XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2016 - 22:18

İrana qarşı sanksiyalar ləğv olundu:Cənub qonşumuz gücünü və təsirini regionda xeyli artıracaq

zarifİrana qarşı sanksiyalar bu gündən etibarən ləğv ediləcək”.

Strateq.az xəbər verir ki, İranın Xarici İşlər naziri Cavad Zərif belə deyib.

Vyanada ABŞ-lı həmkarı Con Kerri ilə görüşən C.Zərif öz xalqını “bu gün İran üçün ən xoş tarixi anlardandır” deyərək müjdələyib.

İranın baş diplomatının bu sevinci səbəbsiz deyil, əlbəttə. Təhlilçilərin fikrincə, sanksiyaların ləğvindən sonra İran həm xarici banklarda dondurulmuş 10 miyardlarla dollar vəsaitini götürə, həm də dünya bazarına daha artıq neft çıxara biləcək.

İranın qarşısındakı əngəllər qaldırıldığı üçün bundan sonra sürətlə inkişaf edib Yaxın Şərqin parıldayan yeni ulduzuna çevriləcəyi gözlənilir. Güman olunur ki, ölkə regionun digər ölkələrindən fərqli olaraq, sahib olduğu sənaye potensialını daha artıracaq, bölgənin ən böyük təsir gücünə çevriləcək.

Sanksiyaların ləğvindən sonra Avropa və Asiyanın böyük şirkətlərini özünə cəlb edən Tehranın neft yarışında da bir çox xəyalları puç edəcəyi gözlənilir. Təsadüfi deyil ki, onun ən böyük rəqibi sayılan Səudiyyə Ərəbistanının öz alıcılarını itirməmək üçün indidən neft hasilatını artırdığı, hətta öz “qara qızılının” qiymətini 25 dollara qədər endirdiyi xəbər verilir. Sözsüz ki, yeni fürsətlər dövrünün tələblərinə uyğun olaraq İran da eyni addımı atacaq, iki böyük neft nəhənginin rəqabəti qiymətləri daha da aşağı salacaq.

İrana qarşı sanksiyaların ilkin təzahürləri hələ bu embarqolar ləğv olunmadan öncə özünü göstərməyə başlayıb. Məlum olduğu kimi, ABŞ-ın neft hasilatını artırması və onu ixrac etməsiylə bir müddət əvvəl qlobal bazarda “Texas” markalı neft 5-6 dollar daha ucuz idisə, indi Avropa qitəsinin brendi olan “Brent” markalı neftin qiyməti daha aşağı düşüb. Bu həftə London birjasında “Brent” markalı neft 29.24, Amerika birjalarında isə “WTI” markalı neft 29.70 dollardan təqdim edilərək həftəni başa vurub. Gələn həftə bu fərqin daha da böyüyəcəyi gözlənilir.

İrana qarşı sanksiyaların ləğvinin ən ciddi zərbələrindən biri də Azərbaycana dəyəcək.Azərbaycan neftinin ən yaxşı halda dəyəri xeyli aşağı düşəcək, ən pis halda isə o, ümumiyyətlə, alıcılarını itirəcək. Bundan sonra tək Azərbaycanın yox, digər kiçik hasilatçıların da “kitabının bağlanması” ehtimal olunur. Bizim kimi ölkələrin neftini alanlar bunu, sadəcə, acından ölməyək deyə edəcəklər. Yəni böyük hasilatçıların kəskin rəqabəti nəticəsində kiçik istehsalçılardan neft alışları iqtisadi yox, siyasi motivlərə əsaslanacaq.

Bir sözlə, iqtidar ideoloqlarının “dünya bizim “qara qızılımıza” möhtac olduğu kimi, qara gözümüzə də aşiq olmalıdırlar” fəlsəfəsi artıq öz əhəmiyyətini itirir. Azərbaycan hakimiyyətinin Qərblə son zamanlar münasibətlərini korlaması şəraitində ölkəmiz tamamilə iflasa uğraya bilər. Nədən ki, dünyanın nəzərində qara qəpik qədər hörməti qalmayan “qara qızılımız” hələ də iqtisadiyyatımızın qan damar sistemini təşkil etməkdədir. Neftin qiymətinin ucuzlaşmasıyla çöküş astanasına dirənən ölkəmiz neftsiz daha dəhşətli durumlarla üzləşə bilər.

Digər bir təhlükə isə iqtisadi cəhətdən getdikcə güclənən İranın bölgədə öz təsir gücünü artırmaq ehtimalı ilə bağlıdır. Onun strateji məqsədləri arasında Azərbaycan milli dövlətçilik ənənələrinin sıradan çıxarılması hədəfi mühüm yer tutduğundan ölkə rəhbərliyi cənubdan gələ biləcək hər cür təhlükəyə hazır olmalıdır.

 

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə