XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

19 İyul 2018 - 21:16

“ƏSAS DÜŞMƏNİMİZİN SUDAN QURU ÇIXMASINA İMKAN VERMƏSİ İYRƏNC İDİ!”- ABŞ-da etirazlar böyüyür, Trampı küncə sıxıblar...

Avropa turnesi, ardından da Helsinki sammiti ABŞ prezidenti Donald Trampı növbəti böyük qalmaqalın mərkəzinə gətirdi. Həm Birləşmiş Şatatlarda, həm də Avropada siyasilər, mətbuat, ekspertlər Trampı sərt şəkildə tənqid və ittiham edir. Onların bir qismi sammit zamanı ABŞ liderini Rusiya prezidentinə qarşı həddən ziyadə loyal davranmaqda günahlandırır, bir qismi isə Trampın dövlətə xəyanət etdiyini deyirlər.

Ən çox tənqid edilən məqamlardan biri də Trampın ABŞ kəşfiyyatından daha çox Putinə inandığına dair bəyanatıdır. İyulun 16-a baş tutan Helsinki sammitindən sonra jurnalistlər qarşısına çıxan Trampa Rusiyanın ABŞ-dakı seçkilərə mümkün müdaxiləsinə dair sual verildi.

Ondan bu məsələdə öz xüsusi ximət orqanlarına, yoxsa Putinə daha çox inandığı soruşuldu. Trampın jurnalistin sualına cavabı belə oldu: “Prezident Putin deyir ki, bunu edən Rusiya olmayıb. Mən də başa düşə bilmirəm ki, Rusiya hansı əsasla olmalı idi?”.

ABŞ kəşfiyyat orqanları Rusiyanı Demokrat Partiyasının serverlərini qırmaqda və Trampın opponentlərinə qarşı kompromat xarakterli informasiyaları yaymaqda ittiham edirlər.

“Mən o tərəfə də, bu tərəfə də inanıram. Öz kəşfiyyatıma inanıram. Amma demək istəyirəm ki, prezident Putin iddiaları çox aktiv və inandırıcı şəkildə inkar edirdi”, – deyə Tramp Helsinkidə demişdi.

Putinlə görüşdən sonra Tramp “Fox New” telekanalına müsahibə verərək bildirdi ki, Kreml heç bir şəkildə ABŞ-ın daxili işlərinə təsir etməyə cəhd göstərməyib. Putin bəyan edib ki, Rusiya xüsusi xidmət orqanlarına ünvanlanan ittihamlar Vaşinqtonun daxili siyasətindəki mübarizənin nəticəsidir. Hətta Putin ABŞ hökumətinin Rusiyanın müdaxiləsinə dair rəsmi sorğu göndərməməsinə də təəccüblənib.

Xüsusi xidmət orqanları ilə bağlı fikirlər ABŞ KİV-lərində və sosial şəbəkələrdə aktiv şəkildə müzakirə edildi. ABŞ prezidentinin çıxışını ilk tənqid edənlərdən biri Trampın sevimli telekanalının – “Fox News”un aparıcısı Nil Kavuto oldu.

 

“Bu, sadəcə iyrənc idi”

 

“Bu, sadəcə iyrənc idi. ABŞ prezidenti xaricdə bizim əsas düşmənimiz, əsas rəqibimizlə danışır. Və ona sudan quru çıxmağa şərait yaradır. Heç olmasa kiçicik belə, tənqid səsləndirmir”, – deyə Nil Kavuto bildirib.

2013-2017-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik etmiş Con Brennan isə Trampın bu davranışını dövlətə xəyanətlə eyniləşdirib. “Twitter” hesabındakı paylaşımında Brennan Trampın davranışlarının ağır cinayətə yaxınlaşdığını deyib və bunun dövlətə xəyanətə bərabər olduğunu bildirib.

ABŞ Milli Kəşfiyyatının hazırkı rəhbəri Den Kouts da Trampla razılaşmayıb: “Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi və bizim demokratiyamıza mütəmadi hücumları ilə bağlı qiymətləndirməmiz dəqiq idi. Və biz milli təhlükəsizliyimizin müdafiəsi naminə obyektiv kəşfiyyat məluamatlarını təqdim etməkdə davam edəcəyik”.

 

“ABŞ tarixində düşməni bu şəkildə dəstəkləyən prezident olmayıb”

 

Demokratların Senatdakı lideri Çak Şumer bildirib ki, ABŞ tarixində düşməni bu şəkildə dəstəkləyən prezident olmayıb. Onun Nümayəndələr Palatasındakı həmkarı – demokratların rəhbəri Nensi Pelosi Trampın bu zəifliyinin utancverici olduğunu deyib.

Trampı silahdaşları arasında da tənqid edənlər var. ABŞ prezidentinin ən sadiq tərəfdarı, respublikaçı Nyut Qinqriç bildirib ki, Putindən və ABŞ kəşfiyyatından aldığı məlumatları eyni səviyyəyə qoymaqla Ağ Evin sahibi prezidentliyinin ən böyük səhvinə yol verib.

 

“Özümə sual verdim – görəsən, nə vaxt Putindən imza istəyəcək və ya “selfi” çəkdirəcəksiz?”

 

Respublikaçı siyasətçi (həm də aktyor), iki dəfə Kaliforniyanın qubernatoru seçilən Arnold Şvartsneger də Trampı tənqid edib: “Mən indicə sizin mətbuat konfransınıza baxdım. Siz orada balaca fanat kimi görünürdüz. Mən özümə sual verdim – görəsən, nə vaxt ondan imza istəyəcək və ya “selfi” çəkdirəcəksiz?”

Bu həftənin ikinci günü Tramp Ağ Evdə bəyan etdi ki, təhqiqat aparan və Rusiyanın seçkilərə müdaxilə etdiyini bildirən ABŞ kəşfiyyatına inanır. Tramp söz verdi ki, bu ilin noyabrında Konqresdə keçiriləcək seçkilərin təhlükəsizliyini təmin etmək üçün fəal tədbirlər görəcək.

ABŞ prezidenti onu da qeyd edib ki, fikrini dəqiq ifadə etməyib və əslində demək istəyibmiş ki, Moskvanın ABŞ-dakı seçkilərə müdaxilə etmədiyini ehtimal etməyə hər hansı səbəb yoxdur.

Maraqlıdır ki, ABŞ prezidenti Ağ Evdə xüsusi xidmət orqanlarının dəstək bəyanatı verəndə bir neçə saniyəlik işıqlar sönüb. Tramp ehtimal edir ki, bu, kəşifyyat agentlərinin işidir.

Yeri gəlmişkən, Trampla Putinin görüşündən üç gün əvvəl ABŞ Ədliyyə Nazirliyi Rusiya kəşfiyyatının 12 əməkdaşını ABŞ-dakı seçkilərə müdaxilədə ittiham etdi. İstintaq hesab edir ki, 2016-cı ildə ruslar Demokrat Partiyasının serverini qıraraq oradakı sənədləri oğurlayıblar. Həmin vaxt amerikalı siyasilər Trampdan Putinlə görüşməməyi xahiş etmişdilər.

Respublikaçı senator Con Makkeyn isə bu yaxınlarda bəyan etmişdi ki, Tramp Putini cavab verməyə çağırmayacaqsa, Helsinki sammitini təxirə salsın…

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə