər şeyi həll edəcək” seçkilərə hazırlaşmağa başladı. Öncə yerli, o cümlədən Kişinyovda, sonra da noyabr ayında keçirilməsi planlaşdırılan parlament seçkilərinə. Lakin bələdiyyə seçkilərində olan uğursuzluq siyasətçiləri və adi vətəndaşları respublikada nəyi isə dəyişməyin mümkünlüyü ilə bağlı şübhələndirməyə başladı: bəlkə, Ermənistanda olduğu kimi, hər kəs küçələrə çıxsın…?

Ancaq görün, nə oldu: bu yaxınlarda keçirilən Kişinyov meri seçkilərində iki namizəd – sosialist İon Çeban və LHVP lideri Andrey Nestase iştirak etdi. 5%-lik səs üstünlüyü ilə Nestase qalib gəldi. Sosialist Partiyası öncə onun qələbəsini tanıdı. Lakin sonra seçki prosesinin pozulmasına istinad edərək, nəticələri məhkəmədə mübahisələndirməyə qərar verdi. Hər şey onunla bitdi ki, Kişinyov şəhər məhkəməsi ümumiyyətlə paytaxt seçkilərinin nəticələrini tanımadı və yalnız Nestase deyil, onun rəqibi Çeban da kənarda qaldı. Sosialistlər rəqibləri üçün qurduqları tələyə düşdülər.

Baxmayaraq ki, Xalq Sosialist Partiyasının lideri Viktor Stepanyukun “NQ”-yə dediyi kimi, “Nestasenin seçilməsində həqiqətən də pozuntular olmuşdu (onu qadağan olunduğu halda təbliğat aparmaqda ittiham edirdilər – “NQ”).

Moldova siyasətçisinin fikrincə, vəziyyət mürəkkəbdir, cəmiyyətin təbəqələrə ayrılması prosesi davam edir, hakimiyyətə inamsızlıq güclənir. İndi bir sıra seçici özünə sual verəcək: parlament seçkilərində kimə səs verməli, ümumiyyətlə, seçkilərdə iştirak etməyinə dəyərmi?

Stepanyuk əmindir ki, siyasi texnoloqlar tərəfindən işlənib hazırlanmış siyasi ssenari həyata keçirilir. Bununla birlikdə, o, bütün bunların nə ilə bitəcəyilə bağlı suala cavab verməkdə çətinlik çəkir.

Bu arada, “NQ”-nin Moldova parlamentində olan və adının çəkilməsini istəməyən qaynağı fərz edir ki, sosialistlər səslərini itirirlər və yeni qanunverici orqanda əksəriyyət əldə edə bilməyəcəklər. Onun sözlərinə görə, dünənədək reytinqi ən yüksək olan Sosialist Partiyasının keçmiş tərəfdarları Andrey Nestasenin tərəfinə keçə bilərlər, çünki adətən qurbanlara simpatiya bəsləyirlər. Və LHVP-nin mandat paketi böyüyəcək. İstisna edilmir ki, Nestase Demokrat Partiyası ilə birləşərək, əvvəllər bu ehtimalı istisna etsə də, yeni parlamentdə əksəriyyət qazanacaq.

“NQ”-nin qaynağı hesab edir ki, hadisələrin belə inkişaf etməsi yeni hakim koalisiyanın avropameylli olacağını bəyan edən ABŞ-ın Moldovadakı səfiri Ceyms Pettiti qane edəcək. Məlumdur ki, əvvəllər parlamentdə əksəriyyət əldə edə biləcəyini düşünən sosialistlər AB kursunu dəstəkləyirdilər, ancaq eyni zamanda əhaliyə vəd verirdilər ki, Avrasiya İqtisadi Birliyi, o cümlədən Rusiya ilə əlaqələri inkişaf etdirəcəklər. Bu, elektoratın böyük hissəsinin istəyilə üst-üstə düşürdü.

Moldova parlamentinin deputatı Vladimir Çurkan “NQ”-yə izah edib ki, parlament seçkilərində nə baş verəcəyini indidən söyləmək hələ tezdir: “Nestasenin iddia qaldırdığı Apelyasiya Palatasının qərarını gözləmək lazımdır. Əgər şəhər məhkəməsinin Nestasenin mandatının tanınmaması haqqında verdiyi qərar təsdiq olunarsa, MSK bir namizədlə İon Çebanın iştirakı ilə təkrar seçkilərin keçirilmə tarixini təyin edəcək”.

Lakin Andrey Nestase Apelyasiya palatasının qərarını gözləmədən bütün tərəfdarlarını şəhər meriyası qarşısına nümayişə çıxmağa çağırıb. Paytaxtın sabiq bələdiyyə başçısı Dorin Kirtoake, “Ermənistanda olduğu kimi” vətəndaş itaətsizliyi elan edilməli olduğunu qeyd edərək, bu çağırışı dəstəkləyib.

Prezident İqor Dodon qeyd edib ki, Kişinyov seçkilərilə bağlı şəhər məhkəməsinin verdiyi qərar çoxlu suallar yaradır. Bu barədə o, məhkəmə qərarını şərh edərək, sosial şəbəkədəki öz səhifəsində yazdı.

Prezident qeyd edib ki, “Parlament seçkilərində sosialistlərə xaricdən yardım edilməsindən kimlərsə çox qorxur. Hakimiyyətdəki avroyunionistlər seçki kampaniyasında xarici siyasətçilərin  birbaşa dəstəyindən istifadə edən Nestase ilə bağlı presedenti parlament seçkiləri perspektivi baxımından həddindən artıq təhlükəli hesab edirlər”.

Moldovada baş verən hadisələri Buxarestdə diqqətlə izləyirlər. Rumıniya deputatı Matey Dobrovie bəyan edib ki, hakim partiyanın lideri Vladimir Plaxotnyuk “Kişinyov sakinlərinin səslərini zibil qutusuna atıb, çünki Nestase onu qane etmir”.

“Unimedia.info”nun xəbərinə görə, Dobrovie Kişinyov məhkəməsinin qərarına təəssüflənir və hesab edir ki, “Moldova Respublikasında demokratiya durdurulub”.

Məhkəməyə təzyiq etdiyinə görə həm solların, həm də sağların qınadığı Demokratik Partiya bəyan edib ki, onun (şəhər məhkəməsinin – tərc.) qərarı son qərar deyil.

Bu arada, Qaqauz muxtariyyatının Xalq Məclisinin deputatları qarşıdan gələn parlament seçkilərinin boykot edilməsinin mümkünlüyünü müzakirə edirlər.  Onlar mərkəzi hakimiyyətdən narazıdırlar və muxtariyyatın parlamentdə geniş təmsil olunmasını tələb edirlər. Əks halda, muxtariyyatın deputat korpusu region əhalisini milli seçkilərdə iştirak etməməyə çağırmaq hüququnu özlərində saxlayırlar.

Tərcümə Strateq.az-a məxsusdur




Yuxarı Əvvələ Ana Səhifə