XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2018 - 11:46

HÖRMÜZ BOĞAZINDA TIXAC:Tehran son çarəyə baş vuracaq, yoxsa "qırmızı xətlər"indən imtina edəcək? - TƏHLİL

Şahir Şahidsaless

“Middle East Eye”

 

İranla ABŞ arasındakı gərginlik yeni zirvələrə çatarkən, təhlükəli sözlərin qızğın mübadiləsi də güclənir. Son günlərdə, İranın dini liderindən prezidentə və yüksək vəzifəli generallara qədər Tehranda hamı Hörmüz boğazı vasitəsilə neft ixrac edə bilmədikdə “heç bir ölkə bunu edə bilməyəcək” deyir.

Hörmüz boğazı dünyanın ən əhəmiyyətli neft tranzit keçididir. Gündəlik nəql 18,3 milyon barel təşkil edir – bütün neft hasilatının 35 və dünya bazarında satılan neftin təxminən 20 faizi.

 

Dağıdıcı küləklər

 

İran iqtisadiyyatı artıq ABŞ-ın neft ixracına və bank sisteminə olan embarqosundan dağıdıcı küləklərə məruz qalıb. O, noyabrın 4-dən tam gücü ilə təsir göstərəcək.

Tehranda və vaşinqtonda qarşılıqlı ittihamlardan az sonra, iyulun 23-də, 40 milyondan çox istifadəçisi olan “Telegram” mesajlaşma və şərhlərlə dolub-daşıb. “Comment”lərdə hamı bir-birini ABŞ dolları almağa təşviq edib.

Həmin gün rial ABŞ dollarına qarşı dəyərinin 14 faizini itirib. Məzənnəsi yüksək səviyyəyə çatan dollar “qara bazar”da 95.000 riala (bir gün əvvəl 83 min riala) satılıb.

İranlılar siyasi spektrdəki mövcud tendensiyadan son dərəcə narahatdır. İqtisadçılar arasında fikir birliyi var ki, hər şeyin qiyməti dolların dəyərinə bağlıdır. Bir neçə gün əvvəl İranın bir naziri sanksiyaları nəzərdə tutaraq, “Noyabr ayından sonra fırtınaya hazır olmalıyıq”, – deyib.

Amerikalı rəsmilər ilkin olaraq İranın neft idxalçılarının noyabr ayına qədər idxalı sıfıra endirməli və ya ağır cəzalarla üzləşmələri olacaqlarını söyləyib. Lakin son zamanlar maliyyə naziri Stiven Mnuçin və dövlət katibi Mayk Pompeo da daxil olmaqla, Tramp kabineti üzvləri ABŞ-ın İranın neft ixracına sanksiyadan imtina məsələsinin bir daha nəzərdən keçiriləcəyini dilə gətirib. Bu, İranın noyabr ayında qarşılaşacağı maneəni həll edəcəkmi?

 

Sanksiyalardan imtina?

 

Barak Obamanın prezidentliyi dövründə, İranla nüvə razılaşması imzalanmazdan əvvəl, ABŞ rəhbərliyinin güzəşti ucbatından İran bir sıra ölkələrə, 2018-ci ilin iyununda 2,7 milyon barellə müqayisədə, 1 milyon barelə yaxın xam neft sata bilib. Amma İranın bank sisteminə sanksiyalar qoyulduğundan ödənişlərdə müşkül vardı.

İran çox mürəkkəb mexanizm sayəsində beynəlxalq bank sistemini adlamağa müvəffəq olub. Lakin müasir maliyyə əməliyyatında sanksiyalardan yayınma sxemi Rza Zərrabın sayəsində artıq amerikalılara məlumdur və ehtimal ki o bloklanacaq.

Avropa İttifaqı nüvə müqaviləsini “diri saxlamaq” üçün Avropa İnvestisiya Bankı (AİB) vasitəsilə İranın Mərkəzi Bankına maliyyə axını təklif edir. Ancaq planın reallaşacağına şübhə var.

 

İran Hörmüz boğazını bağlayacaqmı?

 

İranın boğazı bağlamaq üçün hərbi potensiala malik olub-olmaması mətbuatda geniş müzakirə olunan məsələdir. Tehranın hədəfi, son çarə olaraq, Fars körfəzində sabitliyi pozmaq və neft axınına maneə yaratmaq, neft qiymətlərində əhəmiyyətli bir dalğalanma meydana gətirmək və ABŞ-ı rəyini dəyişməyə razı salmaqdır.

Keçən il ABŞ dəniz kəşfiyyatının hesabatında İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) dəniz doktrinasının “sürət, say, gizlilik, diri qalma və ölümcüllüyə” əsaslanması qeyd olunub. Hesabatda bildirilir ki, İİKK sürətli hücum üçün kiçik gəmilər, anti-gəmi kruiz raketləri və minalar əldə edib. Fərdi olaraq, bu inkişaflar Qərb texnologiyası ilə rəqabət apara bilməz. “Ancaq bir araya gəldikdə, xüsusilə Fars körfəzi və Hörmüz boğazı kimi dar əməliyyat yerlərində istifadə edildikdə, daha böyük ümumi qabiliyyət yaradır”.

İranın ali lideri Ayətullah Əli Xamnəi Hörmüz boğazını qeyri-sabit vəziyyətə gətirən son qərarı verəcək şəxsdir. Danılmaz radikal siyasi mövqeyinə baxmayaraq, hər hansı bir riskdən yayınmaq üçün o, geri çəkilmə yollarını da düşünüb.

1998-ci ildə “Taliban” Məzar-Şərifdə səkkiz iranlı diplomatı öldürdüyünü etiraf edərkən, İran və Əfqanıstan arasında gərginlik yaşanıb. Hadisədən sonra İran ordusu və İİKK Əfqanıstan sərhədində 100 min əsgər toplayıb. İranın islahatçı prezidenti Məhəmməd Xatəmi, demək olar ki, bütün üst səlahiyyətlərlə birlikdə, “Taliban”ın cinayətinə hərbi cavab təklifini dəstəkləyib. Lakin Xamnəi hücuma qarşı çıxaraq onu dayandırıb.

Digər bir nümunə nüvə böhranıdır. İran iqtisadiyyatına, ilk növbədə, Obamanın vəzifədə olduğu müddətdə, təzyiqə baxmayaraq, bir çox siyasətçi öhdəliklərini yerinə yetirməməyə çağırsa da, Tehran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmayıb.

 

Ani dəyişiklik

 

Xamnəi 1989-cu ildə İranın ali lideri vəzifəsinə təyin etdiyi gündən “ABŞ-la heç bir danışıq” siyasətini qətiyyətlə müdafiə edib. Lakin 2013-cü ildə sanksiyaların böyük təzyiqi altında olarkən “mütəhərrik qəhrəmanlıq” doktrinasına keçib. Bu, ABŞ-la danışıqlara yol açıb, nüvə böhranı həll olunub.

Digər nümunə İranla altılıq qrupu arasında tarixi razılıqdan 3 həftə əvvəl Ayətullah Xamnəinin cızdığı yeddi “qırmızı xət”dir. 2015-ci ilin iyul ayında əldə edilən nüvə razılaşması ilə demək olar ki, bütün “qırmızı xətlər” pozulub. Amma o bu səylərə heç bir təpki verməyib.

Nüvə razılaşmasından az sonra Xamnəi Ruhaniyə məktub yazaraq, “terror və ya insan hüquqlarının pozulması kimi saxta bəhanələr” daxil olmaqla, istənilən ittiham halında, sazişi ləğv etməyə çağırıb. Lakin Tramp müqavilədən birtərəfli çıxsa da, İran öhdəliklərə sadiq qalıb.

Odur ki, yalnız ölkənin neft gəlirlərinin əhəmiyyətli dərəcədə azalması, rialın devalvasiyası və rifahın azalması, sistemə təhlükə yaradan yeni etiraz dalğası ilə qarşılaşdıqda, dalana dirənmiş İran çox güman ki, Hörmüz boğazını son çarə olaraq bağlayacaq.

İİKK komandirləri belə bir qərar verə bilər. Onların fikrincə, “dünya bu bölgənin nefti olmadan hətta 24 saat yaşaya bilməz”. Başqa sözlə, Fars körfəzindəki hərbi münaqişənin qısa olacağına və ABŞ öz mövqeyindən geri çəkilməsinə ehtiyac duyacağına əmindirlər.

“Sepah”çılar “dəniz müharibəsi yer müharibəsindən fərqlənir, – deyir. – Dəniz müharibəsində təyyarədaşıyan gəmi batdıqda, məğlub olursunuz”. Asimmetrik dəniz müharibəsi ismarışı verən İİKK-in Dəniz Qüvvələri komandiri Əli Fədavi əlavə edir: “ABŞ-ın təyyarədaşıyan gəmisini 50 saniyədə məhv edə bilərik”.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə