XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

21 İyun 2018 - 20:21

PAMBIQÇILARIN ZƏHƏRLƏNMƏSİ İLƏ BAĞLI HƏBSLƏR BAŞLANIB –“MKT İK” MMC-nin vəzifəli şəxsləri qandallandı

İyunun 21-də Nəsimi Rayon Məhkəməsində “Pambıqda zəhərlənmə işi” ilə bağlı saxlananlardan bəzilərinin haqqında həbs qərarı verildiyi bildirilir.

Strateq.az bildirir ki, bu barədə Azadlıq Radiosu məlumat yayıb.

Onlardan birinin də Saatlı Rayon Pambıq Zavodunun aqronomu Gülməmməd Qoçiyev olduğu deyilir.

Bu barədə radioya məhkəmənin qarşısında onun bacısı oğlu Vasif Nəsirov məlumat verib: “Bizə çatan məlumata görə, məhkəmə düzgün keçməyib. Dayım haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib”

Vasif Nəsirov deyib ki, dayısını günahkar saymır: “Biz dayımızda heç bir günah görmürük. Günahı dərmanı verənlərdə görürük. Əsas yuxarıdan başlamalı idilər. Dayım günahsız adamdır. Mən belə deyərdim. Tək o deyil, 4-5 nəfərdir. Bəziləri də İmişli rayonundandır”.

Vasif Nəsirov deyib ki, dayısı Gülməmməd Qoçiyevin işi ilə bağlı sabah, iyunun 22-də vəkili apellyasiya şikayəti vermək niyyətindədir.

Bu açıqlamaya, hələlik, Nəsimi Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

Bununla yanaşı “MKT İK” məhdud məsuliyyətli cəmiyyətin (MMC) İmişli və Saatlı rayonundan olan bir neçə nümayəndəsinin izahat vermələrindən ötrü Baş Prokurorluğa çağrıldığı deyilir.

Verilən məlumatlara görə, bunun ardınca onların barələrində həbs qətimkan tədbirinin seçilməsindən ötrü məhkəmələrə təqdimat göndərilib.

Bu barədə Azadlıq Radiosuna adıçəkilən rayonlardan olan yerli sakinlər məlumat verib.

“MKT İK” MMC-nin İmişli rayonundakı İnnovasiya Mərkəzinin direktoru Maarif Quliyevin və həmin müəssisədə aqronom işləyən Surxay Məmmədovun da iyunun 19-da saxlanıldığı deyilir. Şahidlər bildirir ki, hadisə yerini müayinə etməyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onları özləri iə aparıblar.

Quliyevin oğlu İman Quliyev bu deyilənləri təsdiqləyib: “Bizə də belə deyilib. Bir azdan mən Nəsimi Rayon Məhkəməsinə gedəcəm. İşə orada baxılacaq.”

Zəhərlənmə hadisəsinə görə saxlanılanların olub-olmadığına Baş Prokurorluqdan isə münasibət öyrənmək mümkün olmayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, rəsmi məlumat olanda yayacağıq.

Xatırladaq ki, son 2 həftədə Azərbaycandakı pambıq sahələrində 4 kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

İyunun 20-də 20-dən çox şəxs Yevlax Şəhər Xəsətxanasına müraciət edib. Onların Tərtər rayonunun Xoruzlu kəndindəki pambıq tarlasında çalışdıqları deyilirdi.

İyunun 19-da da İmişli rayonundakı pambıq sahələrinin birində günəmuzd işləyənlər zəhərlənmə ilə bağlı kütləvi şəkildə xəstəxanaya üz tutmuşdular. Xəstəxanadan verilən məlumata görə, onlara müraciət edənlərin sayı 140 nəfəri keçmişdi. Sonrakı günlərdə də müraciətlər davam edib.

Bu iki hadisədən əvvəl, iyunun 10-da da Saatlı rayonunun Simadakənd kəndi ərazisində 24 nəfər, iyunun 17-də isə Tərtər rayonunun Seydimli kəndində 14 nəfər xəstəxanaya gətirilmişdi. Saatlı rayonunda zəhərlənənlərin hamısının artıq evlərinə buraxıldığı açıqlanıb. Bu rayonda baş verən zəhərlənmə ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində cinayət işi açılıb.

Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma – ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi – ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

Sonrakı zəhərlənmələrlə də əlaqədar oxşar cinayət işlərinin açıldığı deyilir.




Yuxarı Əvvələ Ana Səhifə