XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 İyul 2018 - 12:28

TEHRAN MOSKVANIN DAVRANIŞLARINDAN DAHA ÇOX EHTİYATLANMAĞA BAŞLAYIB –Rusiyaya əvvəlki inam niyə sarsılıb? - TƏHLİL

Mərvan Kabalan

“Əl-Cəzirə”

 

Suriyadakı vətəndaş müharibəsi sona yaxınlaşdıqca, İranın bu ölkədəki fəaliyyəti daha diqqətlə izlənilir. ABŞ, İsrail və Körfəz ölkələri İranın Suriyadakı hərbi varlığını dayandırmaq və qeyri-mümkün etməyə çalışır, əks halda, münaqişənin həllini görmürlər.

Tramp administrasiyası İranın regiondakı iddialarına, sələfi kimi, tolerant deyil. Pentaqon, Suriya ərazisi vasitəsilə İraqdan Livana bir quru dəhliz qurmağı dayandırmaq üçün İŞİD-in məğlubiyyətindən sonra da Suriyadakı ABŞ hərbi varlığını qoruyur.

Ötən il ərzində ABŞ-ın koalisiyası İranın dəstəklədiyi milisləri İraq sərhədinin yaxınlığında – Fərat çayının şərq sahilində dayandırmağı bacarıb.

ABŞ bu milislərin Suriya ilə İraq arasında, İordaniya sərhədinə yaxın olan Tanf sərhəd qapısına irəliləyişinə sədd çəkib, Bağdad-Şam yolunda monitorinqi davam etdirir.

Ötən il İsrailin Suriyaya dair siyasətində də dəyişiklik olub. 2011-ci ildə Suriyadakı vətəndaş müharibəsinin başlanğıcından başlayaraq 2017-ci ilin ortalarına qədər İsrailin soyuqqanlılığı İranın xeyrinə işləyib. Bu dövrdə İsrail Suriyadakı rejimin davamlılığını təmin etmək və müxalifətin qələbəsinin qarşısını almaq məqsədi İran hərbi varlığına müsbət təsir göstərib. O, Suriya münaqişəsini təhdid kimi qəbul etməyib, çünki bölünmə hər iki tərəfdə düşmənlərini zəiflədib. Ancaq keçən il İsrailin siyasəti İran strategiyasına cavab olaraq dəyişib.

Münaqişənin başlanğıcından bəri İranın əsas məqsədi Əsədin müdafiəsidir. Lakin keçən il Əsədin müharibəni udduğu aydın olduğundan Suriyada İsrailə meydan oxumaq üçün Tehran daimi hərbi mövcudluğun qurulması istiqamətində işə başlayıb. İranın son oyunu Suriya hökumətinə sadiq, Livandakı “Hizbullah”ın oxşarını yaratmaqdır və bu, İsrailin maraqlarına birbaşa təhlükədir.

2017-ci ilin iyulunda İsrail işğal olunmuş Colan Təpələrindən ən azı 40 kilometr uzaqlıqdakı İran qoşunlarından qorunmaq üçün ABŞ, İordaniya və Rusiya arasındakı hərbisizləşdirmə sazişinə bir bənd əlavə etməyə çalışıb, amma uğursuz olub. Nəticədə, işi öz üzərinə götürmək qərarına gəlib. 2018-ci ilin əvvəlindən etibarən İsrail hava qüvvələri Suriyadakı İran bazaları və postlarına hərbi hücumları gücləndirib.

Rusiya, şübhəsiz, gərginliyin artmasından narahatdır, lakin bunu həm də fürsət kimi qiymətləndirir. Suriyadakı iki regional düşmən arasında qarşıdurma onun Əsəd rejiminin sağ qalmasını, Suriya ordusunun, dövlət bürokratiyasını və təhlükəsizlik aparatlarını yenidən qurmağı hədəfləyən strategiyasını poza bilər. Ancaq Moskva İsrailin təzyiqini Tehranın onun Suriya siyasətinə uyması naminə məcburiyyət kimi istifadə edə bilər.

Rusiya qüvvələri tərəfindən dəstəklənən rejim ordusunun Dəraya hücumu göstərir ki, ruslar və israillilər artıq Suriyanın cənub-qərbində bir sıra ümumi maraqları müəyyən ediblər.

“Washington Post” qəzetinin verdiyi məlumata görə, Suriya rejiminə cənub-qərbindəki müxalif ərazilərdə nəzarətini bərpa etməsinə icazə vermək üçün İranın Colan Təpələrindən uzaqlaşdırılması barədə razılığa gəlinib.

Ruslar daha da irəliyə getməyə hazır görünürlər. Onlar Suriyadakı ABŞ hərbi varlığını İranla dəyiş-düyüş etmək üçün Trump administrasiyası ilə daha geniş bir razılıq əldə etmək istəyirlər. Bu, ABŞ-ın öz qoşunlarını Fəratın şərqindəki kürd-Suriya torpaqlarından və ölkənin cənub-şərqindəki əl-Tanf bazasından çıxarılması deməkdir.

Bu seçim milli təhlükəsizlik müşaviri Con Boltonun iyunun 27-də Moskvaya səfəri zamanı müzakirə edilib, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək Helsinki sammitində yekunlaşacaq.

Belə bir razılıq halında, İrandan başqa demək olar ki, hər kəs xoşbəxtdir. Suriya mülki münaqişəsində ən böyük qaliblər olaraq ortaya çıxan israillilər, Körfəz ölkələri, Əsəd rejimi, amerikalılar və həqiqətən də ruslar olacaq.

Müxalifətin irəliləyişlərini dayandıra bilmədikdən sonra Suriyadakı rejimin mühafizəsinə kömək etmək üçün 2015-ci ildə Rusiyaya dəvət göndərən İran idi. Ruslar bu çağırışı cavablandırıb və Əsəd rejimini xilas edib, amma onlar ilk fürsətdə iranlıları avtobusdan atmağı planlaşdırırlar.

Son aylarda iranlılar Suriyada və digər yerlərdə Rusiyanın siyasətindən daha çox ehtiyatlanırlar. Onlar “S-400” də daxil olmaqla, ölkədə yerləşdirilən hava hücumundan müdafiə sistemlərinə baxmayaraq, Suriyadakı İsrail hava qüvvələrinin həmlələrini dayandırmaq üçün rusların heç bir şey etmədiklərindən şikayətlənirlər. Bu, Rusiyanın Suriyada israilliləri İrana qarşı təhrik etməsi inamı doğurub.

Tramp ABŞ-ı İranın nüvə razılaşmasından çıxarmaq qərarına gəldiyi zamandan ruslar da ikibaşlı mövqe tutublar. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov hətta İranı müqaviləni xilas etmək üçün bəzi güzəştlər etməli olduğunu bildirib. Zədəyə təhqir də əlavə etmək üçün Rusiya neft istehsalının artırmaq üçün İranın ərəb düşməni – Səudiyyə Ərəbistanı ilə tərəfkeş olub.

OPEK-in son iclasından əvvəl Rusiya İrana bu məsələ ilə bağlı təzyiq göstərib. Rusiya və Səudiyyə Ərəbistanı ABŞ-ın avqustda qüvvəyə minəcək İrana qarşı sanksiyalarının nəticəsi olaraq yarana biləcək neft bazarında hər hansı çatışmazlığı doldurmağı planlaşdırır.

Son yeddi ildə İran Suriyaya xeyli sərmayə qoyub. O, Əsəd rejimini həm maliyyə, həm hərbi dəstəklə təmin edib. Suriyadakı yüzlərlə “inqilab keşikçisi” – “Qüds” qvardiyaçısı öldürülüb.

BMT-nin xüsusi nümayəndəsi Steffan de Misturanın sözlərinə görə, İran hər il Əsədin dəstəklənməsi üçün 6 milyard dollar xərcləyir. Sərmayələrini geri qaytarmaq üçün o, Suriyadakı müharibədən sonrakı yenidənqurmanın böyük bir hissəsini almağa ümid edir. Bütün bu investisiyalar artıq itirilmə riski altındadır.

Həqiqətən də, İran öz geosiyasi oyununda çox əhəmiyyətli bir aktiv olan Suriyadan çıxarılmama üçün hər cür cəhdə baş vuracaq. Bu itki onun İraq üzərindəki nüfuzunu zəiflədər və onun əsas ittifaqı olan “Hizbullah”la quruduğu Livana birbaşa quru yolu bağlayacaq.

Bu, İranın bütün Yaxın Şərq layihəsinin dağılmasına səbəb ola bilər. Bir İran rəsmisinin sözlərinə görə, Suriya İran üçün neftə zəngin cənub əyaləti Xuzistandan daha çox vacibdir.

Ancaq İranın variantları məhdud görünür. Yeni ortaya çıxan ABŞ-Rusiya-Ərəb-İsrail oxuna qarşı çıxmaq çox çətin olacaq.

Ümumən, Suriyadakı vətəndaş müharibəsi – bir zamanlar İranın ən böyük regional qələbəsi kimi görünən münaqişə – yaxın gələcəkdə ən böyük regional uğursuzluğa çevrilə bilər.

 

Tərcümə: Strateq.az