XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

22 Yanvar 2016 - 15:23

Sülhəddin Əkbərdən daha bir maraqlı təhlil:"İran da bizim dövlətimizdir"

sulheddin-111Sülhəddin ƏKBƏR,

Azad Demokratlar Partiyasının sədri

 

Nəhayət, gözlənilən oldu: nüvə proqramına görə İrana tətbiq edilən sanksiyalar 16 yanvar 2016-cı ildə götürüldü. 12 ildir məhdudiyyətlərə və məhrumiyyətlərə məruz qalan qonşu İran İslam Respublikasının əli-qolu açıldı.

Bu gün beynəlxalq və regional gündəmin ən aktual məsələlərindən biri, bəlkə də birincisi, budur. Əsas sual da belədir: bəs, bundan sonra nə olacaq? Yəni, maraqlı olan hər bir dövlət, qeyri-dövlət qurumu, eyni zamanda alimlər, mütəxəsislər və ekspertlər baş vermiş bu əhəmiyyətli tarixi hadisənin qlobal, regional və lokal səviyyədə möhtəməl təsirlərini analiz edib qiymətləndirməyə çalışır.

Məsələnin Azərbaycan Respublikası və bütün Azərbaycan türkləri üçün aktuallığını və xüsusi əhəmiyyətini nəzərə alıb, mən də qısa münasibət bildirmək istəyirəm:

Birincisi, nəzərə almalıyıq ki, bu gün İran adlandırılan dövlət tarixi baxımdan həm də bizim dövlətimizdir. Öz tariximizə, dövlətçilik tariximizə və qurduğumuz böyük dövlətlərə, eyni zamanda onların mirasına sahib çıxmalıyıq. Çox da tarixi dərinliyə getmədən, müasir tariximizə baxaraq,qeyd edək ki, bu dövlət elə Azərbaycan türklərinin qurduğu və 1923-cü ilə kimi faktiki, 1925-ci ilə kimi isə hüquqi baxımdan hakim olduğu Səfəvilər Dövlətinin (Dövlət-i Səfəviyyə),  Əfşarlar Dövlətinin (Əddəulət-u Əfşar) və Qacarlar Dövlətinin (Məmalik-i Məhrusə-yi İran) varisidir. Daha dəqiq desək, bugünkü İran böyük türk dövlətləri – imperiyaları üzərində qurulan, lakin sonradan ( xüsusən də 1925-ci ildən başlayan mehtər Rza dönəmindən) farslaşdırılan, fars etnosunun və milli mədəni varlığının hakim olduğu, Azərbaycan türklərinin isə assimiliasiya məruz qaldığı, milli natamamlıq kompleksi içinə girdiyi bir dövlətdir.

İkincisi, bu günkü İran tarixi coğrafiyamızın ana parçası, həm də mərkəzidir.

Üçüncüsü, bugünkü İranda ən böyük etnos da Azərbaycan türkləridi. Dünyada Azərbaycan türklərinin sayca çoxluq təşkil etdiyi ən böyük dövlət İran, ən böyük şəhər isə Tehrandır.

Başqa sözlə tarixi, tarixi-siyasi, dini-mədəni və humanitar ortaqlığımız olan və dünyadakı Azərbaycan türklərinin əksəriyyətinin də tərkibinə daxil olduğu İran xalqı, bu mənada  həm də bizim xalqımızdır.

Bu səbəblərdən, “İrandan bizə nə?!” deyə bilmərik. Digər tərəfdən onu da nəzərə almalıyıq ki, ümumiyyətlə Azərbaycan Respublikasının və xalqının nə İran dövləti, nə də xalqı ilə hər hansı bir problemi üçün (obyektiv) əsas yoxdur.

Əgər, zamanında Nadir şahın bir müdrik uzaqgörənliyi ilə göstərdiyi dərin strateji əhəmiyyətli tarixi təşəbbüs – Cəfəriliyin (şiələrin 6-cı imamı olan İmam Cəfər-i Sadiqin adından alınıb) beşinci məzhəb kimi qəbul edilməsi uğurla nəticələnsəydi, bu gün biz başqa bir dünyada yaşamış olardıq: müsəlman dünyası bugünkü utancverici durumda olmaz, XXI əsrdə məzhəb davası aparmazdı; İran – Türkiyə münasibətləri də, onların Azərbaycanla birlikdə müsəlman dünyasında, eyni zamanda bütün dünyada oynadığı rol da, onun əhəmiyyəti də tam başqa cür olardı…

Dördüncüsü, İran İslam Respublikasından bütün dünya, region, eyni zamanda Azərbaycan Respublikası üçün gələn təhlükələrin, xüsusən də aktual təhdidlərin başlıca mənbəyi onun dini-siyasi rejimidir. Bu rejimin apardığı, ilk növbədə şiə məkanında genişlənməyə dayanan aqressiv xarici siyasət və silahlanmaya əsaslanan hərbi siyasət – militarizmdir.

Beşincisi, İran İslam Respublikası, onun dini-siyasi rejimi:

  • Şimali Azərbaycanda siyasi plüralizmin mövcud olduğu (nə qədər məhdudlaşdırılsa da)  müstəqil, dünyəvi milli dövlət qurulduğuna;
  • onun demokratik inkişaf yolu tutma, azad və demokratik rifah dövləti, eyni zamanda azad dünyaya – AB və NATO-ya inteqrasiya olma və
  • beləliklə də, Cənubi Azərbaycan, Azərbaycan türkləri və bütün İran xalqı üçün çəkici nümunə olma perspektivinə görə, Azərbaycan Respublikasına öz varlığı, milli və ərazi bütövlüyü üçün tarixi dərinliyi olan təhdid mənbəyi kimi baxır.

Altıncısı, onu da nəzərə almalıyıq ki, İran İslam Respublikasına onun nüvə proqramına görə tətbiq edilən sanksiyalar ləğv edilsə də, terrorizmi dəstəkləməsinə və nüvə başlığı da daşıya bilən uzaqmənzilli raket texnologiyasının inkişaf etdirilməsini davam etdirdiyinə görə tətbiq edilən sanksiyalar qüvvədədir, hətta onlara yeniləri əlavə edilməkdədir.

Yeddincisi, regionun İsrail, Səudiyyə Ərəbistanı və körfəz ölkələri kimi dövlətləri bu razılaşmadan narahatdır.

Səkkizincisi, İran İslam Respublikasından qaynaqlanan təhdidlər onun nüvə və raket proqramı, terrorizmi dəstəkləməsi ilə də bitmir. Hazırda ondan qaynaqlanan təhlükələr, xüsusən də aktual təhdidlər əsasən İranın müdaxiləçi aqressiv regional siyasəti, İraq, Suriya və Yəməndə apardığı vəkalət müharibələri ilə bağlıdır. Hazırda bu təhdidlər nəinki ortadan qalxmayıb, əksinə bundan sonra, – məlum səbəblərdən İran İslam Respublikası güclənəcəyinə görə, – böyük ehtimalla yayılma və artma meyligöstərəcəkdir.

 

Sanksiyalar sonrası İran: regiona və Azərbaycana gözlənən təsirləri

 

Əvvala, yuxarıda da qeyd etdiyimiz kimi, nüvə proqramına görə tətbiq edilən sanksiyalar ləğv edilsə də, İran beynəlxalq sanksiyalar rejimindən tam çıxa bilməyib. Əksinə, sanksiyaların ləğv edilməsinin həmən ardından ABŞ İrana qarşı, ballistik raket proqramının inkişaf etdirilməsinə görə, yeni sanksiyalar tətbiq edib. Yəni, İran üçün sanksiya sonrası yeni dövr sanksiyalarla davam edəcək.

Lakin buna baxmayaraq, nüvə proqramına görə tətbiq edilən ağır sanksiyaların ləğvi İrana öz strateji gücünü əhəmiyyətli dərəcədə artırmağa, daxilən güclənməyə, eyni zamanda beynəlxalq münasibətlər sistemində, tədricən də olsa, öz yerini almağa imkan verəcəkdir.

İran İslam Respublikasına nüvə proqramına görə tətbiq edilən sanksiyaların ləğvi ona:

  • beynəlxalq siyasi-diplomatik izolyasiyadan çıxmağa, beynəlxalq sistemə yenidən inteqrasiya olmağa;
  • dünyada, qonşu regionlarda, həmçinin Cənubi Qafqaz və Xəzər regionunda daha aktiv xarici siyasət aparmağa;
  • iqtisadi, eyni zamanda maliyyə-iqtisadi gücünü bərpa etməyə və artırmağa;
  • həmçinin hərbi, hərbi-texniki gücünü artırmağa, hərbi sənaye kompleksini gücləndirməyə;
  • nüvə və ballistik raket texnologiyasını inkişaf etdirmək üçün öz potensialını inkişaf etdirərək möhkəmləndirməyə;
  • nəticədə, Böyük Orta Şərqdə, – xüsusən də Azərbaycan Respublikası daxil olmaqla “şiə məkanı”nda, – daha aqressiv xarici və hərbi siyasət aparmağa nisbətən daha əlverişli şərait yaradacaq və imkan verəcək.

Sanksiyalar sonrası yeni şərait:

  • ikitərəfli İran-Azərbaycan münasibətlərinin siyasi-diplomatik sahədə (ziddiyyətli olsa da) inkişafı;
  • iqtisadi münasibətlərin, – xüsusən də ticarət, nəqliyyat, kənd təsərrüfatı, turizm, səhiyyə və investisiya qoyuluşu sahəsində, – inkişafı;
  • sərhəd və gömrük rejimlərinin sadələşdirilməsi, insan, kapital, mal və xidmətlərin nisbətən sərbəst hərəkəti;
  • humanitar və mədəni əlaqələrin inkişafı üçün əlverişli şərait yaratsa da,
  • dini-ideoloji, kəşfiyyat və təhlükəsizlik, eyni zamanda hərbi təhlükəsizlik, Ermənistan-Azərbaycan konfliktinin həlli, enerji, Xəzərin statusunun müəyyən edilməsi və xarici siyasət sahələrində Azərbaycan Respublikasına yönəlik İran qaynaqlı təhlükələr – risk, çağırış və təhdidlər, həmçinin problemlər və maneələr nəinki davam edəcək və güclənəcək, eyni zamanda yeniləri yaranacaqdır.

Gələcəkdə İran İslam Respublikasının məsələsinin, dini-siyasi rejim, xüsusən də Cənubi Azərbaycan məsələsinin gündəmə gəlməsi isə, – hansı ki, yaxın perspektivdə gündəmə gəlməsi mümkünsüz və ya gözlənilməz deyil, – ikitərəfli münasibətlərdəki tam gerçək mənzərəni ortaya çıxaracaqdır ki, bu da başqa bir yazının mövzusudur.

Göründüyü kimi, sanksiyalarla davam edəcək sanksiyasonrası İran mövzusu çox mürəkkəb, ziddiyyətli, potensial təhlükələr daşıyan və dəyişkən bir məsələdir. Bəlkə də çox problemli bir məsələdir desək, daha düzgün olar.

 

Xüsusi olaraq Strateq.az üçün

 




Yuxarı Əvvələ Ana Səhifə