XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2016 - 19:44

Əvəz Zeynallı ilə “Qaynar Qazan”da Kərəm Məmmədov:"Allahşükür Paşazadənin yanında Yazovun adamları üstümüzə silah çəkdilər" - VİDEO

evez-musahube1Xalqımızın başına gətirilən 20 Yanvar faciəsinin quruda olanlarını bilirik. Amma dənizdə – sularda baş verən möhtəşəm mübarizədən çoxlarımızın xəbəri yoxdur. Onlar 1990-cı ilin 20 Yanvar hadisələrində Xəzər dənizində iş başında olublar. Hadisələr başlayanda, insan cəsədlərindən dağlar qurulanda Bakıdakı hökumət kimi qaçıb dağılışmayıblar, işin içindən çıxmaq üçün dərhal təşkilatlanıblar. 7 gəmi kapitanı bir araya gəlib “Kapitanlar Şurası” adlı bir qurum yaradıblar. Mətn tərtib edib bütün dünyaya yayıblar. Onlar Azərbaycanı əsl və əsil blokadadan çıxarıblar. Dünya ölkələri onların verdiyi “SOS!”la Azərbaycan xalqının gülləbaran olduğunu öyrəniblər.

Məmləkətin o ağır günlərində Moskvadan gələn cəllad qrupu ilə də onlar görüşüblər. Başqa kim vardı ki. Birinci katib yox, Baş nazir yox, nazirlər yox! Hamısı qaçıb dağılışmışdılar. Hətta Kərəm Məmmədov Elmira Qafarovanın yana-yana “deputatlar Ali Sovetin iclasına qatılmırlar” dediyini xatırlayır. Yazovun, Sidorovun, Lyaşenkovun, Bakatinin, Tyuqunovun qarşısına bu cəsur Azərbaycan oğulları çıxırlar. Sonuna qədər dirənirlər!

İlk bəyanat verən onlardır. Sovet hökumətinə bəlkə də ilk ultimatum verən də onlardır. Onlar “Şəhidlərin meyitlərini bizim cəsədimizin üzərindən keçərək dənizə ata bilərsiniz” deyib, mülki ola-ola hərbi Sovet gəmilərini yoxlamaq üçün onların içinə gedən və dünya hərb tarixinə qızıl hərflərlə yazılan qəhrəman dənizçilərdir həm də. Onlar “Bakıdan rədd olub getməsəniz, “Qaraşəhər”i yandıracağıq” deyib qırğının qarşısını saxlayanlardır. Onlar əlləri hər yerdən üzüləndə “Biz Tarana gedəcəyik!” deyə yazovların şirin yuxularına haram qatan Ər oğullardır. Sabah gülləbaran olduqlarını bildikləri halda belə, 100 gəmidən tək bir qorxağın olmadığı dənizçi cəngavərləridir onlar! Bizim – Azərbaycan xalqının qürur, şərəf və ləyaqət rəmzləri!

Bu dənizçilərin göstərdikəri rəşadət dünyanın başqa hansı ölkəsində olsaydı, indi bütün dünya bu qəhrəmanlıqlardan danışırdı. Amma bizdə dəli bir susqunluq var. Hətta ölkə əhalisinin bəzi kəsimlərinin bu mübarizədən xəbərləri belə yoxdur. Dünyanın hansı donanmasının bir gəmisinə 3.600 (!!!) mərmi dəysəydi, indi həmin gəmi bütün dünyanın ziyarət etdiyi bir müqəddəs muzeyə çevrilmişdi, amma bizim bəzi özünübilməzlər tez-tələsik bunu kəsib metolloma çevirib həzmi-rabedən keçirdilər. Bəli, nə qədər üzücü olsa da, bu millətin faciəsini də gəlirə çevirənlərin olduğu ölkənin sakinləriyik həm də…

Tariximizin 100 gəmisinin qəhrəman kapitanlarından biridir Kərəm Məmmədov. O, bu millətin tarixini sinəsində gəzdirənlərdəndir həm də. Yana-yana danışır. Amma onunla birlikdə, həmin 100 gəmi kapitanının hamısının döşündən “İstiqlal” və “Şöhrət” ordenləri asılmalıdır, çünki bu Vətənə Şöhrəti də, İstiqlalı da onlar gətirdilər.

“Qaynar Qazan”da Kərəm Məmmədovdur. 20 Yanvar hadisələrində Xəzər Dəniz Donanmasının gəmi kapitanlarından biri. O, millətimizin gerçək və bəzək-düzəksiz tarixindən danışır…

Əvəz Zeynallı

DSC09790

II-Sonuncu hissə

I hissəni buradan oxuya bilərsiniz:

Əvəz Zeynallı ilə “Qaynar Qazan”da Kərəm Məmmədov: “Ölkə yiyəsiz, Bakı yetim qalmışdı!”

Nemət Pənahlı ilə danışdıq

–  “Bayraq Meydanı”nın yanında qurulan hərbi hissədə görüşdünüz?

– Hə. O, bizə deyəndə ki, niyə ora yığışmısınız, cavab verdim ki, “A vı poçemu suda prişli?”, – “Siz niyə bura gəlmisiniz?” Yanımdakılar ayağımı basdılar ki, “Ə, bir dayan görək, hələ buradan sağ-salamat çıxacağıq, yoxsa yox”. Nəsə, Əvəz müəllim, orada bizi çox dilə tutdular. Dedik, “yox, getməyəcəyik”. Sidorov dedi, “sabah saat 16:00-da Bakı buxtasında fövqəladə vəziyyət elan edirəm. Sizinlə də söhbət qurtardı”.

– Bu söhbət yanvarın 23-də gedir?

– Hə. Biz gecə gəlməliyik, görüşlərimizin nəticəsi ilə bağlı 100 gəmi kapitanını ratsiya ilə məlumatlandırmalıyıq. Ondan əvvəl sahildə olan “Sabit Orucov” gəmisinə gəlməliyik, orada iclas eləməliyik, sonra da həmin iclasın qərarını bütün gəmilərə çatdırmalıyıq.

– Kərəm müəllim, o dövrdə əsas güc Xalq Cəbhəsi idi. Xalq Cəbhəsinin rəhbərliyindən bu hadisəni bilən, sizin yanınıza gələn, sizinlə görüşmək istəyənlər yox idimi?

– Yox. Allah qapısını açsın, Nemət Pənahlı ratsiya ilə şəxsən mənimlə danışdı. Mən onu yaxından heç o vaxtları da görməmişdim.

– Nə haqda, nə danışdınız?

– O vaxtlar “Elm” gəmisi var idi, ora gəlmişdilər ki, “qorxmayın”.

“Gərək o vaxt elə öləydim…”

DSC09792

– Yəni hadisəni bilmişdilər?

– Hə. Hələ mən o vaxt da ona demişdim ki, nədən qorxacağıq. Hərənin ayağının altında bir gəmi var. Bir də ki, Əvəz müəllim, qorxu insanın canından çıxmışdı. Ölüm çox şərəfli bir şey idi. Adam indi bəzi-bəzi şeylərə baxıb, deyir ki, “gərək o vaxt elə öləydim…”  Allaha and olsun, ölüm onda gözəl idi, şərəfli idi.

– Nemət sizinlə Yazov və Sidorovla görüşdən sonra danışmışdı?

– Yox, əvvəl danışmışdıq – yanvarın 22-də. O, bir də Fəhmin Hacıyev idi. Dedim, bu, provokasiyadır, bizimlə danışırlar. Dedim, “kimdir ə, danışan?” Dedi, “Fəhmin Hacıyev”, soruşdum, “haralısan?”, dedi, “ucarlıyam”. Mənim də yanımda Ucardan gəminin bosmanı var idi. O dedi, “bu, bizim kəndçidir”.

– Fəhmin Hacıyev nə deyirdi?

– Deyirdi, qorxmayın. Bilirsinizmi, Əvəz müəllim, mən elə başa düşdüm ki, onlar bizim hərəkəti də Xalq Cəbhəsinin adına yazmaq istəyirdilər. Amma mən bu gün də – aradan 26 il keçməsinə baxmayaraq – deyirəm ki, o dənizçilərin heç bir partiya ilə, heç bir Cəbhə ilə əlaqəsi yox idi. Yəni kiminsə buna bizi öyrətməsi olmayıb.

– Bəs Nemətin, Fəhminin sizinlə əlaqə qurmasında məqsəd nə idi?

– Görünür, gəmilər yığışıb, etiraz siqnalı vururdular və hamı da bunu bilirdi…

– Amma Xalq Cəbhəsinin rəhbərliyindən sizinlə əlaqə saxlayan olmadı?

– Heç kim, heç kəs…

– Əbülfəz Elçibəy, Etibar Məmmədov, Rəhim Qazıyev?

– Yox… yox… yox…  Onlar haqqında da ayrı danışaram. Sidorovla bağlı görüşümüz haqda danışım… Sidorov bizə 24 saat vaxt verəndən sonra, biz gəldik “Sabit Orucov” gəmisinə, Yazovla görüşən Müzəffər müəllim də ora gəldi.

Yazov içkili idi, “niyə qoymursunuz yatmağa?” dedi

10 gemi

– Yazov da onlara vaxt qoymuşdu?

– Yox… O, vaxt qoymamışdı. O, danışanda soruşub ki, “niyə ora yığışmısınız, niyə qoymursunuz yatmağa?” Kefə gəlibmiş. Müzəffər müəllimin dediyinə görə, qalstuku əyri olub, saçı-zadı da üzünə tökülüb.  Sərxoş olub.  Deyir, o, bizi çox pis vəziyyətdə qarşıladı. Hətta əsgərlər də avtomatlarını bizə tərəf tuşladılar…

– Nə danışırsınız? Yazovla görüşə gedən nümayəndə heyətinin üstünə avtomat çəkdilər? Millət vəkillərinin, Şeyx Allahşükür Paşazadənin olduğu yerdə avtomat çəkdilər?

– Bəli… bəli… Müzəffər müəllim “siz bura yatmağa gəlmisiniz?” – deyəndə, əsgərlər avtomatlarını bunların üstünə tuşlayıb. Bir də Lyaşenko orada deyib ki, bunlarda silah var. O da Lyaşenkoya deyib ki, “sən tələsmə…” Yəni “yalan danışma!” Onu danışmağa qoymayıb.

– Bakatin də orada olub?

– Bakatin də orada olub. Çox da axmaq adamın biri olub. Arif Məlikov bizim 7 kapitan haqqında rus dilində olan “Ya obvinyayu…”, “Mən ittiham edirəm…” kitabında yazıb.

– Bu haqda sizin “Mən tarana gedirəm” kitabınızda da yazılıb.

– Mən elə ora da bu kitabdan götürüb əlavə etmişəm. Arif müəllim çox gözəl yazıb. Həm Müzəffər müəllimin Yazovla danışığını bu kitabda çox gözəl təsəvvür edib, – deyir ki, Müzəffər müəllim Yazovla çox cəsarətlə danışdı. O, Azərbaycan xalqının və dənizçilərin adından danışdı ki, “siz buradan çıxın, gedin. Biz öz işimizi özümüz həll edəcəyik”. Bu sözləri çox cəsarətlə onların üzünə deyib. Biz “Sabit Orucov” gəmisinə gələndən sonra, balaca bir iclas keçirdik. İclasda qərara alındı ki, ratsiya ilə bütün gəmilərə deyilsin ki, sabah Buxtada fövqəladə vəziyyətdir. Gəmiləri gülləbaran edəcəklər, getmək lazımdır. 7 kapitandan heç birimiz cürət edib, ratsiyaya yaxın gəlmədik.

– Yəni ümumi qərar qəbul elədiniz ki, çəkilək?

– Çünki onlar qərar vermişdilər ki, sabah orada fövqəladə vəziyyət olacaq. Geri çəkilməyənləri gülləbaran edəcəklər. İndi bu haqda digər gəmilərə xəbər verməyə cəsarət edə bilmirik ki, getmək lazımdır. O saat deyəcəklər ki, satqınsınız. Getdiniz, satıldınız, gəldiniz. Əvəz müəllim, bəlkə də dünya tarixində bizim o 4 gündə göstərdiyimiz birlik heç kimdə olmayıb. Mən bütün gəmilərə müraciət elədim ki, “kimin xəstəsi varsa, kimin özü xəstədirsə, indi gedə bilər. Amma sabah saat 4-də fövqəladə vəziyyətdir. Bizi gülləbaran eləyəcəklər.” Hamı mənə dedi ki, “satqın özünsən, özün gedə bilərsən…”

100 kapitan da ölümə hazır idilər

allahshwkwr

– Nə danışırsınız?

– Allaha and olsun! İndi hərdən deyirlər ki, bu millət acizdir, mübarizə aparmağı bacarmır… Yox, elə deyil. Bu millət kim olduğunu sübut eləmiş millətdir.

– Deməli, 100 gəminin 100-ü də geri getməkdən imtina etdilər?

– Hamısı. O gəmilərin içərisində ruslar da var idi. Ləzgi qardaşlar da var idi. Hər millətdən var idi. Bir nəfər də gəmini tərk edib, getmədi.  O vəziyyətdə gəmilərdən birinin Semidyenko familiyalı bir rus kapitanı var idi. Çox yaxşı adam idi, mənim kapitanım olmuşdu. Onu ruslar döydülər, döyə-döyə də öldürdülər. O qədər ağır döymüşdülər ki, bir neçə aydan sonra öldü. Ona rus əsgərləri demişdilər ki, “sən burada nə edirsən, səni burada öldürəcəklər…” Deyib, “hə… İndiyədək bizi öldürməmişdilər, amma siz gedəndən sonra öldürə bilərlər… Biz burada qardaş kimi yaşayırdıq”. Beləliklə, yanvarın 24-də saat 12-də iriçaplı hərbi gəmilər mülki gəmilərin üzərinə yeridi.

– Yəni dediklərini elədilər…

– Elədilər… Darmadağın elədilər.

“Vodoley-4” gəmisinə 3600 güllə dəyib

desik

– Heç kim də geri çəkilməyib?

– Heç kim də geri çəkilmədi. Bütün gəmiləri deşik-deşik elədilər. Bu “Vodoley-4” gəmisinə 3600 güllə dəyib. Murad Əliyevin gəmisi idi. Allah rəhmət eləsin. O da bu hadisədən sonra öldü. Bunu hökumət tərəfindən yaradılmış dövlət istintaq komissiyası sayıb, biz saymamışıq. Bundan sonra başladılar kapitanları tutmağa.

– Artıq nəzarət itdi…

– Bəli, nəzarət itdi, başladılar kapitanları tutmağa. Sahildən hər yeri mühasirəyə alıblar ki, heç kim qaça bilməsin. Allah rəhmət eləsin, Tofiq İsmayılov qocaman jurnalist Əfqan Əsgərova demişdi ki, onu qoruyun, onu tutsalar güllələyəcəklər. Onda mən gəmidə idim və gəminin də ekipajı bu xəbəri alandan sonra, yığılıb qərar verdilər ki, məni aradan çıxarsınlar. Mənim efirdəki fəaliyyətim də hər kəsə məlum idi. Sidorovla görüş zamanı da bu haqda özümüzə demişdi: ““Komsomolun 40 illiyi” gəmisinin kapitanına güllələnmə, “Sabit Orucov” gəmisinin kapitanına isə minimum 15 il həbs cəzası verilsin”. Üzdən də məni tanımırdı. Onda özündən soruşdum ki, niyə? Mənə dedilər ki, bir sus, görək başımıza nə gəlir. Bircə buradan sağ-salamat gedək”. Ondan sonra bizim 52 kapitanımızı tutdular. Aralarında mexanik də var idi, matros da… Hamısını tutdular. Əvvəl burada işgəncələr vermişdilər.

52 gəmi kapitanı həbs olundu

…Bir hadisəni danışım. Hidayət Atakişiyev var idi, indi də gəmidə işləyir, kapitandır. Onu bir  “boyevik” tutub, BTR-in təkərinin altına salır, sonra da əmr edir ki, “sür, bunun başını əz!” Özü danışır ki, sakit dayandım, birdən məni buraxdı. Buraxan kimi yaxamı cırıb, qabağına gəldim ki, “strelyay, ne muç menya!”, “Məni güllələ, əziyyət vermə!” Deyir, “səni güllələmirəm, sən yaxşı oğlansan. Ona görə də qaç!” İşgəncə verilən uşaqlardan biri deyir ki, “Hidayət, qaçma. Daldan vuracaqlar səni”. Hidayət də qaçmır. Amma qaçsaydı, vuracaqdılar.

Bunlara burada işgəncə verəndən sonra hava limanına aparıblar. Sözün düzü, məni də aradan çıxardılar.

– Gizləndiniz?

– Gizlətdilər. Üzdə olan bir neçə adam gizləndi. Bizim uşaqlardan 52 nəfərini təyyarə ilə Krasnodara apardılar. Həmin uşaqlardan aldığım məlumata görə deyirəm. Krasnodardan da təyyarədən düşürürlər, əlləri belində, konvoy şəklində aparırlar. Hər yanlarında da əsgərlə mühasirədə. Bütün Krasnodarın camaatı bunların üzünə tüpürür. O vaxtlar ermənilərin yığıldığı yer də Krasnodar idi. Hər yerdən ermənilərin ora kütləvi axını var idi.

Onlara deyirlər ki, “siz ekstremistlərsiniz, rusları qırmısınız…” Hidayət türməyə çatanda deyir ki, “başım ağrıyır, mənə dərman verin!” Ona rus əsgərləri deyirlər ki, “sənə dərman yox, zəhər verəcəyik…” Orada bir gün kamerada saxlayırlar, səhər tezdən yük vaqonlarına yükləyirlər. İki istiqamətə – Orenburq və Ulyanovska göndərirlər. Yolda bir həftə işgəncə verə-verə aparırlar. Yolda da dinclik verməyiblər onlara. Yemək, siqaret vermirlər. Ən çox da siqaret çəkənlərə əziyyət olub. Ulyanovska türməyə çatanda da onları çox pis qarşılayıblar. Bit dolu kameraya salıblar. Bit bunların canına daraşıb. İkinci gün kameradan çıxarıblar. Sıraya düzüblər. Uşaqlar danışırlar ki, bir nəfər başında “andatra”dan papaq və yaxşı makintoşu olan bir oğlan gəlib. Əlində də “Marlboro” siqaret çəkir. Sırada hamıya baxa-baxa addımlayıb. Uşaqlar da fikirləşiblər ki, “yəqin, bizi bu güllələyəcək”. Hamıya bir-bir nəzər yetirəndən sonra, deyib ki, “bağışlayın, mənə dünən sizin bura gəldiyinizi xəbər veriblər. Türmənin rəisi mənimlə dostdur, o mənə dedi ki, sizin ekstremistləri bura gətiriblər. Mən də Bakı ilə əlaqə saxladım, mənə dedilər ki, o dənizçilərin hamısı tutulub, hansı istiqamətə aparıblar, bilinmir. Öyrəndim ki, onların yarı hissəsi də burada – Ulyanovskdadır. Ona görə də bura sizinlə görüşməyə gəldim.” Tez əlindəki siqareti də yerə atdı, çıxdı, getdi. Deyir ki, bizi o kameralardan çıxardılar, sabun verdilər, hamama apardılar. Bir-iki saatdan sonra bir yük maşını ilə bizə təmiz yataq dəsti gətirdilər. Yeməyi də yeşiklərlə gətirmişdilər. Özü də deyib ki, adı Farizdir. Göyçaylı balasıdır. Onlar da 30 gün Ulyanovsk həbsxanasında qalacaqlar. Həmin 30 gün müddətində də, “çalışın türmənin çörəyini yeməyin, nə lazımdırsa, mən verəcəm” deyib. Onların da birinin qolu, digərinin qabırğası sınıb, çox pis – şil-küt vəziyyətdə olublar. Onlara, nəhayət, həkim veriblər. Pis vəziyyətdə olanlara iynə vurublar. 30 gün müddətində Fariz onları nəzarətdə saxlayıb. Üzlərini də qırxmayıblar. Dəfələrlə nə qədər xahiş ediblər ki, üzlərini qırxsınlar, imtina ediblər. Deyiblər ki, “Yox. Şəhidlərin 40-ı çıxmayana kimi üzümüzü qırxmayacağıq”. Bir aydan sonra azadlığa buraxıblar. Çıxanda da görüblər ki, yalan olmasın, hər adama bir “Jiquli” maşını onları qarşılamağa gəlib.

Bu da pis, paxıl olduğu iddia edilən millət…

DSC09794

– Azərbaycanlılar olublar?

– Azərbaycanlılar olublar. Deyir ki, bizi mehmanxanaya gətirdilər. Ora gələndə, içkisiz böyük banket veriblər. Ayaqlarının altında qurban kəsiblər, yaxşı yemək veriblər. Fariz orada deyib ki, “bu 30 gün müddətində burada əyləşən azərbaycanlı uşaqlar sizə kömək ediblər. Mən sadəcə vasitəçi olmuşam. Özüm də burada birinci şöbənin rəisi işləyirəm. Türmənin rəisi ilə dostluğumuz olduğu üçün o, mənə sizin bura gətirilməyinizi xəbər verib”.

– Həmin bu pis, paxıl olduğu iddia edilən millətimiz bunu edib…

– Bayaq, mən sizə dedim. Bu millətə o cür sözlər yaraşmır. İnanın ki, ölümlə aramızda olan müəyyən bir vaxtda bir nəfər də olsun gəmini tərk edib, qaçmadı. Bu da sübut edir ki, millətimiz o düşüncədə olan millət deyil.

Dənizçilərin gözünü qorxutmaq, onları cəzalandırmaq istəyirdilər

– O müddətdə siz burada nə etdiniz? Gizli şəraitdə qaldınız?

– Mən, sözün düzü, çox pis şəraitdə yaşadım. Özüm də çox pis hisslər keçirdim ki, gərək mən də tutulaydım. Gərək mən də onların içində olaydım. Məni çox izlədilər. Keşlədə bir “podval”da gizlətdilər. Bir hadisəni danışım. O zaman mən bir otaqlı mənzildə yaşayırdım, sonradan Qara Qarayevdəki evə köçmüşdüm. Satqınlar da yox deyildi. Adımı, köhnə ünvanımı da İdarəmizdə öyrənmişdilər. Hər İdarədə o zamanlar KQB-nin şöbəsi var idi, bizim də İdarədə var idi. Orada Xanlar adlı bir nəfər işləyirdi, – indi deyəsən rəhmətə gedib – o, mənə dedi ki, “məni çox sıxdılar, amma sənin ünvanını vermədim. Dedim ki, bəyəm 100 gəmini Kərəm ora yığıb? Niyə onun ünvanını verirəm ki, gedin, o zaman qalan 100 kapitanı da tutun”.  Onu “motorist” eləyib, işdən qovladılar. Amma o mənə dedi ki, sənin ünvanını buradan filankəs verdi. İdarə işçiləri idilər, vəzifələrini itirməkdənmi qorxurdular, ümumi vəziyyəti öz canlarında hiss eləmirdilər, nə idisə köhnə ünvanımı – 815-ci proyezd – onlara veriblər. Mən köçəndən sonra oranı da gənc ailəyə vermişdilər. Bir uşaqları da var idi. O da hamamda yuyunduğu yerdə, qapını sındırıb, içəri girmişdilər. Arvadının ürəyi getmişdi. Bunu da mələfəyə büküb, BTR-ə basıb, komendantın yanına gətiriblər. Ondan soruşublar ki, “Mamedov Karim?” Deyib ki, “Yox. Mən deyiləm. O mənim yaşadığım evdə yaşayıb, 5-6 il əvvəl də oradan köçüb”. Yəni vəziyyət belə idi. Yəqin ki, biz dənizçilərin gözünü qorxutmaq, onları cəzalandırmaq istəyirdilər. Çünki dənizçilər onların məkrli planını pozmuşdu. Onlar elə hesablamışdılar ki, Bakıda uzun müddət qırğınlar törədəcəklər, sonra da həlak olan insanları gəmilərə yükləyib, dənizdə batıracaqlar. Biz onların planlarını pozduq. Gəmilərlə müqavimət göstərib, qarşılarını aldıq. SOS siqnalı verib, bütün dünyaya Azərbaycanda sovet ordusu tərəfindən törədilən faciəni anlatdıq. Bizim uşaqlar sonra Azərbaycana gəldilər, şəhidlərin 40-na çatdılar.

– Siz də elə o vaxtdan üzə çıxdınız?

– Onlar gələndə biz də üzə çıxdıq. Çünki çox adam gizlənmişdik. Bu gün də çox təəssüflə qeyd etmək istəyirəm ki, 20 Yanvar hadisələrinə heç kim layiqli qiymətini vermədi.

– Elə o barədə danışmaq istəyirəm. “Vodoley-4” gəmisi ilə bağlı da sizin bir təşəbbüsünüz olmuşdu ki, o gəmi dövlət tərəfindən Muzey elan olunsun. Ümumiyyətlə, bu gəminin aqibəti necə oldu?

– Telekanaldan Namiq Həsənov gəldi və məndən bu hadisələrlə bağlı müsahibə götürdü. Mən də onu Buxtaya aparıb, bu gəmini göstərdim və dedim ki, “Avrora” II Nikolaya bir güllə atdı, xalqın simvoluna çevrildi. Üstündən 100 il keçməsinə baxmayaraq, yenə də həmin gəmini saxlayırlar. Amma biz bu cür hadisələrdə ortaya milli mövqe qoyan, tarixə çevrilən bir gəmini Muzey elan edə bilmirik.

– İndi də o gəmi durur?

– Yox. Kəsib, metalloma verdilər. Bütün tariximiz kimi…

– Çox güman ki, bu da sizin təşəbbüsünüzdən sonra ağıllarına gəlib ki, keçmişi silsinlər.

– Amma Namiq Həsənov mənə dedi ki, bu çox gözəl təşəbbüsdür və mən də bu məsələni qaldıraram. Dedim, bu gəmini Azərbaycan xalqı üçün qorumaq lazımdır.

– Kərəm müəllim, illər keçdi, ötən 26 il ərzində Azərbaycanda hakimiyyətlər dəyişdi. O faciəli günlərdə bir qəhrəmanlıq dastanı yazdınız. Hansısa rəhbərlik sizinlə maraqlandımı, çağırıb sizinlə bu haqda danışdılarmı? O hadisə, ümumiyyətlə, layiqli qiymətini aldımı? Nə eləmək lazımdır? Sizin bir təklifiniz varmı?

– Əvvəla, Əvəz müəllim, onu deyim ki, o hadisələr zamanı ölkənin rəhbəri olan Vəzirov qaçdı. Hakimiyyətə Mütəllibov gəldi. Azərbaycanın ilk prezidenti oldu. Bizim haqqımızda Moskvaya hesabat vermək lazım idi. Məndə İdarə rəhbərliyindən 3-nün – İdarənin rəisi, yerli komitənin sədri və partiya komitəsi sədrinin imzaları ilə teleksin surəti var. Mütəllibova onlar məlumat veriblər ki, orada yığılan gəmilərdə hamısı ekstremist olub. Bu qədər sayda da ekstremist olarmı?

Faciənin böyüməsinin qarşısını ala bildik

– Mütəllibov da bununla razılaşıb?

– Ola bilsin ki, onun özü də bu haqda Moskvaya hesabat verib. Görünür, Yazov, Sidorov da hesabat verəndə deyiblər ki, meyitləri gəmilərlə dənizə aparmağa mane oldular. Mane olanlar da bu dənizçilərdir. Çünki 20 Yanvar hadisələrindən sonra aprelin 9-da Gürcüstanda da qırğın törədildi, bütün meyitləri Kürə atdılar. Orada da QES var idi, onu açdılar, meyitlərin hamısı axıb gəldi. Mən bu gün düşünəndə elə qənaətə gəlirəm ki, Bakıdakı qırğınlarla bağlı da eyni əmr verilib. Onlar bir neçə gün qırğın aparmalı idilər, meyitləri də gəmilərə doldurub, dənizdə izini batırmalı idilər. Biz buna mane olduq. Faciənin böyüməsinin qarşısını ala bildik. Bütün dünyanı burada baş verən faciə ilə bağlı məlumatlandırdıq. Onları məcbur etdik ki, qırğının qarşısını alsınlar. Hadisələrin üzərindən bəlli zaman keçəndən sonra Moskvaya hesabat verirlər. Niyə belə oldu? Dənizçilər qarşımızı kəsdilər. Onlar kimdirlər? Burdan da məlumat göndərdilər ki, onlar ekstremistlərdir. Yəni özümüzünkülər ruslara xoş gəlmək üçün bizə bu adı qoydular.

– O vaxt bu hadisələri özündə əks etdirən, sənəd-sübut, foto-video çəkilişləriniz olubmu? Olubsa, onlar haradadır?

– Əvəz müəllim, əlimizdə bütün faklar var idi. Elə bil, Allah-Təala o 4 gündə bütün imkanları dənizçilərə vermişdi. Çəkənimiz də var idi, o deyilən sözləri yazanımız da var idi. Ratsiya vasitəsilə aparılan dialoqların da səsyazısı var idi. Hətta aşbaz Nadejdanın hərbçiləri söyməyinə qədər, əlimizdə bütün materiallar var idi. Onların hamısını… Biz Ali Sovetdə görüşəndə rejissor Ramiz Fətəliyev bizə yalvarıb, xahiş elədi ki, onları bizə verin, lazımdır. Biz də sevindik ki, yəqin bunlar onları nədəsə istifadə edəcəklər. Heç nə də eləmədilər. İndi Ramiz Fətəliyevin özündən soruşmaq lazımdır: ay qardaş, o qədər sənəd-sübutu nə elədin?

Mirşahinin yazdığı “Ən yeni tarix” – tarix deyil!

– Bu, Azərbaycanın tarixidir.

– İndi Mirşahin də “Ən yeni tarix” yazır. Onun yazdığı tarix, tarix deyil. Tarix bu idi ki, Sovet ordusu Azərbaycana qoşun yeritdi, yüzlərlə insanın qətliamını törətdi, Azərbaycan rəhbərliyi qaçdı – I katib qaçdı, Baş nazir qaçdı, DİN, KQB qaçdı, insanlara küçəyə çıxmaq qadağan olundu. Ordunun qabağına dənizçilər çıxdı. Özü də necə çıxdı? Mərdliklə, kişi kimi, ölməyə hazır vəziyyətdə… İndi kimdir buna qiymət verən? Çox təəssüf ki, heç kim.

– Bəs, Elçibəy hakimiyyətində necə, maraqlanan oldumu?

– Yox. Ola bilsin ki, o çatdırmadı. Vaxtı çatmadı. Qanlı Yanvar hadisələrinin 25 illiyində mən İlham Əliyevə bir müraciət yazdım. Prezident Aparatında mənə dedilər ki, prezidentin köməkçisi Əli Həsənovun ünvanına göndər.

Gülər Əhmədova kitaba dəstək sözü vermişdi

– Əli Həsənovun özü ilə görüşdünüz?

– Yox, məni buraxmadılar. Nə qədər çalışdım ki, ona bu hadisələrlə bağlı məlumat verəm, bir daha deyəm ki, bu, Azərbaycanın tarixidir, bunun üstündən keçmək olmaz. 7 kapitan olmuşuq. Onlardan 3-ü dünyasını dəyişib, 4-ümüz qalmışıq.

– Siz bu haqda “Mən tarana gedirəm” adlı kitab da yazmışdınız. “Xural” qəzeti olaraq da biz onu dərc etmişdik. Çox dəyərli kitabdır. Bu kitabı oxuyanda gördüm ki, mən belə yazmışam: “Yazının ilkin dərcində yazılan məqalələrin kitab formasında toplanması, onun ingilis, fransız, alman və rus dillərinə çevrilib bütün dünyaya yayılması haqqında dəyərli təkliflər olmuşdu. İnanıram ki, təklif sahibləri bu dəyərli kitabı dedikləri kimi, ən azı 4-5 dilə çevirib dünyaya yayacaqlar…” Bu kitab dərc olunanda mənə ağlaya-ağlaya zəng vurub, danışan deputatlar olmuşdu. Bu kitabı 4 dilə tərcümə edib, yayacaqlarına söz vermişdilər. O deputat bilirsinizmi kim idi? Mən sizə deyim, həmin ağlayıb, bu kitabı 4 dilə tərcümə etdirib, yaymağa söz verən sabiq deputat Gülər Əhmədova idi.

– Bir deputatdan da mən sizə deyim. Deputat Eldar İbrahimovun böyük qardaşı Abbas mənimlə birlikdə matros işləyib…

– İş yoldaşı olmusunuz?

– İş yoldaşı olmuşuq. Sonra o, Rus Dili və Ədəbiyyatı İnstitutunu qurtardı. Diplom alan kimi də rəhmətə getdi. İdarədən xahiş edib, maşın aldıq və onun cənazəsini rayona yolladıq. “Kabinka”da da Eldar İbrahimovu oturtduq, yola saldıq… Gənclik xatirələrimdə var. Həmişə zarafatla deyirdim ki, dur gedək kababdan-zaddan yeyək. Deyirdi ki, evdə o qədər yetim qoyub gəlmişəm, boğazımdan heç nə keçməz, sən Allah mənimlə işin olmasın. Onu güclə yeməyə aparardıq. Çox gözəl oğlan idi. Çox qəşəng oğlan idi… Kitabdan birini də Eldar İbrahimova yazdım və qeyd etdim ki, qardaşın Abbasla çörək dostu olmuşam. Bu kitabı ona vermək üçün 2 dəfə zəng vurdum.

Eldar İbrahimova deyəcəkdim ki…

Eldar İbrahimov

– Yəni hətta kitabı verə bilmədiniz?

– İki dəfə telefonumu götürdü, soruşdu. Dedim, “Eldar müəllim, nə sizdən iş istəyirəm, nə də sizdən heç bir tələbim yoxdur. Sizinlə görüşmək istəyirəm. Abbasla da dost olmuşam”. Əgər görüşsəydik, onda bu kitabı ona verəcəkdim ki, oxusun və deyəcəkdim ki, “sənin qardaşın mənimlə çiyin-çiyinə bu donanmada işləyib”. Mən nə ondan, nə də prezidentdən qəhrəman adı istəmirəm. 7 kapitandan 4-müz qalmışıq.  Heç olmasa Xəzər Neft Donanmasının adına Bulvarda bir balaca lövhə qoysunlar. Daha jurnalistlər gəlib bizi axtarmasınlar. Hamısı gəlib, orada lövhənin üstündə oxusun ki, “Xəzər Neft Donanması İdarəsinin dənizçiləri 20 Yanvarda Sovet Ordusuna qarşı burada müqavimət göstəriblər.” Bunu ondan istəyəcəkdim. Birinci dəfə dedi ki, vaxtım yoxdur. İkinci dəfə də mənə görüş təyin etdi. Mən Şəhidlər Xiyabanına getdim, oradan zəng vuranda dedi, “bağışla, mən hüzür yerindəyəm”. Görüşmədi mənimlə.

– Kərəm müəlim, siz məndən çox şanslısınız. Mənə deputat ağlaya-ağlaya dedi ki, Əvəz müəllim, sizə tşəkkür edirəm ki, Azərbaycanın bu şanlı tarixini çap etdirirsiniz. Dedi, həyəcandan hələ də özümə gələ bilmirəm, o kitabın da 3-4 dilə tərcüməsi mənlikdir. O, məni 9 il müddətinə həbsxanaya göndərdi. Yenə şükür ki, siz eşikdəsiniz, azadlıqdasınız… Amma yenə də bu, Azərbaycanın tarixidir və bu hadisələrə də tariximiz kimi hörmətlə yanaşmalıyıq. Əgər bu gəmi həqiqətən də Muzey olsaydı, həmin günlərin arxivləri də ekponat kimi orada yerləşdirilsəydi, görün, gələcək nəslə nə qədər böyük məlumat töhfəsi vermiş olardıq. Biz də nəsə eləmək istəyirik, nəsə ortaya qoymağa çalışırıq. Ancaq bunun üçün də o günləri özündə tam əks etdirən sənədlər lazımdır. Görünür, o vaxtkı rəhbərliyin məqsədi özünə yaxın deputat  Ramiz Fətəliyevin əli ilə bütün sənədləri sizdən almaq olub. O vaxt hakimiyyətdə Mütəllibov idi?

– Bəli.

– Dəqiq bu haqda heç nə bilməsək də fakt odur ki, həmin sənədlər ortada yoxdur.

– Amma hesab edirəm ki, əgər mənim müraciətim prezident İlham Əliyevə çatsaydı, o, bu məsələyə daha doğma yanaşardı.

– Respublika ictimaiyyətinə nə demək istəyirsiniz? Ölkə rəhbərliyinə nə demək istəyirsiniz? Təsəvvür edək ki, prezident sizi izləyir, dinləyir. Bu hadisələrin canlı şahidi kimi, siz nə demək istəyərdiniz?

Bulvarda bir lövhə qoyulsun və Xəzər Neft Donanması İdarəsinin adı yazılsın

– Bir daha təkrar edirəm, o hadisələrin canlı şahidi olan 4 kapitan var. Dünya əbədi deyil, biz də bu dünyadan köçəcəyik. Xəzər Neft Donanması İdarəsinin o gəmidəki ekipaj və heyətin hamısı bizə inanmışdı. Biz ölümü gözümüzün qarşısına alaraq, bu yola addım atmışdıq. Amma Allah rəva görmədi, ölmədik. Amma mən istəyərdim ki, bu şanlı tariximiz olduğu üçün itməsin. Bulvarda bir lövhə qoyulsun və Xəzər Neft Donanması İdarəsinin adı yazılsın. İndi nə o İdarə var, nə də elə bir dövlət qurumu… İndi Xəzər Neft Donanması İdarəsi olub Xəzər Donanması. O hadisələr həm də gənclərimiz üçün bir örnəkdir. Onlar gəlib o lövhəni oxuyarlar və heç olmasa dənizçilərimizin həmin günlər etdikləri qəhrəmanlıqlar haqqında onların da məlumatı olar. Bundan başqa heç nə istəmirəm. Mənə heç nə də lazım deyil.

– Təşəkkür edirəm Sizə.

– Sağ olun, Əvəz müəllim.

– Və mən respublika ictimaiyyətinə, ölkə rəhbərliyinə müraciət edirəm: baxın, biz bu millətik. Biz sona qədər döyüşən, sona qədər mübarizə aparan, böyük Sovet ordusunun qarşısında dimdik dayanan, onların nazirləri ilə öz torpaqlarımızda ciddi danışıqlar aparan, qarşısında dimdik duran, geri addım atmayan, haqsızlığa qarşı müqavimət göstərən millətik. Əslində, biz bu millətik. Bir tərəfdən də ölkə rəhbərliyinin həmin qanlı yanvar günlərində qəhrəmanlıq nümayiş etdirən bu 7 kapitana “Şərəf”, “İstiqlal” ordeni verməsi və ya dövlətin ən ali mükafatları ilə – bu dövləti quran həm də bu insanlardır – təltif eləməsi, 100 gəmi kapitanına fərdi təqaüd verilməsi nə böyük məsələdir ki? Böyük bir muzey açılması, bu gəmi məhv edilsə belə onun maketinin olduğu ölçüdə hazırlanaraq, eksponat halına salınması dövlət üçün nə böyük məsələdir ki… Məncə, olar. Məncə ölkə rəhbərliyi də buna getməlidir. Respublika ictimaiyyəti də bu məsələnin üstündə durmalıdır. Amma mən də bu respublika ictimaiyyətinin bir üzvü olaraq, Kərəm müəllim, sizə şəxsən təşəkkür edirəm. Bu millətin yolunda bu dərəcədə ciddi, bu dərəcədə böyük savaş verdiyinizə görə… Bizi o ağır durumlarda bu qədər şərəflə, bu qədər qürurla, kişi kimi müdafiə edən heç bir qurum olmayıb. O dövrdə siz həmin o tarixi missiyanı yerinə yetirmisiniz. Mən də ölkəmizin fərdlərindən biri olaraq, çoxmilyonlu gənclər adından, çoxmilyonlu qədirbilən millətimiz adından sizə təşəkkür edirəm. Əminəm ki, mütləq bu məsələlər öz həllini tapacaq.

Biz Sovet ordusunun qarşısından qaçmamışıq

– Əvəz müəllim, bir daha təkrar edirəm. Bu gün həmin günlərin canlı şahidlərindən var. Onlardan biri “Ya obvinyayu”  kitabının müəllifi, bəstəkar Arif Məlikovdur. O, öz kitabında biz dənizçilərin şücaəti haqqında çox gözəl fikirlər ifadə edib. Çox sağ olsun, özü də respublikanın çox hörmətli şəxslərindəndir. Canlı şahid Hacı Allahşükür Paşazadədir. Bizə orden lazım deyil. Bizə həmin günlərin qəhrəmanlıqlarını gənc nəslin yaddaşına yazacaq o lövhə lazımdır. Mən çox istərdim ki, bu şanlı tariximiz itməsin. Biz Sovet ordusunun qarşısından qaçmamışıq, işgəncəmizi də almışıq, sözümüzü də demişik. O günlər törədiləcək yeni qırğınların da qarşısını almışıq. Ölkədən rəhbərlik qaçanda biz qaçmamışıq. Hətta bizim bu şücaətimizə görə söyənlərimiz də oldu.

– Yəqin onlar bu gün vəzifədədirlər.

– Söyənlərdən biri təqaüddədir, adına da böyük bir tanker var.

– Kimdir o?

– Bayram Nağdəliyev. O dövrdə Xəzər Gəmiçilik İdarəsinin rəis müavini idi. Biz “Sabit Orucov” adına gəmidə olanda, yanvarın 23-də məni axtarıb tapdı. Soruşdu ki, Kərəm Məmmədov kimdir? Mən də dedim ki, “mənəm”. Dedi, “sən kimsən ki, gəmilərin qabağını kəsmisən, onları qoymursan getməyə?” Dedim, “mən heç kiməm. Sizin gəmilərin qabağını niyə kəsirəm ki? Yəqin sizin Bakının küçələrində qanına qəltan olan şəhidlərimizdən xəbəriniz yoxdur?” Dedi, “Cəhənnəmə olsun, onun bizə nə dəxli var?”

– Nə danışırsınız?!

– Bəli. İndi onun adına, Nağdəliyevin adına xaricdə Azərbaycan bayrağı altında böyük bir tanker üzür.

– Özü hələ də yaşayır?

– Yaşayır.

– Allah ömrünü uzun eləsin.

– Yaşasın.

– Sağ olun. Sizə uzun ömür arzulayıram və çox dərindən əminəm ki, sizin arzularınız gözlərinizin qabağında həyata keçəcək.

– Siz də sağ olun, Əvəz müəllim. Müsahibəyə görə çox təşəkkür edirəm. Çox sağ olun.

Xalqımızın başına gətirilən 20 Yanvar faciəsinin quruda olanlarını bilirik. Amma dənizdə – sularda baş verən möhtəşəm mübarizədən çoxlarımızın xəbəri yoxdur. Onlar 1990-cı ilin 20 Yanvar hadisələrində Xəzər dənizində iş başında olublar. Hadisələr başlayanda, insan cəsədlərindən dağlar qurulanda Bakıdakı hökumət kimi qaçıb dağılışmayıblar, işin içindən çıxmaq üçün dərhal təşkilatlanıblar. 7 gəmi kapitanı bir araya gəlib “Kapitanlar Şurası” adlı bir qurum yaradıblar. Mətn tərtib edib bütün dünyaya yayıblar. Onlar Azərbaycanı əsl və əsil blokadadan çıxarıblar. Dünya ölkələri onların verdiyi “SOS!”la Azərbaycan xalqının gülləbaran olduğunu öyrəniblər.

Son

Strateq.az

Son

Strateq.az

Yuxarı Əvvələ Ana Səhifə