XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2018 - 21:37

AVROPA İRANA QUCAQ AÇIR…- Trampın İrana qarşı təhdidləri Tehranla Avropanı necə yaxınlaşdırır?

ABŞ İran neftinə sanksiya tətbiq etməyə hazırlaşır. Və Tehranın tərəfdaşlarını növbəti sanksiyalarla hədələyir. Buna cavab olaraq İran Hörmüz boğazını bağlaya biləcəyini bəyan edir. Birləşmiş Ştatların İranla nüvə sazişindən çıxmasından sonra Tehran bu məsələdə ABŞ-ın mövqeyini bölüşməyən və anti-İran sanksiyalarına qarşı çıxan Avropa ölkələrinin dəstəyini qazanmağa çalışır. ABŞ-la onun müttəfiqləri arasında dərinləşən fikir ayrılıqları fonunda İran prezidenti Həsən Ruhani Avropa turnesinə çıxıb.

Ruhaninin Avropa turnesi iki günlük İsveçrə səfəri ilə başladı. Həmin ərəfədə ABŞ Dövlət Departamenti bəyan etdi ki, Vaşinqton sanksiya tətbiq edərək İranın neft gəlirlərini sıfıra endirməyi düşünür. Ağ Ev isə xəbərdarlıq etdi ki, İranla əməkdaşlığı saxlayan ölkələr də sanksiyaya məruz qala bilər.

Ruhani bu ultimatumu cavabsız qoymadı. İsveçrə prezidenti Alen Berse ilə birgə keçirdiyi mətbuat konfransında bildirdi ki, elan edilən neft embarqosu qeyri-real ideyadır. Çünki onu hətta ABŞ-ın öz müttəfiqləri belə, dəstəkləmir: “Fikrimcə, bəzi ABŞ rəsmilərinin İranın neft ixracını sıfıra endirməklə bağlı arzuları boş söhbətdən başqa bir şey deyil”.

Ruhani bildirdi ki, ABŞ-ın İrandan neft ixracını məhdudlaşdırmaq cəhdləri bütün Yaxın Şərqdə neft sənayesinə və Avropa Birliyinin enerji qaynaqlarına təhdid yaradır. İran lideri onu da əlavə etdi ki, ölkəsinin maraqları razılaşmanı imzalayan ölkələr tərəfindən qorunduqca, Tehran 2015-ci il nüvə sazişində qalacaq.

İsveçrə prezidenti isə qeyd etdi ki, ABŞ-ın sazişdən çıxması İranın nüvə böhranının tənzimlənməsinə dair əldə olunan razılaşmanın gələcəyini təhdid edir.

İran və İsveçrə Berndə quruda sərnişin və yükdaşıma sahəsində əməkdaşlığa dair saziş də imzaladı.

Həsən Ruhani iyulun 1-də başlayan Avstriya səfərində də dəstək gördü. Vyanada təmtəraqlı mərasimlə qarşılanan Ruhani prezident Aleksandr Van der Bellenlə görüş keçirdi. İranla nüvə sazişini ciddi diplomatik nailiyyət adlandıran Avstriya lideri Tehrana qarşı sanksiyaları beynəlxalq hüququn pozulması kimi qiymətləndirdi.

Van der Bellen onu da bildirdi ki, Avstriya və Avropa Birliyi İranla iqtisadi münasibətləri inkişaf etdirməyin tərəfdarıdır.

Bu arada, iyulun 1-dən Avropa Birliyi Şurasına sədrlik Avstriyaya keçib. Avropa Birliyinə üzv olduğu 1995-ci ildən bu yana Avstriya üçüncü dəfədir ki, AB Şurasına sədrlik edir. Bundan əvvəl Avstriya 1998-ci və 2006-cı illərdə Şuranın sədri olub.

Yuxarıda da qeyd etdiyimiz kimi, İran bəyan edib ki, ABŞ Tehrana qarşı sanksiyaları bərpa etsə və neft ixracına qadağa qoysa, Hörmüz boğazından neft daşınmasını bloklayacaq. Dünya neftinin 20 faizi bu boğaz vasitəsilə daşınır.

OPEK+ üzvləri isə qiymətləri stabilləşdirmək üçün hasilatın artırılmasına qərar veriblər. Bununla belə, “Brent” markalı neftin qiyməti bahalahmaqda davam edir. İyulun 5-də bir barrelin qiyməti 78 dollar olub. Halbuki OPEK+ üzvlərinin məlum qərarından əvvəl – iyunun 19-da qiymət 74 dollar idi.

Neftlə yanaşı, bir neçə həftədir benzinin də qiymətində artım olub. Və bu artım ABŞ prezidentinin sərt etirazına səbəb olub.

Tramp “Twitter” hesabından paylaşım edərək bildirib ki, OPEK ölkələri benzinin qiymətinin azaldılması üçün kifayət qədər səy göstərmirlər. “Qiymətləri dərhal endirin”, – deyə ABŞ lideri çağırış edib.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” – Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv olunur.

2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu deyib.

Vaşinqton 12 tələb irəli sürərək onların icra olunacağı təqdirdə İranla yenidən dialoq qura biləcəyini bəyan edib.

Bu şərtlərə görə İran özünün hərbi və nüvə proqramı üzrə apardığı fəaliyyətinin bütün detallarını Beynəlxalq Atom Enerjisi Agentliyinin ixtiyarına verməli, agentlik müfəttişlərinin istənilən vaxtda hərbi və nüvə təsisatlarına baxış keçirməsinə şərait yaratmalıdır.

İran, uranın zənginləşdirilməsi üzrə fəaliyyətini dayandırmalı, heç vaxt pluton emalı ilə məşğul olmamalı, ağır su təsisatlarını qapatmalıdır.

İran, nüvə başlıqları daşımağa qadir olan ballistik raketlərin istehsalını dayandırmalı, nüvə silahı istehsalı üzrə apardığı əvvəlki proqramların məzmununu açıqlamalı, terrorizmə, o cümlədən də “Həmas”, “Hizbullah” və “İslam cihadı” kimi terrorçu qruplaşmalara dəstəyinə son qoymalıdır.

İran bölgədə, xüsusən də Yəməndəki şiə yaraqlılarına dəstəyini dayandırmalı, öz hərbi hissələrini Suriyadan çıxarmalı, Əfqanistanda “Taliban”a və digər terrorçu qruplaşmalara dəstəyindən əl çəkməlidir.

İran “Əl-Qaidə” terror təşkilatının rəhbərlərinə və onun komandirlərinə ev sahibliyi etməkdən əl çəkməli, region ölkələrinə, o cümlədən də öz qonşularına qarşı təhdid siyasətinə son qoymalıdır.

İran həmçinin bu ölkədə həbsdə saxladığı bütün Amerika vətəndaşlarını azadlığa buraxmalı, kiberhücumlarını dayandırmalıdır.

Eyni zamanda, ABŞ-ın regiondakı əsas müttəfiqləri olan İsrail, Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanının ünvanına bütün təhdidləri dayandırmalıdır.

Bu arada, iyulun 6-da İranın və nüvə sazişində iştiraklarını davam etdirən 5 ölkənin – Britaniya, Fransa, Rusiya, Almaniya və Çinin xarici işlər nazirləri Vyanada görüşəcək və nüvə sazişini qoruyub saxlamağın yollarını müzakirə edəcəklər.

Strateq.az