XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2018 - 19:11

Qlobal və regional siyasətdə baş verənlərə Ankaradan baxış:BRİCS toplantısı Türkiyəyə nə vəd edir? - TƏHLİL

Oğuz Çelikkol

“Hürriyet”, Türkiyə, 26 iyul 2018-ci il

 

Türkiyə ilk dəfə BRİCS toplantısında iştirak edəcək. Prezident Ərdoğan dünən BRİCS zirvəsində iştirak etmək üçün Cənubi Afrika Respublikasına (CAR) gedib. Zirvə görüşü bu gün və sabah Yohannesburq şəhərində keçiriləcək. Türkiyə BRİCS üzvü deyil. Anlaşılan odur ki, o, Yohannesburqda keçirilən zirvə görüşünə hazırda İslam Konfransı Təşkilatının sədri olması səbəbilə, “qonaq ölkə” olaraq dəvət edilib.

BRİCS, adından da göründüyü kimi, Braziliya, Rusiya, Hindistan, Çin və CAR-ın yaratdığı beynəlxalq təşkilatdır. Bu 5 ölkənin hamısı eyni zamanda G-20 (Grup-20) təşkilatının üzvləridir. Bu səbəblə, BRİCS-lə G-20 arasında birbaşa əlaqə vardır. Türkiyənin də G-20 üzvü olması onun BRİCS sammitinə dəvət edilməsini daha anlamlı edir.

İstər BRİCS, istərsə də G-20 dünyanın iqtisadi problemlərini müzakirə etmək, beynəlxalq sistemdə qarşıya çıxan iqtisadi problemlərə qlobal həllər tapmaq məqsədilə qurulmuş təşkilatlardır. BRİCS üzvü olan 5 ölkənin əhalisi dünya əhalisinin çox əhəmiyyətli bir hissəsini təşkil edir. Bu ölkələr dünya iqtisadiyyatında gedərək daha böyük və təsirli rol oynayır.

Yohannesburq zirvə görüşü BRİCS sammitlərinin 10-cusu olacaq. BRİCS sammitləri 2009-cu ildən başlayaraq, ildə bir dəfə keçirilir. Bundan sonrakı sammitlərin Braziliyada (XI) və Rusiyada (XII) keçirilməsi gözlənilir. 2020-ci ildə Rusiyada keçiriləcək zirvə görüşünün maraqlı olacağı indidən danışılır. Rusiyanın BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitlərini eyni zamanda təşkil etməyi, bu böyük beynəlxalq toplantıya dünyanın, Avropa və Transatlantika xaricindəki, bütün önəmli (yüksələn) iqtisadiyyatlarını bir araya gətirməyi planladığı görünür.

Dünyanın ən böyük 19 iqtisadiyyatı ilə AB-ni bir araya gətirən G-20-nin builki zirvə görüşü isə 30 noyabr-01 dekabr 2018-ci il tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək. 2018-ci ildə G-20 təşkilatına sədrliyi Argentina edəcək. Ötən həftə Argentinada G-20 ölkələrinin iqtisadiyyat və maliyyə nazirlərinin iştirakı ilə əhəmiyyətli bir toplantı keçirildi. Argentina 2018-ci il ərzində G-20 ölkələrinin iştirak etdiyi və beynəlxalq iqtisadi məsələlərin gündəlikdə olduğu çox sayda toplantıya ev sahibliyi edir.

Argentinada keçirilən bu G-20 toplantıları dünya iqtisadi əməkdaşlığı üçün əhəmiyyət daşıyır. Çünki G-20 iqtisadiyyatları dünya üzrə ÜDM-in 85%-ə qədərini istehsal edir, dünya ticarətinin isə (AB daxili ticarətlə birlikdə) 80%-ni həyata keçirir. Dünya əhalisinin 2/3-si də G-20 ölkələrində yaşayır.

Buenos Ayres görüşü XIII G-20 sammiti olacaq. Bundan sonrakı G-20 sammitləri isə Yaponiya (XIV) və Səudiyyə Ərəbistanında (XV) olacaq. G-20 sammitləri 2008-ci ildən keçirilir. 2009 və 2010-ci illərdə ildə iki dəfə keçirilən bu sammitlər 2011-ci ildən bu yana ildə bir dəfə keçirilir. Önəmli bir G-20 sammitinin də 2015-ci ildə Türkiyədə, Antalyada keçirildiyi yaddaşlardadır.

G-20 sammitlərini təşkil edən fəaliyyətdəki sədr ölkə üzv ölkələrin İqtisadiyyat, Maliyyə və Əmək nazirləri ilə Mərkəzi Bank sədrlərini bir araya gətirən toplantılar da təşkil edir. Keçmişdə fəaliyyətdəki sədr olan ölkələrin iş dünyası, vətəndaş cəmiyyəti və düşüncə qurumlarının liderlərini də bir araya gətirdiyi – xalqlararası əlaqələri gücləndirdikləri məlumdur.

G-20 təşkilatının əhəmiyyətli bir tərəfi də dünyadakı (ənənəvi) böyük iqtisadiyyatlarla ön plana çıxmaqda olan (yüksələn) iqtisadiyyatları bir araya gətirməsidir. G-20 əsasən dünyadakı ən böyük 7 Qərb iqtisadiyyatını birləşdirən G-7 təşkilatı daxilində alınan qərarla qurulmuşdur. İlk G-20 sammiti ABŞ-ın paytaxtı Vaşinqtonda, II İngiltərənin paytaxtı Londonda, III yenə ABŞ-da – Pitsburqda keçirilmişdir. Bu durum Qərbin böyük iqtisadiyyatlarının dünyanın qarşılaşdığı və öz həllini gözləyən iqtisadi problemlərin ancaq G-20 formatlı bir təşkilat daxilində (yüksələn iqtisadiyyatların töhfəsilə) həll edilə biləcəyini gördüklərini və belə bir təşkilat qurmaq məcburiyyətini duyduqlarını göstərməkdədir.

Beynəlxalq təşkilatların zirvə görüşləri üzv ölkələrin liderlərinin bu görüşlər çərçivəsində ikili təmaslar qurması baxımından da önəm daşımaqdadır. Bu çərçivədə beynəlxalq təşkilatların zirvə görüşləri bir çox ikili təmasa səhnə olmaqda, beynəlxalq problemlərin liderlər arasında üz-üzə müzakirə edilməsinə imkan yaratmaqdadır. Prezident Ərdoğanın iştirak edəcəyi BRİCS-in Yohannesburq sammitinin də bir çox ikitərəfli görüşə səhnə olması gözlənməlidir. Bu görüşlərdən birinin Prezident Ərdoğanın Rusiya Prezidenti Putinlə keçirəcəyi görüş olacağı və iki liderin bu gün bir araya gələcəyi açıqlanmışdır.

 

Suriya məsələsi

 

Prezident Ərdoğanın Putinlə bu gün keçirəcəyi görüşün gündəliyindəki ən önəmli maddənin Suriya məsələsi olacağı anlaşılmaqdadır. Ankaranın Rusiya ilə ABŞ və İsrail arasındakı, Suriya məsələsilə bağlı olaraq baş verdiyi anlaşılan, təmas və görüşləri yaxından izlədiyi şübhəsizdir. Şam rejimi gücləri, ABŞ-dan heç bir reaksiya olmadan, Dera bölgəsini (guya atəşkəs bölgəsi idi) asanlıqla ələ keçirmişdir. PYD/YPG ilə Şam rejimi arasında (PYD/YPG nəzarəti altında olan bölgələrdəki) neft quyularının istismarı məsələsində anlaşma əldə edildiyi yönündə olan xəbərlər də mətbuatda yer almaqdadır. Baş verən bu hadisələr Rusiya ilə ABŞ-ın Suriya ilə bağlı bir razılaşma əldə etmək məqsədilə görüşdükləri haqqındakı xəbərləri gücləndirməkdədir.

İsrail Baş naziri Netanyahunun Rusiya Prezidenti Putinlə artan təmasları (Netanyahunun qısa bir müddət ərzində üç dəfə Moskvaya getməsi) Rusiya ilə İsrail arasında da Suriya ilə bağlı olaraq keçirilən görüşlərin intensivləşdiyinə işarə etməkdədir. Ankaranın həm Rusiya ilə ABŞ, həm də Rusiya ilə İsrail arasında keçirilən görüşlərin Suriyanı haraya aparmaqda olduğu məsələsilə maraqlanması, əlbəttə, təbiidir.

Ankaranı narahat edən digər bir hadisə də Şam rejiminin (Deradan sonra) İdlibə doğru dönmə ehtimalıdır. Şam rejiminin İdlibi ələ keçirmək üçün girişəcəyi bir hərbi əməliyyat Ankara üçün bir çox problemi (yeni böyük qaçqın dalğası kimi) və İdlib atəşkəs bölgəsində 12 hərbi nəzarət məntəqəsi quran Türkiyə ilə Şam rejimini birbaşa qarşı-qarşıya gətirmə riskini ortaya çıxara bilər.

 

ABŞ-İran böhranı

 

Ərdoğanla Putinin Yohannesburq görüşündə masada olacaq digər bir gündəlik maddəsi də bölgədə təhlükəli bir şəkildə yüksələn ABŞ-İran böhranıdır. Vaşinqtonla Tehran arasındakı əlaqələr Tramp administrasiyasının ABŞ-ı Birgə Əhatəli Fəaliyyət Planından (Nüvə anlaşması) çıxarma qərarından bu yana ciddi bir şəkildə pozulmuş, iki tərəfin bir-birini “təhdid etdiyi” səviyyəyə qədər gəlmişdir. Tramp administrasiyasının yeritdiyi siyasətin artıq İranın nüvə proqramı və bölgədəki “dağıdıcı” fəaliyyətləri məsələlərini aşdığını və Tehranda rejim dəyişikliyini hədəflədiyini göstərən işarətlər gedərək artmaqdadır. ABŞ-ın öndə gələn senatorlarından biri olan Lindsi Qrehemin Tramp administrasiyasının İrana yönəlik çox önəmli bir “sıçrayışından” bəhs etməsi maraqlıdır.

Tramp administrasiyasının həqiqi niyyətinin İran rejimini yıxmaq və rejimi dəyişmək olduğunu Tehranın gördüyünə şübhə yoxdur. Tehranın Tramp administrasiyasının İran siyasətinin hər keçən gün bir az daha Baş nazir Netanyahunun təsiri altına girdiyini, digər yandan da Ər-Riyad ilə Əbu-Dabinin də Tramp administrasiyasını İrana qarşı hər sahədə daha da sərtləşməyə təşviq etdiyini izlədiyi aydındır. Tehranın Hörmüz boğazını bağlamaq məsələsində son zamanlar daha tez-tez dilə gətirdiyi “təhdidlər” bunu göstərməkdədir.

Ankara və Moskvanın nəzarətsiz bir şəkildə yüksəlmə meylinə girən Vaşinqton – Təl-Əviv – Ər-Riyad üçlüyü ilə Tehran arasındakı gərginlikdən və bu gərginliyin Orta Şərq regionu üçün ortaya çıxardığı risklərdən narahatlıq duyduğu anlaşılmaqdadır. İranlı yüksək səviyyəli vəzifəli bir şəxsin regiondakı ABŞ baza və obyektlərinin İranın hədəfi ola biləcəyi yönündəki sözlərinin Ankara qədər Moskvada da narahatlıq yaratması ehtimalı çox yüksəkdir.

Tərcümə Strateq.az-ındır