XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2018 - 16:39

MOLDOVA DA RUS HƏRBÇİLƏRİNİ ÖLKƏYƏ ƏSAS TƏHDİD ELAN ETDİ –NATO ilə əməkdaşlıq strategiyasının açıqlanması separatçıları hərəkətə gətirdi - TƏHLİL

Svetlana Qamova,

“Nezavisimaya qazeta”, Rusiya, 25 iyul 2018-ci il

 

Dnestryanının Prezidenti Vadim Krasnoselski Moldova Respublikasının (MR) yeni müdafiə strategiyasını tanınmayan respublika üçün təhdid adlandırıb. O, “NQ”-yə bəyan edib ki, Tiraspol RF qoşunlarının Dnestryanını tərk etməməsi üçün təkid edir, Dnestryanının ordusu isə müdafiəyə hazırlaşır. Dövlət sərhəddinin (MR-lə sərhəd belə hesab edilir) müdafiəsi və bağlanması regionda başlayan hərbi təlimlərin məqsədi elan edilib.

Təhlükəsizlik zonasına nəzarət edən Birləşmiş Nəzarət Komissiyasının (BNK) Dnestryanı tərəfdən olan həmsədri Oleq Belyakov “NQ”-yə məlumat verib ki, Kişinyov Rusiya Qoşunlarının Operativ Qrupunun (RQOQ) çıxarılması üçün təkid edərək, əslində sülhməramlı missiyanın RQOQ bazasında formalaşdırılan RF batalyonunun ləğv edilməsinə nail olmağa çalışır.

Moldova parlamentinin bu yaxınlarda qəbul etdiyi, Dnestryanıda olan rus qoşunlarının başlıca təhdid adlandırıldığı Milli müdafiə strategiyası tanınmayan respublika əhalisinin narahatlığına səbəb olub. BNK həmsədri olan Oleq Belyakov “NQ”-yə deyib: “Biz narahat olmuşuq, çünki Kişinyovda yalnız rus hərbçilərinin deyil, Dnestryanı hərbçilərinin də təhdid hesab edildiyini bilirik. Bundan əlavə, RQOQ-nin regiondan çıxarılması üzrə Moldovanın göstərdiyi bütün səylər Dnestrdəki sülhməramlı missiyanın ləğv edilməsinə yönəlib”.

O qeyd edib ki, RQOQ-nin sülhməramlıların hazırlanması üçün baza rolunu oynadığını Kişinyovda bilirlər. Sülhməramlı batalyonun (435 nəfər) Rusiyadan rotasiya edilməsi mümkün deyil. Belə ki, Ukrayna üzərindən hərbi tranzit yolu RF üçün bağlıdır, Kişinyov aeroportuna isə Moskvadan gələn, hətta mavi dəbilqədə olan hərbçiləri alqışlamayan Moldova güc strukturları nəzarət edir.

Blokada şəraitində dnestryanlılar – Rusiya vətəndaşları arasından əsgərləri yalnız RQOQ hazırlaya bilər. Belyakovun sözlərinə görə, bir batalyon münaqişə zonasında xidmətə gəlir, ikinci batalyon isə yenidən təşkil edilməsi üçün oradan Tiraspola geri gedir.

Kişinyovda bilirlər ki, 1992-ci ildə Dnestrdə silahlı münaqişəni durduran və regionda sülhü qoruyan sülhməramlıları qovmaq strateji baxımdan düzgün deyil, bunu hətta Rusiyanın düşmənləri belə bəyənmirlər.

“Bu yaxınlarda ATƏT sədrinin (sədr İtaliyadır) xüsusi nümayəndəsi bəyan etdi ki, Dnestryanıdakı sülhməramlılara toxunmaq olmaz, missiya davam etməlidi. Ancaq Moldovada RQOQ-ni evakuasiya etməklə, sülhməramlı hərbçiləri beynəlxalq mülki şəxslərlə əvəzləməyin digər yolunu tapıblar. Konstitusiya Məhkəməsinin RF qoşunlarının çıxarılması haqqında verdiyi qərarda qeyd edilib ki, bunun üçün istənilən, o cümlədən hərbi gücdən istifadə edilə bilər. Moldova hakimiyyət orqanları da bunu nəzərə aldılar. Bizə, əgər ehtiyac olarsa, müdafiə olunmaq qalır” – deyərək, Oleq Belyakov yekunlaşdırır.

Dnestryanının lideri Vadim Krasnoselski “NQ”-yə xatırladıb ki, Kişinyov dəfələrlə RQOQ-ni Moldova təhlükəsizliyi üçün təhdid adlandırıb, həmçinin dəfələrlə RF hərbçilərinin Dnestrin sol sahilindən çıxarılmasına yardım etmək üçün bütün instansiyalara xahişlə müraciət edib.

“Öncə Konstitusiya Məhkəməsi RQOQ-nin Dnestryanında olmasını qanunsuz hesab edən qərar verdi və qrupun regiondan sıxışdırılıb çıxarılması üçün güc metodlarından istifadə etməyə, faktiki olaraq, icazə verdi. Sonra eyni nəticə ilə BMT və AŞPA qətnamələri qəbul edildi: ruslar çıxmalıdır. Lakin biz (Dnestryanının rəhbərliyi –“NQ”) əhaliyə verdiyimiz vədi yerinə yetirəcəyik – Rusiyanın hərbi iştirakını qoruyub saxlayacağıq. Rus əsgərləri yanlarında olduqda dnestryanılılar özlərini müdafiə olunmuş hiss edirlər. 1992-ci ilin faciəsini və o zaman bizi kimin xilas etdiyin hamı xatırlayır. Moldovanın yeni müdafiə strategiyası yenə də Dnestryanı ərazisində olan RF hərbçilərini öz ölkəsinin təhlükəsizliyi üçün başlıca təhdid adlandırır. Lakin biz də qarşıdurma niyyətində olan Moldova hərbçilərini özümüzə qarşı təhdid hesab edirik” deyərək, Krasnoselski yekun vurub.

Tiraspolda Vladimir Putinin Rusiyanın təhdidlərə adekvat cavab verəcəyi ilə bağlı dediyi sözləri xatırlayırlar. Rusiya prezidenti Gürcüstan və Ukraynanın NATO-ya daxil olma planlarını risklər sırasına aid edir. Yeni müdafiə strategiyası təsdiq edir ki, Moldova da alyansa üzv olmağa tələsir. Həm də nəzərə almaq lazımdır ki, ölkənin neytrallıq statusunun təsdiq edilməsilə eyni zamanda. Dnestryanı televiziyası buna xüsusi olaraq diqqət çəkir.

Eyni zamanda Dnestryanı Müdafiə Nazirliyinin (mətndə belə gedir – tərc.) mətbuat xidməti məlumat verib ki, respublikanın silahlı qüvvələri yerlərdə komanda-qərargah təlimlərinə başlayıb. Dövlət sərhəddini mühafizə etmək üçün hərbi hissələr göstərilən rayonlara yeridilib. Onların vəzifəsi, şərti rəqibin hücum edən qüvvələrinin qarşısını almaq və ona respublika ərazisində möhkəmlənməyə imkan verməməkdir. Yerlərdə komanda məntəqələri açılıb, hərbi hissələrin qərargah zabitləri gələn informasiyaları analiz edir, dövlət sərhəddinin müdafiəsi və mühafizəsi üzrə qərarlar qəbul edirlər.

Hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini mayor Roman Kojuxar qeyd edib: “Bu növ silahlı qüvvələrdə belə təlimlər mütəmadi olaraq keçirilir. Bu, döyüşə maksimum yaxın şəraitdə hərbi hissələrin idarə edilməsi məsələlərini praktikada “işləməyə” imkan verir. Müxtəlif səviyyəli komandirlər üçün bu, müxtəlif döyüş növlərində təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsində real təcrübə qazanmaq baxımından yaxşı imkandır”.

Bu yaxınlarda, Moldova hərbi hissələrinin də iştirak etdiyi Sea Breese 2018Ukrayna-ABŞ təlimləri başa çatb.

Xatırladaq ki, ötən həftə Moldova parlamenti 2018-2021-ci illər üçün Milli müdafiə strategiyasını səs çoxluğu ilə qəbul edib. Sənəddə deyilir ki, respublika öz neytrallığını saxlamaq niyyətindədir, lakin eyni zamanda NATO ilə əməkdaşlığını dərinləşdirəcək. Bu halda, Dnestryanında rus hərbçilərinin mövcudluğu ölkə təhlükəsizliyinə yönəlik əsas təhdidlərdən biri adlandırılıb.

Əvvəllər Moldova Dnestryanını işğal edilmiş ərazi olaraq tanıyıb. Moldova Respublikasının Konstitusiya Məhkəməsi qərar verib ki, rus əsgərləri burda qanunsuz olaraq yerləşir. Bu, neytrallıq prinsipinə ziddir. Konstitusiya Məhkəməsi Dnestryanını işğal edilmiş ərazi, Rusiyanı isə işğalçı olaraq tanıyıb. Məhkəmənin qərarına əsasən, müstəqillik, ərazi bütövlüyü və ya dövlət təhlükəsizliyi kimi fundamental konstitusiya dəyərlərinə təhdid olduğu halda, MR rəhbərliyi onların müdafiəsi üçün bütün zəruri tədbirləri, o cümlədən hərbi tədbirləri görməlidir.

Qeyd edək ki, Kişinyovda təhlükəni Dnestryanında və Rusiya qoşunlarının operativ qrupunda görürlər.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə