XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2018 - 21:29

LONDONUN “PLEYBOYU”, YƏHUDİ MİLYARDERİN KÜRƏKƏNİ, KRİKET ULDUZU…- Pakistandakı seçkinin qalibi İmran Xan kimdir?

Keçmiş kriket ulduzu İmran Xan rəhbəri olduğu “Ədalət uğrunda hərəkat” partiyasının (Tehrik-ə-İnsaf) Pakistanda keçirilmiş ümumxalq seçkilərində qələbə qazandığını elan edib. Rəsmi nəticələr hələ açıqlanmasa da, İmran Xan özünü seçkinin qalibi sayır. Artıq səslərin yarısı sayılıb və nəticələrə görə, İmran Xan 272 seçki dairəsindən 113-də liderdir. Bu rəqəmlər də İmran Xanın Pakistanın yeni baş naziri olacağından xəbər verir.

Lakin yeni hökuməti formalaşdırmaq üçün Xan özünə koalisiya tərəfdaşları tapmalıdır. Pakistan Seçki Komissiyası bu gün elan edib ki, Xanın partiyası parlamentdəki 269 yerdən 109-nu, əsas rəqibi – Pakistan Müsəlman Liqası (keçmiş baş nazir Nəvaz Şərifin lideri olduğu) isə 63-nü tutacaq. Səs faizinə görə üçüncü yerdə olan Bilavala Bhutto Zardarinin (2007-ci ildə öldürülən keçmiş baş nazir Benazir Bhuttonun oğlu) partiyası 39 deputat yerinə iddialıdır.

“Şükür Allaha biz qalib gəldik. Və Allahın izniylə ortaya nümunə qoyacağıq”, – deyə İmran Xan qələbəsini elan edərkən bildirib.

Xan söz verib ki, Pakistanı heç vaxt heç kimin etmədiyi kimi idarə edəcək. Korrupsiya ilə mübarizə aparacaq, regional əməkdaşlığı gücləndirəcək, ABŞ-la birtərəfli olmayan yeni münasibətlər quracaq.

Korrupsiya ittihamına görə 10 illik həbs cəzası alan Nəvaz Şərif Xanın qələbəsini tanımayıb. Və seçkidə saxtakarlıqların olduğunu deyib. İmran Xan isə son seçkiləri Pakistan tarixindəki ən şəffaf seçki kimi qiymətləndirib.

Pakistan Seçki Komissiyasının nümayəndəsi Babar Yaqub saxtakarlıqla bağlı ittihamları rədd edib. Onun sözlərinə görə, elektron sistemdə problem yarandığına görə səslər əllə sayılır. Bu da son nəticənin açıqlanmasını yubadır.

İmran Xan 1952-ci ilin 5 oktyabrında dünyaya gəlib. İnşaat mühəndisi İkramulla Xan Niyazi ilə həyat yoldaşı Şövkət xanımın yeganə oğlan övladı olub. İmrandan başqa ailənin 4 qız övladı da var.

Varlı ailədə böyüyən İmran atasının geniş imkanları sayəsində yaxşı təhsil alıb. Əvvəlcə Laxoradakı Atkinson kollecində oxuyub, daha sonra Böyük Britaniyadakı Vuster gimnaziyasında təhsil alıb.

1972-ci ildə isə Oksfordun Keble kollecinə daxil olub. Fəlsəfə, siyasət və iqtisadiyyat oxuyan İmran Xan 1975-ci ildə kolleci fərqlənmə ilə başa vurub.

16 yaşından Laxorada kriket oynamağa başlayıb və 1976-cı ildə Pakistana qayıdanda milli yığmaya daxil olub. 30 yaşına kimi peşəkar kriket oyunçusu olub.

80-ci illərin əvvəllərində İmran Xan əyləncə məclislərini sevən məşhur London “pleyboylarından” idi.

“Pakistanda tək gəzən qızlara rast gələ bilməzsiz. Diskotekalar, barlar, görüş üçün yerlər yoxdur”, – deyə İmran Xan 1984-cü ildə “Mail Online” müsahibəsində demişdi.

Müsahibəsində həm də qadınlarla görüşdüyünü, bundan zövq duyduğunu bildirmişdi. Ümumiyyətlə, İmran Xanın qadınlarla münasibətləri barədə çoxlu şayiələr dolaşırdı.

1992-ci ildə – kriket oyunçusu kimi karyerası başa çatanda o, öz obrazını dəyişməyə cəhd edir.

“Mən şorgöz deyiləm. Adamlar belə deyirlər, çünki mən evli deyiləm”, – deyə Xan müsahibələrinin birində deyir.

Elə həmin il İmranın sevgilisi Sita Uaytdan bir qızı (Tirana) dünyaya gəlir. Əvvəlcə qızını qəbul etməyən, sonra da faktı inkar edən İmran 1997-ci ildə məhkəmə səviyyəsində Tirananın atası olduğunu qəbul etməli olur.

Təxminən həmin dövrlərdə İmran Xan İslama rəğbətini nümayiş etdirməyə və inanclı olduğunu bəyan etməyə başlayır. 1994-cü ildə onun topladığı ianələr hesabına onkoloji xəstəxana açılır. O zaman İmran Xan inancının daha da artdığını və hər gün dua etdiyini bildirmişdi.

1995-ci ildə 42 yaşlı İmran Xan yəhudi milyarder Ceyms Qoldsmitin 20 yaşlı qızı Cemimi Qoldsmitə elə ikinci görüşdəcə evlənmə təklif edir. Bir neçə həftə sonra cütlük ailə qurur.

Xristian tərbiyəsi alan Cemimi İslamı qəbul edir və urdu dilini öyrənərək İslamabada köçür.

1996-cı ildə İmran Xan “Tehrik-ə-İnsaf” siyasi partiyasını təsis edir. 1997-ci ildə isə cütlüyün Süleyman İsa adlı oğlu dünyaya gəlir. Cemimi Qoldsmit yerli yeməkləri yeyə bilmədiyi üçün ancaq şokoladla keçinirdi.

Tezliklə ortaya çıxır ki, İmran Xanın yəhudi əsilli xanımla evlənməsi onun əleyhinə işləyə bilər. Xanın özünün dediyinə görə, mədəniyyət fərqi onların ailə həyatına təsirsiz ötüşmür. Cemimi də yeni həyatına uyğunlaşa bilmir və köhnə dostları üçün darıxırdı.

İkinci oğlan övladı Qasımı dünyaya gətirəndən sonra Cemimi Londona daha tez-tez getməyə başlayır. Ora həm də təhsilini başa vurmaq üçün gedirdi. Birgə nikah dövrünün son iki ilində Cemimi mütəmadi olaraq Britaniyada qalır.

2004-cü ildə isə cütlük ayrılır.

2015-ci ildə İmran Xan BBC-də hava proqnozunu təqdim edən xanım jurnalist Rexamla evlənir.

Əvvəlki evliliyindən 3 uşağı olan Rexam İmranla 2012-ci ildə – ondan müsahibə götürərkən tanış olur. İkinci müsahibədən sonra İmran Xan onu yeməyə dəvət edir və oradaca evlənmə təklif edir.

Rexam təəccüblənsə də, İmranın təklifinə müsbət cavab verir. Lakin bu nikah da uğursuz olur və cəmi 10 ay davam edir. Rexam Xan ərini narsizmdə ittiham edir. Onların Rexam Xanın siyasi rolu ilə bağlı fikir ayrılıqları da olur ki, böyük ehtimalla, ayrılmalarına da bu səbəb olur.

İmran xan üçüncü dəfə 2018-ci ilin fevralında evlənib. Bu dəfə seçdiyi qadın 39 yaşlı Burşa Manekadır. Sufi məktəbinin lideri olan Burşa əvvəllər evli olub və həmin nikahdan 5 övladı var.

İmran Xan Burşa ilə hələ üç il əvvəl görüşürdü və ondan mənəvi rahatlıq qazanmaq üçün məsləhətlər alırdı. Həmin vaxt Burşa hələ keçmiş ərindən boşanmamışdı.

Burşa Maneka niqab taxdığı üçün İmran Xan toya qədər onun üzünü görməmişdi. Sadəcə gənclik illərində üzü açıq çəkdirdiyi bir fotosunu görmüşdü. Toydan sonra İmran Xan açıqlama verərək Burşa ilə evləndiyi üçün özünü xoşbəxt hiss etdiyni deyib: “Mən tədricən başa düşdüm ki, ağıl və intellekt daha önəmlidir. Xanımımın intellekt və xarakterinə çox böyük hörmətim var”.

İmran Xanın populizmə köklənən seçki kampaniyası əsasən gənc təbəqəyə ünvanlanmışdı. 200 milyonluq Pakistanda əhalinin 64 faizinin yaşı 30-dan aşağıdır. Bununla belə, ölkə olduqca mühafizəkardır.

Xanın partiyasının populyarlıq qazanması həm də onun terror təhlükəsini dəf edəcəyi, səhiyyə və təhsili inkişaf etdirəcəyi, kasıblara iş yerləri açacağı, siyasi sistemin insanlara xidmət edəcəyinə dair vədləridir. O həmçinin baş nazir üçün nəzərdə tutulan rezidensiyaya köçməyəcəyini, oranı məktəb və ya başqa təhsil müəssisəsinə çevirəcəyini bəyan edib.

“Belə böyük evdə yaşamaqdan utanardım”, – deyə İmran Xan bildirib.

1947-ci ildən – müstəqillik qazanandan bəri Pakistanda hökumət hərbçilərin əlində olub. Pakistanın 70 illik tarixində ikinci dəfədir ki, mülki hökumət öz səlahiyyətlərini sonacan başa vurur və estafeti növbəti mülki hökumətə verir…

Strateq.az