XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 İyul 2018 - 13:47

İLHAM ƏLİYEVİN FRANSAYA SƏFƏRİ ERMƏNİLƏRDƏ QƏZƏB YARATDI: "Fransa Azərbaycana sputnik satıb"

Artak Yegiazaryan

“1-in am” (Ermənistan), 18.07.2018

 

Politoloq Anuş Sedrakyan Fransa və Azərbaycan arasındakı münasibətlərdə yaxınlaşma faktını şərh edərək, “1-in am” portalına müsahibəsində bu barədə  danışıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də Fransaya yollanacaq. O, səfərdən əvvəl prezident Emmanuel Makrona göndərdiyi məktubda qeyd edib: “Bz Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Fransaya – həm ATƏT Minsk qrupunun həmsədr ölkəsi kimi, həm də şəxsən Sizə böyük ümid bağlayırıq. Biz beynəlxalq hüquq normalarına uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində münaqişənin dinc, ədalətli tənzimlənməsini böyük səbirsizliklə gözləyirik”.

Fransa buna qədər Azərbaycana silah satışını təkzib edib. Amma Fransanın Azərbaycana sputnik satması məlumdur.

Anuş Sedrakyanın sözlərinə görə, Azərbaycan iqtisadi resurslar daxil olmaqla, istənilən şeyi hərbi məqsədlər üçün istifadə edə bilər. Politoloq qeyd edib: “Avropa ölkələri münasib və qeyri-münasib bütün yerlərdə müttəfiqlər arayır. Sual doğa bilər, bu müttəfiq niyə Ermənistan deyil? Çünki Avropanın qarşısındakı problem hüquqi, yaxud demokratik məsələlər planında deyil, qaz, energetika, iqtisadiyyat, hərb planında durur. Amerika bazarı məhdudlaşandan sonra bazar uğrunda mübarizə gedir, buna görə də Avropa tərəfdən elan edilən dəyərlərə uyğun gəlməyən hərəkətlər görürük. Bu, ABŞ-da prezident seçkilərindən sonra başlanmış ümumi tendensiyadır. Hazırda Azərbaycanın öz yerini tapacağı əhatəli yerdəyişmələr baş verir, çünki bu bazara gətiriləcək resursa malikdir”.

Ermənistana gəlincə, Anuş Sedrakyanın sözlərinə görə, durum problematikdir. “Biz öz bazarımızı Rusiyada axtarırıq, amma mən bu qədər müddət ərzində bir dəfə görməmişəm ki, Rusiya Ermənistana səmərəli təklif versin. Onun verə biləcəyi yeganə şey – müharibəyə təhrik etməməkdir”.

Fransa Strateji Araşdırmalar Mərkəzinin eksperti, politoloq Kayts Minasyan “1-in am”la söhbətdə qeyd edib ki, Fransa Azərbaycana sputnik satıb və o, sərhəddə baş verənləri müşahidə edə bilər. O vurğulayıb: “Bu, silahdır, ya silah deyil? Fransızlar üçün silah deyil, Azərbaycan üçün silahdır. Bu, Ermənistan üçün təhlükəlidir. Fransızlar haqq qazandırırlar ki, bunun nəticəsi aydın deyil, guya, sputnik predmetləri 10 metr fərqlə qeydə alır. Bunların hamısı boş sözlərdir – tank və təyyarə əla görünür”.

Politoloqun sözlərinə görə, Ermənistan tərəfi öz məsələlərini konkret qaldırmalıdır. Kayts Minasyan deyib: “Fransızlar tank, ya təyyarə satmırlar, amma sputnik satmaqla Ermənistan tərəfini zəiflədirlər. Bundan savayı, Azərbaycan Ermənistan-Fransa münasibətlərinə çiv vurmaq istəyir və bunun üçün istənilən bəhanədən faydalanır. Azərbaycan iqtisadiyyatı güclüdür və o, Fransa ilə, ya da hər hansı ölkəylə münasibətlərdə bu üstünlükdən istifadə etməyə çalışır”.

O, qeyd edib ki, Azərbaycanın reytinqi aşağıdır, bir neçə dəfə korrupsiya qalmaqallarının ortasında görünüb. Ermənistan tərəfi daha sərt olarsa, Fransa siyasətçiləri bu ölkəylə münasibətlərdə ehtiyat göstərəcəklər. O deyib: “Ermənistan tərəfi Nikol Paşinyanın etdiyini etməlidir – Fransa ilə sərt danışmalıdır”.

Politoloqun sözlərinə görə, əvvəlki hökumət bu planda xeyli zəif idi. “Serj Sarkisyan hökuməti güclülərlə zəif, zəiflərlə güclüydü. Bu hakimiyyətin mövqeyi məğlubiyyət idi. Zəiflərlə – öz xalqıyla, diasporayla yalnız laqeydliklə, dözümsüzlüklə danışmağı bacarırdı. Amma Serj Sarkisyanın ruslara, amerikalılara, fransızlara cavabları çox zəif, qorxaq idi”.

Tərcümə Strateq.az-ındır.