XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

10 İyul 2018 - 22:10

“PUTİN DİKTATOR, LAVROV XULİQANDIR!”- Amerikalı senatordan Moskva səfəri sonrası şok açıqlamalar

Bir neçə illik fasilədən sonra bir qrup amerikalı senator bugünlərdə Rusiyaya səfər edib. Prezidentlər Donald Trampla Vladimir Putinin Helsinki görüşünə bir növ, hazırlıq məqsədi daşıyan səfər zaman senatorlar Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Federasiya Şurası və Dövlət Dumasında olublar, siyasilər və ictimai fəallarla görüşlər keçiriblər. Rəsmi görüşlərlə bağlı ilkin təəssürat nikbin olub. Hər iki tərəf səfərin ABŞ-Rusiya münasibətlərinin yoluna düşməsinə töhfə verə biləcəyini bildirib. ABŞ nümayəndə heyətinin rəhbəri Riçard Şelbi də bu cür görüşlərin hər iki ölkənin xeyrinə olduğunu deyib. Rus parlamentarilər isə Birləşmiş Ştatlara cavab səfərinə hazırlaşacaqlarını bəyan ediblər.

Bütün bunlardan sonra Rusiyada olan senatorlardan Con Nilli Kennedi Qərb mətbuatına səs-küylü açıqlamalar verib. Respublikaçı senator bildirib ki, Rusiya hökuməti ilə əlaqə qurmaq mafiya ilə əlaqədə olmaq kimi bir şeydir: “Rusiyada siyasi fəlsəfə yoxdur. Onların fəlsəfəsi pul və gücdür. Bu Putinin də fəlsəfəsidir. O, ölkəni dəmir əllə idarə edən diktatordur”.

Senator Rusiya XİN rəhbəri Sergey Lavrovu isə “xuliqan” adlandırıb. Trampla Putinin görüşündən ciddi irəliləyiş gözləmədiyini deyən Kennedi hesab edir ki, Rusiya prezidentinə etibar etmək olmaz.

Putinin mətbuat katibi Dmitri Peskovdan Rusiya hakimiyyətini mafiya ilə müqayisə edən amerikalı senatorun bəyanatına operativ reaksiya gəlib. Kremlin sözçüsü ABŞ siyasi elitasının stereotiplərin əsiri olduğunu deyib: “Əlbəttə ki, belə sözləri başa düşmək çətindir. Mən, onların dediklərinin hansı kontekstdə olduğunu bilmirəm. Senator həqiqətən də burada olub, ölkəyə baxmaq və ölkə rəhbərliyi ilə söhbət etmək imkanı olub. Biz çəhrayı eynək taxmırıq və gözəl başa düşürük ki, ABŞ-ın siyasi elitası stereotiplərin əsiridir və qorxunc daxili rusofob təzyiq altındadır(apa).

Amerikalı senatorun açıqlamalarına görüşlərdə iştirak edən rus rəsmilər də münasibət bildirib.

Rusiya Dövlət Dumasının komitə sədri Anatoli Aksakov amerikalılarla görüşdə sərt məsələlərin qaldırılmadığını, senator Kennedinin orada məlum bəyanatlar səsləndirmədiyini bildirib: “Lakin hiss olunurdu ki, o, dialoqa hamıdan daha az köklənib. O, “Suriyadan çıxın”, “Seçkilərə müdaxilə etməyin” kimi, şüarlara bənzəyən fikirlər səsləndirirdi. Deputatlar buna sakit reaksiya verirdi. Mən hətta onu Krıma dəvət etmək istədim ki, insanlarla təmas qurub nə baş verdiyini daha yaxşı anlasın. Lakin qanun layihəsini təqdim etmək üçün getməli oldum”.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Kennedinin fikirlərində drammatik nəsə görmədiyini bildirib: “Əvvəla bu fikirlər ABŞ-dakı auditoriyaya hesablanıb. İkincisi, gözləmək olmaz ki, ilk görüşdən sonra dərhal qarşılıqlı anlaşma baş verəcək. Üçüncüsü də, hamı təsdiqlədi ki, dialoqu davam etdirmək lazımdır. Heç kim, eləcə də Kennedi buna qarşı çıxmadı”.

Rusiya Federasiya Şurasının rəsmisi Andrey Klimov görüş zamanı senator Kennedinin partizan kimi susqun olduğunu xatırlayır: “Sanki ağzına su alıb oturmuşdu. Senator Riçard Şelbi ondan sualının olub-olmadığını soruşanda isə heç nə danışmaq istəmədi. Kennedi Rusiyadan uzaqlaşdıqca daha çox açıqlama verir. Əvvəlcə müsahibə verərək bildirdi ki, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olunmalıdır. Bir qədər sonra mafiya haqda açıqlama verdi. Kennedi soyadı əlbəttə ki, məşhurdur. Biz bu soyadda olan adamlar tanımışıq. Amma onlar daha müdrik idilər. Və onlar bilirdilər ki, ölkəmiz haqda necə və nə zaman danışmaq lazımdır”.

Rusiya Federasiya Şurasının komitə sədri Konstantin Kosaçev də senator Kennedinin görüşdə heç nə danışmadığını bildirir: “Hətta senator Şelbi ona müraciət edəndə cavab verdi ki, heç bir sözü yoxdur. Belə çıxır ki, dediklərimizi eşitməyib və bizə nəsə deməyə ehtiyac duymayıb. Təəssüflər olsun. Axı bu, dialoq üçün real şans idi. Onun səfərdə iştirakı ilə bağlı onu deyə bilərəm ki, amerikalı vergiödəyicilərinin vəsaitləri boşa gedib. Ümid edirəm ki, bu qiymətləndirmə məlum səfərdə iştirak edən digər amerikalı parlamentarilərə aid edilməyəcək”.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə