Ləğv edilən komitənin 2000 işçisi maaş ETIRAZINA qalxdı – MÜRACİƏT
Fevral ayında Prezident sərəncamı ilə ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2000-dək əməkdaşı əmək haqqı etirazına qalxdı.
Ləğv edilən komitənin kolektivi bununla bağlı Prezident İlham Əliyevə müraciət edib.
Strateq.az-a daxil olan müraciətdə keçmiş komitənin əməkdaşları işləmələrinə baxmayaraq, maaşlarının ödənilmədiyini və bu səbəbdən ciddi sıxıntılarla qarşılaşdıqlarını bildiriblər:
“Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 saylı Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra onun struktur vahidləri (Dövlət Aerogeodeziya müəssisəsi, Bakı Kartoqrafiya Fabriki, Dövlət Yerquruluşu Layihə İnstitutu və Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi) öz işlərini davam etdirir.
Qeyd etmək istəyirik ki, həmin 4 struktur vahidində ümumilikdə 2000 nəfərə yaxın işçi çalışır və onların heç biri fevral və mart aylarının əmək haqlarını almamışlar. Səbəbinin də nə olduğunu bilmirik. Nəzərə alsaq ki, işçilərin əksəriyyəti öz sosial vəziyyətlərinin yaxşılaşdımaq, bir sıra problemlərini həll etmək üçün müxtəlif banklardan kreditlər götürüblər, o zaman bizim hansı vəziyyətdə olduğumuzu təsəvvvür etmək çətin deyildir. Bəli, əmək haqlarının vaxtında verilməməsi ucbatından işçilər də banklara olan kredit borclarını vaxtında ödəyə bilmirik. üstəlik, gecikdirilmiş hər gün üçün banklar tərəfindən işçilərə əlavə faizlər hesablanır, bu da onsuz da ağır olan vəziyyətimizi daha da ağırlaşdırır. Həmçinin, əmək haqlarımızı vaxtında ala bilmədiyimiz üçün, kommunal ödənişləri edə bilmirik. Kommunal ödənişlər Smart kart vasitəsilə əvvəlcədən ödəmə qaydasında həyata keçirildiyindən və bizim də nəğd pul vəsaitimiz olmadığına görə Smart kartlara ödənişlər edə bilmirik. Bunun da nəticəsində mənzillərimiz işıqsız, susuz və qazsız qalmışdır.
Bizə bildirirlər ki, Maliyyə Nazirliyi Komitənin ləğv olunmasına əsaslanaraq, əmək haqları üçün vəsait ayırmır, baxmayaraq ki, Prezidentin məlum fərmanında Komitənin struktur bölmələrinin ləğvi nəzərdə tutulmamışdır. Bir sıra məmurların səhlənkarlığı xalqla Prezidenti üz-üzə qoymaq niyyəti daşıyır”.
Müraciətin sonunda keçmiş komitə işçiləri Prezidentdən problemlərinin həllini xahiş ediblər:
“Biz Azərbaycan xalqının sadə vətəndaşları, yenə də ümidimizi Sizə bağlayaraq, əmək haqlarımızın tezliklə verilməsi üçün aidiyyatı qurumlara müvafiq tapşırıq verməyinizi xahiş edirik”.
Strateq.az