XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

15 Avqust 2018 - 15:53

İRANIN 50 FAİZLİK PAYINA DAİR MÖHTƏKİRLİK:"Keyhan" qəzeti Aktau Konvensiyasına dair ictimai şübhələrdən yazdı - TƏHLİL

“Keyhan” qəzeti (İran)

 

Bazar günü, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilən sahilyanı ölkələrin zirvə toplantısı siyasi və media dairələrində İranın Xəzər dənizindəki payına dair müzakirələrə təkan verib.

Biriləri Xəzər dənizində İranın payının azalmasını qeyd edib, digərləri imzalanmış Konvensiyanı “İkinci Türkmənçay müqaviləsi” adlandırıb; hətta Xəzəryanı dövlətlərin zirvə toplantısının məqsədinin İranın 50 faizlik səhminin Rusiya və digər ölkələrə satılması olduğunu iddia edənlər də tapılıb!

Bu söz-söhbətlər sözügedən sahədə çalışan mütəxəssislər və tədqiqatçılarla yanaşı, bəzi siyasətçilərin də marağını doğurub və onların hər biri bu məsələyə bir cür rəy verib.

Xəzər dənizinin hüquqi rejimi ilə bağlı Məclisdə həmişə mübahisəli açıqlamalar verən islahatçı deputat Mahmud Sadiqi parlament üzvlərinin danışıqlar prosesindən qafil olduğunu vurğulayıb. O, “Twitter”-də yazıb: “Prezident Aktauya yollanıb, Xəzər dənizinin hüquqi rejimi ilə bağlı müqavilənin müddəalarında qeyri-müəyyənlik var. İranın 50 faizlik payının 11 faizə düşdüyü doğrudurmu? Bu, ikinci Türkmənçaydırmı? Millət vəkilləri bu məsələdən tam qafildirlər”.

 

İranın 50%-lik payı: təbliğat və ya reallıq?

 

“Telegram” şəbəkəsində məsələyə rəy bildirən tarixçi Abdullah Şahbazinin sözlərinə görə, “İranın Xəzər dənizində indi azaldığı deyilən 50 faizlik payına dair iddianın heç bir tarixi və hüquqi bazası yoxdur, bu yalnız və yalnız siyasi təbliğatdır. Əgər Pəhləvi xanədanı dövründə İranın Rusiya ilə münasibətləri, Nehru dövründə Hindistanın münasibətlərinə oxşar olsaydı, İran üçün Xəzər dənizindəki pay müstəsna və imtiyazlı mövqelərdə müəyyən edilə bilərdi, əlbəttə, 50 faiz deyil, məsələn, 30-40 faiz. Lakin Rza şah və Məhəmməd Rza şah Pəhləvi hakimiyyətləri zamanında İran Sovet İttifaqına qarşı Qərbin ön cəbhəsində idi və Soyuq müharibədə Sovet İttifaqına qarşı təxribatlarda iştirak edirdi, buna görə də, Xəzər dənizində və Fars körfəzindəki milli mənafelərimiz baltalanmışdı”.

Daha sonra o yazır: “Ən müstəsna tarixi imkanlarla Sovet İttifaqı ilə müqavilə bağlamaq və Xəzər dənizində, Fars körfəzinin cənub hissəsində İrana yaxşı töhfə verə bilmək şansı olmayan Rza şah iqtidarı Qərbin enerji mərkəzlərinin planlarına uyğun olaraq, məsələləri Səud Ailəsinin (Səudiyyə Ərəbistanının – tərc.) lehinə həll edib”.

 

50%-lik səhm iddiasının heç bir qanuni əsası yoxdur

 

Beynəlxalq əlaqələr üzrə tədqiqatçı Seyyid Səccad Təbatəbai “Mehr” jurnalında yazıb: “Bir çoxları məşhur iddiaya əsasən, Xəzər dənizinin bir zamanlar İran və Sovet İttifaqı arasında bölüşdürüldüyünü bildirirlər, yəni Sovet İttifaqının süqutu və sahilyanı ölkələrin sayının 5-ə çatmasından asılı olmayaraq, ölkəmizin Xəzər dənizindəki payı 50%-dir, qalan hissə isə keçmiş Sovet İttifaqı respublikaları arasında bölüşdürülməlidir. Əlbəttə, bu, beynəlxalq hüquqa və qaydalara ziddir”.

 

İngiltərə kraliçasına məxsus TV-nin yalanı

 

Bazar günü Britaniyanın kral ailəsinə məxsus televiziya kanalında (“BBC Farsi” – tərc.) Rusiyadakı Müasir İran Araşdırmaları Mərkəzinin rəhbəri Rəcəb Səfərovla müsahibə yayımlanıb. Xəzər dənizinə dair danışıqlarda 1996-cı ildən iştirak etdiyini bildirən Səfərov deyib ki, “rusiyalı ekspertlər elə ilk toplantıda hüquqi rejimin təməlini qoyublar”. “İran 1921 və 1940-cı illərin müqavilə şərtlərinə əsasən, 50%-lik paya iddia edib, amma sonda payların bütün beş tərəf arasında bərabər bölünməsi təklifini irəli sürüb. Bizə də qəribə və əcaib gəldi ki, niyə İran öz payını güzəştə gedir…”

İki gün sonra elə eyni teleşəbəkədə rusiyalı ekspert ilk müsahibədə söylədiklərini təkzib edib, məlum iddianın (İranın Xəzərdə 50 faizliik payı) tarixi əsasını inkar edib. Amma “BBC Farsi” iranlı səlahiyyətləri gözdən salmaq üçün Xəzər mövzusunu rəsmilərin xəyanət və satqınlığı kimi yozmağa səy göstərib.

 

Səfərovun qalmaqallı iddiasına XİN-dən cavab

 

Müsahibənin yayımlanmasından üç gün sonra İran diplomatiyasının sözçüsü Bəhram Qasimi “BBC Farsi”də söylənənlər və Qazaxıstanda keçirilən danışıqlarla bağlı iddiaların əsassız olduğunu bildirib. “Səfərov Rusiya nümayəndə heyətinin üzvü kimi İran heyəti ilə danışıqlarında müzakirəçi qismində heç vaxt iştirak etməyib”. O, sözünün davamında Rəcəb Səfərovun iddialarını təkzib edib. “Əlbəttə, iddialar inandırıcılıqdan məhrumdur və heç bir şübhə yoxdur ki, bu əsassız iddiaların dizaynı xüsusi elementlər və mərkəzlərin rəhbərliyi və müəyyən məqsədlərlə həyata keçirilir”.

 

Hökumətin passivliyi və ictimaiyyətin narahatlığı

 

Bununla yanaşı, Məsləhət Şurasında xarici siyasət və beynəlxalq əlaqələr üzrə İşçi Qrupun katibi Mustafa Nəcəfi XİN-in Xəzər dənizinin hüquqi rejimi haqında Konvensiya ilə bağlı ictimai rəyi məlumatlandırmada passivliyini tənqid edib. “Xəzər dənizinin hüquqi rejimi barədə sənəd şübhə dalğasına səbəb olub… Niyə XİN Konvensiyaya dair ictimaiyyəti lazımi dərəcədə məlumatlandırmayıb? Axı o, şübhələri dağıtmaq üçün bu sahədə təcrübəsi olan ekspertlərdən istifadə edə bilərdi”.

 

Konvensiya münasib vaxtda imzalanmayıb

 

Digər tərəfdən, başqaları Konvensiyanın imzalanacağı vaxtı və zirvə toplantısını tənqid edib. Tehran Hüquq Universitetinin politologiya professoru və islahatçı fəal İlahə Kulai “Twitter”-də yazıb: “Ölkənin daxili və xarici şərtləri Xəzər dənizinin hüquqi rejiminin razılaşdırılması üçün uyğun deyil. Bu göldə (Xəzər dənizitərc.) İran xalqının hüquq və öhdəliklərini müəyyənləşdirmək üçün sənəd imzalanmamalıdır. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı Moskvanın Aktau Konvensiyası layihəsində maraqlarının təmin olunduğunu aydın şəkildə göstərir”.

O, həmçinin İLNA-ya müsahibəsində deyib: “Bu baxımdan vacib məsələlərdən biri də İranın Birləşmiş Ştatların təzyiqinə məruz qalması və onun bölgə ölkələri tərəfindən dəstəklənməsidir. Vəziyyət göstərir ki, indi Xəzərin hüquqi rejimi ilə bağlı müzakirə masasında oturmağın vaxtı deyil…”

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə