XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2016 - 19:39

Sərdar Cəlaloğlu ölkəni gözləyən təhlükələrdən yazdı:"Hakimiyyət bu susqunluğa olduqca təhlükəli əlamət kimi baxmalıdır"

serdar-1Sərdar CƏLALOĞLU,

Azərbaycan Demokrat Partiyasının sədri

 

 

BU GÜN AZƏRBAYCANDA NƏ BAŞ VERİR?

Azərbaycanda manatın bir an içində 50 faiz dəyərinin itirməsinə və bir gündə xalqın on milyard dollarlarla ölçülən ziyana düşməsinə xalqın susqunluqla reaksiya verməsi hamıda cavabını bilmədiyi iri bir sual yaradıb. Hətta hər bir fərd düşdüyü vəziyyətdə özünün bu dərəcədə sakit olmasını özü üçün belə anlaya bilmir. Bütün bunlar əslində şok vəziyyətinin təzahürüdür.

Azərbaycanda bir gündə milli valyutanın 50 faiz devalvasiyaya uğraması və insanların buna reaksiyası iqtisadi-sosial şok effekti yaratdığını göstərir. Sosial-iqtisadi şok hökümətlərin öz sosial-iqtisadi kursunda kəskin və qəfləti dönüş etməsinin əhalidə yaratdığı reaksiya kimi təzahür edir.

SOSİAL İQTİSADİ ŞOK NƏ DEMƏKDİR VƏ ONU NECƏ ANLAMAQ OLAR?

“Şok” sözü fransız və ingilis dilərində qalxana nizə ilə vurmaqdan götürülmüş “vurmaq” mənasını verir. İqtisadi həyatda qəfləti iri həcmli pisliyə və ya yaxşılığa doğru dəyişilmələrin iqtisadiyyatda əks olunması və həmin dəyişilmələrin insanların sosial həyatında buraxdığı təsir sosial şok adlanır. Beləliklə, sosial şok iqtidarların xalqa sosial-iqtisadi hücümundan və ona vuduğu zərbədən yaranan sosial vəziyyətdir.

Şok” termin kimi daha çox təbabət elmlərində işlənir. Buna görə də yaranmış vəziyyəti yalnız sosial şoku bioloji şokla metafora etməklə anlamaq mümkündür. Elmdə bioloji həyat əsasında siyasi həyatı öyrənən elm antopolitologiya və ya siyasi antropologiya adlanır. Antropolitologiya canlıların, eləcə də insanın bioloji həyatının qanunları əsasında cəmiyyətdə baş verənləri şərh edən bir elmdir.Antropologiya elmindən çox-çox qabaq ictimai şüurun müxtəlif formalarında – qədim dövrlərdə mifologiyada antromorf təsəvvürlər, ədəbiyyatda və incəsənətdə metaforiya, çoxallahlı dinlərdə, xüsusən Misir çoxallahlığında antropomorf Allah obrazları və daha sonralar sosial fəlsəfədə antropoloji təsəvvürlər əsasında cəmiyyətin təşkil, idarə və tənzim olunması ilə bağlı fəlsəfi antropologiya meydana çıxmışdır. “Vətəndaş razılaşmasi” təliminin banisi Russo “hakimiyyətin bölünməsi” nəzəriyyəsini irəli sürərkən məhz insan orqanizmini nümunə götürmüş – Ali qanunverici orqanı mərkəzi sinir sistemi ilə – beyinlə, icra hakimiyətini həzm sistemi ilə, nəzarət hakimiyyətini qan-damar sistemi ilə metafora etmişdir. Elə həmin vaxtlarda başqa bir filosof Uolden “Meşədə” adlı traktatında cəmiyyəti anlamaq üçün meşəyə getdiyini və meşədə gördüklərini insan cəmiyyətinə metafora edərək, cəmiyyətdəki insanları, ayrı-ayrı sosial qrupların davranışlarını anladığını bildirmişdir. Məsələn, o, yalnız gündəlik həyat qayğıları ilə yaşayan meşşanları bir qarından ibarət, qarınqulu “ağac qurduna” oxşatmışdır.

Mən özüm də antropolitoloji prinsiplərə uyğun olaraq, üzvü inkişaf qanunları əsasında ictimai-siyasi proseslərə müdaxilə və onun nəticələri haqqında öz mülahizələrimi elmi məqalələrimdə şərh etmişəm.
Fəlsəfədən elmlərin ayrılma mərhələsində dəbdə olan fəlsəfi antropologiya, antropolitologiya elminin yaranmasını stimullaşdırmışdır. Mən bu kiçik yazımda antropolitoloji təhlil aparmaqla bu günlərdə bütün cəmiyətimizin yaşadığı sosial-iqtisadi şok və bu şokun mümkün nəticələri, o cümlədən çıxış yolları ilə, yəni cəmiyyəti gözləyən hadisələrlə bağlı öz fikirlərimi bölüşmək istəyirəm.

ŞOKUN SİYASİ ANTROPOLOJİ TƏHLİLİ

Sosial antropoloji yaşam sosial şoku bioloji şoka bənzətməklə – metafora etməklə anlamağı tələb edir. Buradan da əvvəlcə kifayət qədər hərtərəfli elm şəkildə öyrənilmiş bioloji şokla bağlı elmi məlumatlar verib, sonra həmin məlumatlar əsasında sosial şoku şərh edəcəyik.

“Şok” çoxmənalı söz olduğundan konkret təyinatı yoxdur. “Şok” sözünün dəqiq mənası müəyyən edilməyib. Sadəcə “şok” sözü altında insan orqanizminin hipotoniya – daxili təzyiqin aşağı düşməsi ilə müşahidə olunan funksional tükənməsi başa düşülür.

Mənasının nə olmasından asılı olmayaraq, şok – müəyyən güclərin energetik faktorlarının insan orqanizmində yaratdığı kritik vəziyyət kimi təzahür edir.

Buradan da sosial şok yaşayan insanların bu günkü vəziyyətinin hakimiyyətin iqtisadi siyasətinin – devalvasiya qərarının onlarda funksional tükənmə vəziyyəti yaratması ilə bağlı olduğu aydın olur. Şoku düzgün olaraq – yaşama şiddətli hücum kimi təyin etmək olar. Şok özü müstəqil təzahür olmayıb, müxtəlif xarici səbəbəblərin nəticəsi kimi, ən ağır bioloji vəziyyəti özündə təqdim edir. Şok mərhələli inkişaf edən bioloji reqressiyadır.

Bunu sosial şoka metafora etsək çıxan nəticə bundan ibarətdir: əhalinin bugünkü durumu hakimiyyətin insanlara xarici ağır fiksal təziyiqləri ilə mərhələli inkişaf edən bir vəziyyət kimi təzahür etmişdir.

Şokdan xilas olmaq üçün səbəb, şokun hansı mərhələdə olması və şoka proyeksiya olunan törədici səbəbin müəyyən edilməsi vacibdir. Bugünkü vəziyyətin səbəbi hamı üçün aydındır. Qlobal iqtisadi böhran və “Holland sindromu” – yanlış neft siyasəti nəticəsində manatın qəfləti və iri miqyaslı devalvasiyası, xalqda sosial iqtisadi şok vəziyyətini başlatmasdır və buna görə bu şok sosial-iqtisadi şokdur.

Hakimiyyət yaranmış vəziyyəti bütünlüklə qlobal iqtisadi böhranla izah etməyə cəhd edir, amma bütün dünyada milli valyutaların devalvasiyası ilə müqayisədə Azərbaycan manatının ən etibarsız valyuta olduğu öz təsdiqini tapır. Ermənistanda təxminən 2 faiz, Gürcüstanda 20 faiz devalvasiya olduğu halda Azərbaycanda 100 faiz devalvasiya olması və bunun məhz neftin dünya bazarıdakı qiymətinin düşməsi ilə bağlı olması göstərir ki, Azərbayacandakı vəziyyət qlobal iqtisadi böhrandan daha çox Azərbaycanın yaşadığı “Holland sindromu” ilə bağlıdır.

İqtisadiyyat elmində iqtisadi artımların xarici faktorlardan sərt asılılığı qeyri-rasional tərəqqi adlanır. Qeyri-rassionallıq insan ağlından asılı olmadan baş verən tərəqqidir. Bu da onu göstərir ki, 1974-cü ildən Azərbaycan iqtisadiyyatinda heç bir rasional addım atılmayib, yəni iqtidarın konkret olaraq heç bir qeyri-neft  iqtisadi siyasəti olmayib.

SOSİAL ŞOKU NECƏ TƏNZİMLƏMƏK OLAR?

Bu gün hamını bir sual düşündürür: yaranmış vəziyyət nə vaxtadək davam edəcək və xalq bu vəziyyətdən nə vaxt və necə çıxa bilər?!

İnsan orqanizminin şokogen təsirin kritik vəziyyətindən sonra yaşaması yalnız hemostazın tənzimlənməsinə sürətli uyğunlaşma ilə mümkündür. Bu o deməkdir ki, ya xalq və dövlət bütünlükdə bu şokdan məhv olacaq, yəni Azərbaycan özünü defolt elan edəcək, ölkə iqtisadiyyatı çökəcək, ya da çox tezliklə sürətlə yeni iqtisadi siyasətə – milli valyutanın üzən məzənnə siyasətinə uyğunlaşacaqdır.

Manatın üzən məzənnə siyasəti iqtidardan düzgün tənzimlənmə siyasəti aparmağı tələb edir. Amma təcrübə göstərir ki, iqtidar yenə də yanlış tənzimlənmə siyasətinə keçmişdir. Manatın dəyərini itirməsi ilə insanların həyat şəraitinin kəskin pisləşməsinin qarşısının alınması indeksasiya siyasəti minimum əmək haqqını devalvasiyaya indeksləmə tələb etdiyi halda, iqtidar bazar qiymətlərini tənzimləmə siyasəti həyata keçirir. Bu siyasət isə  iki səbəbə görə yanlışdır:

Birincisi, bazar iqtisadiyyatı qiymətlərə müdaxiləni yolverilməz hesab edir və bazar iqtisadiyyatının hakim olduğu ölkələrdə heç bir iqtidar süni inzibati yolla bazar qiymətlərini tənzimləmək iqtidarında deyil. Bu siyasət ən yaxşı halda orta və kiçik biznesi iflasa uğradacaq. Baxmayaraq ki, iqtidar qiymətlərə nəzarət etdiyini deyir, amma əsl həqiqqətdə bazarda qiymətlər devalavasyanın tələb etdiyindən də artıq həddə qaldırılımışdır.

İkincisi, bazar iqtisadiyyatının prinsiplərinin pozulması qara bazara keçidi stimullaşdırır. Bu da ölkədə möhtəkirliyə və “qara bazaar”ların təzahürlərinin meydana çıxmasına səbəb olur. Xalqın “qara bazar” prinsiplərinə uyğunlaşması ölkədə maliyyə-vergi nəzarətinin effektini heçə endirəcək, sərvətin bir əldən digərinə ədalətli yolla keçidinin qarşısını alacaq, sərvət  cinayətkar qrupların əlinə keçəcək.

Şokdan sonra tarazlığın bərpası genetik əsasın elastikliyinə təsir edərək bəzi tələblər – dəyişilmələr qoyur və hətta  hüceyrə sisteminin metabiolik ekonomikasında “kəskin mutasiya” tələb edir. Bu prosesi sosial şoka metafora etsək, aydın olacaq ki, xalq susqunluq nümayiş etdirsə də, proseslərin özü – indiki şok vəziyyəti hakimiyyətdən təcili, ciddi siyasi dəyişilmələr tələb etməkdədir. Hansı ki, bunun “kəskin mutasiya”sı koalision hökümət yaratmaqdan, növbədənkənar ədalətli, demokratik seçkilər keçirməkdən və beynəlxalq administrasiya ilə əməkdaşlıq etməkdən ibarətdir. Məhz buna görə Azərbaycan Demokrat Partiyası şokun ilk günündə mövcud kritik durumdan çıxmağın radikal islahatlar paketinə yuxarıdakı ideyaları aid etmişdir.

Şok zamanı ən böyük ağırlıq bir tam kimi funksional təşkil olunmuş sistemin üzərinə düşür. Bu o deməkdir ki, bu günkü şokun ağırlığı bir tam kimi bütün xalqın və dövlətin üzərinə düşmüşdür.İqtisadi böhranların sosial-siyasi böhranlara keçməsi də bununla bağlıdır. Bəzi iqtidar nümayəndələri şokun ağırlığının xalqın üzərinə düşdüyünü zənn edərək, iqtidardan tələb olunan dəyişilmələri əsassız hesab edir və ya buna ehtiyac duymur. Bəziləri isə şüurlu şəkildə şoku dərinləşdirən addım atmaqla xalqı yükləmə siyasətinin tərəfdarı kimi çıxış edir. Bu isə şokun ağırlığının yalnız xalqın üzərinə düşməsinə səbəb olur ki, buradan da sosial destablizasiya meydana çıxma riski artır.

ŞOKDA OLAN ADAMLAR NƏ DÜŞÜNÜR?

“Şok hüceyrəsi – şokun təsirlərini özündə daşıyan ən kiçik vahiddir. Şok hüceyrəsinin metaforası Azərbaycanda sosial şok vəziyyətində yaşayan hər bir vətəndaşdır, hansı ki, ən ağır fəsadlar şok hüceyrələrində, yəni fərdi səviyyədə müşahidə olunur. Bu vətəndaşların psixologiyasında, davranış stilində və düşüncə tərzində fundamental dəyişikliklərin getməsi deməkdir. Ona görə də, şokun başlanğıc mərhələsindəki qısa müddətli sakitlik olduqca çaşdırıcı təsir bağışlayır və hakimiyyəti yeni devalvasiya siyasəti həyata keçirməyə həvəsləndirir. Halbuki bu susqunluğa hakimiyyət olduqca təhlükəli əlamət kimi baxmalı və ildırım sürəti ilə fövqəladə tədbirlər həyata keçirməlidir.

ŞOKA DÜŞƏN İNSANLAR NİYƏ SUSUR?

Şok vəziyyəti özündə insan orqanizminin mühitin aqressiyasına “cavab obrazı”nı təqdim edir: bu obrazlar neyroqalandulyar əmr verən və nəzarət edən sistemlərdə filogenetik kodlaşdırılmışdır.

Bu fikirləri metaforik olaraq sosial şoka aid etsək, onda aydin olacaq ki, insanlarda ağırlaşan sosial-iqtisadi vəziyyətə “cavab obrazı” tarixi şüurda kök salmış ictimai müqavimət və ya milli həmrəylik ideyalarını oyandırmağa başlayır – hansı ki, xalq öz tarixində ağır sosial-iqtisadi vəziyyətlərdə dədə-babalarının getdiyi yollardan birini getməyi qərarlaşdırır, üsyan və inqilablar mərhələsinin ideyalarını və ya hakimiyyətlə xalqın birlikdə vəziyyətdən çıxma ideyalarını yenidən özündə aktuallaşdırmağa və hakimiyyətin iqtisadi şokuna cavab verməyə hazırlaşır.

Bu cavab obrazının ikisindən hansının seçiləcəyi hakimiyyətin antiböhran siyasətindən asılıdır. Müxalifət olaraq biz dərhal iqtidar-müxalifət əməkdaşlığı və milli həmrəylik ideyalarını irəli sürdük. Təəssüf ki, iqtidardakılar vəziyyətin fəlakətli olduğunu hiss etmədən buna əks mövqe nümayiş etdirməkdə və yeni devalvasiyaya hazırlaşmaqdadır.

QORXAN VƏ QAÇAN İNSANLAR

Xarici təzyiqlərə canlıların üç klassik ardıcıl və mərhələli cavab reaksiyası vardır: birincisi, xarici təhlükədən qaçmaq, ikincisi, xarici təhlükəyə müqavimət göstərmək, üçüncüsü, xarici təhlükəyə tabe olmaq. Bu gün şok vəziyyətində olan xalq birinci mərhələyə xas reaksiyanı – qaçmaq reaksiyasınıgöstərir.

Hakimiyyəti çaşdıran və arxayınlaşdıran həyata keçirdiyi siyasətə xalqın susqunluqla – qaçmaqla verdiyi reaksiyadır.

İnsanın şoka reaksiyası – orqanizmdə sürətli tormozlayıcı reaksiya əmələ gəlir. Bu reaksiya həyati funksiyaların ererqodinamik rejiminin ciddi məhdudlaşdırılması ilə müşahidə olunur: orqanizmin filogenetik özünü müdafiəsitemi kimi təzahür edir. Amma insanda bu müdafiə – əlverişli deyil və məğlubiyyət faktorunun kəskinliyinə uyğun gələn ciddi cavab verməkdən yayınmaq cəhdindən ibarətdir və özündə faktiki olaraq həqiqi “qorxaqlığı” təqdim edir. Bu, heyvanların “qaçmasına” uyğundur.

Buradan görünür ki, əslində iqtisadi şoka verilən ilkin cavab – tormozlanma ilə bağlıdır: əksər insan özünü məhdudlaşdırmaya xərclərin kəskin azaldılmasına, ərzaq tədarükünə cəhd edir.Bununla da heyvanların təhlükədən qaçmaqla qurtarmasına uyğun “qaçmaqla” şoka reaksiya verir. Yəni şokun birinci mərhələsi kütləvi sosial qorxu ilə müşahidə olunur və bu qorxu hakimiyyətdən yox, düşdüyü vəziyyətin və qeyri-müəyyən gələcəyin yaratdığı qorxudur. Ona görə, hətta hakimiyyətin inzibati təzyiqi olmadan belə, insanlar şokun ilkin mərhələsinə qorxaqcasına reaksiya verməkdədir.

HİRSLƏ QALXAN ZƏRƏRLƏ OTURAR

“Amma çox tez bir zamanda orqanizm əmin olur ki, yaşamaq üçün açıq döyüşə girməlidir və buna görə sürətli fəaliyyət göstərən katobolik energetik sistemi səfərbər edir. Bu sistemin reaksiyasında təkmil olmur, müvəqqəti olur və bir çox itkilər tələb edir, hansı ki, tezliklə təhlükəli ola bilər. Bu generalizasiya insan orqanizmində icranın əsas yolunda müxtəlif sürətdə ola bilər.” Bu prosesi sosial şoka metafora etsək, aydın olar ki, şoka cavabın ikinci mərhələsi – müqavimət mərhələsi qaçılmazdır. Bir-iki ay ərzində xalq yaşamaq üçün iqtidarın şok siyasətinə qarşı səfərbər olacaq və nəhəng itkilərlə müşahidə olunan kortəbii müqavimət formalarında meydana çıxacaq. Hansı ki, xalq və dövlət çox itkilər verə bilər.

Beləliklə, istənilən aqressiyada canlı orqanizm ya qaçmaqla, ya da xaricə çıxarılan mübarizə reaksiyası verir: aparıcı rolda xarici mühitlə əlaqədə sinir sistemi mühüm rol oynayır.

Sosial həyatda sinir sistemi rolunu iqtidar və müxalifət oynayır. Bu o deməkdir ki, şoka qarşı xalq ya iqtidarın, ya da müxalifətin iştirakı ilə reaksiya verməyə meyillənəcək. Əgər iqtidar düzgün antiböhran siyasəti aparsa – iqtidar, aparmasa – müxalifət xalqı düşdüyü vəziyyətdən çıxarmaq üçün istinad etdiyi vasitə olacaqdır. 

Şokun dinamik mərhələləri: müvəqqəti müdafiənin tormozlanması: vaxt arakəsməsi yaranır, hansı ki, təcili depressiya və ya təcili aqressiya sonrası tarazlığın pozulması meydana çıxır. Şokun dayanıqlığında geridönməz şok əlaməti – anarxiya vəziyyəti yaranır.

Əgər iqtidar gözləmə taktikası tutaraq, islahatları gecikdirsə, adekvat antiböhran tədbirləri görülməsə, xalq depressiyaya girəcək: aqresiyanı üzə çıxaracaq və ölkədə sabitlik pozulacaq, anarxiya inkişaf edəcək. Bu qara bazarların işə düşməsi, 90-cı illərdəki kimi reketlik fəaliyyəti, silahli qruplaşmaların siyasi situasiyaya nəzarəti, hakimiyyətdəki cinayətkar qrupların cəmiyyətdəki cinayət qrupları ilə birləşməsi prosesini meydana çıxaracaq. Bu da sosial anarxiyanın tezliklə başlayacağını göstərir.

ŞOK VƏZİYYƏTİNİN İDARƏ OLUNMASI

Hakimyyət ciddi islahatlar həyata keçirmədikdə, şok vəziyyətini normal hallara uyğun idarəetməyə davam edir. Bu da çox ciddi yanlışlıq olur. Şok zamanı idarəetmədə avtomatik requlyasiya işə düşür.

İqtidarlar yarana biləcək destabilizasiyanı idarə edəcəklərini düşünürlər. Amma biloji şokun tədqiqatı göstərir ki, şok vəziyyətində kibernetika – idarəetmə daha çox avtomatik requlyasiya rejiminə keçir ki, bu da iqtidarın idarəetməsini istisna edir. Nümunə kimi, Nardaran hadisəsini göstərmək olar. Nardaranda baş verən hadisələri kənd ağsaqqalları bir neçə saata yoluna qoya bilərdilər, amma hökümət aylardır ki, bir kənddə prosesi nəzarət altına ala bilmir. Avtomatik tənzimlənmə mərkəzi tənzimləməni istisna etdiyindən “bespredel” adlanan özbaşınalıq vəziyyəti yaradır.

Bu qısa təhlil göstərir ki, iqtisadi-sosial şok iki istiqamətdə çıxışla nəticələnəcək: ya ölkədə milli həmrəylik yaranacaq, radikal siyasi-iqtisadi islahatlarla xalqın iştirakı və gücü ilə bu vəziyyətdən az itki ilə çıxılacaq; ya da Azərbaycan anarxiya, özbaşınalıq və hakimiyyət boşluğu burulğanına düşəcək – hansı ki, sosial inqilabın zəminini təşkil edəcək vəziyyət kimi meydana çıxacaq. 

Şokun mərhələlərini sosial sferalara uyğun iqtisadi, sosial və siyasi mərhələ kimi də təyin etmək olar.İqtisadi mərhələ şokun birinici mərhələsi – iqtisadi böhran mərhələsidir: iqtidarların yanlış iqtisadi siyasətinin nəticəsi kimi meydana çıxır. Sosial mərhələdə şokun ikinci mərhələsi – sosial böhran mərhələsidir, hansı ki, xalqın yanlış, kortəbii müqavimət mərhələsi kimi meydana çıxır. Nəhayət, siyasi mərhələ şokun üçüncü mərhələsi – siyasi böhran mərhələsidir. Bu mərhələ ya hakimiyyətin, ya da idarəetmənin radikal və fundamental dəyişilməsini tələb edir. Çünki böhranı yaradanlar böhrandan çıxara bilməzlər.

İdarəetmənin dəyişilməsi – iqtidardan əvvəlki siyasətindən imtinanı, hakimiyyətin dəyişilməsi – xalqın iqtidardan imtinası deməkdir. Birincisi, qansız, dinc, daha az itki ilə vəziyyətdən çıxmaqla, ikincisi, böhranı daha da dərinləşdirən sosial kataklizmlərlə müşahidə olunacaqdır. Bir partiya olaraq, biz ikinci variantın qəti əleyhinəyik. Yəni indki dərinləşməkdə olan sosial-iqtisadi böhran şəraitində və təhlükəli beynəlxalq siyasi konyukturda hakimiyyətin yox, idarəetmənin dəyişilməsi doğrudur.

İdarəetmənin dəyişilməsi yeni qanuni yolla seçilmiş və daxili və xarici güclər tərəfindən birmənalı etiraf edilən, legitimliyə malik parlamentin formalaşmasından, koalision hökumətin yaradılmasından və beynəlxalq administrasiyanı daxili idarəetməyə buraxmaqdan keçir. Bu 3 təklifin hər üçü ilk baxışdan olduqca qeyri-real və radikal görünə bilər. Amma unutmaq olmaz ki, indi radikal addımlar tələb olunur. Kimlər ki, belə addımları atmaq istəmir, onlar cəmiyyəti və özlərini fəlakətə sürükləyir.

Hər şey iqtidarin seçimindən asılıdır!

Sözardı: Mətbuatdan məlum olmuşdur ki, yaranmış böhrandan xeyli əvvəl Avropa Birliyi Azərbaycan iqtidarını böhranla bağlı xəbərdar etmiş və böhranın təsirlərini azaltmaq üçün 16 bənddən ibarət sosial-iqtisadi və siyasi tədbirlər görməyə çağırmışdır. Azərbaycan iqtidarı bunu Qərbin təzyiqi kimi dəyərləndirib, həmin tədbirlərdən heç birini həyata keçirməyib. Nəticədə bugünkü vəziyyət yaranıb. İqtidar eyni davranışlarını davam etdirəcəyi təqdirdə, Azərbaycanda mövcud şokdan çıxışın böyük itkilər tələb edən yolla inkişaf edəcəyi təhlükəsini qaçılmaza çevirir. Bu böhrandan çıxmaq Qərbin investisiyasını, əlverişli qərb kreditlərini və xarici borcların ödənilməsinin təxirə salınmasını tələb edir. Bunu isə Qərbə düşmən olmaqla əldə etmək mümkün deyil. 




Yuxarı Əvvələ Ana Səhifə