XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

02 İyul 2018 - 15:13

ANKARA TEHRANI SATMADI:“İran bizim önəmli tərəfdaşımızdır” – Təhlil

Stanislav Tarasov

regnum.ru, 30.06.2018

 

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu NTV telekanalına müsahibədə bildirib ki, “İranda vəziyyətin istənilən qarışıqlığı bütün bölgədəki duruma təsir edəcək”.

Bu, təbiidir, Türkiyənin İranla alyansda çıxış etdiyi Suriyada vətəndaş müharibəsi artıq çoxdan geopolitik münaqişənin bütün əlamətlərini qazanıb. İranı bu üçlükdən vurub çıxarmaq durumun keyfiyyətcə, heç olmasa, ona görə dəyişdiyini bildirir ki, İranın Yaxın Şərqdə Suriyadan savayı, demək olar, müttəfiqi yoxdur. Bölgədə Səudiyyə Ərəbistanı və İsrail ona qarşı çıxış edir və yeri gəlmişkən, Türkiyənin də onlarla münasibətləri gərgindir.

Eyni zamanda, İsrailin “Haaretz” nəşrinin yazdığı kimi, Rusiya ilə genişlənən hərbi-texniki əməkdaşlıq üzündən Amerika sanksiyalarının hüdudlarında balanslaşan Ankaranın özü, bir tərəfdən, ABŞ-la münasibətləri pozmamağa, İŞİD-lə mübarizə üçün ABŞ-ın yaratdığı kürd “Xalq Özünümüdafiə Dəstələri” və “Suriya Demokratik Qüvvələri”nin hərbiləşdirilmiş dəstələri, habelə digər kürd qruplaşmaları  probleminin həllində hər halda onunla müttəfiqliyə girməyə çalışır, anlayır ki, Mənbic problemi prinsipcə heç nəyi həll etmir. Digər tərəfdən, özünə hesabat verir ki, kürd istiqamətində Tehran onun üçün dayanıqlı müttəfiqdir. Həm də İŞİD-lə mübarizə Türkiyə və İranı obyektiv şəkildə sabitsizliyin yeni tıxaclarının meydana çıxdığı birləşmiş qablara çevirib.

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan milli maliyyə sistemi və iqtisadiyyatı sarsıtmaq cəhdlərində ABŞ-ı və bütünlükdə Qərbi açıqca ittiham edir. Ölkə inflyasiya-devalvasiya burulğanına yuvarlanıb. “Bloomberg”in məlumatına görə, lirə cari ildə Argentina  pesosu istisna olmaqla inkişaf etməkdə olan ölkələrin valyutalarının devalvasiya tempi üzrə rekordçudur. Mayda Türkiyədə istehlak qiymətləri illik ifadədə 12,15% artıb (noyabrdan bəri ən yuxarı göstəricidir), halbuki bu göstərici apreldə xeyli aşağıydı – 10,85%. Tutuşdurmaq üçün: iki il qabaq Türkiyədə inflyasiya illik ifadədə 8,8% səviyyəsində durmuşdu, bu il üçün rəsmi proqnoz isə cəmi 7% təşkil edib, amma hökumət iddia etməkdədir ki, iqtisadiyyat 2014-2015-ci illərdəki 15%-lik tənəzzüldən sonra hazırda bərpa mərhələsindədir. “Moodyʼs Investors Service” agentliyi Türkiyənin uzunmüddətli reytinqini azaltmaq imkanıyla yenidən nəzərdən keçirməyə qoyub, bu zaman cari balansın böyük kəsirini nəzərə almaqla potensial xarici şoklarla bağlı artan riskə işarə edib. Türkiyə Mərkəzi Bankı bu yaxınlarda ABŞ Federal Ehtiyatlar  Sistemindən öz qızılını çıxartmaq qərarına gəlib.

ABŞ prezidenti Donald Trampın nüvə sazişindən çıxmaq qərarından sonra İranda da buna bənzər nəsə baş verir. İran prezidenti Həsən Ruhani də Ərdoğan kimi ABŞ-ı İrana qarşı iqtisadi savaş açmaq cəhdlərində ittiham edib. Yada salaq: ABŞ bu günlərdə BMT TŞ-nin İrana qarşı sanksiyalarını tətbiq etməyə səy göstərib və başqa ölkələrə, o cümlədən Türkiyəyə İran neftini almaqdan imtina etmək çağırışıyla çıxış edib. Eyni zamanda İran rialının gerçək kursu 2018-in aprelindən, demək olar, iki dəfə düşüb, bir dollara haradasa 90 min riala çatıb. Milli valyutanın sabitləşdirilməsi üçün apreldə mübadilə məntəqələri bağlanıb, amma bunun xeyri olmayıb. Qərb mediası iddia edir ki, devalvasiya kütləvi etirazlara səbəb olub. “Bloomberg” amerikalılar tərəfdən siyasi basqını rialın devalvasiyasının əsas amillərindən biri sayır. ABŞ İran Mərkəzi Bankının rəhbərinə və guya, İslam İnqilabının Keşikçiləri Korpusunun “əl-Qüds” elit briqadasına bağlı bir sıra şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlər alıb. “Wall Street Journal”in qeyd etdiyinə görə, Tramp tərəfdən hədədən sonra xarici banklar ABŞ-la münasibətlərdə problemlərdən qorxaraq İslam Respublikasıyla iş aparmaqdan imtina edir.

Bununla yanaşı, Qərb ekspertləri İrana münasibətdə ABŞ-ın daxili-siyasi sabitliyi pozmaq səylərindən açıqca danışırlarsa, Türkiyəyə nisbətdə hələlik ancaq eyham vururlar. Amma iki qonşu ölkəyə münasibətdə bir ümumi məqsəd qoyulub – xarici siyasətin dəyişilməsinə təsir etmək, iki ölkənin rəhbərlərinin manevr meydanlarını daraltmaq. Amma məlumdur ki, Qərbin Türkiyə və İranı aid etdiyi avtokratik idarəçilik rejimlərdənsə demokratik ölkələrə tətbiq edilən sanksiyalar xeyli daha effektlidir. Eyni zamanda, ABŞ Türkiyəyə münasibətdə onun Rusiya ilə əməkdaşlığını dayandırmağı və İranla münasibətlərini dəyişdirməyi əsas məqsəd qoyursa, alman eksperti Kristian fon Zöstün hesab etdiyi kimi, İranla bağlı sanksiyaların “haçan və hansı halda ləğv edilə biləcəyi aydın deyil”. Nəticədə qəliz iqtisadi duruma görə Türkiyə və İranın fəaliyyətdə olan hökumətlərinə nisbətdə tənqid kəskin çoxalır.

Deyəsən, Ankara öz seçimini edib.

Türkiyə ABŞ-ın İİR-ə qarşı birtərəfli sanksiyalarına görə İranla ticari münasibətləri kəsmək niyyətində deyil, – Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bəyan edib. – İranda istənilən mənfi proses bütün bölgəyə, Türkiyəyə, İraqa, Suriyaya təsir edir. İranda qarışıqlıq və hərc-mərclik heç kimə xeyir gətirməz: nə AB-yə, nə də başqa ölkələrə. İran – bizim mühüm tərəfdaşımızdır və bəzi fikir ayrılıqlarımız olsa da, onunla əməkdaşlığı sürdürəcəyik”.

İran prezidenti Ruhani öz növbəsində “ABŞ-ı diz çökdümək” hədəsi gəlib.

Amma bu, ancaq başlanğıcdır. Tehran uranı zənginləşdirməyin 2015-ci ildə qeydə alınmış miqyasına qayıda bilər. Bəs ABŞ Xəzəryanı bölgədə və Cənubi Qafqazda fəallaşarsa, Ankara sonra necə hərəkət edəcək? Türkiyə millətçilərinin lideri Dövlət Baxçalının proqnozu doğrulacaqmı – buna əsasən, “Türkiyənin ABŞ-la dostluq, alyans, strateji tərəfdaşlıq vizası bitmək üzrədir”.

Və Amerikanın Türkiyə siyasətinin fəallığı qaçılmaz şəkildə strateji seçimin gözlədiyi Azərbaycana münasibətdə təsiri olacaqmı? Hələlik aşkar həlli olmayan başdan-ayağa mürəkkəb geopolitik rebuslar…

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə