XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 İyun 2018 - 14:33

TÜRKİYƏ İRAN NEFTİNİ BOYKOT ETMƏYƏCƏKSƏ… –Ankara bu dəfə də Ağ Evə öz şərtlərini qəbul etdirmək istəyir - TƏHLİL

Amberin Zaman

“Əl-Monitor”

 

Türkiyə və ABŞ arasındakı gərginlik heç bir azalma əlaməti göstərmir, üstəlik rəsmi Ankara ABŞ-ın İranla neft ticarətinin dayandırılmasına dair tələblərinə riayət etməyəcəyini bəyan edib.

Ölkənin iqtisadiyyat naziri Nihat Zeybəkci iyunun 27-də təşkil etdiyi mətbuat konfransında “ABŞ-ın bu mövzuda aldığı qərarlar bizim üçün icbari deyil” deyərək, Türkiyənin yalnız Birləşmiş Millətlər Təşkilatının qətnamələrini icra edəcəyinə işarə vurub. “Biz özümüzdən başqa heç bir ölkənin maraqlarını tanımırıq”.

Zeybəkcinin şərhləri ilə yanaşı, Donald Tramp administrasiyasının İran neftinin bütün idxalatçılarına noyabrın 4-dən sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

“Anadolu” agentliyi xəbər verib ki, bu ilin ilk rübündə xarici tədarükün təxminən yarısını nəzərə alaraq, İran Türkiyənin ən böyük xam neft idxalı qaynağı olaraq qalır.

Türkiyə iqtisadiyyatı bu ilin başlanğıcından etibarən təxminən dəyərinin beşdə birini itirmiş türk lirəsinin ucuzlaşması ilə getdikcə daha çox silkələnir. ABŞ-ın sanksiya təhdidlərinin səbəb olduğu neft qiymətlərinin artması Türkiyənin maliyyə yükünü çoxaldacaq. Odur ki, Türkiyə və İran, şübhəsiz, hər iki tərəfə xidmət edən ticarətin davam etdirilməsi yollarını axtaracaq.

Vaşinqtonun İranla nüvə razılaşmasından çəkilməsi və sanksiyaları reallaşdırılması qərarı ilə kəskinləşən iqtisadi çətinliklərdən İran öz payını alır. Tehran ötən həftə milli valyutanın dəyərində baş verən kəskin məzənnə azalması ilə bağlı kütləvi etirazlara şahid olub. Bu, son illərdə baş vermiş ən böyük nümayişlərdir və çox sayda xəbər mənbəyi bu iddianı təsdiqləyir.

Prezident Həsən Ruhani iyunun 24-də keçirilən prezident seçkilərində qələbəsi ilə bağlı türk vəzifədaşı Rəcəb Tayyib Ərdoğanı təbrik edən ilk dünya liderlərindən biridir. İran prezidentinin rəsmi saytına istinadən, Ruhani Ərdoğana deyib: “Türkiyədəki şanlı seçkilərin tam sülh və təhlükəsizlik şəraitində keçirilməsi İran xalqı və hökuməti üçün bir zövqdür. Türkiyə xalqı dünyaya İslam ölkəsində demokratiyanı həyata keçirə və onu ən yaxşı şəkildə nümayiş etdirə biləcəyini göstərdi”.

Türkiyə keçmişdə də İrana qarşı ABŞ-ın sanksiyalarını vecinə almayıb, lakin bu, ABŞ Xəzinədarlığı tərəfindən kütləvi sanksiya-sövdələşmə sxemi aşkar olunduğundan sonra daha çox araşdırmaya məruz qalıb, nəticədə hakimiyyətlə əməkdaşlıq edən İran-Türkiyə qızıl treyderi Rza Zərrab, dövlətin sahibi olduğu “Halkbank”ın üst səviyyəli idarəçisi Mehmet Hakan Atilla həbs edilib. Günahsız olduğunu iddia edən türk səlahiyyətlisi may ayında Manhettanda federal məhkəmənin hökmü ilə 32 aylıq həbs cəzasına məhkum olunub. Belə ki, ABŞ hökuməti “Halkbank”a İranın neft gəlirlərinin – milyardlarla dollar vəsaitin yuması iddiasını irəli sürüb.

Türkiyənin dövlət borcunu nəzərə alaraq, ABŞ Xəzinədarlığının çoxmilyardlıq cərimə tətbiq edəcəyi gözləntisində Ankara nəfəsini içinə çəkib. Onun miqyası, öz növbəsində, böyük türk şirkətlərinin korporativ kreditləri qaytarmaq üçün mübarizə apardığı bir dövrdə Türkiyənin bank sektoruna təsirlərini müəyyənləşdirəcək.

Paradoksal olaraq, sanksiyalarla bağlı mübahisələr Tramp administrasiyasının Türkiyə ilə əlaqələrini bərpa etmək və İrana qarşı mübarizə siyasəti üçün mühüm olan razılaşdırılmış səylə bərabər aparılır. Yenidən beş il müddətinə seçilmiş Ərdoğan səlahiyyətləri genişlənmiş halda, öz şərtləri daxilində Vaşinqtonla münasibətlərin yenidən qurmağa çalışır.

Suriyadakı kürd üsyançıları ilə Pentaqonun davam edən tərəfdaşlığının dayandırılması və 2016-cı ilin iyul ayında Ərdoğanı devirməkdə ittiham olunan Pensilvaniyadakı sünni vaiz-biznesmen Fətullah Gülənin ekstradisiyası bu şərtlərdə ilk sıradadır.

 

Tərcümə: Strateq.az