XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

11 Avqust 2018 - 10:49

ABŞ “ŞİMAL QURŞAĞI” ÖLKƏLƏRİ İLƏ DİL TAPA BİLƏCƏKMİ? –Sanksiya böhranının çözümü üçün diplomatik yol tükənməyib - TƏHLİL

Oğuz Çelikkol

“Hürriyet”, Türkiyə, 10.08.2018

 

ABŞ iki il yarımdan çox bir müddət keçdikdən sonra İrana qarşı yenidən sanksiyalar tətbiq etməyə başlayır. Tramp administrasiyasının İrana tətbiq etdiyi sanksiyaların ilk bölümü 7 avqustda qüvvəyə minib. ABŞ-ın iqtisadi sanksiyalarının ikinci bölümü isə noyabr ayında tətbiq olunmağa başlayacaq.

Sanksiyaların ilk bölümü daha çox İranın ABŞ dolları ilə ticarət etməsini önləməyi və İranın bank sistemini hədəf alır. ABŞ sanksiyalarının İranın dəmir-polad, kömür, alüminium ticarətini və avtomobil sənayesini də hədəf aldığı, Tramp administrasiyasının İranın dünya ilə apardığı xarici ticarəti kəsməyi qarşısına məqsəd qoyduğu müşahidə olunur. Sanksiya rejimi İranın sərnişin təyyarələri və təyyarələr üçün ehtiyat hissələri idxalına, xalça ilə ərzaq malları ixracına da məhdudiyyətlər gətirir.

Tramp administrasiyasının yenidən tətbiq etdiyi sanksiyaların İran iqtisadiyyatına əsas zərbəni vurması gözlənilən ikinci bölümü üç ay sonra qüvvəyə minəcək. İkinci dalğa ABŞ sanksiyaları İranın neft sənayesini, neft ixracı imkanlarını və gəmiçilik sektorunu hədəf alır. Sanksiyaların ikinci bölümünün neftə dayanan İran iqtisadiyyatını çökdürməyi hədəflədiyi anlaşılır.

Prezident Trampın İran əleyhinə olan siyasəti 2016-cı ilin prezident seçkiləri zamanı formalaşmağa başlayıb. Tramp seçki kampaniyasının gedişində Prezident Obama dövründə İranla imzalanan nüvə sazişini ön plana çıxarmış, sazişin ABŞ-ın maraqlarına xidmət etmədiyini, prezident seçiləcəyi halda ABŞ-ı sazişdən çıxaracağını açıqlamışdır. Prezident seçilməsindən il yarım sonra Tramp, Avropa ölkələrindən gələn bütün xəbərdarlıq və tənqidlərə rəğmən, ABŞ-ın İranla imzalanan nüvə anlaşmasından geri çəkildiyini elan etmiş və İrana qarşı (birinci bölümü 07 avqustda qüvvəyə minən) iki mərhələli iqtisadi sanksiyaları tətbiq etməyə başlamışdır.

ABŞ-ın çəkilməsinə baxmayaraq, bu sazişi imzalayan digər ölkələr (İngiltərə, Fransa, Almaniya, Rusiya, Çin və İran) sazişə bağlı qaldıqları üçün İranla imzalanan nüvə sazişi (Hərtərəfli Birgə Fəaliyyət Planı – tərc.) hüquqi baxımdan hələ qüvvədədir. Avropa Birliyi də sazişin qüvvədə qalmasını müdafiə etməkdədir. İranla nüvə sazişi imzalandıqdan sonra BMT Təhlükəsizlik Şurası İrana tətbiq edilən iqtisadi sanksiyaları götürdüyü üçün bu gün İrana tətbiq edilən və bütün BMT üzvləri üçün bağlayıcı olan sanksiyalar rejimi artıq yoxdur. İranın nüvə sazişinə əməl etməyə davam etməsi və nüvə proqramına hərbi yön verəcək şübhəli davranışlara təkrar girməməsi halında, Tramp administrasiyasının BMT Təhlükəsizlik Şurasından (bütün üzv dövlətlər üçün bağlayıcı olacaq) İrana qarşı yeni bir sanksiyalar rejimi keçirə bilməsi də mövcud şərtlərdə imkansız görünməkdədir.

Vaşinqtonun İrana qarşı tətbiq etməyə başladığı sanksiya rejimi, beynəlxalq hüquqa görə, ABŞ-ın ikili plandakı sanksiyalarıdır. Ancaq Vaşinqton dünyada ABŞ dolları ilə edilən bütün ticarətə və bütün ödəmələrə nəzarət etməkdədir. Bu çərçivədə sanksiyaların İranın bank sisteminə və ABŞ dolları ilə etdiyi bütün xarici ticarətə təsir etməsi qaçınılmaz görünür.

Tramp administrasiyası ABŞ-ın tətbiq etdiyi sanksiyalara əməl etməsilə bağlı İranla ticarət edən Avropa ölkələrini və firmalarını da çətinliyə salmaqdadır. Prezident Trampın İranla ticarət edəcək Avropa firmalarını da sanksiyalarla təhdid etməsi müşahidə edilir.

ABŞ sanksiyalarının İrana, onun iqtisadiyyatına mənfi təsirlərinin hansı dərəcədə olacağı İranın xarici ticarətində Avropa ölkələrinin və şirkətlərinin mövqeyi qədər önəmli rol oynayan Rusiya, Çin və Hindistan kimi ölkələrin necə davranacaqlarından asılı olacaqdır. İran neftinin böyük bir hissəsi Çin və Hindistan tərəfindən satın alınır. Hələlik bu üç ölkənin heç birinin İranla ticarətini məhdudlaşdıracağı yönündə hər hansı bir işarə görünmür.

İranın öz neftini sata bilmədiyi halda, digər Körfəz ölkələrinin neft satmasına izn verməyəcəyi və dünya neft ticarətinin 20%-ə qədərinin keçdiyi Hörmüz böğazını bağlayacağı ilə bağlı təhdidlərini həyata keçirmək yönündə hərəkətə keçməsi isə daha ciddi hadisələrə səbəb olacaq.

Tramp administrasiyasının İran məsələsində İsrailə və Körfəzin ərəb ölkələrinə (Səudiyyə Ərəbistanı və BƏƏ) gedərək onları artan ölçüdə dinləməsi müşahidə edilməkdədir. İsrail və Səudiyyə Ərəbistanının İrana qarşı hərbi gücdən istifadə edilməsinə tərəfdar olduğu məlumdur, bu durum Tehranın edəcəyi yanlış bir dəyərləndirmə və hərəkətin regionda daha ciddi hadisələrə yol açacağı yönündəki narahatlıqları artırır.

Tramp administrasiyasının İranla bağlı hədəfinin Tehranın nüvə proqramının hərbi xarakter almasının, yəni İranın nüvə silahı istehsal etməsinin, hətta İranın regional “macəralarının” (Suriya, Yəmən, İraq, Bəhreyn və Livan) və ya Vaşinqtonun gördüyü formada, İranın regiondakı ərəb ölkələrinin daxili problemlərinə müdaxiləsinin qarşısının alınmasının çox o tərəfinə keçdiyinə inananların sayı hər keçən gün artmaqdadır.

Görünən mənzərə Vaşinqtonun İranda rejim dəyişikliyi niyyətində olduğunu və bunun üçün İrana yönəlik siyasi, iqtisadi təzyiqin artırıldığını, bunlar işləmədiyi təqdirdə isə Tramp administrasiyasının hərbi tədbirləri də düşünə biləcəyini göstərir.

Siyasi tarixə baxsaq, ABŞ-ın İrana müdaxiləsinin tez-tez olduğu görülür. Vaşinqton-Tehran münasibətlərinin bütün “burulğanlı”“çalxantılı” keçmişi – ABŞ-ın 1953-cü ildə Müsəddiq hökumətini yıxan çevrilişdəki rolu, Rza Şah Pəhləviyə və onun həddini aşan hərəkətlərinə verdiyi daxili və xarici dəstək, buna rəğmən, 1979-cu ildə İranda rejim dəyişikliyini, Şahın devrilərək Xomeyninin dini rejiminin hakim olmasını əngəlləyə bilməməsi, Tehrandakı səfirliyinin basılması və diplomatların girov götürülməsilə bağlı yaranan uzunmüddətli böhran – bugünkü İran-ABŞ münasibətlərinin arxa planında yer almaqdadır.

ABŞ-ın Orta Şərq regionu ilə əlaqələri baxımından ortaya çıxan çox maraqlı bir mənzərə, Vaşinqtonun Soyuq Müharibə illərində çox önəm verdiyi və gücləndirmək üçün hər yola baş vurduğu “Şimal Qurşağı” ölkələri(Türkiyə, İran və Pakistan) əlaqələrinin bugünkü durumunun da eynilə o zamandakı kimi olduğunu göstərir. Vaşinqton, 1980-ci illərə qədər qlobal, xüsusən də Orta Şərq strategiyası daxilində ön planda çox önəmli rol oynayan bu üç “Şimal Qurşağı” ölkələsilə də olan əlaqə və münasibətlərində ciddi problemlər yaşamaqdadır.

ABŞ-ın qlobal və Orta Şərq strategiyasında Şah dövründə mərkəzi yer tutan İranla olan əlaqələri Tehrandakı 1979-cu il rejim dəyişikliyindən sonra tamamən kəsilmişdi. Bir zamanlar Vaşinqton üçün ən yaxın “dost” “ortaq” ölkələr qrupunda yer alan İran bu gün “düşmən” ölkə və rejimlər qrupu içində yer alır. İranın ABŞ maraqları üçün Vaşinqtonda yaratdığ təhdid anlayışı Tehranın hərbi nüvə gücü olma ehtimalı ilə daha da böyüyüb. ABŞ-ın öncə İraqdakı, sonra da Suriyadakı yanlış və xətalı siyasəti (ironik bir formada) regiondakı ABŞ maraqları baxımından İran təhdidini daha da artırıb.  Bu gün Tramp administrasiyasının etmək istədiyi, bir zamanlar ən yaxın regional ortağı saydığı İranın indi ortaya çıxardığını düşündüyü təhdidin öhdəsindən (Obama administrasiyasının kompromis metodundan vaz keçərək, regional müttəfiqləri olan İsrail və Səudiyyə Ərəbistanının istədiyi formada) gəlməyə çalışmaqdır.

Vaşinqton, Soyuq Müharibə illərində böyük önəm verdiyi və digər bir “Şimal Qurşağı” ölkəsi olaraq dəstəklədiyi Pakistanla əlaqələrində də ciddi problemlər yaşamaqdadır. Çox qısa bir müddət öncə Prezident Tramp, Pakistanı Vaşinqtondan aldığı bütün yardımlara qarşılıq olaraq ABŞ-a sadəcə “yalan” və “hiylə” verməkdə ittiham edib. Tramp administrasiyası Pakistana yönəltdiyi “hiyləgərlik” ittihamından sonra ABŞ-ın bu ölkəyə hərbi təhlükəsizlik yardımlarının dayandırıldığını da açıqlayıb.

Bu gün Tramp administrasiyasının ABŞ-ın Əfqanıstan müharibəsindən istədiyi nəticələri ala bilməməsinə görə Pakistanı günahkar hesab etməyə çalışması, Əfqanıstan müharibəsinin Pakistan üçün ortaya çıxardığı mürəkkəb durumu, problemləri və təhlükəsizlik qayğılarını diqqətə almaması müşahidə edilir.

Qarşıdakı dövrdə Tramp administrasiyasının Pakistanı “NATO-dan kənar müttəfiq” statusundan çıxarmaq kimi “cəzalandırıcı” davranışları ABŞ-Pakistan əlaqələrinin daha da pisləşməsinə və gərilməsinə səbəb ola və Pakistanı (onsuz da ən önəmli müttəfiqi və ortağı halına gələn) Çinlə daha yaxın əlaqələr qurmağa sövq edə bilər.

ABŞ, Soyuq Müharibə illərində Vaşinqton tərəfindən digər önəmli bir “Şimal Qurşağı” ölkəsi sayılan Türkiyə ilə münasibətlərində də ciddi problemlər və gərginliklər yaşayır. NATO üzvü olan Türkiyə, Vaşinqton üçün “NATOdaxili müttəfiq” statusu daşıyır. Ancaq aralarındakı bu müttəfiqlik münasibətlərinə rəğmən, Vaşinqtonun Ankaranın daxili və xarici qayğılarını diqqətə almaması və tam əksinə, bu qayğıları körükləyən davranışlar içinə girməsi müşahidə edilməkdədir.

Ankara-Vaşinqton xəttində keçmişdə də problemlərin və böhranların yaşandığı bir həqiqətdir. Türkiyə, ABŞ-ın silah embarqosu tətbiq etdiyi (1975-1978-ci illər) yeganə NATO müttəfiqidir. Bununla birlikdə, son dövrdə Vaşinqtondan Türkiyəyə qarşı yönəldilən sanksiya təhdidlərinin və onların tətbiq edilməsinin ABŞ administrasiyasından qaynaqlanması iki ölkə arasındakı gərginliyi daha təhlükəli bir duruma gətirməkdə və böhranın qızışma təhlükəsini artırmaqdadır.

ABŞ-Türkiyə münasibətlərindəki gərginliyin nəzarət altına alınmadığı halda, böyümə təhlükəsi daşıması açıq görünür. Türkiyə əleyhdarı olan müxtəlif lobbilərin daha artıq təsiri altında olduğu məlum olan ABŞ Konqresinin, ABŞ administrasiyası tərəfindən balanslaşdırılmadığı (tormozlanmadığı) halda, ABŞ-Türkiyə münasibətlərinə ciddi və daha qalıcı zərər verməsi təhlükəsi hər zaman vardır. Ankara-Vaşinqton xəttində son dövrdə yaşanan gərginlik Vaşinqtonun (keçmişdəki kimi) Türkiyənin daxili işlərinə qarışma alışqanlıqlarını davam etdirmək istədiyini göstərməsi baxımından diqqətçəkicidir və özü ilə birlikdə iki ölkə arasında ortaya çıxan “inam” çatışmazlığı böhranını qalıcı hala gətirməkdədir.

Vaşinqtonun bir zamanların önəmli üç “Şimal Qurşağı” ölkəsilə də pozulan (İranla tamamən qopan) əlaqələrini və bu durumun səbəblərini realist bir şəkildə dəyərləndirməsinə ehtiyacın olduğu şübhəsizdir.

Ankara-Vaşinqton xəttində münasibətləri “yoluna qoyma” imkanı hələ də mövcuddur. Türkiyə ilə münasibətlər məsələsilə bağlı Vaşinqtondan “sağlam düşüncəli” səslər hələ də gəlməkdədir. Sanksiya təhdidləri və tətbiqlərilə yüksəlməyə başlayan gərginliyin bir an öncə “nəzarət altına” alınması iki ölkənin də maraqlarına uyğundur.

İki ölkənin xarici işlər nazirlərinin Sinqapurda keçirdiyi konstruktiv görüşdən sonra indi diplomatiyanın işləməyə başladığı müşahidə edilməkdə, Rusiya və İranla birlikdə Astana prosesinin aparılmasında da önəmli bir rol oynayan Türkiyə Xarici işlər naziri müavininin rəhbərliyindəki heyətin Vaşinqton səfəri gedişində gərginliyin azaldılması, “sanksiya böhranı”nın daha qalıcı təsirlər buraxmadan diplomatiya yolu ilə həll edilməsi yönündə sürətli addımlar atılması önəm qazanmaqdadır.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə