XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2016 - 03:12

Deputat Zahid Orucdan maraqlı yazı: “İlham Əliyev Saakaşvilidən fərqli yol gedir”
zahid orucZahid Oruc,
Milli Məclisin deputatı
Devalvasiya ölkənin gömrük qapılarını geniş açmağa vadar edir. Yox. Berlin divarlarının çökməsi ilə müqayisədə bu, çox kiçik hadisədir. Bəlkə, ona görə də sıraları xeyli seyrəlmiş milli burjuaziyamız islahat, dəyişiklik, təhkimçilik hüququnun ləğvi adlandırılan inqilabi törəni xüsusi ictimai təntənəyə və sevinc paradına çevirmədi. Halbuki keçilməz möhtəkirlik sədlərinin qarşısında nə qədər insanımızın sahibkarlıq duyğuları, işıqlı həyat amalları bürkülü və havasız otaqların alkapon  çərçivələrinə uyğunlaşmağa məcbur olmuşdu.
İndi isə baş verənlər təkcə bir strukturun yeni iqtisadi eraya qədəm qoyması anlamına gəlmir.Əslində “Transservis” kimi broker qurumlarının izinə düşüb inhisarçılığa aparan gizli dəhlizləri aşkara çıxarmaq, hər kəsi özləriylə hesablaşamağa vadar edən əbülfəzləri tapıb cəmiyyətin nəzərinə təqdim etmək antiböhran tədbiri sayıla bilməz. Onsuz da Allahın verdiyi nemətlər üzərində adı brendləşmiş şəxsləri hamı tanıyırdı. Sapdan sancağa, soğandan qabığı soyulan noxuda qədər mədəniyyətimizi və gödəniyyətimizi təşkil edən nə vardısa, hamısı bir konveyerdən keçərək ümumazərbaycan malına çevrilirdi.
Rusiya gülüş səhnəsinin böyük ustası Mixail Zadornovun amerikalılara münasibətlə “orada adamın burnunun bir yarımkürəsinə bir  həkim, digər hissəsinə isə başqası baxır”, – ibarəsi ticari dünyamızda gedən sərt holdinqləşməyə, bazarlarda rəqabətsiz aparıcı mövqe tutmağa və qiyməti diqtə etməyə də eyni dərəcədə aid oluna bilər. Hətta qədimdə Yuliy Sezarın iyul ayını öz adı ilə tarixə həkk etdirməsinə rəğmən, Oktavianın şərəfinə ondan daha uzun bir ay icad olunması və fevralın buna görə 2 gün  gödəldilməsi hadisəsi bizim məkanda maraqlar uğrunda çarpışan azərbaycanlıların hər fürsətdəcə digərinə sahiblənmək və onu içərisində əritmək istəyi kimi çox arxaik görünsə də, acı gerçəklik idi.
İndi dövran dəyişib. Sərhəddimizin baş qapısında işbazların çənginə keçməmək üçün vahid elektron qaydaların, bəyənnamə sisteminin və hər bir ölkədən keçərkən alınmış rəsmi sənədlərin əsasında şəffaf bir qeydiyyatın aparılacağına dövlət rəsmilərimizin özü zəmanət verir.
Hər halda 31 dekabr artıq ötən ildə qalmış başqa bir idarəetmə keçmişimizin rəmzi tarixi hesab oluna bilər. On illər ərzində daha geniş iqtisadi azadlıqlar və liberal mühit yaradılmasına dair konstitusion normaların yerinə yetirilməsi məhz devalvasiyanın gətirdiyi yeni abu-havanın törəməsidir.
Ölkə başçısı tərəfindən elə bir zamanda mühüm struktur və instusional dəyişikliklərə qərar verilib ki, bir çoxları bunun siyasi risqlərini nəzərə alaraq, digər hesabları qapadanədək gözləməyi və daha ehtiyatla hərəkət etməyi məsləhət görərdilər. Vaxtilə Nikson böyük məmur orduları və biznes dünyasının mənafeləri arasında uğurla manevr edirdi. Hər halda hakimiyyətin mühüm iqtisadi dayaqlarını təşkil edən qüvvələri zamanla dəyişmək tarixdə heç zaman asan olmayıb. Sovet totalitarizmini dağıtmaqda ad çıxaran superislahatçı Saakaşvili gürcü xalqının ondan üz döndərməsini on illik hakimiyyəti illərində 350 mindən artıq şəxsin onun idarəetməsindən ziyan çəkməsi ilə izah edir. Doğrudan da Taleyranın dediyi kimi, kütlələrin əldə etdiyi hər bir hüquq üsyansız başa gəlirsə, o rəhbərlərin sonrakı aqibəti yaxşı olmur. Görk kimi, bir mənzərə ortadadır: Qızılgül iqtidarının sonu elə bir “gürcü arzusu” ilə tamamlandı ki, bir çoxları xalqların demokratik ideallara deyil, milyardlara səs verdiklərinə əmin oldular. Ancaq iqtisadi azadlığın alternativinin olmadığını da hər cür formasiya sübut edib. 
İndi gözlərimiz önündə Nyu-York kotirovkaları ilə birgə Azərbaycanın idarəetmə sistemində və millətimizin yaşam fəlsəfəsində inqilabi dəyişikliklər baş verir. Çoxları üçün artan qiymətlərin müvəqqəti şoku bunları dərindən qiymətləndirməyə imkan vermir. Lakin dünənki kimi yaşamayacağımıza artıq hər kəs əmindir. Bahalı neft qiymətləri fonunda asan pullara qərar verən hökumətin və maliyyə-bank sektorunun sınaq qarşısında olduğunu hamı görür. Uzun illər boyu ən qəddar kredit faizlərinin altını çəkən milyonlarla insan bu gün o pulları qaytarmaqdan imtina etmək üçün hər cür hərəkətlərə hazırdır. İntihar və özünəqəsd səhnələrini məhkəmə davaları əvəzlədikcə, insanların hüquqi dövlətdə yaşamaq duyğuları da dərinləşəcək. Çünki məşhur “kəpənək effekti”ndə deyildiyi kimi, əgər sən bir qanadları qırırsansa, onda bu hərəkətinlə qonşu küçədə hava burulğanına yol açırsan və birgəyaşayışın harmoniyasını pozursan. Deməli, qanunsuzluq heç vaxt izsiz qalmır. Ən yüksək ödənişlərin altında qalanlar bir gün ayılıb onları lümpenproletariata çevirən bank quruluşlarından hesab sormağa başlayırlar. Bax, onda rollar dəyişir.
Bir sözlə, İlham Əliyevin uzaqgörənliklə dediyi zaman artıq gəlib çatıb. Bakı “NEFTSİZ YAŞAMAQ” sualı üzərində tənbəlcəsinə, könülsüzcəsinə, lakin əbədi məhkumluqla düşünməyə başlayıb.İndi Xəzərin mazutlu gölməçələri içərisində üzən manatı buruqların və estakadaların arasından çıxarıb ona quruda hərəkət etməyi öyrətməyi dərk etməyən çox az adam var.
Devalvasiya şadlıq evlərindən ehsan iqtisadiyyatına qədər hər yeri silkələyərək mentallığımızın üstünə çəkdiyimiz üzlükləri ayaqlarımızın altına salır. Hər addımda həyatımızdan qopub düşən ənənələrimizin qırıntılarını görürük. Uşaqlarımıza uydurduğumuz nağıllardakı obrazlar London birjası ilə birgə silkələnir, əriyir və köhnəlmiş qabıq kimi, üstümüzdən yerə düşür. Bəli, yeni bir əsrə keçid bizim üçün məhz indi başlayır. Yəhudilər Misir torpaqlarını tərk edib susuz səhrəlara sığınanda, təkcə ilahi inamlarına, uzun və məşəqqətli bir yolun sonunda onları gözləyən səadətə bel bağlayırdılar. Təskinliyimiz odur ki, Musanın övladlarından fərqli olaraq, biz hər şeyi sıfırdan başlamırıq. Azərbaycan düz bir əsr yarımlıq neft mirasından çıxıb iqtisadi həyatını və mövcudluq məfkurəsini zamanın tələb etdiyi yeni lokomotivlərə daşımalıdır.
Hər zaman müharibələrə və qanlı toqquşmalara ünvan olan bir torpaqda neftin kəşfi onun əsil sahibi olan xalqa ötən sərin sonlarınadək uğur və xoşbəxltik gətirməmişdi. Hər halda, 1850-ci illərə qədər bu millət tarixin qoynunda öz qabiliyyət və bacarığı ilə yaşamağı bacarmışdı.
Bakı milyonçularının aqibətini xatırlayırsız, yəqin. Onların bütün xeyriyyəçilik əməllərinə baxmayaraq, tikdirdikləri gimnaziyaylar, qızlar evi, yaxud məscidlər, eləcə də “Səadət” sarayları sonrakı quruluşlarının taxıl anbarına dönərək bolşevik inqilabının müdafiə qalasına çevrilmişdi. Özlərinin və ya yaxınlarının faciəli tale yaşaması ilə tanınan Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Ağamusa Nağıyevin və başqalarının millətinin əvəzindən hər mədənə görə bahalı haqq ödədiyini yüz il əvvəlki tarix yaxşı sübut edir. Görünür, sovetlərin qalibiyyət  tanklarını yanacaqla Berlinə göndərən Bakı fəhlələrinin quyularda qalaqlanan cəsədi nəinki Stalin üçün, elə faşizm üzərində qələbəyə şərik çıxan Qərb dövlətləri və xalqarının da nəzərində statistik hadisədən başqa bir əhəmiyyəti olmayıb. Əks halda, quruca bir qəhrəmanlıq adını ona çox görməzdilər. Yoxsa, şaxtalı Mozdok çölündə Hitlerin donub qalan tanklarını hərəkətə gətirmək üçün Bakı neftini ora çatdıra bilsəydilər, tarixin gedişi indi ayrı cür olardı. 
Neft Azərbaycan xalqı  üçün yalnız müstəqillik illərində milli sərvət olmağa başlayıb. Əslində gerçək azadlığımızın Xəzər üzərindəki savaşın müəyyən bir məcraya salınmasından sonra başladığına heç kəsin şübhəsi olmasın. Yaddaşı qısa olanlar üçün xatırlatmağa dəyər: Rusiyanın o vaxtkı xarici işlər naziri Kozırev “Əsrin müqaviləsin”dən sonra bizi açıq-aşkar hədələmişdi; demokrat Yeltsin  dövləti çevirmək planı ilə  və yüksək vəzifə adamlarına  qarşı qanlı terror əməliyyatını həyata keçirməklə neft qatarının Qərbə gedən yolunu bağlamağa uğursuz cəhd etmişdi; Pavel Qraçovsa, yenicə imzalanmış atəşkəs müqaviləsinin sonuna atılmış imzaların mürəkkəbini, bax elə həmin neft çernili ilə qaralamayaraq, rus tanklarının Yevlaxa qədər gələcəyini qəzəblə təkrar-təkrar söyləmişdi… Yeganə olaraq böyük Əliyev peşəkar siyasi şahmatçı kimi, Çernomırdin başda olmaqla, Rusiyanın yeni burjua elitasını maraqlandıra bilmiş, Kremlin divarları içərisində parçalanma yaratmaqla iki əsrin iqtisadi əsarət zəncirini qırmağı bacarmışdı.
İndi bir çoxları böyük siyasi oyunu qalibiyyətlə başa vurmuş Heydər Əliyevin, 2003-cü ildə həyatını itirməsəydi, ilk neft gəlirlərinə dair necə fərman verəcəyini təxmin etməyə çalışırlar. Hər halda, əmin olun ki, neft borusu təhlükəsizliyimizin ətrafına çəkilmiş kəmər kimi bizi nə qədər qoruyurdusa, müharibənin gətirdiyi humanitar bəlaları aradan qaldırmaq və dağılmış ölkəni bərpa etmək də neftsiz mümkün deyildi.
Ona görə, bizi Ermənistanla müqayisə etməyə çalışmayın. Çünki Qarabağ savaşından çıxdığımız nəticələr eyni deyil. Neft yüz minlərlə köçkünü qəsəbələrə daşımağa imkan verdi, on minlərlə şəhidin qəhrəmanlığı qarşısında məşələ çevrildi, sovetin özü kimi tarixə qovuşmuş böyük zavod və fabriklərin yeniləri ilə əvəzlənməsinə yol açdı, minlərlə tələbəmizin və gəncimizin təhsilinə vəsilə oldu… Köhnə neftlə yeni ölkə qurduq. İndi hər şeyi neqativdə görüb bütün pulların havaya sovruludğunu iddia edənlər, məgər Cəbhə hakimiyyətinin başqa alternativ proqramı vardımı? Bütün hakimiyyət səriştəsizliklərinə rəğmən, yenidən boy atıb cücərən hərəkatçılar içərisində həqiqi ideya-siyasi genarator olan Pənah Hüseyn hər ilin qiyam ildönümündə 30 iyuna təyin olunmuş neft müqaviləsini imzalaya bilmədiklərini onların iqtidarının başlıca iflas səbəbi kimi göstərmirmi?
O vaxt Heydər Əliyevin iqamətgahı qarşısnda boyun əyən xarici konsorsium rəhbərləri Azərbaycan prezidentindən bir quyu xahiş etmək üçün növbəyə durmuşdular. Hətta kiçik humanitar yardımla və böyük mühacirət həsrəti ilə doğma vətəninə təşrif buyuran Züleyxa Əsədullayeva da elə hey babasının mirası kimi ona bir neçə buruq verilməsini böyük Əliyevdən xahiş edirdi. Görünür, köhnə Bakının nostalgiyasını ovutmaq üçün layları qazan baltaların və gildən hazırlanmış boruların, qul əməyi çəkən fəhlələrin yaratdığı simfoniya uzun illər Amerikada yaşamağa məcbur olmuş Züleyxa xanımın yaralarına yeganə məlhəm olacaqmış.
Hər halda, neft həmişə qiymətsiz olub  və indi onun maddi dəyərini çökdürməyə çalışanlardan ən böyüyü – Birləşmiş Ştatların birjaları da silkələnərək bir əsr əvvəlki minumumu təkrarlayırsa, Çin yuanını və səhm bazarnı son sunamiyə uyğunlaşdırmağa çalışırsa, onda hamının birləşərək küncə sıxdığı “qara qızıl”ın bir gün nüvə bombasına çevriləcəyinə heç kəsin şübhəsi olmasın.Çünki 20 dollara slans inqilabı olmur. Amerika dünyada  neft qiymətlərinin ən aşağı halında Avropa bazarını fəth etməyə çalışırsa, bundan sonra anqlo-saks imperiyasının qəsd nəzəriyyələrindən kənarda hərəkət etdiyinə kimisə inandırması çətin olacaq.
İndi Azərbaycan manatını hər gün mübadilə məntəqələrindəki reanimasiya qurğusuna qoşanlar rus rublunun dollar qarşısında ən azı 2 dəfəyədək ucuzlaşması fonunda Rusyanın hər halda dağılmadığını, nədənsə, unudurlar. Bəli, xalqın var-dövlətinin dəyərsizləşməsi çox ağrılı prosesdir. Amma manat düz bir il əvvələ qədər dünyanın 5 ən güclü valyutasından biriydi.
Xatırladaq ki, Küveyt dinarından, İsveçrə frankından, Britaniya funtundan sonra gələn manatımız öz həqiqi dəyərinə nə vaxtsa qovuşmalıydı. Ona görə də “Günəşli” yatağındaki faciəni bəlkə də bir az rəmzi mənada qəbul etməliyik. Xəzər gölü yüz illərdi ki, milyon kvadrtat kilometrləri əhatə edən dövlətlərə və insan kütləsinə xidmət etməkdən yorulub artıq. İndi dənizin ortasında  simvola çevrilmiş qəza məşəlinin işığı altında üzümüzü, nəhayət, torpağa, kəndliyə, fəhləyə – əlləri həqiqətən qızıl olan insanlara tutmağımızın vaxtı çatıb.
Devalvasiyanın daxili istehsalatda, tikinti və tender auksionlarında hökm sürən inhisarçılığa, qeyri-şəffaflığa və israfçılığa, büdcədən yayındırılan vəsaitlərə son qoyacağını əmin olmalıyıq.Təkcə bir misal çəkim. ”Azərsun”un daxili bazarda – qida sektorunda aparıcı yeri nəyin hesabına qazandığı bir kimsəyə sirr deyil. Baxın, cənub bölgələrimizdən birində fəal  şəkildə çalışaraq on minlərlə hektar ərazini əkib-becərən, insanları faydalı əməyə cəlb edən müəssisəni günün birində çağırıb “dövriyyədən çıxarırlar” və əvəzində minlərlə insan məşğulluqdan məhrum olur, deməli, həmin adamlar şəhərə üz tutur və paytaxtın əmək-mənzil bazarına əlavə yük kimi qalaqlanır, münbit torpaqlar istifadəsiz qalır, keyfiyyətli məhsul istehsalı baş vermir, büdcəyə vergi şəklində ödəmələr azalır və əvəzində Çindən gətirilmiş konsentratı bir az emal edərək Azərbaycanın mədəsinə tökürlər və nəticədə dolların kursunda rəqslənmə baş verən kimi, qiymətləri bahalaşdırmağa bəhanə tapdıqlarını gözümzə pərçim edirlər. Halbuki daxili istehsala qayğı göstərsəydilər, bu gün 10 manatın 1 dollara enməsi belə, onun alıcılıq qabiliyyətini və gerçək dəyərini o nisbətdə aşağı salmazdı.  
Yüksək təminatlı Avropa demokratiyaları içərisində neft ölkəsi kimi müsəlman dünyasına nümunə göstərilən “Norveç təcrübəsi” isə tamam ayrı əfsanədir. Bilməyənlər üçün xatırladaq ki, Bakıdan fərqli olaraq, Şimal dənizində qiymətli yataqların kəşfi ötən əsrin 70-ci illərinə təsadüf edir. Müqayisə üçün həmin ölkənin yerləşdiyi coğrafiyada hər hansı münaqişənin son 70 ildə yaşanmadığını, ona qədər balıqcılıq və meşə təsərrüfatı ilə birtəhər yaşayan xalqın sonralar ÜDM-in 30 faizinə gəlib çatan borclarını, daha sonralar xarici kompaniyaların orada əsas ağırlığı öz üzərlərinə götürərək külli miqdarda investisiyalarla Norveçə kömək göstərdiklərini, yalnız 2000-ci ildən başlayaraq, dövlətin böyük özəlləşməyə əl ataraq, onlarla iri sahənin yükündən azad olduğunu da nəzərə alsaq, Azərbaycanın neft bumunun söndüyü eraya necə daxil olduğunu aydın  görə bilərik. Ona görə, ötən illər ərzində yalnız muzeylər və Olimpiya kompleksləri tikildiyini iddia edənlərin nə qədər haqsız danışdıqlarını təkcə bu faktlar sübut edir. Bir də, məgər, o yarış meydanlarını oyunlardan sonra söküb xaricə aparmayıblar ki?!
Ac sovet mentallığından fərqli olaraq, qanunlara pedantcasına əməl edən skandinav psixologiyasının istənilən təbii sərvətdən daha böyük resurs olduğunu da bura əlavə etsək, tablo tamamlanar. Deməli, SOCAR brendinin hökumətdən daha güclü bir təsisata çevrilərək həm daxildə, həm də xaricdə böyük yatırımlar edən monstr halına gəlməsinin nəticəsində hər kəsin ağlında bir sindrom yaranacağı gün kimi aydın idi. Axı biz norveçli olmadığımızı elə ilk gündən bilirdik.
Gürcü demokratiyasının banilərindən olan mərhum Kaxa Bendukidzeni həqiqi vətəpərvərlər yaxşı xatırlayır. Onun ağır çəkisi bütün iqdisadi islahatların aparılmasına və korrupsiya sxemlərinin dağıdılmasına imkan vermişdi.
Bendukidze inqilabi proqramlarını həyata keçirmək üçün ən azı 3 adamın olmasını  bir nömrəli şərt kimi irəli sürürdü: ogruları tutub basan, islahatların ötrüyünə çevrilən və siyasi ilhamverici.
Stalinin ərköyün və banditizmə yuvarlanmış milllətini, bax beləcə, üç adamın əfsanəsi ilə dəyişə bildilər. Bizi isə çox da sevmədiyimiz Xəzərin sularından yalnız bir adam xilas edə bilər. Hər halda hökumətimizin cəmiyyətdən gələn mühüm təşəbbüslərə başçılıq edəcəyini nümayiş etdirdiyi lənglik səbəbindən gözləməyinə dəyməz.
Parlamentin də mütəhərrik olmasını ayda cəmi iki iclasa yerləşən potensialı yaxşı izah edir. Ona görə də bütün nəzərlər yenə də prezidentin şəxsiyyəti üzərindədir. İlham Əliyev 2015-ci ildə aldığı qərarlarla ən azı 3 cəbhədə böyük vuruşlara start verib.
İndi təsəvvür edin, hazırki maliyyə və iqtisadi böhran şəraitində keçmiş MTN bütün tərkibi ilə Azərbaycan dövlətini terrora məruz qoymaqda və hakimiyyətin dayaqlarını sarsıtmaqda davam etsəydi, hansı reallıqla üz-üzə qalardıq?
Əslində on minlərə sahibkarın, yaxud məmurun yağmalanması və büdcə vəsaitlərinin talanmasıının devalvasiyanın miqyasına necə təsir göstərəcəyini təxmin etmək o qədər də çətin deyil. Halbuki istənilən halda təhlükəsizlik qüvvələri mühüm tarixi keçid dönəmlərində xalqın yanında olmursa, dağıdıcılıq prosesləri bir az da sürətlənir. Lakin manata qarşı düşmən səngərinə çəkilmiş dairələrin bütün iqtisadi sabotaj tədbirlərinin ən böyüyü məhz prezidentə verilən qərarların yanlış olması və vətəndaşla dövlətin qarşlıqılı etimadına vurulan zərbələrdir. Dövlət başçısı sanki ilahi bir fəhmlə bu prosesi qabaqlaya bildi.
O, Azərbaycanı yeni bir mərhələyə daşımaq proqramına sahib olarkən, bütün gizlinləri eyni anda masaya yatırmadı və indi hər kəs bunu anlamağa başlayıb. Prezident nə qədər açıq addımlar atsa da, onu pronozlaşdırmaq çox çətindir. Çünki İlham Əliyev hər zaman siyasi romantikaya deyil, daha prqamatik hesablamalara malik olub. O, təmsil etdiyi dövləti  çox sürətlə, həm də son dərəcə dəqiqliklə yeni idarəetmə erasına daşımaqda davam edir. Lakin proses qansız keçməlidir. Deməli, maliyyə bazarlarıında yaşanan panikaların, ümidsizlik və qeyri müəyyənliyin ömrünə çox az qalıb.
Prezident ötən illər ərzində komandası içərisində xeyli adamların böyük maliyyə imkanları ilə narazı cinaha keçdiklərinin fərqindədir. Yox, onlar müxalif güc deyillər. Lakin səssiz mətbəx mızıltıları hər addımda eşidilir.
Sadə xalqsa dövlət başçısının tərəfindədir. Bunu hətta ən qatı əleydarlar da yaxşı bilir. Lakin yeni iqtisadi tsiklə keçərkən burjuyların üsyanını, küt və bəzən kortəbii müqavimətini görməyənlərin də siyasi gözləri gerçəkdən qapalıdır.
İlham Əliyev orta və kiçik sahibkarlıq üçün növbəti buxovları qırarkən, yenə də Saakaşvilidən daha fərqli yolla gedir. O, sadəcə Qərbdən verilən hazır pqoqramlara və təlimatlara dair menecmentliyi mexaniki olaraq həyat keçirmir, yaxud mühüm dövlətlərin və Avropa Birlyinin verdiyi siyasi dəstəyə arxalanmır.
Prezident təkbaşına yuxarıdan nomenklaturanın və oliqarxiyanın xəfif dirənişlərini yaxşı görərək, addım-addım məqsədinə doğru gedir və ən qəzəbli halında belə, böyük inhisarları bir zərbə ilə yerlə yeksan etməyə deyil, onları kiçik hissələrə ayıraraq bu ölkənin  rifahına yönəltməyin öhdəsindən uğurla gəlir.
Hər halda unutmaq olmaz ki, Amerika rokfellerlərinin böyük kapitallarının mənşəyi kriminallıqla baglıdır və “təmiz pullar” yalnız utopik sosializmdə olur.
Qərbdə demonlaşdırılan Putinin özü belə, ofşorlara daşınan pulların geri qaytarılması üçün neçə aylardı maliyyə amnistiyası elan etməkdən başqa çarə görmür. Dünya məhz bu yolla gedib. Ona görə də rus rəhbəri onun ölkəsini tərk edən vəhşi pulların yad xalqların inkişafina necə xidmət elədiyini yaxşı görür.
Bir vaxtlar ən sərt cinahda dayanaraq Rusiya iqtidarını kəskin tənqid edən İrina Xakamadanın bir toplantıda üzünü prezidentə tutaraq dediyi sözlər çox ibrətamizdir. Keçmiş sağçı xanım iştirak etdiyi yüksək məsləhət şurasının iclasında bunları söyləmişdi:
“Siz bizi sevməyə bilərsiz. Çünki sizdən fərqli düşünürük. Ancaq baxın, iri korporasiyalar üzərində qurulmuş hazırki idarəçilyin Qərbin tətbiq etdiyi ilk sanksiyalardan sonra ən çox problemlərlə yüklənib prezidentin üstünə qaçması uzun müddət yürüdülən siyasətin nəticəsini görmək üçün yaxşı mənzərədir. Halbuki orta və kiçik sahibkarlar ağırlığı öz çiyinlərində daşmaqda davam edirlər.”
Bizim Kaxamız, yaxud İrinamız olmasa da, yaşadığımız şəraitin hesablamalırını kənara ata bilmərik. Neftin bir bareli 159 litrə bərabərdir. Qiymətlərin 20 dollara düşəcəyi təqdirdə həmin xammaldan emal nəticəsində alınan benzinin miqdarını hesablasaq, həmçinin digər məhsulların və komponentlərin dəyərini ora əlavə etsək, perspektivdə bizim hamımızın istifadəsində olan yanacağın Xəzərin sərvətini xaricdə emal edənlərdən bir az baha olacağını aydın görə bilərik. Onda Azərbaycan insanı düşünməyə başlayacaq: firənglilər üçün fəhləlik etməyinə dəyərmi? 
Neft  buruğunun gilyotin bıçağına oxşadığına, yəqin, çoxları diqqət edib. Rəmzi bənzərliyin bir daxili mahiyyət yaxınlığı da var. Hər ikisi qanın simvollarıdır. Xatırlayırsızsa, Fransa inqilabı Napoleonu taxta gətirənə qədər Robespyerlə birgə həmin edam çarxını kəşf etmişdilər. Əgər dünyanın ən müqəddəs torpaqlarından birində əyləşən ərəb kralları başqa bir müsəlman qardaşının qəsdinə durub avropalılar üçün qiymət endirimi edirsə, nəhayət, bizim neft tələsindən çıxmaq vaxtımız çatmayıbmı? 
Bu dövlət sovet istismarçılığının dağıdıcı mənzərələri olan neftlə  çirklənmiş əraziləri təmizləməklə torpaqlarımızı ölümdən xilas edib.
İndi beyinlərimizin neftdən yuyulmağının zamanıdır!