Təşkilatı bin-Laden qurmayıbmış
Əl-Qaidənin qurucularından olan və daha sonra ingilis xəfiyyə orqanlarının əlinə keçərək onlara çalışan Eymən Din BBC-yə müsahibəsində önəmli açıqlamalar verdi. Onun bildirdiyinə görə, əl-Qaidə terror təşkilatı Bosniya savaşından sonra qurulub və onun qurucuları bu müharibənin iştirakçılarıdır.
Əslən Səudiyyə Ərəbistanından olan keçmiş mücahid 1980-çı illərdə SSRİ-yə qarşı mübarizə aparan Əfqanıstana yollanıb. Burada mücahidlərə qoşulan Eymən Din daha sonra Bosniyada serblərlə vuruşan dindaşlarının yardımına gedib. Müharibənin onun və silahdaşlarının həyatında önəmli rol oyanadığını deyən keçmiş mücahid bunu aşağıdakı fikirləriylə əsaslandırıb:”Hər yerdən gələn müsəlmanlarla çiyin-çiyinə aparılan mübarizə məndə inanılmaz bir qətiyyət duyğusu meydana gətirdi. Düşərgələrdə hərbi manevrlər və taktikalar öyrənmə baxımından çox yaxşı bir təcrübə qazandım. Dünyanın hər yerindən gələn insanlar tək məqsəd üçün-Bosniya üçün döyüşürdü”.
1995-ci illərə qədər Bosniyada döyüşən mücahid müharibə qurtardıqdan sonra bir neçə silahdaşlarıyla bərabər bundan sonra nə edəcəklərini müzakirə ediblər. Uzun müharibə təcrübəsinin sivil həyata adeptasiya olunmağı çətinləşdirdiyini düşünən dostlar harda olursa olsun xarici qüvvələrə qarşı aparılan cihadda iştirak etmək qərarına gəliblər. Bir müddətdən sonra əl-Qaidənin liderlərindən olacaq Xalid əl-Həcc bu müzakirələrin əsas təşkilatçısı və ilhamvericisi olub.
Bosniya müharibəsindən sonra Qərb əleyhdarı və qlobalizm düşməni olduğunu deyən Eymən Din Qərb imperializmə qarşı döyüşmək üçün yenidən Əfqanıstana qayıdıb. Orda üsamə bin Ladenlə tanış olan döyüşçü dünyanın bir çox yerlərindən Əfqanıstana gələn mücahidləri yetişdirməyə qərar verib. 1998-ci ildə sağlamlıq problemləriylə bağlı getdiyi Fars Körfəzində İngiltərə xəfiyyəsinin əlinə keçən mücahid MI5 ve MI6 adlı ingilis xəbəralma təşkilatının xeyrinə əməkdaşlığa cəlb olunub və daha sonra agent kimi Əfqanistana göndərilib. Missiyası üsamə bin- Laden, 11 Sentyabr terror aktının müəllifi olan Xalid Şeyx Məhəmməd və əbu-Zübeydə kimi liderlər haqqında məlumat toplamaq olub.
İngilis xəfiyyəsinə cəmi 7 ay işlədiyini deyən Eymən Din Bosniyada mücahidlərin təşkilatlanması və başqa ölkələrdə savaşa cəlb olunmasının Xalid Şeyx Məhəmməd tərəfindən təşkilatlandırıldığını bildirərək deyib: Xalid Şeyx Məhəmməd bizləri toplayaraq bildirdi ki, deyəsən, buradakı müharibə bitdi. Bundan sonra nə edəcəyik? Dünyadakı köməyə möhtac müsəlmanları qorumağa hazırsınızmı? İslamın qaydalarına uyğun bir həyat sistemini qurmaq, dindaşlarımız arasında mübarizə ruhunu canlandırmaq naminə çalışmalıyıq. ABŞ-ın maraqlarına qarşı vuruşmaq, müsəlmanları müdafiə etmək məqsədilə cihadı bir yol olaraq seçib terror savaşına başlayacağıq”.
Eymən Dinin bildirdiyinə görə, bu çıxışdan sonra keşmiş döyüşçülər əl-Qaidə təşkilatı qurmağa qərar veriblər. Onun sözlərinə inansaq, əl-Qaidə təşkilatını bin-Laden yox, Xalid Şeyx Məhəmməd qurub.