XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

13 İyul 2018 - 15:46

İRAN “VİLAYƏTİ PUTİN”DƏN GETDİKCƏ DAHA ÇOX ASILI OLMAĞA BAŞLAYIR –Tehran üzünü tam şəkildə Şərqə tutur - TƏHLİL

“Əl-Monotor”

 

Ali dini lider Ayətullah Əli Xamnəinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti prezident Vladimir Putin ilə görüşmək üçün Rusiyaya son səfərini və müzakirə mövzularını İran televiziyasına müsahibəsində açıqlayıb. Vilayətinin sözlərinə görə, “aydın, konstruktiv və dostluq” şəraitində keçən iki saatlıq görüşdə hər iki ölkəyə aid bir sıra, o cümlədən enerji və regional məsələlər müzakirə olunub.

Görüş İran üçün əhəmiyyətli bir vaxta təsadüf edib. ABŞ-ın İranla nüvə sazişindən çıxması ilə cəzalandırma tədbirlərinin, xüsusilə də neft sanksiyalarının bərpası Suriyanın cənub sərhədində İran və İsrail arasında artan gərginliklə birləşərək, İranı Rusiyanın siyasi və iqtisadi maraqlarına daha dərin hörmətlə yanaşmağa vadar edir.

Vilayəti bildirib ki, 2018-ci ilin ilk dörd ayı ərzində İranla Rusiya arasında ticarət dövriyyəsi 36% artıb. Müsahibə zamanı Vilayəti Rusiyanın bir sıra neft şirkətinin yaxın vaxtlarda İranın Neft Nazirliyi ilə 4 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb. Hazırda “Rosneft” və “Qazprom” 10 milyard dollarlıq müqavilə ilə bağlı Tehranla danışıqlar aparır.

İyulun 12-də verdiyi müsahibəsində Vilayəti Rusiyanın İrandakı qaz və neft sahələrinə ümumən 50 milyard dollar sərmayə qoymağa hazır olduğunu bildirib.

2015-ci ildə nüvə razılaşması nəticəsində Qərbin bir sıra enerji şirkətləri İranın enerji sektoruna sərmayə yatırıb. Onlardan birincisi, Çin şirkəti ilə yanaşı, İranın Fars körfəzi sahillərindən olan “Cənubi Pars” qaz yatağının 11-ci mərhələsinə 5 milyard dollarlıq investisiya müqaviləsi imzalayan Fransanın “Total” şirkəti olub. Lakin may ayında “Total” bildirib ki, ABŞ sanksiyalarının qüvvəyə mindiyi halda, İrandan çıxacaq.

“Total”ın “Cənubi Pars” qaz yatağına yatırdığı investisiyalar, dünyanın ən böyüklərindən biri olsa da, bu günə qədər 47 milyon dolları ötməyib. Şirkətin İrandan gedişi prezident Həsən Ruhaninin ölkəyə Qərb investisiyalarının cəlb edilməsi siyasətinə zərbə olub.

Vilayəti Suriya məsələsinə də toxunaraq deyib ki, hərbi və siyasi əməkdaşlıq “Suriya və İraq hökumətlərinin” dəstəklə təmin edir.

İranın çağırışına əsasən, Rusiyanın Suriyadakı vətəndaş müharibəsinə müdaxiləsi geniş müxalif qüvvələrə qarşı əhəmiyyətli dönüş yaradıb. Ancaq Suriyadakı İran və Rusiya maraqları mükəmməl şəkildə üst-üstə düşmür və baş nazir Benyamin Netanyahu İsrail-Suriya sərhədində iranlıların varlığına qarşı çıxdığı üçün Rusiya İsraillə müsbət əlaqələrini balanslaşdırmalıdır.

İyulun 12-də Rusiyaya səfərindən dönən Netanyahu İsrail mediasına deyib ki, “ruslar iranlıları Suriyadakı sərhəddən 80 km (50 mil) geri çəkməyə məcbur edib”. O əlavə edib ki, “prezident Bəşər Əsəd hökuməti ilə problemimiz yoxdur, problem sərhədlərimizdə İranın iştirakıdır”.

“Fars” Xəbər Agentliyi, Putinə istinadən, Netanyahunun iddialarını rədd edərək deyib ki, Rusiya prezidentinin sözlərinə görə, Netanyahu Moskvaya Dünya çempionatını izləmək üçün gedib.

Rəsmi olaraq Xamnəi və Ruhaninin mesajlarını Putinə çatdırmaq məqsədi güdən Vilayətinin səfəri, ABŞ-ın sanksiyaları tətbiq etməsindən və avropalı firmaların çıxmasından sonra, Tehranın hansı səmtə yol alacağına dair siqnaldır. Baş redaktoru Xamnəi tərəfindən təyin edilən “Keyhan” qəzetinin redaksiya məqaləsində Tehranın Moskva və Pekinə xüsusi missiyası “nəfəsi içəri çəkmə” kimi səciyyələndirib.

Məqalədə deyilir ki, Vilayətinin səfəri “iqtisadiyyatı Şərqə sarı dəyişdirmək üçün daxili koordinasiya siqnalıdır”.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə