XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2018 - 15:27

102-Cİ HƏRBİ BAZA ERMƏNİSTANIN BAŞAĞRISINA ÇEVRİLİR –Panikdəki hadisə rus sərhədçilərinin statusunu gündəliyə gətirib - TƏHLİL

Qarnik Gevorqyan

“1in.am”, Ermənistan, 24 iyul 2018-ci il

 

Ermənistan Müdafiə naziri David Tonoyan bazar günü Şirak vilayətinin Panik kəndinə səfər etdikdən və Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının komandanlığı ilə görüşdükdən sonra jurnalistlərlə söhbətində bəyan edib ki, Ermənistanda dislokasiya olunmuş rus sərhəd qoşunlarının statusu haqqındakı Ermənistan-Rusiya müqaviləsinin bir sıra müddəalarına yenidən baxılacağını istisna etmir.

Panik kəndində baş verən hadisənin bir sıra dəyişikliklərin edilməsini sürətləndirə biləcəyini təsbit edən nazir deyib: “Bunlar daş üzərində oyulmuş sənədlər deyil və zaman keçdikcə müqavilə-hüquq dəyişiklikləri tələb edən problemlər yaranır. Və bu, əlbəttə, ediləcək”.

Xatırladaq ki, 17 iyulda sübh tedən Gümrüdə dislokasiya olunmuş 102 saylı rus hərbi bazasının hərbçiləri Artik bölgəsinin Panik kəndinin inzibati ərazisində hərbi təlim keçiriblər. Təlim atəş açılması ilə müşayət olunub ki, bu da kənd əhalisi arasında qarışıqlıq yaradıb, çünki 102 saylı rus hərbi bazası əhaliyə hərbi təlimlər haqqında öncədən informasiya verməyib.

Hərbi təlimin keçirilməsi yeri seçilərkən yerli əhali üçün ortaya çıxa biləcək mümkün narahatlıqların yarada biləcəyi bütün  şəraiti nəzərə almadığına görə, Rusiya tərəfi rəsmi olaraq üzr istəyib və əmin edib ki, bundan sonra 102-ci hərbi bazanın ərazisindən kənarda tədbirlərin planlaşdırılması və onlar haqqında məlumatın verilməsi məsələlərində daha məntiqli və ardıcıl olacaqlar.

Panikdə baş verən hadisə ilə bağlı nazir deyib ki, bu, həm Rusiya komandanlığının, həm də erməni tərəfinin qüsurları üzündən baş verib. Ancaq David Tonoyanın müqavilənin Ermənistan ərazisində yerləşən Rusiya sərhəd qoşunlarının statusu haqqındakı bir sıra maddələrinə yenidən baxılması barədə yuxarıda xatırladılan bəyanatı daha mühüm və prinsipial əhəmiyyət kəsb edir. Bu bəyanat çoxqatlıdır və bir neçə mesaj daşıyır.

Ən maraqlısı odur ki, Panikdəki hadisə Rusiya sərhəd qoşunlarının deyil, Gümrüdə dislokasiya olunmuş 102 saylı rus hərbi bazasının hərbçilərinin iştirakı ilə baş verib, rus sərhədçilərinin isə hərbi baza ilə birbaşa əlaqəsi yoxdur. Burada sual yaranır: bəlkə, Panikdəki hadisədə yalnız 102 saylı hərbi bazanın hərbçiləri deyil, həmçinin Rusiya sərhəd qoşunlarının nümayəndələri də iştirak edib?

Bu, vəziyyəti tamamilə dəyişir, belə ki, söhbət tamamilə müxtəlif olan qoşun birləşmələrindən və tamamilə müxtəlif hüquqi statusu olan qoşunlardan gedir.

David Tonoyanın müqavilənin xüsusilə Ermənistan ərazisində yerləşdirilən Rusiya sərhəd qoşunlarının statusu haqqındakı bir sıra maddələrinin dəyişdirilə biləcəyi barədə verdiyi bəyanat, bax, bu baxımdan diqqətəlayiqdir. Həm də nəzərə almaq lazımdır ki, nazir Panikdə baş verən hadisənin bu dəyişiklikləri stimullaşdıra biləcəyini qeyd edib. Beləliklə, bu hadisədə rus sərhəd qoşunlarının hərbçilərinin də iştirak etməsi haqqında olan versiya etibarlı olmağa layiq görünür.

Ümumiyyətlə, Rusiyanın Ermənistanda hərbi iştirakı mövzusu, xüsusilə son illərdə, dövri olaraq ictimai-siyasi müzakirələrin gündəliyinə çıxır. Buna ilk növbədə çox vaxt cəzasız qalan, – ən dəhşətli təzahürü Permyakov tərəfindən Avetisyan ailəsinin üzvlərinin qətl edilməsidir, – Gümrüdəki hərbi bazanın hərbçilərinin davranışı şərait yaradır. Bu və çoxsaylı digər hadisələr erməni cəmiyyətini, hərbi bazanın varlığının məqsədəuyğunluğu haqqında olmasa da (baxmayaraq ki, belə fikir söyləyən dairələr də var), heç olmasa, bu bazanın fəaliyyəti üzərində nəzarət qaydalarının sərtləşdirilməsi barədə məsələ qaldırmaq haqqında düşünməyə məcbur edir. Müzakirələrdə həmişə o məsələ də qeyd olunur ki, öz hərbi bazasının varlığına görə Rusiya Ermənistana bir qəpik də ödəmir, bundan başqa, müxtəlif məlumatlara görə, hətta bazanın məişət, kommunal xərclərini də erməni tərəfi qapadır.

Və budur, müxtəlif dövrlərdə yüksək və ya aşağı kəskinliklə, ən azı, rus bazasının yerləşməsi şərtlərinə yenidən baxılması məsələsinin ictimai gündəlikdə durduğu belə bir şəraitdə, müdafiə naziri müqavilədə rus sərhəd qoşunlarının statusu haqqındakı bir sıra maddələrə yenidən baxılması haqqında danışır.

Ermənistan məmurunun, özü də müdafiə nazirinin Rusiyanın hərbi iştirakı ilə, həm də sərhəd qoşunlarının iştirakı ilə bağlı olan müqavilə haqqında danışması faktı özü-özlüyündə müstəqil Ermənistanın bütün tarixi ərzində görünməmiş bir hadisədir. Rusiyanın Ermənistanda hərbi iştirakı mövzusu həmişə tabu qoyulan mövzu olub, əhəmiyyətsiz istisnalar olmaqla, bu barədə hətta müxtəlif dövrlərin ən radikal müxalifətçiləri belə danışmırdı, bu barədə, xüsusən də heç bir hakimiyyət danışmırdı.

Və bu şəraitdə, xüsusən də Panikdəki hadisədən və Baş nazir Nikol Paşinyanın bu hadisəni Ermənistanın suverenliyinə və erməni-rus münasibətlərinə qarşı təxribat kimi xarakterizə etdiyi bəyanatından sonra David Tonoyanın mesajını məqsədli hesab etmək lazımdır.  Həm də müdafiə naziri qeyd olunan müqavilənin bir sıra maddələrinin dəyişdirilməsi üçün hər hansı bir vaxt göstərməyərək, bu barədə kifayət qədər lakonik danışıb. O, mahiyyətcə, yalnız problemi qaldırıb – erməni-rus münasibətlərinin müqavilə-hüquq bazasının əsasının yenidən baxılmaya ehtiyacı var.

Bu məsələnin qaldırılması ona görə mühümdür ki, o, bu məsələnin ictimai-siyasi gündəliyə gəlməsi, onun ətrafında müzakirələrin, debatların (Rusiyanın rəsmi və ekspert dairələrinin də bura cəlb edilməsi çox mühümdür) başlaması üçün stimul ola bilər. Bu problemin qarşıdurma rejimində müzakirə olunması həddindən artıq təhlükəli və yolverilməzdir. Bu mənada David Tonoyanın bəyanatındakı ümumiləşdirilmiş formullar tamamilə anlaşılandır.

Erməni-rus münasibətlərinin 20 ildən artıq müddət ərzində deformasiya və deqradasiya olunması, Gümrüdə hərbi bazanın yerləşdirilməsi haqqındakı müqavilədən başlayaraq, “Qazprom-Armeniya”ya inhisraçılıq verən razılaşmaya və digər hüquqi aktlaradək, dövlətlərarası münasibətləri tənzimləyən müqavilə-hüquq bazasında da ifadə olunub. Bütün bu sənədlər suverenliyin pozulması və məhdudlaşdırılması, Rusiyanın dominantlığı və üstün təsiri prinsipləri əsasında tərtib edilib.

Erməni-rus münasibətlərinin “yenidən başladılması” (mətndə ing. “restart” – “yenidən başlamaq” ifadəsi işlədilib – tərc.), Ermənistanın yeni hakimiyyətinin də dediyi kimi, Ermənistanın suverenliyinin bərpa edilməsi məqsədilə, bu müqavilə-hüquq bazasına zəruri olaraq yenidən baxılmasını tələb edir. Bunun məhz reallıqlardan daha çox miflərin dominantlıq etdiyi hərbi sferada əməkdaşlıqdan başlaması tamamilə simvolik olardı.

Tərcümə Stateq.az-ındır