XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

02 İyul 2018 - 16:39

TÜRKİYƏ NATO-dan QOPA BİLMİR –Gözlər isə Tramp-Putin görüşündə alınacaq qərarlara dikilib (TƏHLİL)

Soli Özel

“Habertürk”, Türkiyə, 01 iyul 2018-ci il

 

11-12 iyulda  Brüsseldə NATO zirvəsi keçiriləcək. Dərhal da ardınca ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin Finlandiyada görüşəcək. Bu, hər bir fürsətdə müttəfiqlərinə hücum edən, onlara yönəlik ticarət müharibələrinin ilk atəşlərini açan Trampın çox istədiyi bir zirvə görüşüdür. ABŞ “qırğılar”ından sayılan Milli təhlükəsizlik müşaviri Con Bolton tərəfindən təşkil edilən bu görüşdə iki tərəf arasında mövcud olan məsələlərin bir qismi ilə bağlı razılaşma əldə edilməsi gözlənilir.

Əslində, Trampın bu zirvə görüşünün keçirilməsilə bağlı israr etməsində onun dünyaya yanaşmasında Putinə yaxın bir duruşu mənimsədiyinin əlamətləri var. Belə ki, Putinin başlıca dərdi, XIX əsrdə olduğu kimi, böyük dövlətlər arasında əldə edilən razılaşmalarla idarə ediləcək bir dünya nizamında Moskvanın da bərabər söz sahibi olmasıdır. Trampa görə də, dünya böyük dövlətlər tərəfindən idarə edilməli və təbii, söz sahibi ABŞ olmalıdır. Bu baxımdan hər iki tərəf bir-birinə yaxındır.

Belə anlaşılır ki, xüsusilə Suriya məsələsində müəyyən bir yol xəritəsinin şəkillənməsi gözlənilə bilər. Təbii, görüşdən sonra bunlar daha yaxşı anlaşıla bilər. Hər halda orada birgə əldə ediləcək qərarların Türkiyəni nə qədər yaxından maraqlandıracağını ayrıca vurğulamağa da ehtiyac yoxdur.

Brüssel sammiti sadəcə NATO-nun yeni strukturlaşması və üzərinə götürdüyü yeni vəzifələr baxımından deyil, Trampın Putinlə görüşə necə bir mövqe ilə gedəcəyini müəyyən etməsi baxımından da önəmlidir.

Elə ötən gün Tramp təyyarəsindəki jurnalistlərə Almaniyanın və digər Avropa ölkələrinin öz üzərlərinə düşən maliyyə öhdəliklərini yerinə yetirmədikləri üçün ABŞ-a nə qədər haqsızlıq etdiklərindən şikayət edirdi. Xüsusilə Almaniyanın öz müdafiə xərclərini artırmaması ABŞ prezidentini çox narahat edir. Kaprizli prezident bu səbəblə yaxınlarda keçirilən son G-7 sammitindəkinə oxşar bir mövqe tutaraq, fikir ayrılıqlarının dərinliyini gözlər önünə sərəcək bir formada davranarsa, Putin, qarşısındakı ittifaqın dağılmaqda olduğunu rahatlıqla hiss edəcəkdir.

Tramp, NATO-dan nə qədər xoşlanmasa və hər fürsətdə müttəfiqlərinə hücum etsə də, təşkilat özünü qarşıdakı dövrdə üzərinə götürəcəyi vəzifələrə hazırlayır. Bu mövqenin istəklərimi, yoxsa ittifaqın həqiqi gündəliyini və gələcəyinimi əks etdirdiyini isə zaman göstərəcək.

Murat Yetkinin (“Hürriyet Daily News”un baş redaktoru – tərc.) yazısındakı detallar bu yeni missiya müəyyənetmədə və buna uyğun addımların atılmasında Türkiyənin necə ön plana çıxdığını da göstərir. “Türkiyəyə verilən yeni NATO vəzifələri” başlıqlı yazısında Yetkin qeyd edir ki, “Trampın prezident Ərdoğanla təbrik məqsədilə apardığı telefon danışığında tərəflər həm ikitərəfli əlaqələrə, həm də Ankaranın NATO-da üzərinə götürə biləcəyi yeni məsuliyyətlərə toxunmuşlar.

Hollandiyadakı koalisiya hökumətinin üzvlərindən biri Türkiyəyə hücum edildiyi halda onu müdafiə etməməkdən bəhs edərkən, bu ölkənin Almaniya, İngiltərə, Fransa, İtalya, İspaniya və Polşa ilə birlikdə təsis etdiyi “Çox Yüksək Hazırlıq Səviyyəli Birgə Tapşırıq Qüvvəsi”nin (VJTF) komandanlığını 2021-ci ildə Türkiyənin öz üzərinə götürməsindən söhbət gedir. Bu qüvvə 2002-ci ldə yaradılan və Türkiyənin də içində yer aldığı NATO Təcili Madaxilə Birliyinin (NRF) “Nizə Ucu”, yəni, “Öncü Qüvvəsi” olaraq düşünülüb”.

Bununla birlikdə, “bəlkə də alınacaq ən önəmli qərar olması gözlənilən NATO Hazırlıq Təşəbbüsü (NRİ) də var. Türkiyə daxil olmaqla, bütün üzv ölkələr tərəfindən qəbul edildiyi təqdirdə, böhran yaranması halında 30 gün ərzində hərbi müdaxilə üçün istifadə edilə biləcək formada 30 döyüş batalyonu (cəmi 30 min hərbçi), 30 döyüş gəmisi və 30 döyüş təyyarəsi flotunun bir komanda altında toplanması nəzərdə tutulur. Bu məqsədlə üzv dövlətlərdən 2020-ci il sammitinədək hansı birlikləri bu təşəbbüsə qatılmaq üçün ayıra biləcəklərini bildirmələri istənəcək”.

Başqa bir yenilik isə, Türkiyənin Qara dənizdə də NATO-nun daha artıq mövcudluq göstərməsinə, Montrö Anlaşması pozulmadıqca və Rusiyanı təhrikedici hərəkətlər edilmədikcə, razılıq verməsi və gələcəkdə daha çox NATO məsuliyyətini öz üzərinə almasıdır.

Kadir Has Universitetinin xarisi siyasət üzrə keçrdiyi rəy sorğusuna görə, cəmiyyətin 70%-nin amerikan düşmənliyinə və bu ölkəni (ABŞ-ı – tərc.) təhdid olaraq qəbul etməsinə baxmayaraq, Türkiyənin NATO-ya üzv olmasından yana olduğu ortaya çıxıb. Bu baxımdan yeni baş verən hadisələr bu duyğuya uyğundur. Ancaq prosesin hamar şəkildə irəliləməsi üçün ABŞ ilə Türkiyə arasındakı mövcud problemlərin də hansısa bir formada həll yoluna girməsi lazım olacaq.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə