XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 İyul 2018 - 21:35

ÇÖRÇİLİN ŞAGİRDİ, TRAMPIN STRATEQİ…- Stiv Bennon və Boris Conson Avropa üçün hansı oyunlar qurur?

(News.ru, 26.07.2018)

Biri populistlərin Avropada qələbə qazanmasına kömək edən siyasi texnoloq Stiven Bennon, digəri Böyük Britaniyanın potensial baş naziri Boris Conson… Ağ Evdən uzaqlaşdırılan keçmiş baş strateq Bennon Britaniyanın bir müddət əvvəl istefa verən xarici işlər naziri Consonla sıx təmasdadır. Onlar birlikdə Avropa siyasətinə ciddi təsir edə biləcək addımları planlışdırırlar.

Bu yaxınlarda Londona səfəri (Donald Trampın Britaniya səfəri ilə üst-üstə düşmüşdü) zamanı Bennon avroskeptiklərin Britaniyadakı hərəkatının liderləri Naycel Farac və Lui Alio ilə görüşmüşdü. Bu şəxslər həm də fransalı ultramillətçi Marin Le Penin yaxın silahdaşlarıdılar.

Bennon etiraf edib ki, Brüsseldə Avropa Birliyini laxlatmağı və iflic etməyi hədəfləyən “The Movement” adlı siyasi təşkilat yaradıb.

«Təşkilatın illik büdcəsi və dəqiq strukturu var. Və biz əməkdaşlar toplamağa başlamışıq”, – deyə Bennonun köməkçisi Rahim Kassam (əvvəllər Naycel Faracın sağ əli olub) bildirib.

“BuzzFeed News” bir neçə mənbəyə istinadən xəbər verir ki, Trampın keçmiş siyasi texnoloqu Bennon Londonda olarkən Boris Consonu “Çörçilin şagirdi” adlandıraraq onu Tereza Meyə meydan oxumağa çağırıb. Üstəlik keçmiş XİN rəhbəri ilə görüşüb də.

Mənbə “BuzzFeed News”a bildirib ki, sözügedən ikili hələ Stiv Bennon Ağ Evdə, Conson isə Britaniya Xarici İşlər Nazirliyində işləyən dövrlərdə bir-birilə yazışırdı.

Görünən odur ki, Bennon hakim Mühafizəkarlar Partiyasının iri siyasətçiləri ilə əlaqələr qurur. Onun mühafizəkarlar qrupunun rəhbəri, “Brexit”in qatı tərəfdarlarından olan Yakob Riis-Moqla da görüşdüyü bildirilir.

Donald Trump 2018-ci ilin yanvarında baş strateqindən imtina edərək onu “şüursuz” adlandırmışdı. Ona görə də, qeyri-rəsmi şəxs kimi Bennon istədiyi yerə getmək və istədiyi şəxslə görüşmək hüququna malikdir. Və necə ki sağyönümlü Avropa partiyaları ilə görüşür.

İyulda istefa verəndən sonra Conson siyasi səhnədə gözə dəyməyib. Baxmayaraq ki, ABŞ prezidenti onun ünvanına bir neçə dəfə tərif səsləndirib.

Britaniyalı ekspertlər isə hesab edirlər ki, gec-tez Conson hökumətə təzyiq göstərmək, Tereza Meyi baş nazir və Mühafizəkarlar Partiyası lideri postunda sıxışdırmaq üçün aktiv kampaniya başladacaq.

Avroskeptiklərin fikrincə, “Brexit” üçün daha yumşaq variant Britaniyanı Avropa Birliyindən asılı vəziyyətə salacaq. B.Conson isə bildirir ki, bu, Britaniyaya “müstəmləkə statusu” verəcək.

“Brexit”in qatı tərəfdarı və Britaniya baş naziri postuna real namizəd olan Boris Consonla ittifaq Bennona Avropadakı siyasi dramların əsas iştirakçısı olmağa kömək edəcək.

“BuzzFeed News” onu da qeyd edir ki, adının Bennonla qoşa çəkilməsi Consonun nufuzuna zərbə vura bilər. Belə ki, britaniyalı seçicilər Bennonun populistik ritorikasını ifrat hesab edirlər.

Ekspertlərə görə, məlum görüşləri keçirməklə Bennon qloballaşma əleyhinə olan sağçıları bir araya gətirmək istəyir: “Onun üçün ideologiya hər şeydən önəmlidir. Bu ideologiyaya görə, qloballaşma dünya üçün təhlükədir. Ona görə də suveren dövlət qaydalarına qayıtmaq lazımdır. Bennon koalisiya formalaşdırmaq istəyir. Birləşmiş Ştatlarda bu metod alınmadı. İndi o, diqqətini Avropaya yönəldib.

Bennonun üstünlüyü ondadır ki, Avropadaxili münaqişələrlə bağlılığı yoxdur. Əksər Avropa ölkələrində, məsələn, İtaliya və Fransada qloballaşma əleyhinə olan siyasətə böyük tələbat var.

Avropa Parlamentinə ötən seçkilər zamanı sağyönümlülərin arasında münaqişə yaşanıb. Və onları bir araya gətirmək çətindir. Siyasi fəaliyyətlə bağlı hər birinin baxışı fərqlidir. Bennonun vəzifəsi ortaq ideologiya təklif etməkdir. Amma qloballaşma əleyhdarları ona qulaq asacaqmı?

Boris Conson üçün Bennonla görüş Tereza Meyi trollamaq üçün imkandır. Ümumavropa seçkiləri Conson üçün aktual deyil. Lakin bu yolla o, öz oyununu oynadığını nümayiş etdirir. Meyin imtina etdiyi xətt isə ilk dəfə olaraq ABŞ-ın açıq dəstəyini qazanıb”.

Tərcümə Strateq.az-ındır