XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

25 İyun 2018 - 23:40

BELARUS MÜSTƏQİLLİYİNİ İTİRƏ BİLƏR- Lukaşenkodan həyəcanlı xəbərdarlıq; "Batka" Putini hədəf göstərdi

Belarus prezidenti Aleksandr Lukaşenko şok bəyanatı ilə mətbuatın gündəminə gəlib. Moqilevsk vilayətinin Şklosk rayonuna səfəri zamanı Lukaşenko bildirib ki, Belarus müstəqilliyini itirə və Ukrayna ssenarisinə uyğun savaşa məruz qala bilər.

Bu qənaətini Lukaşenko ölkədəki iqtisadi vəziyyəti dəyərləndirərəkən açıqlayıb. Belarus prezidentinin dediyinə görə, Minsk həm kənd təsərrüafatında, həm də digər sahələrdə qarşısına qoyulan iqtisadi vəzifələri yerinə yetirməsə, nəticə olduqca acınacaqlı olacaq: “Bu illəri keçə bilməsək, batacağıq. Bu halda da ya hansısa dövlətin tərkibinə keçməliyik, ya da bizi diz çökdürəcəklər. Allah eləməsin, Ukraynadakı kimi savaş da ola bilər”.

Lukaşenko Belarusun suverenliyinə hansı ölkənin təhdid yarada biləcəyini və iqtsadi siyasətin iflasa uğrayacağı təqdirdə hansı dövlətin tərkibinə keçə biləcəklərini açıqlamasa da, onun bu bəyanatı kifəyət qədər diqqət çəkib.

Lukaşenko ünvan göstərməsə də, onun Rusiyanı nəzərdə tutduğu aydın idi. Məsələ ondadır ki, bu bəyanatı Rusiyanı özlərinə təhdid sayan və onun aqressiyasından mütəmadi şikayətlənən Baltik ölkələri səsləndirsəydi, heç kim təəccüblənməzdi. Təəccüblü olan bu cür eyhamları Lukaşenkonun dilindən eşitmək idi.

Lukaşenkonun diplomatik hiylələri sevmədiyini, emosiyalarını gizlətmədən həqiqətləri ictimai şəkildə açıqladığını hamı yaxşı bilir. Onun hansısa məsələdən razı qalıb-qalmadığını bilmək də çətin olmur. Məsələn, bu yaxınlarda Minskdə Rusiya prezidenti Putinlə bir araya gələn Lukaşenkonun görüş sonrası üzündə heç də məmnun ifadə yox idi. Deməli, Rusiya-Belarus əlaqələrindəki soyuqluq təsdiqini tapmağa başlayır.

Lukaşenko bugünlərdə avrokomissar Yohannes Xanla görüşündə “İsrar edəcəyik ki, Avropa Birliyi bizə qapılarını bizim ona açdığımız kimi açsın. İstəyərdik ki, Avropa Birliyi ilə münasibətlərimizə quruma üzv olan dövlətlər belə, həsəd aparsın. Əgər Avropa Birliyi buna hazırdısa, biz öz yolumuzu keçməyə – təkcə Qərblə Şərq arasında etibarlı, birləşdirici bənd olmağa yox, həm də dərin siyasi islahatlar aparmağa hazırıq”, – deyərək maraqlı açıqlama vermişdi.

Lakin Lukaşenko qarşı tərəfin diqqətinə çatdırmışdı ki, Belarus bütün bunlara o halda hazırdır ki, ticari-iqtisadi əlaqələr əsas götürülsün. Yəni demokratiya, söz azadlığı, syasi məhbuslar, ölüm hökmünün ləğvi kimi məsələlər də gündəmdədir, amma əsas olan ticari-iqtisadi və maliyyə münasibətləridir.

“Avropa Birliyi ilə münasibətlərdə bütün bunları görə bilsək, siyasi baxımdan dəyişiklik və islahatlara ürəklə gedəcəyik”, – deyə Lukaşenko bildirmişdi. Konkret desək, “Batka” kredit və sərmayələrin əvəzinə geniş siyasi islahatlar vəd edir…

Lukaşenko xatırlatmışdı ki, Minsk və Brüssel hazırda Belarus və Avropa Birliyinin bundan sonrakı yaxınlaşmasını nəzərdə tutan və tərəflər arasında yol xəritəsi olacaq sənədin üzərində işləyir: “Bilirsiz, bu, heç də hamının, eləcə də tərəfdaşlarımızın xoşuna gəlmir. Lakin biz “Şərq tərəfdaşlığı” çərçivəsində əldə olunan razılaşmaya ciddi şəkildə sadiq qalırıq”.

Müşahidəçilərin dediyinə görə, Yohannes Xanı Belarus prezidentinin bu cür qərarlı olması heyrətləndirib. Ekspertlər hesab edir ki, Lukaşenkonun Avropa Birliyinə sevgi və sadiqlik bəyanatı, həmçinin Rusiyanın əleyhinə dolayı açıqlamaları Putinlə son görüşün müsbət nəticələnmədiyinin göstəricisidir. Düzdür, Lukaşenko Avropa Birliyi ilə bağlı bundan əvvəl də xoş fikirlər səsləndirmişdi, amma bu səviyyədə səmimiyyət heç vaxt olmamışdı.

Lukaşenkonun davranışlarında Kremlin xoşuna gəlməyən çox şey var. Moskvanı ən çox qıcıqlandıran Minskin Krımı “de-yure” Rusiya ərazisi kimi tanımamasıdır. Abxaziya və Cənubi Osetiya ilə də bağlı Kremlin Minskdən gözləntisi özünü doğrultmadı.

Moskvanı narazı salan daha bir məqam Belarusun Rusiya hərbi bazasına ev sahibliyi etməkdən imtinasıdır.

Rusiya hökuməti Minskin Moskvanın Qərb istehsalçılarına qarşı sanksiyalarını dəstəkləməməsindən, üstəlik qadağa qoyulmuş Qərb məhsullarının ölkəsində satışına şərait yaratmasından da qıcıqlanır.

Lukaşenkonu da narazı salan xeyli məqam var. Məsələn, Rusiyanın Belarusla sərhəddəki bir neçə vilayətdə sərhəd zonası qurmasıdır.

Minsk 2017-ci ilin fevralında Avropa Birliyi də daxil, 80-dək ölkəyə beş gün müddətinə vizasız gəliş hüququ verdikdən sonra Moskva Belarusla sərhəddə vaxtaşırı pasport və maşınların yoxlanmasını həyata keçirir. Lukaşenko deyib ki, Moskvanın sərhəddəki yoxlamaları dayanmazsa, onun ölkəsi Rusiya ilə sərhəddə yoxlama-buraxılış sistemini bərpa edə bilər.

Belarus prezidenti Moskvanın məlum addımını münasibətlərin pisləşməsi kimi qiymətləndirir. Onun sözlərinə görə, Moskvanın bu qərarı siyasi hücumdur: “Sərhədi kimdən qoruyursuz? Bu düşüncəsiz, koordinə edilməmiş addımlar bizim münasibətləri pisləşdirir”.

Lukaşenkonu ən çox özündən çıxaran isə Moskvanın təşəbbüskarı olduğu “ticarət savaşlarıdır”. Rusiya tərəfdən gah ət, gah süd məhsullarının keyfiyyətinə irad bildirilir və Belarusun bu məhsullarına “non-qrata” elan olunur. Bir müddət sonra keyfiyyətlə bağlı iradlar aradan qalxır, yeni iradlar ortaya çıxır. Bütün bunlar da Belarus iqtisadiyyatına sarsıdıcı zərbə vurur.

Hələlik görünən odur ki, Moskva Belarusa qarşı bu münasibəti davam etdirdikcə Minsklə arasındakı uçurumu dərinləşdirəcək. Avropa Birliyi isə Lukaşenkonun məlum bəyanatları fonunda Minskə “yaşıl işıq” yandırmaqda daha maraqlı olacaq…

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə