Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub.
APA-nın əldə etdiyi məlumata görə, icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib. Hücum nəticəsində icra başçısının mühafizəçisinin yaralandığı bildirilir.
İlkin məlumata görə, E. Vəliyev hadisə nəticəsində xəsarət almayıb. Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər. Məlumatda hücum edən şəxsin saxlanıldığı bildirilir.
***
Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun təfərrüatı məlum olub.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan şəxs olduğu bildirilir. Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.
E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan Yunis Səfərov olduğu bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
***
Musavat.com-un Gəncədəki qaynaqları isə iddia edirlər ki, Azərbaycanın ən güclü icra başçılarından olan Elmar Vəliyevin özü də yaralıdır və hazırda Gəncədə, xəstəxanada müalicə alır.
Bəzi iddialara görə isə, onun yaralı olan mühafizəçisi keçinib. Bu barədə bir çox qaynaqlar təsdiqedici məlumatlar yayıblar.
***
Oxu.Az-ın əldə etdiyi məlumata görəsə, E. Vəliyev Gəncədə univermağın qarşısında silahlı hücuma məruz qalıb.
Hadisə nəticəsində Elmar Vəliyevin mühafizəçisi həlak olub. Yaralı icra başçısı isə Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
***
“Report” İnformasiya Agentliyinin yerli mənbələrə istinadla yaydığı məlumata görəsə, bu gün axşam saatlarında silahlı hücuma məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev xəstəxanada dünyasını dəyişib. Ancaq sonradan Elmar Vəliyevin ailə üzvlərinə istinadla xəbər təkzib edilib. Buna baxmayaraq, soial şəbəkələrdə və bir sıra saytlarda hələ də Elmar Vəliyevin öldüyü xəbəri yayılır…
***
“Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd olub”.
Bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “BBC News Azərbaycancan”a bildirib.
“Bununla bağlı narahatlığa əsas yoxdur. Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Mühafizəçisi xəsarət alıb. Söhbət adi kriminal hadisədən gedir. Cinayəti törədən şəxs polis tərəfindən yaxalanıb”, – deyə Əli Həsənov bildirib.
***
“Report” İnformaiya Agentliyi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən silahlı hücumun təfərrüatları barədə əlavə informasiyalar yayıb.
“Report” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, hadisə nəticəsində icra başçısı ağır yaralanıb, polis əməkdaşı olan mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.
İcra başçısı yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan vertolyotla Bakıya göndərilib.
Hadisə axşam saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydanda baş verib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.
İlkin məlumatlara görə, o, Rusiya vətəndaşıdır. Həmin şəxs ötən il Gəncə şəhərində mühafizə polisinin əməkdaşını döyərək xidməti silahını əlindən alıb və hadisə yerindən qaçdığı üçün axtarışa verilib.
Həmçinin bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.
Faktla bağlı Daxili İşlər Nazirliyi məlumat yayacaq.
***
Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi xidmətinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumatda deyilir:
“2018-ci il iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhərİcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və xəstəxanaya yerləşdirilmişlər.
Сinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilmişdir.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.
Hazırda cinayətdən zərər çəkmiş Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə olunmuşdur.
Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələri barədə əlavə məlumat veriləcəkdir.
Həyata keçirilən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir”.